. Love.az

Ebdulxaliq Cenneti - Wikipedia - Love.az

Ana Səhifə - Ebdulxaliq Cenneti

Əbdülxalıq Qafarzadə və ya Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi, maarifçi, klassik şeirlə realist və romantik cərəyanlar arasında körpü yaradan, poetik turançılıq ideyasını irəli sürən şəxslərdən biri.[2]

Əbdülxalıq Cənnəti
Mirzə Əbdülxalıq Qafarzadə Cənnəti[1]
Təxəllüsü Vasif
Doğum tarixi 6 iyun 1855
Doğum yeri Bakı
Vəfat tarixi 1931
Vəfat yeri Bakı
Təhsili Dini təhsil
Fəaliyyəti Şair, müəllim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.

Mündəricat

  • 1 Həyatı
  • 2 İrsinin tədqiqi
  • 3 Yaradıcılığı
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

Əbdülxalıq Cənnəti Qafarzadə Azərbaycan klassik poeziyasının XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərindəki davamçılarından biri kimi tanınır. O, 1855-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Həyatı haqqında geniş və ardıcıl məlumatlar az olsa da, mövcud mənbələr əsasında onun şəxsiyyəti və ədəbi fəaliyyəti barədə müəyyən təsəvvür formalaşdırmaq mümkündür.[3]

Əbdülxalıq Cənnətinin ailə mühiti müxtəlif sosial təbəqələrin izlərini daşıyırdı. Ana babası Səfərəli vaxtilə Bakı xanı Hüseynqulu xanın ovçubaşısı – yəni şikarisərdarı olmuşdur. Atası isə ağır fiziki işlə – daş karxanasında fəhləliklə məşğul olmuşdur.[4]

Şair 9 yaşından təhsilə başlamış, 2-3 il mollaxanada oxuduqdan sonra xüsusi müəllim yanında da təhsil almışdır.[3] Lakin ailə vəziyyətinin ağır olması səbəbilə o, artıq 12 yaşından işləməyə məcbur olmuş və bu dövrdən etibarən müxtəlif sənət sahələrinin ustalarının yanında şagirdlik etməyə başlamışdır.[5]

Ədəbiyyata və poeziyaya marağı təsadüfi bir tanışlıqla başlamışdır. Belə ki, bir gün dəllək dükanında şeirə həvəsi olan bir şəxslə tanış olmuş və atasının icazəsi ilə bu şəxsin ədəbi söhbətlərində iştirak etməyə başlamışdır. Bu mühit onun poetik düşüncəsinin formalaşmasına ciddi təsir göstərmiş və o, şeir yazmağa başlamışdır. 18 yaşından etibarən poeziya ilə məşğul olmağa başlayan Əbdülxalıq gündüzlər işləyir, axşamlar isə müxtəlif ədəbi məclislərə gedərək ədəbiyyat barədə müzakirələrə qulaq asırdı.[5]

Əbdülxalıq Cənnətinin şəxsi həyatı da bir sıra sarsıntılarla dolu olmuşdur. O, övladlarını vaxtsız itirmiş, bu hadisə isə onun mənəvi sarsıntı keçirməsinə və nəticədə əsəb xəstəliyinə tutulmasına səbəb olmuşdur.[4]

Əbdülxalıq Cənnəti 1931-ci ildə doğulduğu şəhər – Bakı şəhərində vəfat etmişdir.

İrsinin tədqiqi

redaktə

Əbdülxalıq Cənnətinin (1855–1931) yaradıcılığı və ədəbi irsi sovet dövründə nə qədər az öyrənilmiş olsa da, bir sıra tədqiqatçılar onun əsərləri və poeziyasına maraq göstərmiş, zaman-zaman bu irsin tədqiqi ilə bağlı təşəbbüslər olmuşdur. Şairin həm fars, həm də Azərbaycan dillərində yazdığı çoxsaylı əsərlər barədə sovet dövründə bəzi alimlər tərəfindən məlumat verilmişdir.

1946-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının “Ədəbiyyat və Dil İnstitutunun Əsərləri”nin birinci cildində romantizmin görkəmli tədqiqatçılarından biri olan Mir Cəlalın Cənnətinin yaradıcılığı haqqında ilk elmi məqaləsi nəşr olunmuşdur. 1956-cı ildə isə “Ədəbiyyat qəzeti”nin 10 iyun tarixli nömrəsində Cəfər Xəndanın məqaləsi dərc olunmuşdur. Bu məqalədə müəllif Cənnətinin poeziyasına yüksək qiymət verərək yazırdı: “Cənnəti böyük irs qoyub getmişdir, onun bir çox şeirləri indi də öz əhəmiyyətini itirməmişdir. Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən toplanmış bu şeirləri çapa hazırlayıb şairin seçmə əsərlərini buraxmaq lazımdır.”[3]

Lakin həmin dövrdə Cənnətinin toplanmış əsərlərinin taleyi ilə bağlı konkret addımlar atılmamış, bu irs nə geniş şəkildə nəşr olunmuş, nə də sistemli şəkildə araşdırılmışdır. Bunun bir sıra səbəbləri olmuşdur. Əsas səbəblərdən biri, sovet dövrü ədəbiyyatşünaslığında Cənnətinin yaradıcılığının “mürtəce romantiklər” sırasına aid edilməsi idi. Bu anlayış daxilində XIX əsr sonu və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bəzi şairlərə qarşı fikir formalaşdırılmış, onların poeziyası müasirlikdən uzaq, geridəqalmış, yalnız eşq, məhəbbət duyğuları ifadə edən əsərlər kimi təqdim olunmuşdur. “Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildliyinin ikinci cildində bu barədə yazılırdı:[3]

“Bunların (mürtəce romantiklər nəzərdə tutulur) əksəriyyəti XIX əsrin axırlarında şeir deməyə nəzirəçi şairlər kimi başlamış, yeni əsrin əvvəllərində də yenə müasir dünyadan xəbərsiz nəzirəçi şairlər olaraq qalmışdılar... Bunlar müasirlikdən çox-çox uzaq düşmüş adamlar idi...” Bu baxış, Cənnətinin irsinin araşdırılmasına və nəşrinə ciddi maneələr yaratmışdır.[6]

Əslində, Cənnətinin şeirlərində yalnız subyektiv və romantik hisslər deyil, həm də millilik, vətənpərvərlik və azadlıq motivləri də qabarıq şəkildə əks olunmuşdur. Bu cəhətlər, xüsusilə sovet ideologiyası ilə uyğun gəlmədiyindən, onun irsi uzun müddət susqunluqla qarşılanmışdır. Ə.Cənnətinin "Füyuzat" dərgisində nəşr olunması da onun mürtəce romantiklər sırasında qiymətləndirilməsinə gətirib çıxarmışdır. Sovet ədəbiyyatşünaslığında “Füyuzat” dərgisi ilə əlaqədar olan şair və yazıçılara qarşı neqativ mövqe sərgilənməsi bu irsin obyektiv tədqiqini əngəlləmişdir.[7]

Buna baxmayaraq, 1963-cü ildə “Respublika Əlyazmalar Fondunun Əsərləri” toplusunda Cənnətinin ədəbi irsi ilə bağlı daha bir məqalə nəşr edilmişdir. Əlyazmalar İnstitutunun mərhum əməkdaşı Nəsrəddin Qarayev öz məqaləsində şairin müxtəlif şifrlər altında saxlanılan əlyazmalarından bəhs edir. Onun verdiyi məlumata görə:[8]

  • B-1545 şifrəli ümumi dəftərdə Cənnətinin ictimai xarakterli şeirləri;
  • B-2700 şifrəli avtografda Azərbaycan və fars dillərində yazılmış aşıqana qəzəllər;
  • B-1199 şifrəli ümumi dəftərdə “Qız qalası”, “Qılınc və qələm” poemaları, “Qurd və tülkü” təmsili, “Bülbül”, “Kəhər at” və digər əsərləri;
  • M-152 şifrəli ümumi dəftərdə isə onun “Vasifi” təxəllüsü ilə yazdığı Azərbaycan və fars dillərində qəzəlləri saxlanılır.

Avtoqrafların heç birində onların yazılış tarixi qeyd edilməmişdir. Bundan əlavə, Əlyazmalar İnstitutunun xəzinəsində:[4]

  • B-7791 şifrəsi altında Cənnətinin Salman Mümtaza müraciəti və şeirləri;
  • B-1530 şifrəsi altında “Vasifi”nin şeirləri;
  • D-760 şifrəsi altında isə müxtəlif mətbuat orqanlarından Əliabbas Müznib tərəfindən toplanmış digər şeirləri saxlanılır.

Bu şeirlər qara və bənövşəyi mürəkkəblə, maşın vərəqlərinə və şəkilli vərəqlərə yazılmışdır. Oxucuların istifadəsinə verilən bu əlyazmalar əsasında kitabın nəşrinə hazırlıq işləri görülmüşdür.[4][8]

Yalnız 1980-ci illərdə Cənnətinin yaradıcılığına qayıdış baş vermişdir. Bu dövrdə N.Qarayevin “Poetik məclislər”, Səfər Rəmzinin “Deyilən söz yadigardır” və Məmməd Nuru oğlunun “Azərbaycan qəzəlləri” kitablarında şairin bir neçə şeiri və haqqında qısa məlumatlar verilmişdir. Bundan başqa, Nəsrəddin Qarayev XIX əsrin poetik məclislərinə həsr etdiyi dissertasiyasında Cənnətinin yaradıcılığını dəyərləndirmiş, Ağabəy Əsgərov isə şairin poeziyasına dair ayrıca namizədlik işi yazmışdır.[4]

Yaradıcılığı

redaktə

Şeir yaradıcılığına gənc yaşlarından başlamışdır. Yaradıcılığının ilk dövründə klassik üslubda məhəbbət qəzəlləri, mərsiyələr yazmışdır. Klassik Şərq poeziyasına dərindən bələd olan şair Firdovsi, Nizami, Rumi, Cami, Sədi, Xəyyam, Füzuli kimi şairlərin əsərlərini mütaliə etmiş, fars dilini də bu əsərləri oxumaqla öyrənmişdir. "Məcməüş-Şüəra" cəmiyyətinin fəal üzvlərindən olmuşdur. O zaman şeir məclislərinə qatılan gənc şairlərlə şeirləşmələrdə yaxından iştirak etmiş və uğurlar qazanmışdır. O, şeirlərini müxtəlif təxəllüslərlə yazmışdır. Bu təxəllüslər içərisində "Vasif", "Əttar", "Həccarzadə", "Daşkəsənoğlu" və b. mühüm yer tutur. Yaradıcılığının ən yetkin çağında "Cənnəti" təxəllüsünü işlətmiş və bu təxəllüslə tanınmışdır.[3]

Ə.Müznib əlyazmasını araşdıran tədqiqatçıların yazdığına görə, şairin dini mövzuda "Mühəssənati-şəriət" adlı risaləsi, nəsihətnaməsi, "Yənbuii-hikmət", "Təhvilül-övzan" adlı ədəbiyyat qaydaları kitabı, əxlaq elminə dair üçcildlik əsəri, altı min beytlik divanı və "Əs-səfər fil-həzər" adlı romanı olmuşdur.[9]

Əbdülxalıq Cənnətinin poetik irsində XX əsrin əvvəllərindən etibarən cəmiyyətin ictimai-siyasi reallıqlarının təsiri ilə ictimai məzmunlu motivlər güclənməyə başlamış, şeirlərində dövrün aktual məsələlərinə geniş yer verilmişdir. Onun qələmə aldığı poetik nümunələrin əhəmiyyətli bir qismi azadlıq və hürriyyət ideyalarının təbliğinə həsr edilmişdir. Ə.Cənnəti, vətən və millət mövzusunu klassik poeziya formasında işləyən ilk sənətkarlar sırasında yer alır. Bu fakt xüsusilə diqqətəlayiqdir, çünki klassik ədəbi formalar çərçivəsində bu kimi mövzuların ifadəsi dövr üçün olduqca nadir hadisə hesab olunurdu.[3]

Sovet ədəbiyyatşünaslığında adının mürtəce romantiklər sırasında çəkilməsinə baxmayaraq, Ə.Cənnətinin bir sıra poetik əsərləri hələ sağlığında nəşr olunmuşdur. Bu kontekstdə qeyd etmək lazımdır ki, onun 1920-ci illər mətbuatında çap edildiyi məlum olan yeganə poetik nümunə “Dəmir” adlı şeiridir. Sözügedən şeir 1924-cü ilin aprel ayında “Maarif və mədəniyyət” jurnalında dərc olunmuşdur. “Dəmir” şeiri, müəllifin poetik üslubuna sədaqətini qoruduğunu nümayiş etdirməklə yanaşı, eyni zamanda dövrün inqilabi və ideoloji basqıları qarşısında əyilməyən mövqeyini də əks etdirir. Bu poetik nümunədə şairin sual formasında ifadə etdiyi bədii fikirlər oxucunu düşünməyə vadar edir və şeirin fəlsəfi dərinliyini artırır.[3]

Ə.Cənnətinin daha bir mühüm poetik nümunəsi “Fəxriyyə” adlı şeiridir ki, bu əsər 1907-ci il 7 avqust tarixində “Füyuzat” jurnalının 24-cü sayında “Əbdülxalıq Qafarzadə” imzası ilə nəşr edilmişdir.[10] Qeyd edilən bu şeir ədəbi ictimaiyyətdə geniş rezonans doğurmuş və müxtəlif müəlliflər tərəfindən ona nəzirə və təxmislər yazılmışdır. “Fəxriyyə”nin “Füyuzat”da dərc olunması ədəbiyyat tarixində təsadüfi hadisə kimi dəyərləndirilə bilməz. Filologiya elmləri doktoru Ş. Vəliyev özünün “Füyuzat ədəbi məktəbi” monoqrafiyasında qeyd edir:

Əgər ‘Füyuzat’ jurnalının nəşrinə qədər Azərbaycan ədəbi-ictimai fikrində turançılığa xalis əxlaqi dəyər, bədii-estetik keyfiyyət kimi baxılır, o yalnız mifik-kosmopolitik məkanı təsvir etmək üçün əsas götürülürdüsə, füyuzatçıların yaradıcılığında bu ideya həm də siyasi-fəlsəfi notlarla, elmi-nəzəri prinsiplərlə zənginləşdi. Füyuzatçılar Turana mifik bir ölkə, super dövlət kimi deyil, real tarixi coğrafiyası olan bir ərazidə türk xalqlarının mədəni-mənəvi birliyini yaşadan ideal bir cəmiyyət kimi baxırdılar.[3]

Bununla belə, bu mövzulu bir şeirin “Füyuzat” jurnalında birdən-birə çap olunması müəyyən təəccüb doğurur. Çünki istər həmin dövrdə, istərsə də daha əvvəlki mərhələlərdə Turan anlayışı və turançılıq ideyasının Azərbaycan poeziyasında bu şəkildə aydın və birmənalı şəkildə poetik ifadəsinə rast gəlinmir. XIX əsrin 90-cı illərində Əli bəy Hüseynzadənin yazdığı məşhur bir qitə mövcuddur ki, o da çap olunmamışdır. Bu səbəbdən Ə.Cənnətinin həmin qitədən təsirlənərək bu mövzuda şeir yazması inandırıcı görünmür. Üstəlik, “Füyuzat” jurnalında da buna bənzər ideoloji konturlar daşıyan poetik nümunələrin varlığına dair konkret faktlar yoxdur. Digər mətbuat orqanlarında da bu məzmunda şeirlərlə qarşılaşmaq müşkül məsələdir.[10][11]

Ə.Cənnətinin “Fəxriyyə” şeirinin “Füyuzat”da dərc olunması bədii təfəkkür tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu şeirdə yalnız turançılıq ideyasının poetik tərənnümü deyil, həm də “turanlılarız” ifadəsi vasitəsilə milli kimliyin bədii inikası verilir. Ə.Cənnəti bu poetik nümunəsini “Fəxriyyə” adlandırsa da, əslində “fəxriyyə” şeirin janr formasıdır. Bu səbəbdən həmin şeiri “Turanlılarız...” başlığı ilə təqdim etmək və onu poetik manifest kimi dəyərləndirmək daha məqsədəuyğun olardı. Şeir altı bənddən ibarət olub, hər bənddə “turanlılarız” anlayışı bir ideya kimi şüura yeridilir və milli ideologiyanın formalaşmasında bədii vasitəyə çevrilir.[12][13]

Ə.Cənnətinin “Fəxriyyə” şeiri Azərbaycan poeziyasında turançılıq ideyasının təşəkkül tapmasında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, M.Ə.Sabir bu şeirdən ilhamlanaraq cəmi 22 gün sonra özünün məşhur “Fəxriyyə” satirasını yazmışdır. “Molla Nəsrəddin” jurnalında dərc edilmiş həmin satirik şeirdə Sabir romantik dünyagörüşü satirik prizmadan qiymətləndirərək, türklüyün tarixini fərqli kontekstdə təqdim edir. Beləliklə, Sabirin bu satirası yalnız Ə.Cənnətinin “Fəxriyyə”sini daha da məşhurlaşdırmaqla qalmamış, həm də həmin ideyanın fərqli bədii-estetik aspektlərdən necə dəyərləndirilə biləcəyini nümayiş etdirmişdir.[14][13]

Ə.Cənnəti və M.Ə.Sabirin eyniadlı şeirlərinin Türkiyə ədəbiyyatına təsiri olub-olmaması barədə hər hansı bir fikir yürütmək çətindir. Lakin o da məlumdur ki, bundan sonra Türkiyədе Z.Göyalpın "Turan" şeiri yazılmışdır.[13]

Əbdülxalıq Cənnətinin sonrakı poetik yaradıcılığında da türkçülük, vətənpərvərlik, islamçılıq və keçmişin idealizə edilmiş bədii obrazlarla tərənnümü önəmli yer tutur. Əgər şairin “Fəxriyyə” şeirində turançılıq ideyası aparıcı xətt kimi özünü göstərirsə, “Vətən təranəsi”, “Qələm”, “Bənzətmək olmaz”, “Arzularım” və digər şeirlərində bu ideyanın davamı kimi milli təfəkkür və hissiyat ön plana çəkilir. Şair bu əsərlərdə türk kimliyinə və milli dəyərlərə sadiqliyini, xalqının taleyinə və gələcəyinə bağlılığını poetik dildə ifadə etmişdir. O, “Əziz dostum Müznib cənablarına nəzirə” adlı şeirində “Millətdən ötrü eyləsəm amadə iksir” misrası ilə millətə xidmət etməyi ali və müqəddəs bir amal kimi təqdim edir və bununla millətə tapınma motivini ön plana çıxarır.[15][3]

XX əsrin əvvəllərində Ə.Cənnətinin poetik irsində yeni bir mərhələ başlanır. Bu mərhələdə şairin yaradıcılığında azadlıq və hürriyyət ideyaları mərkəzi yer tutur. Bu ideyaların bədii ifadəsi onun ilk dövrlərə aid “Hüriyyət” adlı şeirində qabarıq şəkildə görünür. Şair burada xalqı əsarətə boyun əyməməyə, azadlıq və hüquqlar uğrunda mübarizəyə səsləyir. Aydın olur ki, əsrin əvvəllərində baş verən ictimai-siyasi, inqilabi hadisələr Ə.Cənnətinin bədii dünyagörüşünə və yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.[3]

Onun hürriyyətə, xalqın azadlığına həsr olunmuş çoxsaylı poetik nümunələri, yalnız bu ideyanı romantik təsvir etməklə kifayətlənmir, eyni zamanda azadlığın yetişməkdə olduğunu, onun xalq üçün artıq əlçatan bir reallığa çevrildiyini təlqin edir. Bu ideyalar müxtəlif vaxtlarda “Təkamül” və “İqbal” kimi mətbu orqanlarda dərc olunmuş “Hürriyyət”, “Binəvalar təranəsi”, “Hürriyyətə xitab”, “İntibah”, “Torpaq” və s. şeirlərində aydın şəkildə təzahür edir. Sözügedən poetik nümunələrdə xalqın hürriyyət arzusu şairin düşüncə dünyasında reallıqla vəhdət təşkil edir; o, azadlıq ideyasının təkcə bədii ideal deyil, həm də yaxın gələcəyin labüd ictimai-siyasi gerçəkliyi olduğuna dərin inam bəsləyir.[16][3]

Onun poetik fəaliyyəti və yaradıcılıq nümunələri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Burada şairin yeddi qovluqdan ibarət əlyazmaları qorunmaqdadır. Bu əlyazmalar onun zəngin poetik təxəyyülə malik olduğunu və xalq arasında geniş yayılmış mövzulara müraciət etdiyini göstərir.[14]

Dövrünün mühüm ictimai məsələləri ilə maraqlanan Əbdülxalıq Cənnəti, qadın azadlığı və qadın hüquqları məsələsinə də laqeyd qalmamış, qadını cəmiyyətin ayrılmaz və hüquq bərabərliyi prinsipi əsasında formalaşmalı olan bir üzvü kimi dəyərləndirmişdir.[17]

O, “Sual-cavab” adlı şeirində “Qadın nədir, iş nədir, bağça gərək, bağ gərək” deyə düşünən zehniyyət sahiblərini tənqid hədəfinə çevirmişdir. Şair bu poetik nümunədə qadınların ictimai fəaliyyətlərə, əmək prosesinə qoşulmalarını arzulamış və onların sosial həyatda fəal mövqe tutmalarını zəruri hesab etmişdir.[17]

Ə.Cənnətinin bayatı və zərbül-məsəllərində də qadın hüquqları və təhsil məsələsi xüsusi yer tutur. Bu nümunələrdə o, qadının cəmiyyətdəki statusunun yüksəldilməsinə ehtiyac duyduğunu vurğulayır, təhsilsizliyin və geridəqalmış adətlərin qadın həyatına vurduğu zərərləri bədii təhlil obyektinə çevirir.[17]

Əbdülxalıq Cənnəti klassik şeirin demək olar ki, bütün poetik formalarında istifadə etmişdir. Əsasən əruz vəznində yazmasına baxmayaraq, onun heca vəznində qələmə aldığı şeirləri də mövcuddur. Bu baxımdan, Cənnətinin bədii irsində onun bayatıları xüsusi maraq doğurur.[18]

Məlum olduğu kimi, bayatılarda ən çox eşq, məhəbbət, hicran və sevgi yolunda çəkilən əzab-əziyyətlərdən bəhs olunur. Lakin Cənnətinin bayatıları bu ənənəvi məzmun çərçivəsindən kənara çıxaraq ictimai və maarifçi məzmun kəsb edir. Onun bayatılarında elm, təhsil, məktəb, qadın hüquqları, maarifçilik kimi mövzular əsas yer tutur. Əgər onun məhəbbət şeirlərində bəzən fars və ərəb mənşəli sözlərə və ifadələrə rast gəlmək mümkündürsə, bayatıları sadə xalq dili ilə yazılmış, orijinal ifadə tərzi və təbii üslub ilə seçilir.[18]

Ə.Cənnəti xalq bədii təfəkkürünün təsiri ilə bir sıra zərbül-məsəllər də yazmışdır:[19]

  • «Nəsəbə arxalanan qabağa getməz»
  • «Düz dolan, düzəltməsinlər, əyri gəzmə, güdməsinlər»
  • «İnsanın qursagı gen gərək, nə bağırsağı»
  • «İt çörəyi itirməz, insan əməyi»
  • «İtin toxu qurd vurar, adamın acı»
  • «Qurddan çoban olmaz, oğrudan pisaban»
  • «Ağzının əyriliyinə baxma, sözünün düzlüyünə bax»

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  2. ↑ [1]
  3. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Əfəndiyev, 2019. səh. 10
  4. ↑ 1 2 3 4 5 Cənnəti, 2006. səh. 3
  5. ↑ 1 2 Qarayev, 2012. səh. 299
  6. ↑ Abdullayeva, 2024. səh. 67
  7. ↑ Abdullayeva, 2024. səh. 68
  8. ↑ 1 2 Qarayev, 2012. səh. 300
  9. ↑ Cənnəti, 2006. səh. 4
  10. ↑ 1 2 Abdullayeva, 2024. səh. 59
  11. ↑ Abdullayeva, 2022. səh. 70
  12. ↑ Abdullayeva, 2024. səh. 60
  13. ↑ 1 2 3 Abdullayeva, 2022. səh. 71
  14. ↑ 1 2 Abdullayeva, 2024. səh. 62
  15. ↑ Abdullayeva, 2024. səh. 65
  16. ↑ Abdullayeva, 2024. səh. 66
  17. ↑ 1 2 3 Qarayev, 2012. səh. 305
  18. ↑ 1 2 Qarayev, 2012. səh. 306
  19. ↑ Qarayev, 2012. səh. 307

Ədəbiyyat

redaktə
  • Əbdülxalıq, Cənnəti. Məmməd Adilov (redaktor). Vətən təranəsi (az.). Toplayanı: Əlabbas Müznib; Nəşrə hazırlayanlar və ön sözün müəllifləri: Sona Xəyal, Mustafa Mailoğlu. Bakı: Nurlan. 2006.
  • Abdullayeva, Ülviyyə. ""Füyuzat"çıların yaradıcılığında Turançılıq ideyasının ictimai və poetik təzahürləri". Filologiya və Sənətşünaslıq (az.) (1). 2022-05-15: 66–72.
  • Əfəndiyev, Timuçin. "Mürtəce Azərbaycan romantikləri". 525-ci qəzet (az.). 2019-07-05. səh. 10.
  • Abdullayeva, Ülviyyə Əli qızı. XX əsrin əvvəllərində Azərbaycan poeziyasında Turançılıq ideyasının bədii inikası (Dissertasiya) (az.). Bakı. 2024.
  • Qarayev, Nəsrəddin. XIX əsr Azərbaycan ədəbi məclisləri (az.). Bakı: Nurlan. 2012. səh. 325.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əbdülxalıq_Cənnəti&oldid=8175951"
LOVE.AZ