Serbiya futbolu Azərbaycanda təkcə komandaları ilə oyunlarımıza görə deyil həm də futbolçularına görə tanınır. Artıq 6 ildir ki, hər transfer dövründə onlarla serbiyalı klublarımıza keçir. Daha artığı baxışa dəvət olunur, danışıqlar aparır. 2004/05 mövsümündə başlayan axın ərzində 100-ə yaxın serbin çıxış etdiyi Azərbaycanda ən məşhurları Branimir Subaşiç, Vladimir Miçoviç, Milan Zaqoratsdır. Ölkəmizdə 5 il çıxış edən sonuncularla müqayisədə vətənində daha tez qayıdan Branimir yığmamızın da şərəfini qoruyub. Serbiya millisindən imtina edən 28 yaşlı hücumçu hətta həmvətənlərinə 1:6 uduzduğumuz görüşün iştirakçısı olub. Millimizdə keçirdiyi 26 qarşılaşmada 6 qol vurmaqla, komandanın ən məhsuldar oyunçuları siyahısına da düşüb. Hazırda "Srvena Zvezda"da çıxış edən Subaşiç artıq neçə vaxtdır nə klub, nə yığmada oynayır.
Azərbaycanda serbiyalı baş məşqçiyə də təsadüf olunub. 2005/06 mövsümünün ilk 7 turundan sonra "Olimpik"in "sükanı arxasına" keçən Peter Kurçubiçin fəaliyyəti 19 matçdan ibarət olub.