Marjinal gəlir və ya marjinal fayda (ing. Marginal revenue) — əlavə bir vahid məhsulun satışından əldə olunan gəliri ifadə edir. Başqa sözlə, marjinal gəlir, məhsulun hər yeni vahidini satarkən gəlirdəki artışı göstərir[1]. Bu göstərici, qiymət və satış həcmindəki dəyişikliklərin gəlirə necə təsir etdiyini anlamağa kömək edir[2] və xüsusilə müəssisənin qiymət müəyyənləşdirmə strategiyalarında vacib bir rol oynayır[3][4][5][6].
Mükəmməl rəqabətli bazarda əmtəənin əlavə vahidinin satışından əldə edilən gəlirin artması firmanın əmtəənin alıcısından tələb edə biləcəyi qiymətə bərabərdir. [7] Bunun səbəbi, rəqabətli bazarda firmanın satdığı vahidlərin sayından asılı olmayaraq, satılan hər bir vahid üçün həmişə eyni qiyməti alacaq[8], çünki firmanın satışı heç vaxt sənayenin qiymətinə təsir edə bilməz. Beləliklə, mükəmməl rəqabətli bazarda firmalar öz marjinal gəlirlərinə bərabər qiymət səviyyəsi təyin edirlər [9].
Marjinal gəliri hesablamaq üçün ümumi gəlirdəki dəyişikliyi əlavə satılan məhsul vahidlərinin sayına bölmək lazımdır[10]:
Misal üçün, əgər bir firma 100 vahid məhsul satarkən ümumi gəliri 1000 manatdırsa və əlavə bir vahid məhsul (101-ci vahid) satıldıqda ümumi gəlir 1015 manata yüksəlirsə, 101-ci vahid üçün marjinal gəlir 15 manat olar[11] .
Marjinal gəlir, şirkətlərin mənfəət strategiyalarını qurmaq və bazardakı rəqabət üstünlüyünü qorumaq üçün mühüm bir göstəricidir[16]. Marjinal gəlir ilə marjinal xərci nəzərə alaraq istehsal həcmində dəyişiklik etmək şirkətlərə daha çox gəlir əldə etmək və resurslarını səmərəli şəkildə istifadə etmək imkanı verir[17].