Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Eynulla Yadulla oğlu Mədətli (18 aprel 1954, Naxçıvan) — AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent, Fövqəladə və səlahiyyətli səfir.
Eynulla Mədətli | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1954(1954-04-18) (71 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Eynulla Mədətli 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakultəsini bitirmiş, Naxçıvan MR Şahbuz rayonunun Biçənək kənd orta məktəbində tarix müəllimi (1975-1976), Şahbuz rayon partiya komitəsində təlimatçı (1977), Almaniya Demokratik Respublikasında əsgəri xidmət (1977-1979), Azərbaycan EA Naxçıvan Elm Mərkəzində elmi işçi (1979-1980), Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim (1980-1984), Naxçıvan Vilayət Partiya Komitəsində mühazirəçilər qrupunun rəhbəri (1984-1986), NDU-nun dosenti, Fəlsəfə və elmi kommunizm kafedrasının müdiri (1986-1988), Naxçıvan Vilayət Partiya komitəsinin İdeoloji şöbəsinin müdiri (1988-1990), NDU-da prorektor, xarici əlaqələr şöbəsinin müdiri (1990-1995) vəzifələrində işləmişdir.
Eynulla Mədətli 1981-ci ildə Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirmiş, 1984-cü ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi, 1994-cı ildə dosent elmi adı almışdır.
Eynulla Mədətli 1990-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.
5 fevral 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulu vəzifəsinə təyin edilmiş, eyni zamanda 1996-2001-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin müşaviri olmuşdur. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışmışdır.
18 aprel 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmiş və ona Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının eyni zamanda, iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin iyulun 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə Pakistandan geri çağırılaraq Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilmiş, 2015-ci ilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılmışdır.
Eynulla Mədətli 2016-cı ilin yanvarından AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda mənbəşünaslıq və tarixşünaslıq şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin fevral ayından AMEA Fəlsəfə İnstitutunun, hazırda Fəlsəfə və Sosiologiya İnstitututunun elmi işlər üzrə direktor müavinidir, eyni zamanda həmin institutda ictimai əsaslarla “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinə rəhbərlik edir.
Eynulla Mədətli doktorluq dissertasiyası üzərində işləyən 2 fəlsəfə doktorunun elmi məsləhətçisidir. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının, Respublika elmi işlərin əlaqələndirilməsi şurasının, Tarix İnstitutunda doktorluq dissertasiyası müdafiə şurasının, tarixə və fəlsəfəyə dair bir sıra elmi jurnalların redaksiya heyətinin üzvüdür. AMEA nəzdindəki bir sıra komissiyalarda iştirak edir. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Elm Fondunda AMEA-nı təmsil edir.
Eynulla Mədətli 2018-ci ildə “XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır. Onun tədqiqat sahəsi Vətən tarixi və tarixşünaslıq məsələləridir. 11 kitabın, ölkədə və xaricdə dərc edilən 130-dan çox elmi məqalənin müəllifidir.
Eynulla Mədətli respublika və beynəlxalq elmi konfranslarda çıxışlar edir, ölkəmizdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin təbliğində, Yeni Azərbaycan Partiyasının tədbirlərində yaxından iştirak edir, kütləvi informasiya vasitələrində və telekanallarda tarixi-siyasi mövzular üzrə şərhlər verir.
Eynulla Mədətli Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı, yeddi nəvəsi var.
Azərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb. "İlin adamı-2014" mükafatının Kiyevdə təqdimetmə mərasimi keçirilib.[1][2][3]