Fərid Salman oğlu Mansurov (10 may 1982, Qızılkilsə, Dmanisi rayonu) — Şöhrət ordenli,[1] Tərəqqi medallı Azərbaycan güləşçisi,[2] Azərbaycan Respublikasının İdman Ustası (1997),[3] Azərbaycan Respublikasının Əməkdar İdman Ustası (2003),[4] Afina-2004 XXVIII Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə qızıl medalçısı, Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2010),[5] yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi (2010–2011),[6] Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti (2011–2016), Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri (2016–2021),[7] AFFA-nın İcraiyyə Komitəsinin üzvü (2016–2024),[8] Azərbaycan İdman Akademiyasının idman işləri üzrə prorektoru (2021–2024),[9] Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü (2021–2024),[10] Milli Olimpiya Akademiyasının vitse-prezidenti (2022–2024),[11] Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü (2021),[12] Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri (2025), idman sahəsində bir sıra elmi məqalə və monoqrafiyaların müəllifi.
Fərid Mansurov | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Fərid Salman oğlu Mansurov | ||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
||||||||||||||||||||||
Doğum tarixi | (43 yaş) | ||||||||||||||||||||||
Doğum yeri | Dmanisi, Gürcüstan SSR | ||||||||||||||||||||||
Boyu | 176 sm. (5 ft 5 in) | ||||||||||||||||||||||
Çəkisi | 66 kq | ||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||
Karyera illəri | 1992—2010 | ||||||||||||||||||||||
Məşqçisi | Əliqulu Həsənoğlu | ||||||||||||||||||||||
Komandası | Neftçi İdman Klubu | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
![]() |
10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1984-cü ildə Bakıya köçmüşdür. 1999-cu ildə R. M. Sadıqov adına 136 №-li orta məktəbi bitirmişdir. 1999–2003-cü illər ərzində Təfəkkür Universitetində bakalavr, 2004–2006-cı illər ərzində isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında magistr pilləsi üzrə təhsil almışdır. Həmçinin ikinci ali təhsil kimi 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin bakalavriat pilləsini bitirmişdir. Hal hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.[13]
Ailəlidir, 3 övladı var.
1997-ci ildə Azərbaycan Respublikasının İdman Ustası,[3] 2003-cü ildən isə Azərbaycan Respublikasının Əməkdar İdman Ustasıdır.[4] Fərid Mansurov 2010-cu ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" adını almışdır.[5]
2001–2002 və 2004–2005-ci illər ərzində "Neftçi" İSM-də yunan-Roma güləşi üzrə idmançı-təlimatçı vəzifəsində çalışıb. 2020-ci ildə AFFA-nın İcraiyyə Komitəsinin, 2021-ci ildə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin, 2021-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü, 2022-ci ildə Milli Olimpiya Akademiyasının vitse-prezidenti seçilib.
Fərid Mansurov idman sahəsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 2002-ci ildə Tərəqqi medalına,[2] 2004-cü ildə isə Şöhrət ordeninə layiq görülmüşdür.[1] Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü ilə təltif edilmişdir.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olmuşdur.[14][15] 2016-cı ildə Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçilmişdir.[16] Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında nümayəndə heyətinin missiya rəhbəri olmuşdur.[17]
2005–2008-ci illərdə Şirvan Gömrük İdarəsinin Statistika və Aİİ bölməsində inspektor vəzifəsində, 2008–2016-cı illər ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təhqiqat və İstintaq şöbələrində çalışıb.
2016–2021-ci illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsidə çalışmışdır.[18]
2021–2024-cü illər ərzində Azərbaycan İdman Akademiyasının idman işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı[19] və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı[20] ilə təltif olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Peşəkar idman və tibb" kitabının müəlliflərindən biridir.[21] İdman sahəsində bir sıra elmi məqalə və monoqrafiyaların müəllifidir.
Fərid Mansurov 1992-ci ildən "Neftçi" İdman Sağlamlıq Mərkəzində Əliqulu Həsənoğlunun rəhbərliyi altında məşqlərə başlamışdır. 1997-ci ildə ilk uğurunu əldə etmişdir. Sloveniyanın Maribor şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş medal qazanmışdır.
O, 2000-ci ildə kişilər arasında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında birinci yeri tutmuşdur. 2001-ci ildə Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medala layiq görülmüşdür.
2002-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatının gümüş mükafatçısı olmuşdur.
2003-cü ildə keçirilən Qran-Pri turnirlərində uğurla çıxış edərək Afina Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmışdır. Afina-2004 XXVIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medal sahib olaraq, Olimpiya çempionu adını qazanmışdır.[22]
O, 2007-ci ildə Bakıda keçirilən dünya çempionatının qızıl medalını qazanmışdır.[23] 2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında növbəti dəfə qızıl medala layiq görülmüşdür.[24] 2009-cu ildə Bakıda təşkil olunan "Qızıl Qran-pri" turnirinin də qalibi olmuşdur.[25]
Fərid Mansurov 2010-cu ilin aprel ayının Bakıda keçirilən Avropa çempionatında aldığı zədə səbəbindən peşəkar idmançı karyerasını başa vurmuşdur.[26] O, idmançı karyerasını başa vurduqdan sonra yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi təyin edilmişdir.[27]
Fərid Mansurov 1997-ci ilin iyulunda Sloveniyanın Maribor şəhərində baş tutan yeniyetmələr arasında dünya çempionatında mübarizə aparmışdır. Finala qədər bütün rəqibləri üzərində qələbə qazanan Fərid Mansurov final görüşündə Qazaxıstan nümayəndəsi Aydın Sarsegeyeva məğlub olaraq, yeniyetmələr arasında dünya çempionatını gümüş medalla başa vurmuşdur. Bu, 15 yaşlı Fərid Mansurovun birinci ciddi uğuru olmuşdu.
1998-ci ilin iyulunda isə Fərid Mansurov Rusiyada keçirilən Yeniyetmələrin Ümumdünya Oyunlarında mübarizə aparsa da, turnirin yarımfinal mərhələsində Kuba idmançısı ilə görüşdə biləyinin çıxması və sınması nəticəsində turniri yarımçıq başa vurmuşdur.
O, 1999-cu ilin iyulunda yeniyetmələr arasında dünya çempionatında mükafatçılar sırasında yer almamışdı.
2000-ci ilin iyununda Fərid Mansurov Bolqarıstanın Sofiya şəhərində keçirilən gənclər arasında Avropa çempionatında çıxış etmişdir. Fərid Mansurov bu turniri 18 idmançı arasında 8-ci pillədə başa vurmuşdur.
2004-cü il avqustun 24-də Afinada keçirilən Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi turnirində çıxış edən Fərid Mansurov qızıl medala layiq görülmüşdür. Qrup mərhələsindən onun birinci rəqibi 1996 və 2000-ci illərdə olimpiadaların finalçısı olan Kuba nümayəndəsi Xuan Maren olmuşdur. Həmin görüşdə Fərid Mansurov təcrübəli rəqibinə 4:0 hesabı ilə qalib gəlmişdir. Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi 1996-cı il Atlanta Olimpiadasının qalibi Polşa nümayəndəsi Riszard Volni olmuşdur. Gərgin idman mübarizəsi şəraitində keçirilən görüşdə Fərid Mansurov rəqibi üzərində 6:2 hesabı ilə qələbə qazanmış və qrup mərhələsini birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlmişdir. Həmin gün 1/4 final mərhələsində Fərid Mansurov İran nümayəndəsi Pərviz Zeyvənd ilə üz-üzə gəlmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Fərid Mansurov rəqibinə 2:1 hesabı ilə qalib gələrək olimpiadada yarımfinal mərhələsinə adlamışdır. Avqustun 25-də keçirilən görüşdə onun rəqibi İsveç nümayəndəsi Cimmi Samuelsson olmuşdur. Bu görüşdə Fərid Mansurov rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq finala əldə etmişdir. Həlledici görüşdə onun rəqibi dünya çempionu, 6 dəfə Avropa çempionatlarının qalibi olan Şərəf Əroğlu olmuşdur. Final görüşünü Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və dövlət rəsmiləri birbaşa zaldan izləmişdilər. Gərgin idman mübarizəsi şəraitində keçirilən final görüşündə Fərid Mansurov rəqibinə 4:3 hesabı ilə qalib gələrək, Afina Olimpiadasının qızıl medalına sahib çıxmışdır.
Fərid Mansurov Azərbaycanın Olimpiya Oyunları tarixində qızıl medala sahib olan ilk və yeganə yunan-Roma güləşçisi olmuşdur.
2004-cü ildə Afina Olimpiadasında belindən aldığı zədə səbəbindən iki il beynəlxalq turnirlərdən kənar qalmışdır. Uzun sürən əməliyyatlar və müalicələrdən sonra 2007-ci ildə yenidən idmana qayıtmışdır.
O, 2007-ci ildə Bakıda təşkil olunan dünya çempionatında qızıl medal qazanaraq, Pekin Olimpiadasına vəsiqə əldə etmişdir.
2008-ci ildə Pekin XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya komandasının kapitanı və bayraqdarı olmuşdur.[28]
Yeniyetmələrin Dünya Çempionatı | Sloveniya | |||
Yeniyetmələrin Dünya Çempionatı | Danimarka | |||
Gənclərin Avropa Çempionatı | Bolqarıstan | |||
Gənclərin Dünya Çempionatı | Özbəkistan | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Yuqoslaviya | |||
Dünya Çempionatı | Fransa | |||
Olimpiya Oyunları | Yunanıstan | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin | |||
Avropa Çempionatı | Litva | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Azərbaycan |