Əfəndizadə Muxtar İsmayıl oğlu (1 yanvar 1880, Şəmsabad, Ərəş qəzası – 1975, Bakı) — şərqşünas, alim. Azərbaycanda, Krımda, Zaqafqaziyada, Türkiyədə və ərəb ölkələrində Muxtar Əfəndi adı ilə tanınıb.
Muxtar İsmayıl oğlu Əfəndizadə | |
---|---|
![]() | |
Doğum tarixi | 1 yanvar 1880(1880-01-01) |
Doğum yeri | |
Vəfat tarixi | 1975 |
Vəfat yeri | |
Fəaliyyəti | şərqşünas, tərcüməçi |
Tanınmış əsəri | Şəraiul-İslam |
Muxtar İsmayıl oğlu Əfəndizadə 1880-ci ilin yanvarında Gəncə quberniyasının Ağdaş rayonuna aid Şəmsabad kəndində mədrəsə müəllimi ailəsində dünyaya göz açıb. Muxtar Əfəndizadənin atası İsmayıl Yusif oğlu Əfəndizadə dövrünün tanınmış ziyalılarından biri idi. Əsasən əkinçiliklə məşğul olmasına baxmayaraq, mədrəsə fəaliyyətinə böyük önəm verərək həm öz kəndində, həm də ətraf kəndlərdə uşaqların savadlanması üçün əmək sərf etmişdi. Bununla yanaşı, "Zeynəddin" adlı ədəbi məclisin rəhbəri idi.[1][2]Məclisin əsas iştirakçıları Ağdaşda təhsil alan tələbələr idi.[3]
Altı yaşında atasını itirən Muxtar, bundan sonra anası Zeynəb Kərim Əfəndinin himayəsində böyüyür.[4][5]
Yeddi yaşında ikən atasının tələbələrindən biri olan Hacı Əziz Əfəndi, onu Göyçayın Qarabağlar kəndinə apararaq orada təhsil vermişdir. Daha sonra 9 il ərzində Hacı Məhəmməd Əfəndinin Ərəbocağ kəndindəki mədrəsəsində oxumuş və əsas təhsilini burada almışdır. Ardınca Şəmsabadlı Şükür Əfəndi və Qolqətili Hacı Səlim Əfəndidən nəhv, məntiq, münazirə və əqaid elmlərini, Üçqovağlı Hacı Abdullah Əfəndidən isə ədəbiyyat sahəsində biliklər əldə etmişdir. Fəlsəfə elmini öyrənmək üçün isə Qubaya, Qazı Məhəmməd Əfəndinin yanına yollanmışdır.[1][6]
Bəzi mənbələrdə onun hələ 8 yaşında olarkən hafiz adını alması barədə məlumatlara rast gəlinir.[7][5][8]
Qubada olarkən 1904–1905-ci ilərdə Üsuli-cədid məktəbi açmağa nail olur. Bir il sonra, 1906-cı ilin axırlarında maarifçilik fəaliyyətini davam etdirmək üçün öz vətəni Ağdaşa qayıdır. Bu dövrdə "Yaşlılar üçün kurs" (1906), "Nəşri-maarif" (1906), "Darülirfan məktəbi" (1906), qiraətxana (1906), teatr (1908), "Səadət" qız məktəbi (1909) onun səyləri nəticəsində yaranır.[8][9]
XX əsrin əvvəllərində Azərbaycanın ziyalı təbəqəsi maarifçilik ideyalarının genişlənməsi üçün fəal şəkildə çalışdığı bir dövrdə, tanınmış bəstəkar Zülfüqar Hacıbəyov dövlət təyinatı ilə Ağdaş rayonuna tərcüməçi vəzifəsində işləmək üçün göndərilmişdir. Bu zaman o, bölgədə maarifçilik fəaliyyəti ilə məşğul olan və tanınmış ictimai xadimlərdən biri olan Muxtar Əfəndizadə ilə tanış olur. Onların birgə səyləri nəticəsində 1908-ci il 10 aprel tarixində Ağdaşda ilk dəfə teatr tamaşası təşkil edilir.[8][5]
Səhnələşdirilən əsər Rəşid bəy Əfəndiyevin "Qan ocağı" adlı pyesi idi. Əlamətdar hadisə kimi səhnəyə ilk dəfə qadınların çıxması qeyd olunmalıdır. Belə ki, aktrisa Almaxanım və sonralar Fatma Hacıyeva adı ilə tanınan, görkəmli yazıçı Maqsud Şeyxzadənin anası Fatma Şeyxzadə bu tamaşada iştirak etmiş və bu təşəbbüsün gerçəkləşməsində rol oyanyıblar. Teatrın yaranması və onun sonrakı inkişafı prosesində Muxtar Əfəndizadənin yaxın dostu, o dövrün görkəmli mədəniyyət xadimlərindən biri olan Cəmil bəy Bağdatbəyovun da əhəmiyyətli töhfələri olmuşdur. Bu hadisə, Azərbaycanın mədəni və maarifçilik tarixində əlamətdar bir mərhələ hesab olunur.[8][5]
Muxtar Əfəndinin maarifçilik fəaliyyətini təsvir edərkən 1906-cı ildə onun təşəbbüsü ilə yaradılmış qiraətxananın əhəmiyyətini qeyd etməmək mümkün deyil. O bu təşəbbüsü belə xatırlayır:[4]
Qiraətxana açmaq haqqında fikrimi Azərbaycan cəmiyyət iclaslarının birində üzvlərə eşitdirdim. Çox razılıqla mənim fikrimi bəyəndilər və açılmasına qərar verildi.
Qısa müddət ərzində qiraətxana müxtəlif dillərdə nəşrlərlə zənginləşmişdir. Ərəbcə kitablar və qəzetlər Misirdən, farsca nəşrlər Hindistan və İrandan, türkcə materiallar İstanbul, Krım və Bolqarıstandan, tatarca əsərlər Orenburq, Kazan və Astarxandan, rusca nəşrlər isə Rusiyanın müxtəlif yerlərindən gətirilirdi. Bu geniş coğrafi miqyas, qiraətxananı bölgədə nadir maarifçilik mərkəzinə çevirmişdir. Sonralar "Bakı" qəzeti bu qiraətxananın zənginliyini xüsusi vurğulayaraq yazırdı:[9]
1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanası Bakıdan sonra ikinci yeri tutur
Bu qiraətxana yalnız maarifçilik ideyalarının yayılması üçün deyil, həm də müxtəlif mədəniyyətlərin görüş yeri kimi əhəmiyyətli rol oynamışdır.
Muxtar Əfəndinin Azərbaycan maarifçilik tarixində ən diqqətəlayiq cəhəti o dövrün rus-tatar məktəblərindən fərqli olaraq türkdilli məktəblər açılmasına təşəbbüs etməsi və buna nail olmasıdır. O, maarifçilik fəaliyyətini genişləndirərək 1906–1907-ci illərdə "Darülirfan" adlı oğlan məktəblərini təsis edir. Bu beşillik təhsil müəssisələri dövrün qabaqcıl məktəbləri sırasında yer alır və əsasən dünyəvi elmlərin tədrisinə üstünlük verirdi. Məktəblərin tədris dili yalnız Azərbaycan dili idi ki, bu da milli maarifçiliyin inkişafında mühüm addımlardan biri idi. "Darülirfan" məktəblərində dərs demək üçün dövrün tanınmış maarifçiləri toplanmışdı. Bu sırada Muxtar Əfəndi ilə yanaşı, görkəmli pedaqoqlar Şərif Əfəndiyev, Qori Müəllimlər Seminariyasının məzunu Səməd Muradov, Məhəmməd bəy Əfəndiyev, Əhməd Əfəndi və başqaları da tədris fəaliyyətində iştirak edirdilər.[7] Repressiyanın ilk illərində Azərbaycandan uzaqlaşaraq Özbəkistanda yaşayıb yaratmaq məcburiyyətində qalmış yazıçı Məqsud Şeyxzadə, alim İsmayıl Əfəndiyev, uzun illər müəllimləri təkmilləşdirmə institutunun direktoru olmuş Saleh Məmmədzadə, APİ-nin professoru Nurəddin Hacıyev və bir çox alimlər ilk təhsillərini bu məktəblərdə məhz Muxtar Əfəndidən almışlar.[5]
Əsrin əvvəllərində açılan məktəblərin sayı artsa da, onların əksəriyyəti qısa müddətdə bağlanmağa məcbur olurdu. Muxtar Əfəndinin maarif ocaqları sovet quruluşuna qədər davam etdi. Onun açdığı məktəblər xalqın vəsaiti hesabına fəaliyyət göstərirdi.[1]
1908–1909-cu illərdə Muxtar Əfəndi səfalətdən əziyyət çəkən uşaqlar üçün bir neçə bölgədə "Kimsəsiz uşaqlar evi" yaratmağa nail olur. O, bu təşəbbüsə Hacı Gözəlov kimi bir neçə imkanlı şəxsi də cəlb edir və onların dəstəyi ilə bu işi daha geniş miqyasda həyata keçirir. Bu xeyriyyə fəaliyyəti haqqında məlumat məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə çatdıqda, o, Muxtar Əfəndinin təşəbbüsünü yüksək qiymətləndirərək bu məktəblərə yüz qızıl göndərərək, layihəyə maliyyə dəstəyi göstərir.[5][4]
Muxtar Əfəndi 1909-cu ildə şəxsi təşəbbüsü ilə "Səadət" qız məktəbini təsis edir. Bu məktəbin açılması Ağdaşın ictimai və mədəni həyatında mühüm hadisə kimi qarşılanır və bölgənin maarifçilik tarixində əhəmiyyətli iz buraxır. Məktəbin rəhbərliyinə "Bakı Qızlar Məktəbi"ni bitirmiş Hədiyyə Məmmədova təyin edilir. "Səadət" qız məktəbi 1920-ci ilə qədər fəaliyyət göstərmiş və burada qiraət, hesab, zehni hesab və digər dünyəvi fənlər tədris olunmuşdur.[5][8]
1918-ci ildə erməni daşnaklarının Göyçay və Ağdaş bölgələrinə hücumları zamanı Muxtar Əfəndizadə 200 nəfərlik dəstə təşkil edib onların qarşısını alaraq geri oturtmuşdur. O, Azərbaycanın müstəqilliyinin ilk illərində vətənpərvər bir şəxs kimi tanınmış, Ərəş qəzasından Azərbaycan Cümhuriyyəti Parlamentinə seçilmiş[10] və "Əhrar" fraksiyasının üzvü olaraq siyasi fəaliyyətini davam etdirmişdir.[11]Muxtar Əfəndizadə Parlamentin iclaslarında yaxından iştirak etmişdir. Onun iştirak etdiyi iclaslardakı çıxışlarından bəziləri bunlardır:
1920-ci ilin aprelində Nəsib bəy Yusifbəyov kabineti istefa verdikdən sonra, Muxtar Əfəndizadə siyasətdən uzaqlaşır və maarifçilik fəaliyyətini davam etdirir. Lakin 3 ay 19 günlük parlament fəaliyyəti səbəbindən 30-cu il repressiyaları zamanı sürgün edilir. Bir neçə il sürgündə qaldıqdan sonra 1930-cu ildə maarif nazirinin təklifi ilə Gürcüstana göndərilir. Muxtar Əfəndizadə 1932-ci ilə qədər Tiflis ali təhsil müəssisələrində dil və ədəbiyyat dərsləri deməklə yanaşı, Tiflisdə nəşr olunan "Yeni kənd" qəzetinin redaktoru və "Dan ulduzu" məcmuəsinin korrektoru kimi fəaliyyət göstərmişdir.[4] Lakin səhhəti ilə bağlı olaraq, həkimlərin tövsiyəsi ilə Bakıya qayıtmaq məcburiyyətində qalır. Bakıda isə Maarif Nazirinin əmri ilə baş mətbuat müdirliyində və Tarix İnstitutunda tərcüməçi kimi çalışır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) dəvət olunan Muxtar Əfəndizadə uzun illər Şərq Dilləri fakültəsində pedaqoji fəaliyyət göstərir.[9]
1939–1944-cü illərdə Muxtar Əfəndizadə ərəb və fars dillərindən İsgəndər Münşinin "Tarixi-aləm-arayi Abbasi", İbn Əl-Əsirin "Əl-Kamil Fit-Tarix" kimi əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1958-ci ildə isə o, Sədinin məşhur "Gülüstan" əsərinin Azərbaycan dilinə sətri tərcüməsinə başlamışdır.[4]
1947-ci ildə professor İbadulla Qarayevin tapşırığı ilə Muxtar Əfəndizadə ali məktəblər üçün "Miftahül-lisan ül-ərəb" ("Ərəb dilinin açarı") adlı dərsliyi yazmışdır. Bu dərslik keçmiş SSRİ-də nadir hadisə hesab olunmuş və dünya şöhrətli ərəb dili mütəxəssisi akademik Kraçkovski tərəfindən yüksək qiymətləndirilmişdir. Kraçkovski Muxtar Əfəndizadəni ərəb və fars dillərinin mükəmməl bilicisi adlandırmışdır.[9]
Muxtar Əfəndizadə həmin illərdə həmçinin ali və orta məktəblər üçün bir neçə əlavə "Ərəb dili" dərsliklərinin müəllifi olmuşdur.
Məktəblərdə şəriət dərsinin tədrisi üçün hazırlanmış "Şəraiul-İslam" adlı əsərini 1911-ci ildə "Məktəb" jurnalının "Elektrik" mətbəəsində nəşr etdirmişdir. Kitabın adı ərəbcə İslamın qaydaları deməkdir. Kitab Azərbaycan türkcəsində hazırlanmışdır. Əsər iman əsasları, namazın fərzləri, təyəmmümün fərzləri, vaxt, namazın rükunləri, İslamın şərtləri, salavati-şərifə və qunut duasından ibarətdir.[21] Mövzular bəsmələ ilə başlanır. Daha sonra imanın əsasları bölməsində "Aməntu" adı ilə məşhur olan imanın altı şərti müfəssəl şəkildə verilir. Namazın fərzləri bölməsində namazın on iki ədəd fərzi olduğunu qeyd etdikdən sonra, digər elmihal məlumatlarından fərqli olaraq onların namazdan əvvəl sayı ədədinin altı yox, yeddi olduğunu demişdir. Adətən, namazın içindəki şərtlərdən (rükun) olduğu qəbul edilən "iftitah təkbiri"ni Muxtar Əfəndi namaz xaricində bir "şərt" saymışdır. Ardından isə qüsl mövzusunu üç fərzi və altı ədəd sünnəsini sadalamaqla kifayətlənmişdir. Təyəmmüm mövzusunda fərzlər xüsusi başlıq altında təqdim edilmişdir. Muxtar Əfəndi digər elmihallardan fərqli olaraq, onun fərzlərini əllərin torpağa sürtülməsi qismində iki sayaraq niyyətlə birlikdə üç fərzi olduğunu qeyd etmişdir. İslamın şərtlərinə gəlincə o, beş ədəd şərti sırası ilə saydıqdan sonra namaz xaricindəki şərtləri daha təfərrüatlı vermişdir.[22] Zəkatın fərzləri və verildiyi yerlər, onların izahı, orucun fərzləri, başlanğıc və son vaxt müddəti ilə Həccin fərzlərini sadalamışdır. Kitabın mündəricatını sistemli adlandırmaq çətindir. O dövrün elmihalları ilə müqayisədə, bu əsərin məhdud çərçivədə hazırlanması onun tədris edildiyi mühit və şərtlərin geniş olmadığını göstərir. Dil baxımından kitab sadə üslubda yazılmış, suallar aydın, cavablar isə asan və anlaşılan şəkildə təqdim edilmişdir. Bu yanaşma xalqın başa düşəcəyi səviyyədə izahat vermək məqsədinə xidmət edir. Muxtar Əfəndinin əsərlərinin diqqətçəkən xüsusiyyətlərindən biri də məhz xalq dilinə yaxın olmasıdır.[22]