. Love.az

Mirze Nesrullah Bey Dide - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Nesrullah Bey Dide
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Scherbatsky12 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Mirzə Nəsrullah bəy Didə (1797, Şamaxı – 1870, Şamaxı) — şair, pedaqoq[1]

Mirzə Nəsrullah bəy Didə
Mirzə Nəsrullah bəy Qurbanbəyov
Təxəllüsü Дидя
Doğum tarixi 1797
Doğum yeri Şamaxı, Gürcüstan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1870
Vəfat yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Fəaliyyəti şair
Üzvlüyü
  • Beytüs-səfa
Vikimənbənin loqosu Mirzə Nəsrullah bəy Didə Vikimənbədə

Mirzə Nəsrullah Qurbanbəyov Didə XIX əsr Azərbaycan ədəbi və maarifçi mühitində fəaliyyət göstərmiş şair, müəllim və nəsr yazarıdır. O, Şamaxıda formalaşmış “Beytüs-Səfa” ədəbi məclisinin üzvlərindən biri olmuş, klassik şeir janrlarında – xüsusilə qəsidə və qəzəllərdə – yazdığı nümunələrlə ədəbi çevrədə tanınmışdır. Ədəbi irsi içərisində mənzum hekayələr və ictimai məzmunlu nəsr əsərləri də yer almaqdadır. Onun “Kitabün-Nəsayeh” adlı əxlaqi-didaktik nəsr əsəri dövrün maarifçilik baxışlarını əks etdirən mətnlərdən biri kimi diqqətəlayiqdir. Didə haqqında məlumatlar əsasən Seyid Əzim Şirvani və XX əsr tədqiqatçısı Salman Mümtazın qeydləri vasitəsilə dövrümüzə çatmışdır.

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
    • 2.1 Kitabün-Nəsayeh
  • 3 Həmçinin bax

Həyatı

redaktə

Mirzə Nəsrullah Qurbanbəyov Didə 1797-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun atası Qurban bəy dövrün nüfuzlu şəxsiyyətlərindən biri kimi, Şirvan hakimi Mustafa xanın sarayında münşi (katib) vəzifəsində çalışmışdır. Lakin o, təsadüfi bir hadisə nəticəsində faciəvi şəkildə həyatını itirmişdir. Nəsrullah və Əsədullah qardaşların təlim və tərbiyəsini şəxsi himayəsinə götürən Mustafa xan, bir müddət sonra onların təhsilini davam etdirmələri üçün bütün məsrəfləri öz üzərinə götürərək Təbrizə göndərmişdir. Təbrizdə aldıqları elmi biliklərlə və dünyagörüşü ilə vətənə qayıdan Mirzə Nəsrullah Şamaxı şəhərində mirzəlik və müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.

Ərəb və fars dillərinə dərindən bələd olan Mirzə Nəsrullah sonralar öz təşəbbüsü ilə rus və erməni dillərini də öyrənmiş, xüsusilə rus dilində mükəmməl səviyyədə danışmaq və yazmaq bacarığına yiyələnmişdir. Bu bilikləri sayəsində bir müddət Şamaxı quberniyasının idarə aparatında katib vəzifəsində çalışmışdır.

1859-cu ildə Şamaxı şəhərində baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın inzibati mərkəzi Bakıya köçürüldükdə, Mirzə Nəsrullah burada qalmağı seçmiş və Şamaxının Şeyx Minazlı məhəlləsində öz təşəbbüsü ilə məktəb açmışdır. O, ömrünün sonuna qədər bu məktəbdə pedaqoji fəaliyyət göstərmiş, xalqın maariflənməsi işində yaxından iştirak etmişdir.

Mirzə Nəsrullah Qurbanbəyov yalnız pedaqoji fəaliyyəti ilə deyil, həm də ədəbi mühitdəki fəallığı ilə seçilmişdir. O, dövrünün tanınmış ziyalıları ilə yaxın ünsiyyətdə olmuş, Şamaxının ictimai-mədəni həyatında fəal iştirak etmişdir. O cümlədən, Seyid Əzim Şirvani tərəfindən Məhəmməd Səfanın evində təsis olunmuş “Beytüs-səfa” ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Bu məclis XIX əsrin ikinci yarısında Şamaxı ədəbi mühitində klassik irsin yaşadılması və yeni fikir axtarışlarının təşviqi baxımından mühüm rol oynamışdır.

Mirzə Nəsrullah Qurbanbəyov Didə 1875-ci ildə Şamaxı şəhərində vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Mirzə Nəsrullah haqqında ilk yazılı mənbə Seyid Əzim Şirvaninin təzkirə və mənzum məktublarında yer almışdır. Şair Didəni yüksək elmi və ədəbi potensiala malik ziyalı kimi təqdim edərək, onu “ərəb, fars, rus dillərini gözəl bilən”, “hər bir lisan ilə danışmağa qadir, arifül-həqayiq və kaşifud-dəqayiq, şeyxuş-şüəra və qütbül-ürəfa Mövlana Mirzə Nəsrullah” kimi qiymətləndirir. Seyid Əzim onun müəllifi olduğu bir sıra əsərlərin də adını çəkir: “Kitabün-nəsihətül-ətfal” (məktəb uşaqları üçün mənzum nəsihətnamə), “Məqtəl” (Kərbəla müsibətinə dair mənzum əsər), və qəzəl-qəsidələrdən ibarət “Divan”.

Seyid Əzimin mənzum məktublarında Didənin “Beytüs-Səfa” ədəbi məclisinin üzvləri sırasında çəkilməsi, onun Şamaxının ədəbi-elmi həyatında fəal iştirakını sübut edir. Hətta bu məclisdə şəxsən iştirak edə bilmədiyi hallarda belə, Didənin şeirləri məclisdə səsləndirilmiş və müsbət qarşılanmışdır. Seyid Əzim onun “divani-qəsaid və qəzəliyyat”ının “ariflər məclisini nurlandırdığını” vurğulayaraq nümunə kimi bir qəsidə və iki qəzəlini də təzkirəsinə daxil etmişdir.

XX əsrin əvvəllərində Mirzə Nəsrullah Didənin irsi Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Salman Mümtaz tərəfindən yenidən tədqiqata cəlb olunmuşdur. S.Mümtaz 1928-ci ildə “Mirzə Nəsrullah bəy Didə” adlı kitabça nəşr etdirmiş, burada şairin bioqrafiyası ilə yanaşı, bir neçə qəsidə və bir mənzum hekayəsini də nəşr etdirmişdir. Kitabçanın əvvəlində “Azərnəşr” tərəfindən yazılmış “Bir neçə söz” adlı müqəddimədə Didənin əsərlərində beynəlmiləl düşüncənin ifadə olunduğu qeyd edilir.

Salman Mümtaz Didənin “ömründə heç bir qəzəl və həcv söyləmədiyini” iddia etsə də, bu fikir Seyid Əzim tərəfindən təqdim olunan məlumatlarla üst-üstə düşmür. Görünür, Mümtaz Seyid Əzimin təzkirəsindən xəbərsiz olmuşdur. Bu səbəbdən, onun təqdim etdiyi materiallarda Didənin əslində malik olduğu geniş poetik irsin yalnız bir hissəsi əks olunmuşdur. Xüsusilə qəzəl yazmaması ilə bağlı irəli sürülən mülahizə Seyid Əzimin “Divan”a daxil olan şeirlər barədə verdiyi məlumatlarla təkzib olunur.

Kitabün-Nəsayeh

redaktə

XIX əsr Azərbaycan ədəbi-mədəni mühitində Mirzə Nəsrullah bəy Didə yalnız klassik şeir janrlarında deyil, həm də didaktik nəsr sahəsində əsərlər qələmə almış şəxslərdən biridir. Onun ictimai-pedaqoji məzmun daşıyan əsərləri günümüzədək gəlib çatmış və Azərbaycan maarifçilik ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Bu baxımdan müəllifin nəsr nümunəsi olan “Kitabün-Nəsayeh” ("Nəsihətlər kitabı") əsəri xüsusi əhəmiyyət daşıyır.

“Kitabün-Nəsayeh” əsəri klassik ədəbiyyatın didaktik ənənələri çərçivəsində yazılmış, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə xidmət edən nəsr nümunəsidir. Əsər ənənəvi struktur quruluşuna malikdir:

  • Dibaçə
  • İki fəsil (I fəsil – müsbət keyfiyyətlər; II fəsil – mənfi keyfiyyətlər)
  • “Xatimə” (sonluq) bölməsi

Əsərin dili “türki ibaratı ilə təlif və təsnif” edilmişdir ki, bu da müəllifin əsəri geniş oxucu kütləsinə, xüsusilə də türk dilində danışan yerli əhaliyə və məktəb şagirdlərinə ünvanladığını göstərir.

Əsərin qafiyəli nəsrlə yazılmış dibaçəsi dini-mistik səciyyə daşıyır. Burada Allah-Təalanın sifətləri və ilahi qüdrəti tərif olunur. Məsələn:

“Cəvahiri-zəvahiri-həmdü səna bir münimi-həqiqi dərgahinə nəsr olsun ki, Zati-əqdəsi Qadiru Alimu Yektadır.”

Bu dini məzmuna 22 beytlik məsnəvi quruluşlu tərifnamə əlavə edilir. Ardınca müəllif dövrün rus imperatoru II Aleksandra həsr olunmuş “Mədhi-əlahəzrəti-şahənşah” adlı 22 beytlik qəsidə təqdim edir.

Əsərin əsas hissəsi olan iki fəsil insan xarakterinin təhlilinə həsr olunmuşdur:

  • I fəsil: İnsan təbiətinə xas olan müsbət keyfiyyətlər (12 bab)
  • II fəsil: İnsana xas mənfi xüsusiyyətlər (12 bab)

Hər bir babda konkret əxlaqi mövzuya dair didaktik hekayə verilmiş, sonda isə qitə formasında nəticə çıxarılmışdır.

Əsərin ən həcimli və məzmun baxımından zəngin hissəsi olan “Xatimə” bölməsində müəllif ümumiləşdirici əxlaqi mülahizələr və nəsihətlər verir. Burada:

  • Alim bir şəxsin şahzadəyə ünvanladığı nəsihətlər bütün gənclərə şamil olunur.
  • Lətifə xarakterli kiçik hekayələr vasitəsilə əxlaq dərsləri verilir.

“Kitabün-Nəsayeh” əsəri 1857-ci ilin fevral ayında müəllifin özü tərəfindən gözəl nəstəliq xətti ilə yazılmış və 150 səhifədən ibarət olmuşdur. Əsərin avtoqrafı AMEA-nın Əlyazmalar İnstitutunda mühafizə olunur. Müəllif əsərin məktəb uşaqları üçün ana dilində oxu kitabı kimi çapını arzulamış, bu məqsədlə xalqın danışıq dilini – türk dilini əsas götürmüşdür. Əsər haqqında ilk elmi məlumat A. Abdullayev tərəfindən verilmişdir.

  •  Vikimənbədə əlaqəli mətnlər

Həmçinin bax

redaktə
  • Azərbaycan ədəbiyyatı
  1. ↑ Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Nəsrullah_bəy_Didə&oldid=8168224"
LOVE.AZ