Kadarizm (mac. gulyáskommunizmus) və ya soyuducu kommunizm (mac. fridzsiderkommunizmus),[1] Qulyaş kommunizmi və ya Macar əriməsi — 1956-cı il Macar inqilabından sonra formalaşan və 1956–1988-ci illərdə Macarıstanda hökm sürən siyasi-ideoloji sistem. Bu anlayış adını uzun müddət ölkəyə rəhbərlik etmiş kommunist lider Yanoş Kadarın (mac. János Kádár) adından almışdır."[2] Kadarizm sosialist rejimin nisbətən yumşaldılmış, daha praqmatik və gündəlik həyatın rifahını artırmağa yönəlmiş forması kimi tanınır. Bu dövr tez-tez "qulyaş kommunizmi" (mac. gulyáskommunizmus) termini ilə də xarakterizə olunur.[3]
1956-cı ildə Sovet İttifaqının dəstəyi ilə Macarıstanda baş vermiş inqilab yatırıldıqdan sonra Yanoş Kadar Sovet rəhbərliyi tərəfindən ölkə rəhbəri kimi təyin olundu. [4]O, inqilabın yatırılmasında iştirak etsə də, daha sonra əvvəlki repressiv siyasətdən fərqli, daha balanslı və kompromis yönümlü bir siyasət yürütməyə başladı. Bu dövrdə Macarıstan, Şərq Bloku ölkələri arasında nisbətən daha yüksək həyat standartlarına və mədəni azadlıqlara sahib olduğu üçün "ən xoşbəxt kazarma" kimi tanınırdı.[5]
Kadarizm marksizm-leninizmə əsaslansa da, klassik sovet modelindən fərqli idi. O, iqtisadiyyatda müəyyən bazar elementlərinə, şəxsi təşəbbüsə və daha yüksək həyat səviyyəsinə imkan verirdi. Kadar bu siyasəti "Kim işləyirsə, onun üçün həyat yaxşı olacaq" (Aki nincs ellenünk, az velünk van) prinsipi ilə əsaslandırırdı. Bu prinsip müxalifətin geniş repressiyasından imtina edildiyini göstərirdi.[6]
Kadarizmin yaranması 1956-cı il Macar inqilabı ilə birbaşa bağlıdır. 1956-cı ilin oktyabrında Macarıstanda sovet yönümlü rejimə qarşı geniş xalq etirazları baş verdi. Bu inqilab qısa müddətə İmre Naqi başçılığı ilə müstəqil və neytral bir hökumətin formalaşmasına səbəb oldu. Lakin noyabr ayında Sovet ordusu Budapeşti işğal edərək inqilabı qan içində yatırdı. İnqilab yatırıldıqdan sonra Sovet İttifaqı Yanoş Kadarı Macarıstan Fəhlə Partiyasının (sonralar Macar Sosialist Fəhlə Partiyası) rəhbəri təyin etdi. Əvvəlcə xalq arasında Kadarın imici mənfi idi, çünki o, İmre Naqinin devrilməsində və edamında iştirak etmişdi. Lakin Kadar öz hakimiyyətini qorumaq və sabitlik yaratmaq üçün sərt repressiyalarla yanaşı, geniş sosial və iqtisadi islahatlara başladı.[8]
1950-ci illərin sonundan etibarən Kadar siyasi məhbusların əksəriyyətini azad etdi, kollektivləşdirməni dayandırdı və kənd təsərrüfatında kooperativ sistemə keçidə başladı. 1968-ci ildə "Yeni İqtisadi Mexanizm" (mac. Új Gazdasági Mechanizmus) adlı islahat paketi qəbul edildi. [9]Bu islahatlar iqtisadiyyatda bazar elementlərini gücləndirməyə, istehsal və istehlakı artırmağa yönəlmişdi. 1970–80-ci illərdə Macarıstan Sovet blokunda ən açıq və mülayim rejimlərdən biri hesab olunurdu.[10] Lakin iqtisadi artım əsasən xarici borclanma ilə təmin olunurdu və bu borclar 1980-ci illərin sonlarında ciddi böhranlara gətirib çıxardı. SSRİ-nin zəifləməsi və Şərqi Avropadakı dəyişikliklər fonunda Kadarizm tənəzzülə uğradı. 1988-ci ildə Yanoş Kadar vəzifədən kənarlaşdırıldı və 1989-cu ildə Macarıstan çoxpartiyalı sistemə keçid etdi.[11]
Kadarizmin əsas xüsusiyyəti olan qulyaş kommunizmi, sosial rifah dövlətinin və məhdud kapitalist mexanizmlərin birləşməsidir. Əhalinin rifahı artırılmış, istehlak mallarının bolluğu təmin edilmiş və senzura nisbətən yumşaldılmışdı. Bu siyasət digər Şərqi Avropa ölkələri ilə müqayisədə Macarıstanda daha sabit və nisbətən "rahat" sosializm modelinin yaranmasına səbəb oldu.[12]