Hüseyn Rəhmi Gurpınar (17 avqust 1864[1][2], İstanbul – 8 mart 1944[1][2], Heybəliada) — türk yazıçı, publisist.
Hüseyn Rəhmi Gurpınar | |
---|---|
türk. Hüseyin Rahmi Gürpınar | |
![]() | |
Doğum tarixi | 17 avqust 1864(1864-08-17)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 1944(1944-03-08)[1][2] (79 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tərcüməçi, yazıçı, jurnalist |
![]() |
O, 17 avqust 1864-cü ildə padşahın yavəri Mehmed Səid paşa və Ayşə Sidiqə xanımın ailəsində İstanbulda Ayaspaşada dünyaya gəlmişdir.[3][4] Kiçik yaşlarında anasını vərəm xəstəliyindən itirən Hüseyn Rəhmi bir müddət Giritdə atasının yanında qalıb, ilk təhsilinə burada başlasa da, atası evləndikdən sonra ana nənəsinin yanına İstanbula qayıtmışdır. O, burada Ağsarayda Yaqubağa məhəlləsində nənəsi və xalalarının yanında böyümüşdür. Burada Yaqubağa (Ağayoxuşu) məhəllə məktəbində, daha sonra Mahmudiyyə Rüşdiyyəsində təhsil almışdır. Tarix müəllimi Əbdürrəhman Şərəf Əfəndinin təşviqi ilə iki ilə qədər Mülkiyyə məktəbində təhsilinə davam etmiş, burada fransız dilini incəliklərinə qədər öyrənmişdir.[4] İkinci kursda oxuyarkən möhkəm xəstələnmiş və bununla əlaqədar olaraq təhsilini yarım qoymalı olmuşdur (1880).[3] Bir müddət müxtəlif dövlət müəssələrində məmur kimi fəaliyyət göstərsə də, 1908-ci ildə işindən ayrılıb, həyatını ədəbiyyata həsr etmişdir. Hüseyn Rəhmi Türkiyə Böyük Millət Məclisinin Kütahya üzrə 5-ci (1936–1939) və 6-cı (1939–1943) Çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. O, 8 mart 1944-cü ildə İstanbulda Heybəliadadakı evində vəfat etmiş, Abbas Paşa qərbristanlığında dəfn edilmişdir. [3] Yazıçının evi hazırda muzey kimi fəaliyyət göstərir.[5] [6]
Hüseyn Rəhmi yazıçılığa gənc yaşlarından başlamışdır. İlk qələm təcrübəsini "Gülbahar" adlı əsəri ilə on iki yaşında ərsəyə gətirmişdir.[4] Mənbələrdə çap olunan ilk əsəriylə bağlı bir-birini təkzib edən məlumatlar vardır. Bəzi mənbələrdə ilk əsərinin "İstanbulda bir frəng", və ya "Gənc qızın avazeyi şikayəti" adlı hekayə olduğu göstərilir.[7] On səkkiz yaşındaykən ilk romanı "Şık"ı (Ayna) yazaraq, 1887-ci il 3 aprel tarixində Əhməd Midhət Əfəndinin redaktorluğu ilə çıxan "Tərcümani-Həqiqət" qəzetində hissə-hissə çap etmişdir. Əsər kitab kimi 1889-cu ildə İstanbulda işıq üzü görmüşdür. [8][3] Hüseyn Rəhmi 1887-ci ildən "Tərcümani-Həqiqət", daha sonra "İqdam" və "Sabah" qəzetində yazıçı, mütərcim kimi fəaliyyətə başlamış, mütəmadi olaraq digər müxtəlif qəzet və jurnallarda da bədii-publisistik yazılar çap etmişdir. O, 1908-ci ildə Əhməd Rasim ilə birlikdə "Boşboğaz ilə Güllabi" adlı satirik qəzetini çıxarmışdır.[9] Qəzet 1908-ci il 24 iyul — 14 dekabr tarixləri arasında həftədə iki dəfə olmaqla nəşr edilmişdir. Ümumilikdə 36 sayı işıq üzü görmüşdür.[4] İbrahim Hilmi bəylə birlikdə çıxardığı "Millət" qəzeti də uzun ömürlü olmamışdır.