Dövlət katibi — Amerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir.[1][2]
1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur.
1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Marko Rubio, 1789-cu ildən bu yana bu vəzifəni tutan 72-ci şəxsdir.
Dövlət katibinin vəzifəsi xarici əlaqələrin təmin edilməsi olduğu üçün, o daim müxtəlif ölkələrdə səfərdə olur. Qurumun tarixində ən çox ölkəyə səyahət edən dövlət katibi 112 səfərlə Hillari Klinton[3], ikinci isə 96 səfərlə Madlen Olbrayt olmuşdur.[4] Ən çox məsafə qət edən dövlət katibi isə 1 696 849,6 km-lə Kondoliza Rays[5], ikinci isə 1 539 575,0 km-lə Hillari Klintondur.[3]