Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır.[4] Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir.[5] İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir.
Dəyişdirilmiş karbon | |
---|---|
ing. Altered Carbon | |
![]() Serialın posteri. | |
Janr | kiberpank, antiutopiya, neo-nuar,[1][2][3] döyüş trilleri |
Əsaslanır | Riçard Morqanın "Dəyişdirilmiş karbon" romanı |
Prodüser | Con Lenik |
Yaradıcısı | Laeta Kaloqridis |
Ssenarist |
|
Rollarda | Yuel Kinnaman, Ceyms Pürfoy, Marta İqareda, Kris Konner, Diçen Lakmen, Ato Essando, Kristin Leman, Treu Tren, Rene Eliz Qoldsberri |
Şüar | "Heç kim sonsuza qədər yaşamır" |
Bəstəkar | Ceff Russo |
İstehsalçı ölkə |
![]() |
Studiya |
Virago Productions, Mythology Entertainment, Phoenix Pictures, Skydance Television Distribüter: Netflix |
Dil | ingilis |
Rəng | rəngli[d] |
Mövsüm sayı | 2 |
Seriya sayı | 18 |
Seriya vaxtı | 2 fevral 2018 – 27 fevral 2020 |
Davametmə müddəti | 46-66 dəq. |
Telekanal | Netflix |
IMDb | ID2261227 |
Format | 4K (Ultra HD) |
netflix.com/title/800971… | |
![]() |
Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır. İkinci mövsümdə Entoni Maki Kinnamanı əvəz edəcəkdir.[6]
"Dəyişdirilmiş karbon" qarışıq rəylər almışdır. Konner və Kinnamanın performansları, vizual effektlər, elmi fantastikası bəyənilmiş, lakin personaj münasibətlərinə çox diqqət verməsi və döyüş səhnələri tənqid olunmuşdur. Serialdakı zorakılığın səviyyəsi də tənqidçilər üçün mübahisə mövzusu olmuşdur. Serial bir neçə mükafata da namizəd göstərilmişdir.
Serialda hadisələr 2384-cü ildə Bey Siti adlı futuristik metropolisdə cərəyan edir.[7][8][9] Gələcəkdə insanların şüurları və yaddaşları kortik yığın adlı diskşəkilli cihazlara yüklənilir və bu cihazlar boyunun arxasındakı onurğaya implantasiya edilir. Bu cihazlar yadplanetli ixtirasıdır və tərsinə mühəndisliklə kütləvi şəkildə istehsal olunmuşdur. İnsanlar öləndən sonra bu cihazdakı informasiya sayəsində yeni bədənə köçürülə bilərlər, lakin əgər cihaz məhv edilsə, onda əsl ölüm baş verir. Bu, nəzəri cəhətdən sonsuza qədər yaşamaq kimi səslənsə də, ancaq "Metlər" kimi tanınan çox varlı şəxslər bir çox klon hazırlamaq və şüurlarını peyklərdə saxlamaq imkanına sahibdirlər.[9]
Takeşi Kovaç Yeni dünya sisteminə qarşı çıxan Elçilər adlı terror qruplaşmasının sağ qalan sonuncu əsgəridir.[10] Elçilər yox edildikdən 250 il sonra Kovaçın şüuru 300 yaşlı, məskunlaşmış dünyaların ən varlılarından olan Lorens Benkroft tərəfindən çıxarılır. Benkroft ona bir cinayəti həll etməyi tapşırır, qarşılığında isə Kovaça yeni həyat vəd edir.[11]
Laeta Kaloqridis romanı filmə adaptasiya etmək istədikdən 15 il sonra 2016-cı ilin yanvarında Netflix serial adaptasiyası çəkəcəyini bildirmişdir.[5] Kaloqridisə görə romanın məzmunu qarışıq və R-reytinqli materiala malik olduğundan Netflix-dən öncə başqa studiyaya satmaq çətin idi.[5] Netflix orijinal məzmun üçün 5 milyon ABŞ dolları ödəmişdir.[4]
Kaloqridis ssenarini yazmış, serialın icraçı prodüseri və yaradıcısı olmuşdur.[4] Skydance Television-dan Devid Ellison, Dana Qoldberq və Mersi Ross da prodüser rolunda çıxış etmişdirlər.[4] Miqel Sapoçnik birinci seriyaya rejissorluq etmişdir.[5][12] Morqan serialın istehsalı zamanı məsləhətçi olmuşdur.[27]
Serial həmin vaxt Netflix-in çəkdiyi ən bahalı işlərdən biri olmuşdur.[28] İstehsal xərcləri açıqlanmasa da, Kinnamana görə "Taxt oyunları"nın ilk 3 mövsümünə çəkilən xərcdən çox büdcə ayrılmışdır.[11]
Enn Foli kostyum dizayneri olmuşdur. İstehsalçı heyət təxminən 2000 kostyum dizayneri ilə işləmiş və 500 kostyum hazırlatdırmışdır.[29]
Çəkilişlər Kanadanın Vankuver şəhərində baş tutmuşdur.[28] Lorens Benkroftun bağları Britaniya Kolumbiyası Universitetinin qızılgül bağında, Benkroftun evi isə Dəniz binasının lobbisində çəkilmişdir. Keçmiş Canada Post binası Vey klinikasının çəkilişləri üçün istifadə olunmuşdur. Elçilərin olduğu səhnələr Skvamişdəki Şennon Şəlaləri Əyalət Parkında çəkilmişdir. Serial üçün istifadə olunmuş digər məkanlara Konvensiya Mərkəzinin Qərb binası, Van Dusen botanika bağının ziyarətçi mərkəzi, Antropologiya muzeyi və Kub daxildir.[30]
2018-ci ilin iyulunda ikinci mövsüm anons edilmişdir. Entoni Maki yeni Takeşi Kovaç seçilmişdir. 23 may 2019-cu ildə Alison Şapker Laeta Kaloqridisi əvəz etmişdir.[31] İkinci mövsümünün yayımlanmasından sonra serial Netflix tərəfindən ləğv edilmişdir.
7 noyabr 2018-ci ildə Netflix eyni kainatda olan anime serialı adaptasiyası anons etmişdir. Anime hekayənin yeni elementlərinə işıq tutacaq. Animenin senaristləri Day Sato və Tsukasa Kondodur.[32]
№ | Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal yayım tarixi |
---|---|---|---|---|
1 | "Keçmişdən" | Miqel Sapoçnik | Laeta Kaloqridis | 2 fevral 2018 (2018-02-02) |
2 | "Düşmüş mələk" | Nik Harran | Stiv Blekmen | 2 fevral 2018 (2018-02-02) |
3 | "Tənha bir yerdə" | Nik Hurran | Brayan Nelson | 2 fevral 2018 (2018-02-02) |
4 | "Bədxahlığın gücü" | Aleks Qreyvz | Rassel Frend & Qarrett Lerner | 2 fevral 2018 (2018-02-02) |
5 | "Yanlış adam" | Uta Brizevits | Nevin Denşam | 2 fevral 2018 (2018-02-02) |
6 | "Mənim üzümə malik insan" | Aleks Qreyvz | Stiv Blekmen | 2 fevral 2018 (2018-02-02) |
7 | "Nora İnu" | Endi Qoddard | Nevin Denşem & Keysi Fişer | 2 fevral 2018 (2018-02-02) |
8 | "Gecə döyüşü" | Uta Brizevits | Brayan Nelson | 2 fevral 2018 (2018-02-02) |
9 | "Cənnətdə qəzəb" | Piter Hor | Rassel Frend & Qarrett Lerner | 2 fevral 2018 (2018-02-02) |
10 | "Qatillər" | Piter Hor | Laeta Kaloqridis & Nevin Denşem | 2 fevral 2018 (2018-02-02) |
Rəsmi treyler 11 yanvar 2018-ci ildə, serialın bütün seriyaları isə 2 fevral 2018-ci ildə Netflix-də buraxılmışdır.[33]