![]() |
Bu məqalə Naxçıvan şəhəri haqqındadır. Muxtar respublika üçün Naxçıvan Muxtar Respublikası səhifəsinə baxın. |
Naxçıvan — Azərbaycan Respublikasında respublika tabeli şəhər, Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir.[4] Müxtəlif dövrlərdə Əhəmənilər imperiyasının, Atropatenanın və Albaniyanın, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur.[4] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Başbaşı, Daşduz və Qarğalıq qəsəbələri şəhərin ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.[5]
Respublika tabeli şəhər | |
Naxçıvan | |
---|---|
![]() | |
39°12′32″ şm. e. 45°24′44″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Naxçıvan iqtisadi rayonu |
İcra başçısı | Cabbar Musayev |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | E.ə. 1500 |
İlk məlumat | II əsr |
Əvvəlki adları | Apobaterion, Naksuana, Akçiban |
Yaşayış məntəqəsi statuslu | 1924 |
Sahəsi | 191.7[1] |
Mərkəzin hündürlüyü | 873 m |
İqlimi | subtropik |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 95,6 min nəfər (2021) |
Milli tərkibi | azərbaycanlılar |
Etnoxronim | naxçıvanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | +994 36; +994 60[2] |
Poçt indeksi | AZ 7000 |
Nəqliyyat kodu | 75 [3] |
Digər | |
nakhchivan.az (az.) | |
![]() | |
![]() |
Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Naxçıvan şəhəri ərazisində ilk məskunlaşma e.ə. VI minillikdə başlayıb.[6] Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir.[7] Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. III minillikdə qoyulması fikri qəbul edilməkdədir.[8]
Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.
Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον[9]) toponimini qeyd edir ki, bu toponim də "Naxçıvan" kimi səslənir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.[9]
Yəhudi tarixçisi İosif Flavi yazır ki, Naxçıvan toponiminin meydana gəlməsi Nuhun əfsanəsi ilə əlaqədardır. Nuh peyğəmbər Allahın əmri ilə düzəltdiyi gəmidə öz ailəsi, götürdüyü canlılarla birlikdə xilas olmuş və indiki Naxçıvan ərazisində məskən salmışdır. Naxçıvan adının türk mənşəli "Naxçı" tayfları ilə bağlı olduğu qeyd edilmişdir.
Ptolomeyin "Coğrafiya" əsərində Naxçıvan şəhərinin adı ilk dəfə "Naksuana" (yun. Ναξουὰνα, ing. Naxuana)[10] şəklində qeyd olunmuş və şəhərin coğrafi mövqeyi göstərilmişdir.[11][12]
C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət "Akçiban" (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.[6]
1590-cı il tarixinə görə 12 məhəllədən ibarət idi:
Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna[14], İşquz[15] və Midiya[16] dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663-cü ildə Naxçıvanda skiflər məskunlaşmışdı.[17] E.ə. VI əsrin ortalarından (e.ə. 550-ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.[18]
Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya — Atropatena dövlətinin tərkibində olmuşdur.[19] Bu dövrdə Naxçıvan Yaxın Şərqin bir sıra şəhərləriylə iqtisadi və mədəni əlaqələri xeyli genişləndirmiş, antik dövlətlər ilə sıx ticarət əlaqələri yaratmışdı. E.ə. I əsrdə Naxçıvan ərazisi Böyük Ermənistan çarları I Artaşes[20] və II Tiqran[21] tərəfindən işğal edilsə də, şəhər qısa müddət sonra azad edilmiş və artıq b. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının[22] tərkibinə daxil olmuşdur.
Naxçıvan ərazisi əvvəlcə Qafqaz Albaniyasının Orxistena – Araksena (Arazın orta və aşağı boyunda yerləşən tarixi vilayət), daha sonra isə Sisakan – Sünik vilayətinin tərkibinə daxil olmuşdur. Sasani hökmdarı II Şapur (309–379) Qafqaz yürüşü zamanı (364–367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı.[23] Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş[24], Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.
Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632–651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.[25]
VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir.[26] Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş "naxç" işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur.[27] 625-ci ildə Bizans imperatoru İraklinin (619–641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.[28]
654-cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644–656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656-cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi.[29] Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.
IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əleyhinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi.[30]
IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30-cu illərinədək onun hakimiyyətində qaldı.[31] Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932–937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.[32] X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.[33]
X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur.[34] Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.
Səlcuq sultanı Alp Arslan (1063–1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi.[35]
Naxçıvan şəhəri XII əsrin 30-cu illərindən 70-ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur.[36] Naxçıvanın tarixi coğrafiyası ilə bağlı aparılmış son tədqiqatlara görə isə Naxçıvan şəhəri 1146-cı ildən sonra Eldənizlər dövlətinin tərkibinə qatılmış və əsas mərkəzə çevrilmişdir.[37] Mirxondun məlumatına görə Şəmsəddin Eldəniz Arranı özünə tabe etdikdən sonra sultan Məsudun Azərbaycandakı canişini Çavlinin ölümü (1146) ilə yaranan qarışıqlıqdan istifadə etmiş və Naxçıvanı öz mülklərinə qatmışdır. Bundan sonra Eldəniz paytaxtı Naxçıvana köçürmüş və Azərbaycanın böyük hissəsinin sahibi olmuşdur.[38]. Mxitar Qoşa istinad edərək akademik Z. Bünyadov da Naxçıvan vilayətinin Eldənizlərin tərkibinə qatılma tarixini 1146-cı il olaraq göstərmişdir[39],[40] 1136-cı ildən 1146-cı ilə qədərki dövrdə isə Eldənizin iqamətgahı Arran vilayətinin mərkəzi sayılan Bərdə şəhərində yerləşmişdir. Çünki, Zahirəddin Nişapuri "Səlcuqnamə"də 1136-cı ildə Sultan Məsudun Arranı Eldənizə iqta verərkən onun Bərdədəki iqamətgahına yola düşməsi haqqında məlumat vermişdir.[41] Mərkəzin Naxçıvana köçürülməsi şəhərin inkişafına xüsusi qayğı göstərilməsinə, onun abadlaşdırılmasına və möhkəmləndirilməsinə rəvac vermişdir.
1221-ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əleyhinə üsyan baş verdi. XIII əsrin 30-cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257-ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.[42]
XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi.[43]
1386-cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır.[44] 1387-ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir.[45] Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387–1401) inadlı müqavimət göstərmişdir.[46]
Naxçıvan şəhəri 1412-ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu[47], 1468-ci ildən isə Ağqoyunlu[48] dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi.[49] 1501-ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.[50]
XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən — ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603-cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu.[51] 1605-ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.[52]
Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.[53]
1828-ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı.[54] Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar hökuməti İrandan və Şərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.[55] Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.[56]
1841-ci ildə Naxçıvan qəza mərkəzinə çevirildi. Çarizmin 1870-ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu.[57]
1917-ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.[58]
1918-ci il 26 – 28 may tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.
1918-ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı, lakin 1919-cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan Naxçıvan və Şərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919-cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu.[59]
1920-ci il aprelin 28 – də Bakıda, iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR – nin yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR hökuməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi, lakin 1921-ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR — ə birləşməyə səs verdi.[60] Naxçıvan yeni yaradılan yeni yaradılan Naxçıvan SSR – nin , Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən Moskva və Qars müqavilələri imzalandıqdan (1921) sonra, 1924-cü il 9 fevralda Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu.[61]
Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.[62]
Naxçıvan diyarı qədim zamanlardan bəri nadir memarlıq nümunələri ilə Yaxın Şərqdə tanınmışdır. Naxçıvan şəhəri antik və orta əsrlərdə istehkamlı müdafiə sisteminə və qiymətli memarlıq abidələrinə malik şəhər olmuşdur. VII minilliyin sonu — VI minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən Naxçıvanın qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları, Naxçıvan ərazisində möhtəşəm qala divarları, düzbucaqlı və yarımdairəvi bürclərlə əhatə olunmuş erkən şəhər yerləri (I Kültəpə və II Kültəpə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s.) meydana gəlmişdir. Bu abidələr Azərbaycanın, eyni zamanda, Naxçıvanın Yaxın Şərqin yüksək inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini aşkara çıxarmışdır. Naxçıvanın ayrı-ayrı tarixi dövrlərə aid yaşayış məskənləri, siklop tikililəri, maddi mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası və s. öz zənginliyi ilə diqqəti cəlb edir.[63]
Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində bulaq var. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi qalalardır. Şəhərin ətrafında kəndlər (savad) və axar suları var. Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olduqdan sonra Naxçıvan Azərbaycanın siyasi, iqtisadi, mədəni və sənətkarlq mərkəzinə çevirildi, möhtəşəm memarlıq abidələri və əzəmətli ansambllarla zənginləşən şəhərin ərazisi Araz çayına kimi genişləndi.[64]
Araz üzərindən salınmış körpü Naxçıvanın beynəlxalq ticarət yolları – Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək yolu ilə bağlayırdı. Memar Əcəmi Naxçıvaninin başçılığı ilə Möminə Xatun türbəsinin yerləşdiyi ərazidə Atabəylər Memarlıq Kompleksi yaradılmışdı. Kompleksə Atabəylər sarayı, Cümə məscidi, mədrəsə, dövlətxana, Mömünə Xatun türbəsi, qoşa minarəli baştağ və sair abidələr daxil idi.[65]
Naxçıvan ərazisinə gəlmiş Övliya Çələbi, Tavariye, Şarden, Dübua de Monpere, Moryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçilərini, coğrafiyaşünaslarını, səyyahları, missionerləri də heyrətləndirmişdir. Məşhur sənətşünas M. V Alpatov yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin klassiklərinin əsərlərində olan bəşəri təravət Naxçıvan abidələrində var. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını "İkinci Altay" adlandırmışdır. Naxçıvan şəhərinin mərkəzi küçələrinin birində, Möminə Xatun türbəsinə yaxın bir ərazidə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin abidəsi ucaldılıb.[66]
Naxçıvan memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablanma və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərin və kitabələrin dəqiq düzülməsi əsasında tikilirdi. Abidələrin modul sistemi, mütənasiblik sxemləri, tağların və günbəzlərin quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi hesablamasız mümkün deyildi. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölkələrində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır. Naxçıvan memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas inşaat materialı qırmızı bişmiş və bənövşəyi rəngli kaşılı kərpiclər olan abidələrlə də məşhurdur (İmamzadə memarlıq kompleksi və s.).[67]
Monqol istilaları nəticəsində əvvəlki əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında Çobani və Cəlairi əmirləri arasındakı dağıdıcı müharibələrdən zərər çəkmiş, Qızıl Orda xanı Toxtamışın və Əmir Teymurun yürüşləri zamanı qətl-qarətlə üzləşmiş, XVI əsrdə dəfələrlə əldən-ələ keçmiş, XVII əsrin I yarısında iki dəfə dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini, Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatındakı aparıcı rolunu və mövqeyini itirmişdir. Hərbi-siyasi hadisələr Culfa, Ordubad, Əylis kimi mədəni mərkəzlərə də xeyli zərər yetirmişdi.[68]
Şəhərdə 3–4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, çoxlu məscid, dini ziyarətgahlar, zəngin tərtibatlı hamamlar və sair ictimai binalar olmuşdur ki, onların da bir qismi dövrümüzə çatmışdır. Naxçıvanın xatirə abidələrindən İmamzadə türbəsi, Yusif Küseyir oğlu türbəsi (1162), buzxana (XIV əsr) dövrümüzədək qalmışdır. Səfəvi–Osmanlı müharibələri dövründə dəfələrlə dağıdılmasına baxmayaraq, Naxçıvan XVIII əsrədək qiymətli memarlıq abidələri ilə zəngin idi. Türk tarixçi – səyyahı Övliya Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 10200 "örtülü böyük ev", 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur.[69]
Son illər Naxçıvan şəhərindəki memarlıq abidələrinin bir qismi – Möminə Xatun türbəsi, İmamzadə türbəsi, Zaviyyə məscidi, Cümə məscidi, İsmayıl xan hamamları (XVIII – XIX əsrlərə aid iki hamam), Naxçıvan xan sarayı və onlarla tarixi binalar bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır. Naxçıvan şəhəri baş plana əsasən genişləndirilmiş, boş sahələrdə yeni yaşayış massivləri salınmış və yenidənqurma işləri aparılmışdır.[70]
Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq "Naxçıvan memarlıq məktəbi" adı ilə tarixə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi memarlar, sənətkarlar vermişdir. Bu dövrdə həndəsə və riyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.[71]
Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda həm də mədəni mərkəzidir. Ümumilikdə şəhərdə 21 muzey və muzeytipli müəssisə, 1 muzey filialı fəaliyyət göstərir.[72]
Şəhərdə yerləşən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Hüseyin Cavidin ev muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, Cəmşid Naxçıvanskinin ev muzeyi, Bəhruz Kəngərlinin ev muzeyi, Heydər Əliyevin ev muzeyi və son dövrlərdə yaradılmış Açıq Səma Altında muzey maraqlı eksponatları ilə diqqət mərkəzindədir.[73]
Naxçıvan şəhərində yerləşən üç tarixi memarlıq abidəsi də muzey kimi fəaliyyət göstərməkdədir. Bunlardan biri, XII əsrdə Əcəmi Naxçıvaninin inşa etdiyi Möminə Xatun türbəsidir. Türbə Azərbaycan Atabəyləri dövlətinin hökmdarı, Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə inşa edilmişdir. Digəri isə eyni memar tərəfindən 1162-ci ildə inşası tamamlanmış Yusif Küseyir oğlu türbəsidir. Üçüncü abidə isə Hüseyn Cavidin məzarı üstündə ucaldılmış Hüseyn Cavid türbəsidir. 2016-cı ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına rəssamlar parkının açılışı olmuşdur.[74][75]
1896, 1904 və 1926-cı illərdə Naxçıvanın Qızılburun adlanan ərazisində daş qutu qəbir abidələrin tədqiqi zamanı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar aşkarlanıb.[76] Naxçıvan mədəniyyəti adı ilə yanaşı, bu mədəniyyəti Boyalı Qablar mədəniyyəti də adlandırmışlar. Bu mədəniyyət eyni zamanda yalnız erməni arxeoloji ədəbiyyatında bir müddət Qızılvəng mədəniyyəti kimi tanınmışdır. Bunun da əsas səbəbi Naxçıvan mədəniyyətinə aid olan ilk əşyaların ilk dəfə Qızılvəng monastırı yaxınlığında aşkarlanması olmuşdur. Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Van, Qars, Ərzurum), Cənubi Azərbaycanda (Göytəpə, Havtavan təpə, Dinta təpə, Trialeti kurqanlarından), Ermənistanda (Təzəkənd), Gürcüstanda aşkar edilmişdir.[77]
Tunc və İlk Dəmir dövrlərinə (e.ə. III minillik-I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət hesab olunur. Boyalı Qablar mədəniyyəti üçün erkən şəhər mədəniyyəti (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq və s), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Çalxanqala), qala tipli yaşayış yerləri, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.[78]
Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir.[79] Qabların yarandığı dövr bu mədəniyyətin ikinci mərhələsinə aiddir. Əgər e.ə. XX–XVII əsrləri əhatə edən I mərhələ üçün qırmızı rəngli monoxrom naxışlı (qara rəngli) qablar səciyyəvidirsə, e.ə. XVII–XV əsrləri əhatə edən II mərhələ üçün mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri (II Kültəpə, Şahtaxtı, Qızılvəng) ilə zövqlə naxışlanmış boz və sarı rəngli, polixrom qablar xarakterikdir.[80] Birinci mərhələdə qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapma naxışlı sadə saxsı nümunələr təsadüf edilir. Bu mərhələdə boyalı qablar dalğalı, sınıq və düz xətlər, bucaq, üçbucaq, trapesiya, romb və dairələrlə bəzədilmişdir. Bəzi qabların (Nəhəcir və Yaycı yaşayış yerləri) üzərində insan, keçi, maral və quş təsvirləri var.[81] İkinci mərhələni əks etdirən qabların üzəri isə əsasən açıq çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilmişdir.[82]
Naxçıvan mətbəxi, bir çox özünəməxsus xüsusiyyətlərə malikdir. Naxçıvan mətbəxində küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir.[83] Naxçıvanda çörəyin çeşidli növləri var: qalın və incə təndir lavaşı, dəstana, kömbə, fətir və s.[84] Plovun əti isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından (ərik, gavalı, alça və s.), göyərtilərdən və s. istifadə etməklə hazırlanır. Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və s.[85] Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı, qurutaşı və s. Naxçıvan mətbəxində xüsusi yeri var. Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, toyuq kababı, tava kabab, saciçi və s. kabab növləri bişirilir. Kabab adətən qoyun və mal ətindən, həmçinin quş ətindən də bişirilir.[86] Naxçıvan göl və çaylarında müxtəlif növ balıqlar yaşayır. Naxçıvan mətbəxində balıq yeməklərinin öz yeri var: balıq kababları, qızartmaları, balıq basdırması və s.[84]
Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir. Naxçıvanın özünəməxsus şirniyyatları Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və s. geniş yayılıb. Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsidir ki, Naxçıvanda meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər. Naxçıvan mətbəxi mineral suları ilə də zəngindir. Digər bölgələrdən fərqli olaraq burda ət bol yağda qovrulur və qış fəsli ərzində qovurma adı ilə istifadə olunur.[84][87]
Keppenin iqlimlər təsnifatına görə, Naxçıvan şəhəri kontinental, yarımsəhra iqliminə malikdir. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir.
Naxçıvan şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 0,8 | 4,0 | 12,3 | 20,1 | 24,7 | 29,5 | 34,7 | 33,7 | 30,1 | 21,9 | 12,6 | 5,1 | 19,1 |
Orta temperatur, °C | −4 | 0,5 | 5,4 | 12,4 | 17,5 | 22,4 | 26,9 | 26,2 | 21,9 | 14,1 | 6,5 | 0,9 | 12,4 |
Minimum orta, °C | −6,8 | −4,3 | 1,0 | 7,4 | 11,5 | 15,9 | 20,0 | 18,7 | 14,7 | 8,2 | 2,3 | 2,5 | 7, 1 |
Yağıntı norması, mm | 19 | 18 | 29 | 38 | 36 | 30 | 17 | 8 | 11 | 26 | 20 | 15 | 267 |
Mənbə: World Climate |
Respublika tabeli şəhər olan Naxçıvanda iki bələdiyyə fəaliyyət göstərir.
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Naxçıvan şəhər bələdiyyəsi | 66915 |
2 | Əliabad qəsəbə bələdiyyəsi | 2468 |
3 | Cəmi | 69383 |
Etnik qrup | 1829–1832 k.sa. | 1897 sa.[89] | 1926 sa.[90] | 1939 sa.[91] |
---|---|---|---|---|
cəmi | 5 470 | 8 790 | 10 296 | 15 694 |
azərbaycanlı | 3 624 | 6 161 | 7 567 | 11 901 |
erməni | 1 825 | 2 263 | 1 065 | 2 033 |
rus | … | 216 | 1 376 | 1 420[92] |
gürcü | 17 | 24 | 24 | 19 |
kürd | … | 2 | 6 | 32 |
digər | 4 | 124 | 258 | 289 |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Şəhərdə 2004-cü ildən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Hava limanından Azərbaycanın Gəncə və Bakı şəhərlərinə, Türkiyənin İstanbul şəhərinə və eləcə də əksinə marşrutlar vardır. Həmçinin avqust 2012-ci ildən etibarən Naxçıvan- Zaqatala marşrutu üzrə yeni reys həyata keçirilir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Təbriz şəhəri istiqamətində qol ayrılır. Hal-hazırda, Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün İran İslam Respublikası ilə müqavilə bağlanmışdır.[106]
Orta əsrlərdə şərqin mühüm şəhərlərində olduğu kimi Naxçıvanda da məktəb və mədrəsələr mövcud idi. XIX əsrin I yarısında Naxçıvanda mədrəsə ilə yanaşı, ibtidau rus məktəbləri də açıldı. 15 mart, 1837-ci ildə Naxçıvanda ilk qəza məktəbi fəaliyyətə başladı. Burada şəriət, rus dili, coğrafiya, tarix, rəsm, hesab və sair fənnlər tədris olunurdu. M. T. Sidqi Naxçıvanda "Tərbiyə" ("Məktəbi-tərbiyə") məktəbini təsis etmişdi. Məktəbdə dövrün qabaqcıl ziyalıları dərs deyirdi.
Naxçıvan, MR – in paytaxtı kimi Azərbaycanın mühüm maarif, elm və mədəniyyət mərkəzlərindən birinə çevirilmişdir. Ümumtəhsil məktəbləri, uşaq bağçaları, məktəbdənkənar uşaq tərbiyə müəsissələri, musiqi məktəbləri tikilib istifadəyə verilmişdir. Ümumilikdə Naxçıvanda 14 daimi məktəbəqədər müəsissə, 15 ümumtəhsil məktəbi, 3 ali məktəb, 4 orta ixtisas məktəbi, eyni zamanda, C. Naxçıvanski adına Hərbi litseyin filialı, İncəsənət Kolleci var.
Şəhərdə, AMEA – nın elmi mərkəzi, Respublika Dövlət Elm və Texnika Komitəsinin Naxçıvan elm və texnika mərkəzi, klub və kitabxanalar, 3 teatr (C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Kukla teatrı və H. Cavid poeziya teatrı), Filarmoniya fəaliyyət göstərir.
Naxçıvan MR Ali Məclisinin və Nazirlər kabinetinin orqanı "Şərq Qapısı" (1921-ci ildən), Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" (1996-cı ildən) qəzetləri nəşr edilir, Naxçıvan Şəhər Poliqrafiya Müəsissəsi (1997-ci ildən "Əcəmi" Nəşriyyat – Poliqrafiya Birliyi) var. Naxçıvanda radio verilişləri 1926-cı ildən, yerli radio verilişləri isə 1930-cu ildən başlamışdır, 1963-cü ildən televiziya mərkəzi işə salınmışdır.
Şəhərdə şahmat məktəbi, "Dinamo" cəmiyyətinin idman kompleksi və stadionu, Olimpiya idman kompleksi fəaliyyət göstərir. Futbol, futzal, güləş, şahmat Naxçıvanda yayımış, inkişaf etmiş idman növləridir. Şəhərin Araz Naxçıvan futzal klubu Avropanın ən güclü futzal klublarından biri olmaqla, dəfələrlə UEFA Futzal Kuboku uğrunda uğurlu mübarizə aparmışdır.[107] Araz Naxçıvan PFK Naxçıvan şəhərini təmsil eden Azərbaycan futbol klubudur. Azərbaycan futbol çempionatının birinci divizionunda oynayır. 2014-cü ildən bəri Azərbaycan Premyer Liqasında mübarizə aparır. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında birinci yeri tutmuşdur.[108][109] 2014-cü ildə şəhər Ağır atletika üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.[110]
Orijinal mətn (ing.)“It is called in Ptolemy Naxuana,..
В течение восьмого и девятого столетий, Азербайджан был ареной частых антихалифских и антиарабских восстаний, и византийские источники сообщают о персидских воинах, искавших в 830-х гг. убежища от армий халифа на службе у византийского императора Феофила. […] Азербайджан имел персидское население и был традиционным центром зороастрийской религии. […] Хуррамиты были […] персидской сектой, находившейся под влиянием шиитских доктрин, но с корнями в предисламском персидском религиозном движении.
Vikimənbədə Azərbaycanın İnzibati-ərazi vahidləri (Naxçıvan Muxtar Respublikası) ilə əlaqəli mətnlər var. |