Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası).
Bu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır.
Yük avtomobilinin kuzası kabinə, ban (platforma, furqon, sistern və s.),kapot, yan divarlar, ayaqlıq və s.-dən ibarətdir. Kabinə bandan ayrı hazırlanır, adətən, metaldan, iki və ya çox yerli olur. Uzaq reyslərə çıxan magistral dartqılarının kabinəsi yataq yerləri ilə də təchiz edilir. Kuza avtomobilin yüksaxlayan çərçivəsi üzərində qurulur. Kabinəni bərkitmək üçün sürücünün zəruri rahat iş şəraitini təmin edən elastik elementlərdən istifadə olunur. Avtomobil kuzası universal (forma və ölçülərinə görə müx təlif olan yükləri daşımaq üçün yük platforması, yaxud furqonu olan) və xüsusiləşdirilmiş (dənəvər yüklər üçün özüboşaldan, xarabolan məhsullar üçün izotermik, sistern və s.) növlərə ayrılır.
Avtobusların kuzaları kapot və vaqon tipli olmaqla iki qrupa bölünür. Adətən, qapalı olur və çox vaxt yüksaxlayan, vaqon tipli karkas konstruksiyalı hazırlanır. Xaricdən və daxildən karkasa metal (bəzən kompozisiya materiallarından) panellər şəklində üzlük bərkidilir. Avtomobil kuzasının kütləsini azaltmaqla (o cümlədən yeni materiallar tətbiq etməklə), ona axarlı forma verməklə, sərnişinlərin rahatlığını artırmaqla, avto mobilin qabaritlərindən istifadəni yaxşılaşdırmaqla və s. yollarla kuzalar getdikcə təkmilləşdirilir.