Dancen-kroul (ing. dungeon crawl; hərf. "zindanda dolaşma") – fentezi RPG oyunlarında personajlarında labirint mühitində ("zindan") hərəkət etdiyi, müxtəlif bədheybətlərlə döyüşdüyü, tələlərdən qurtulduğu, tapmacalar həll etdiyi və tapdıqları xəzinələri qarət etdikləri ssenari.[1] Dancen-kroul elementləri ehtiva edən videooyunlar və stolüstü oyunlar ayrıca janr hesab olunur və dancen-krouler (ing. dungeon crawler) termini ilə ifadə olunur.[1][2][3]
Dancen-kroul janrında ilk stolüstü oyun 1975-ci ildə buraxılmış "Dungeon!" oyunudur.[4] Növbəti illərdə bir çox oyun bu konseptdən istifadə emişdir. 2010-cu illərin populyar stolüstü oyunlarından biri olan "Gloomhaven" dancen-kroulerdir.[3][5]
İlk dancen-kroul videooyunu 1975-ci ildə Rasti Razerford tərəfindən PLATO interkativ təhsil sistemi üçün hazırlanmış "pedit5" hesab olunur. Oyun sistemdən silinsə də, daha sonra "dnd" və "Moria" kimi bənzər oyunlar çıxmışdır.[1]
1980-ci illərdə çıxmış "Rogue", "The Bard's Tale", "Cosmic Soldier", "Dungeon Master", "Gauntlet", "Madō Monogatari", "Megami Tensei", "Might and Magic", "Legend of Zelda", "Phantasy Star", "Ultima" və "Wizardry" kimi oyun və seriyalar janrın standartlarının formalaşmasında rol oynamışdır. Oyunların ibtidai qrafikləri labirint yaratmaq üçün lazım olan təkrarlanan plitələr və oxşar qrafiklər üçün əlverişli idi. "Game Developer" saytında Mett Bardon "Telengrad" oyununu "saf dancen-krouler" adlandırmışdır.[6] Bu dövrə aid "Dragon Slayer" və "The Tower of Druaga" kimi dancen-kroulerlər ekşen rol oyunu döyüşünə malikdir.[7][8]
Bu altjanra birinci şəxs prespektivindən macəraçı komandanı idarə etməkdən ibarət olan RPG-lər daxildir. "Wizardry", "Might and Magic" və "Bard's Tale" seriyaları bu altjanra aid edilir. Bu cür oyunlar "blobberlər" adlanır.[9][10]