Azərbaycanın təbiəti haqqında — Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Azərbaycan Respublikasının tarixi-coğrafi mövqeyi, relyefi, su hövzələri, flora və faunasını əhatə edir.
Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Hələ XX əsrdən etibarən bu ərazilərin öyrənilməsinə başlanmışdır. Məsələn; Budaqov və Müseyibov Azerbaycanın relyefini, Şıxlinski və Mədətzadə isə Azərbaycanın iqlimini öyrənmişdir. Çayları isə Rüstəmov öyrənmişdir.
Antik müəlliflər Herodot (e.ə. V əsr), Polibi (e.ə. təqr. 200 – e.ə. təqr.120), Strabon (e.ə. 64/63 – eramızın 23/24), Klavdi Ptolemey (təqr. 90 – təqr. 160) və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər.
Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahlarından İbn Xordadbeh (təqr. 820/826 – təqr. 912–913), Əbu-İshaq İstəxri (təqr. 820–934), Azərbaycan alimi Məhəmməd Naxçıvani (XIII əsrin sonu – XIV əsrin 2-ci yarısı), İran alimi Rəşidəddin Fəzlullah (1247–1318) və b. əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar.
Qafqaz Albaniyası tarixçisi Moisey Kalankatuklu (VII – VIII əsrlər) "Alban tarixi" əsərində Albaniyanı şöhrətli, təbiəti zəngin və əhalisi çox olan ölkə kimi təsvir etmiş, orada çoxlu məhsuldar torpaqların, gözəl bağların və yaşıl çöllərin olmasını göstərmişdir. Venesiyalı F. Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A. Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş "Şərqi Zaqafqaziya və Xəzər dənizi" xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir.
Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V. Abix, İ. Fiqurovski, A. Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır. Respublika ərazisinin hərtərəfli öyrənilməsində Azərbaycan Milli Elmlər Akademiyasının rolu böyükdür.
Qədim Azərbaycan torpağı ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.
Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.
Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' – 41°55', şimal enliklər və 44°50' – 50°51' şərq uzunluqları arasında yerləşir.
Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda −26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.
Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000–700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə — Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə – Qusar maili düzənliyi.
Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.
Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.
Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dan aşağıdır.
Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) +44 °C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) −32 °C-dir. Temperaturun illik amplitudu Naxçıvanda 60 °C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir)
Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V. V. Keppenə görə) 9-u burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.
Rəsmi qurumların işğaldan azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha ortaya çıxıb. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb.
Ekoloji terrorun ən təhlükəli məqamlardan biri də su mənbələrinin çirkləndirilməsidir. Belə ki, radioaktiv tullantılar çaylara axıdılır. Bunu Oxçuçayın nümunəsində də görmək olar. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilir. Ermənistanda dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib.[1]
(Bizim eramızdan 3500 il əvvəl — 1940-cı il)