Kalmar kralı (イカキング, İka Kinqu?) — Yaponiyanın İşikava prefekturasının Noto qəsəbəsində yerləşən Sakit okean kalmarı heykəli. Heykəl qəsəbənin balıqçılıq sənayesini tanıtmaq və turizmi gücləndirmək məqsədilə yaradılsa da, COVID-19 pandemiyası üçün ayrılan büdcənin pulu ilə hazırlandığı üçün tənqid olunmuşdur. Şəhər rəhbərliyinin məlumatına görə heykəl şəhərə gələn turistlərin sayını artırmışdır.
Kalmar kralı | |
---|---|
![]() "Kalmar kralı" 2024-cü ildə. | |
![]() | |
Ölkə | |
Tikilib | mart 2021 |
Hündürlüyü | 4 m |
"Kalmar kralı" "nəhəng" ölçülü,[1][2] ağ və çəhrayı[1] rəngli Sakit okean kalmarının (Todarodes pacificus) lifli plastikdən hazırlanmış heykəlidir.[2][3] Heykəl 13 metr uzunluğunda,[1] 4 metr hündürlüyündə,[2] 9 metr genişliyində[4] və təxminən 5 ton ağırlığındadır. Heykəl uzun qollara və "fırlanan gözlərə" malikdir.[2] Əsl kalmarının ağzının yerləşməli olduğu yerdəki dəlik ziyarətçilərə heykəlin içərisini görməyə imkan verir.[2][1] "Kalmar kralı" Noto qəsəbəsindəki Noto Tsukumo Körfəzi Turizm Mübadiləsi Mərkəzində — Tsukumo körfəzinin qarşısında yerləşir. Bu yer "Kalmar Stansiyası Mall-u" kimi tanınır.[4] "Kalmar kralı" adı 2021-ci ilin iyununda baş tutmuş ictimai müsabiqə yolu ilə müəyyən edilmişdir. Ad üçün 909 namizədlik verilmişdir. Adlandırma mərasimi zamanı heykəlin yanına lövhə quraşdırılmışdr.[5] "Kalmar kralı"nın rəsmi "X" hesabı var.[3]
Heykəlin tikintisi 27 milyon yenə başa gəlmişdir. Bu məbləğin 25 milyonu Yaponiya hökuməti tərəfindən Noto qəsəbəsi üçün ayrılmış COVID-19 büdcəsindən, qalanı isə qəsəbənin öz büdcəsindən təşkil olunmuşdur.[2][1] Yaponiya hökuməti COVID-19 pandemiyası ilə mübarizə aparması üçün Noto qəsəbəsinə 800 milyon yen büdcə ayırmışdı.[1] Noto qəsəbəsinin rəhbərliyinə görə "Kalmar kralı" heykəli qəsəbənin turizm sahəsini gücləndirmək[1] və qəsəbənin balıqçılıq sənayesini tanıtmaq üçün tikilmişdir.[4] Heykəlin mövzusu turistlərin şəhərdə kalmar yeməsinə və "kalmar tərəfindən yeyilmələrinə" əsasən seçilib.[6] Bundan əlavə, kalmar mövzusunda mağaza, restoran, turist məlumat mərkəzi və sərgi guşəsi tikilmiş, nəticədə, Noto Tsukumo Körfəzi Turizm Mübadiləsi Mərkəzi yaranmışdır.[2] Ticarət mərkəzinin tikintisi 520 milyon yenə başa gəlmişdir.[7]
"Kalmar kralı" 2021-ci ilin aprelində ictimaiyyətə təqdim olunmuş[8] və COVID-19 ilə mübarizəyə ayrılmış büdcə hesabına tikildiyi üçün tənqidlərə məruz qalmışdır.[7] Bəzi sakinlər pulların səhiyyə işçilərinə verilməli olduğunu düşünmüşdürlər.[1][2] Qalmaqal "BBC" və "The New York Times" kimi xarici media qurumları tərəfindən işıqlandırılmışdır.[8] Bir müddət sonra heykəl xeyli populyarlıq əldə etmişdir.[3] "Mainichi Shimbun" qəzetinə görə heykəl qəsəbənin simvollarından birinə çevrilmişdir.[6] 2022-ci ildə Noto qəsəbəsinin verdiyi məlumata görə qəsəbənin iqtisadiyyatı turizmdən 604 milyon yen gəlir əldə etmişdir. 439 turist arasında keçirilmiş sorğuda turistlərin 45%-nin "Kalmar kralı"nı görmək üçün Notoya gəldiyi məlum olmuşdur.[4]
Heykəl 2024-cü ilin yanvarında baş verən Noto zəlzələsi və sunamisi zamanı çox az zərər görmüşdür.[9][3][7] Zəlzələdən qısa müddət sonrra "Kalmar kralı" rəsmi "Twitter" hesabında "Mən dənizə qayıtmadım" sözlərini yazmışdır.[3] Heykəlin salamat qalması bəzi sakinlər, xüsusilə, qəsəbə rəsmiləri tərəfindən sağalma və ümid simvolu kimi qiymətləndirilmişdir.[9][3][7] Zəlzələ nəticəsində bağlanan "Kalmar Stansiyası Mall-u" aprel ayında yenidən açılmışdır.[10] 2024-cü ilin oktyabrında "Kalmar kralı" Uşaqların Polis Məmuru proqramının fəxri sədri seçilmişdir.[11]