Lesli Vayt (ing. Leslie Alvin White; 19 yanvar 1900 - 31 mart 1975) — ABŞ antropoloqu, etnoloqu və kulturoloqu.
Lesli Vayt 19 yanvar 1900-cü ildə ABŞ-nin Kolorado ştatında anadan olmuşdu.
Lesli Vayt 31 mart 1975-ci ildə Kaliforniya ştatında vəfat etmişdir.
Məlumdur ki, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Vayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Vaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Bir elm kimi, kulturologiyanın banisi haqlı olaraq, amerika antropoloqu Lesli Alvin Vayt hesab edilir. Onun 1949-cu ildə nəşr olunmuş "Mədəniyyət haqqında elm" kitabı mədəniyyət və onun qeyri-adi inqilabi dəyişdirici imkanları haqqında keyfiyyətcə yeni, daha yüksək səviyyəli təsəvvürlərin yaranmasına səbəb oldu. O, humanitar biliklər sahəsində yeni ənənələrin formalaşmasına təsir edərək, ictimai elmlərin inkişafına öz zəngin töhfələrini vermişdir. Vayt mədəniyyətin, özünəməxsus prinsip və qanunauyğunluqlarının təsvir olunduğu fenomenlər ardıcıllığından ibarət olması haqqında, energetik konsepsiyasını yaratdı. O, mədəni elementlərin qarşılıqlı təsirini və ya bütövlükdə mədəniyyət sistemlərini təhlil edərək, insan müxtəlif mədəni ənənələrin məcmuu kimi şərh edir. Bu isə, insan mədəniyyəti inkişafının tarixi qanunauyğunluqlarının diqqətlə nəzərdən keçirilməsinə imkan verir. Mədəniyyəti bütöv, mütəşəkkil və inteqrativ sistem kimi nəzərdən keçirən Vayt, bir-birinə qeyri-bərabər təsir gücü ilə əlaqədar olan üç altsistem ayırır: texnoloji, sosial və ideoloji.