Musavat.com xəbər verir ki, iş xanımı və tanınmış xeyriyyəçi Ruhiyyə Əliyeva Gəncədə 17 yaşlı Elgün İbrahimovun müəmmalı şəkildə həyatını itirməsinə münasibət bildirib. Onun sosial şəbəkədə paylaşdığı emosional açıqlama cəmiyyətin diqqətini çəkib.
Ruhiyyə Əliyeva yazır:
"Gəncədə 17 yaşlı Elgün İbrahimovun faciəli şəkildə ölməsi hamı kimi məni də üzdü. Bu çox ağır bir cinayətdir. Mən bilmirəm bu dəhşətli hadisəni kim törədib. Yalnız onu bilirəm ki, bu ölümdə hamımız günahkarıq."
Xeyriyyəçi bəzi insanların Elgünün faciəsi üzərindən öz maraqlarına xidmət etməyə çalışdığını, digərlərinin isə biganə qaldığını qeyd edib. Onun sözlərinə görə, belə bir hadisə qarşısında susmaq mümkün deyil:
"Bəzi adamlar Elgünün ölümündən şou kimi istifadə edir, bəziləri Azərbaycan polisinə ləkə yaxır, bəziləri isə sadəcə biganə qalır. Mən biganə qala bilmirəm. Çünki ürəyim sızıldayır. Ortada bir gəncin həyatı yarımçıq qalıb."
Ruhiyyə Əliyeva bildirib ki, istər qətl, istərsə də intihar olsun – bu yaşda bir şəxsin ölümü bütöv bir cəmiyyətin problemidir:
"Hər nə olur olsun, bu yaşda şəxsin ölümünə görə bütün cəmiyyət məsuliyyət daşıyır. Çünki ölən məsum bir gəncdir."
O, hüquq-mühafizə orqanlarına inandığını da xüsusi vurğulayıb:
"Azərbaycanın hüquq-mühafizə orqanlarının bu ağır cinayətin üstünü açacağına əminəm. Günahkar gec-tez cəzasını alacaq, amma Elgün həyata qayıtmayacaq."