Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki.[1]
Etibar Əliyev | |
---|---|
Doğum tarixi | 15 aprel 1957(1957-04-15) (68 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq üzrə elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır.[2] Müharibə veteranıdır.
Etibar Əliyev Azərbaycan Respublikası Gənc Hüquqşünaslar Birliyinin Ekspert Şurasının sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının elmi eksperti, Avrasiya Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Etibar Əliyev haqqında filologiya üzrə elmlər doktoru İ.M.Əliyeva tərəfindən "Müqəddəs ocaqlar yurdundan başlanan yol: "Etibar-55"" (Bakı, 2012) kitabı tərtib edilmişdir.
Etibar Əliyev 2000-ci ildə BDU-da dissertanturaya qəbul olmuş, 2003-cü ildə "Beynəlxalq hüquq" ixtisası üzrə "Nəqliyyat Azərbaycan Respublikasının beynəlxalq müqavilə praktikasında (beynəlxalq-hüquqi təhlil)" mövzusunda hüquq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 2013-cü ildə "Qloballaşma dövründə beynəlxalq nəqliyyat münasibətlərinin hüquqi tənzimlənməsi" mövzusunda hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2015-ci ildən BDU-nun "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasında professor vəzifəsində çalışır. 100-dən çox elmi əsərin, dərsliklərin müəllifidir. 2004-cü ildən "Nəqliyyat hüququ" elmi-nəzəri, təcrübi jurnalın həmtəsisçisi və redaksiya şurasının üzvüdür. 20 sentyabr 2005-ci ildən Moskva Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Etibar Əliyev bir çox tədris proqramlarının da tərtibçilərindəndir. Bakalavr təhsil pilləsi üçün "Nəqliyyat hüququ" fənninin tədris proqramının (Bakı, 2012), "Beynəlxalq iqtisadi hüquq" fənninin tədris proqramının (Bakı, 2013), "Beynəlxalq nəqliyyat hüququ" fənninin tədris proqramının (2013), Avropa hüququ fənninin tədris proqramının (Bakı, 2015) və s. hazırlanmasında iştirak etmişdir.
"Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununun, "Dövlət Yol Polisi" Əsasnaməsinin və digər normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmişdir.[3]
Filologiya elmləri namizədi G.Kazımlı tərəfindən Etibar Əliyevin kitabları və elmi məqalələri haqqında biblioqrafik nəşr hazırlanmışdır.