Mirheydər Mirzəyev — Tarixçi, BDU-nun müəllimi, tarix elmləri namizədi, dosent, Qədim dünya tarixinin tədqiqatçısı.[1]
Mirheydər Nəzər oğlu Mirzəyev 1948-ci il, iyul ayının 5-də Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Atası Mirzəyev Nəzər Miri oğlu 1941-1945-ci illərdə həkim-feldşer kimi Vətən müharibəsi iştirakçısı olmuşdur. 1949-cu ildə vəfat edib. Anası Şahbazova Qızxanım Kəlbəlayiabış qızı kolxozçu olmuşdur. M.N.Mirzəyev 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1971-ci ildə təhsilini başa vurduqdan sonra, qısa bir müddət Cəlilabad rayonu, Novoqolovka kənd məktəbində tarix-coğrafiya müəllimi işləmiş, daha sonra 1972-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olaraq ali təhsilini davam etdirmişdir. Aspiranturada təhsil aldığı müddətdə qədim Akkad dilini öyrənmək məqsədilə, Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə ezam olunmuşdur. 1973-1975-ci illərdə həmin fakültədə həm şumer, həm də akkad dillərində oxumağı bacaran, mixi yazını tədris edən professor Rostislav Antonoviç Qribovun rəhbərliyi ilə Akkad dili üzrə filoloji hazırlıq kursunu bitirmişdir. Aspirantura təhsilini başa vurduqdan sonra Mirheydər Mirzəyev Azərbaycan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasında, 1979-cu ildən isə “Qədim dünya və orta əsrlər tarixi” kafedrasında müəllim, baş müəllim, dosent işləmişdir. O, görkəmli elm xadimi, professor Y.Yusifovun rəhbərliyi ilə “Babilistan Kassi sülaləsinin hakimiyyəti dövründə (e.ə. XVI-XII əsrlər)” mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqat işi aparmış və 1995-ci ildə müdafiə etmişdir. Bakı Dövlət Universitetində müəllimi kimi fəaliyyət göstərməklə yanaşı, 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri vəzifəsini icra etmişdir.[2] Keçmiş SSRİ məkanında Akkad dili və Mixi yazılar üzrə az sayda olan mütəxəssislərdən biri olmuşdur. Onun tədqiqatları və əsərləri Qədim dünya tarixinin istər dünya, istərsə də Azərbaycan alimləri tərəfindən Mesopotamiya, Babilistan və İran tarixinin kifayət qədər öyrənilməmiş dövrlərini əhatə etməklə, bir çox müasir tədqiqatçılar üçün mənbə rolunu oynayır. Görkəmli tarixçi 2007-ci ilin noyabrında qəflətən ürək tutmasından vəfat etmişdir.[1]