Bahəddin Həziyev (təxəllüsü: Bahəddin Həzi) (28 aprel 1965, SSRİ) — yazıçı, publisist, jurnalist, "Bizimyol" MMC-nin baş direktoru, "Bizimyol.info" saytının təsisçisi və "Bizim Yol" qəzetinin baş redaktoru.
Bahəddin Həziyev | |
---|---|
Bahəddin Musa oğlu Həziyev | |
Ləqəbi | Bahəddin Həzi |
Doğum tarixi | (60 yaş) |
Doğum yeri | Yuxarı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Jurnalist, yazıçı, publisist |
Təhsili | Azərbaycan Dövlət Universiteti (1990) |
Fəaliyyəti | Yazıçı, publisist, jurnalist |
Fəaliyyət illəri | 1980-ci illər–indiyədək |
Tanınır | Milli Azadlıq Hərəkatı iştirakçısı, “Bizimyol” qəzetinin baş direktoru |
Mükafatları |
![]() |
Bahəddin Həziyev 28 aprel 1965-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini bitirib. 1984–1986-cı illərdə Uzaq Şərqdə Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət keçib.
1990-cı ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini (indiki İnformasiya və sənəd menecmenti fakültəsi), eləcə də, Universitetin nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Avropa ölkələrində müxtəlif kurs və təlimlərdə iştirak edib.
Bahəddin Həziyev hələ məktəb illərindən həvəskar jurnalistikaya maraq göstərmiş, yazıları "Araz" qəzetində və digər respublika mətbuatında dərc olunmuşdur. Tələbəlik dövründə "Molodyoj Azerbaydjana", "Bakinskiy raboçiy", "Odlar Yurdu" qəzetlərində məqalələri çıxmışdır.
1987-ci ildə antisovet ictimai təşkilat olan "Yurd" Birliyinin qurucu üzvlərindən olmuşdur. 1988–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmiş, 1990-cı il 20 Yanvar hadisələrindən sonra "Yurd" qəzetinin qeyri-leqal nəşrində iştirak etmişdir.
Bahəddin Həziyev 1990-cı ildən peşəkar jurnalistikaya başlamışdır. İlk olaraq, Yazıçılar İttifaqı yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Xazar" jurnalında və eyni vaxtda "Turan" İnformasiya Agentliyində çalışıb.
1991–1994-cü illərdə "Azadlıq" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində işləyib. Daha sonra "Çağ" adlı həftəlik qəzetin yaradıcısı və baş redaktoru olub. Həmin dövrdə Qarabağ müharibəsinin birinci fazasında hərbi müxbir kimi cəbhə bölgələrindən reportajlar hazırlayıb.
1996–2003-cü illərdə ABŞ-ın "Azad Avropa/Azadlıq" radiokorporasiyasında müxbir və şərhçi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən "Bizim yol" qəzetinə, 2012-ci ilin iyun ayından isə "Bizimyol.info" saytına rəhbərlik edir. Hazırda "Bizimyol" MMC-nin baş direktorudur.[1]
Bahəddin Həziyev "Ölümcül həqiqətlər", "Göyün cazibə qüvvəsi" (avtobioqrafik povest) kimi kitabların, minlərlə məqalənin və yüzlərlə radio şərhin müəllifidir.[2]Yazdığı publisistik və bədii əsərlər geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır.[3] Onun "Qutu", "Ortalıq", "Kənar şəxslərin girişi qadağandır", "Vəhşi dənizin sahillərində" və digər esseləri müasir publisistikanın seçilən nümunələri hesab olunur.
"Şəhid Ülvi Bünyadzadə adına" mükafatı — "Xəzər" jurnalı
"Jurnalistikanın inkişafında xidmətlərinə görə" mükafatı — "Azad söz" Jurnalistlər Birliyi
"Müstəqillik dövrünün jurnalisti" diplomu — "Azad söz" Jurnalistlər Birliyi
Almaniya Federativ Respublikasının Teodor Heus Akademiyasından sertifikat
Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı
Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı
Azərbaycan Respublikası Prezidentinin təşəkkürnaməsi
22 iyul 2010-cu il tarixli sərəncamla "Əməkdar Jurnalist" fəxri adı[4]
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.