Məhəmməd Baba oğlu Babanlı (1952, Saatlı rayonu) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). BDU-nun prorektoru (1992-1994), AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmin İnstitutda Dissertasiya Şurasının sədr müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəlxalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub.
Məhəmməd Babanlı | |
---|---|
Məhəmməd Baba oğlu Babanlı | |
Doğum tarixi | 1952 |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Elmi adları | AMEA-nın müxbir üzvü, professor |
İş yerləri | Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | Əlihüseyn Quliyev |
Tanınmış yetirmələri | 1 doktor, 30 namizədlik, 12 magistr |
Üzvlüyü | |
Mükafatları |
![]() |
Məhəmməd Babanlı 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur[1].
1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkesiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin Itisaslaşdırılmış Şurasında müdafiə etmişdir.
Əmək fəaliyyəti bütünlüklə BDU ilə bağlıdır. O, burada 1977-1993-cü illərdə fiziki və kolloid kimya kafedrasında, sonrakı illərdə isə ümumi və qeyri-üzvi kimya kafedrasında çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir 1992-1994-cü illərdə BDU-nun axşam və qiyabi təhsil üzrə prorektoru, 1994-2002-ci illərdə isə Baş elmi Katibi vəzifəsində çalışmışdır. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının üzvü və sədr müavini, 1997-2000- ci illərdə isə həmin Şuranın sədri olmuşdur 1986-1991-ci illərdə kimya fakültəsinin elmi işlər üzrə dekan müavini işləmiş, 1989-cu ildə professor vəzifəsinə seçilmişdir 1977-ci ildən kiçik elmi işçi, 1979-cu ildən böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildə müəllim, 1986-cı ildə isə dosent vəzifəsinə seçilmişdir "Ümumi kimya", "bərk cisimlər kimyası", "fiziki-kimyəvi analiz", "qeyri-üzvi material şünaslıq", "faza tarazlıqlarının termodinamikası", "nanostruktur elektron materialları", "nanohissəciklərinin fiziki kimyası" və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır. 2014-cü ildən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. Həmin ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. 700 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 11 dərslik və dərs vəsaitinin, 5 patentin müəllifidir. 30 elmlər namizədi yetişdirmiş, 1 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli kondensə olunmuş sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqinin yeni rasional variantının metodoloji əsaslarını yaratmış, 30 ildən artıq bir dövr ərzində bu kompleks yaxınlaşmanı təkmilləşdirməyə və geniş şəkildə reallaşdırmağa müvəffəq olmuş, tallium, mis və gümüş əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yarımkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafik parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.
Qabaqcıl funksional materiallar UNEC Elmi-Tədqiqat Mərkəzinin rəhbəridir.[2]
Çoxfazalı çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fiziki-kimyəvi analizi və termodinamikası, kimyəvi materialşünaslıq, qeyri-üzvi funksional materiallar.
100-dən artıq beynəlxalq və 50-yə yaxın respublika elmi konfranslarında məruzələrlə çıxış etmişdir. 1995-ci ildən başlayaraq hər il ÜQÜK kafedrasında "Fiziki-kimyəvi analiz və Qeyri-üzvi materialşünaslıq" Respublika elmi konfransı keçirilir, onun redaktorluğu ilə konfransın materialları çap edilir.
2 qızı, 1 oğlu, 8 nəvəsi var. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru olmuş professor Mustafa Babanlının böyük qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.