Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru.
Nazim Mustafayev | |
---|---|
Doğum tarixi | 9 aprel 1941(1941-04-09) (84 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
ica.az |
Nazim Mustafayev 1941-ci il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə. M. Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N. Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir.
Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır. Kimyəvi quruluş və yağlama xassələri arasında qarşılıqlı əlaqəni müəyyənləşdirmək məqsədilə ksantogen, ditiokarbamin və tritiokarbonat turşularının funksional qrupların təbiəti və molekuldakı yeri ilə fərqlənən çox müxtəlif törəmələri sintez edilmişdir. Maddələrin məqsədyönlü sintezi prosesində tiokarbonat turşuları törəmələrinin bir sıra yeni alınma üsulları, o cümlədən, ksantogen turşularının – a, b-doymamış turşulara və turşu efirlərinə birləşməsi, amin və karbonsulfidin akrilonitril, akril və malein turşuları efirlərinə birgə birləşməsi, hidroksimetilksantogenat və tritiokarbonatların homokondensləşməsi, habelə spirt, merkaptan və aminlərlə kondensləşməsi, fenolların və amidlərin ksantogenatometilləşməsi, ksantogenatların katalizator iştirakı ilə ditiolkarbonatlara çevrilməsi, ditiokarbamatların heterotsiklik törəmələrinin alınması üsulları işlənilmiş, bununla da üzvi kimyanın çox perspektiv bir sahəsi – tiokarbonat turşuları (TKT) törəmələri kimyası inkişaf etdirilmişdir. Sintez edilmiş fərqli quruluşa malik çoxsaylı yeni və məlum element-üzvi birləşmələrin sistematik tədqiqi onların kimyəvi quruluşu ilə yağlayıcılıq effekti, habelə korroziya və oksidləşməyə qarşı xassələri arasında asılılığın vacib təzahür formalarını aşkar etməyə imkan vermişdir. Bu tədqiqatlar nəticəsində daha təsirli və çoxfunksiyalı aşqarların yaradılmasının elmi əsasları əhəmiyyətli dərəcədə zənginləşmişdir. Onun tərə-findən yaradılmış və istehsal texnologiyası hazırlanmış yeni aşqarlar, transmissiya və sənaye yağları Rusiya Federasiyasında tətbiq tapmış, o cümlədən sürtünməyə qarşı ИХП-14М aşqarı Yaroslavl neft emalı zavodunda 1990-cı ildən istehsal edilir. Motor yağları və gəmi qazturbin yağına aid işləmələri Azərbaycanda tətbiq tapmışdır. Azərbaycan suverenlik əldə etdikdən sonra N. Mustafayevin rəhbərliyi ilə Bakı baza yağları və ИХП-14M aşqarı da daxil olmaqla respublikaya gətirilən sənaye aşqarları əsasında toxuculuq dəzgahları üçün ВНИИ НП-403 və ВНИИ НП-406 yağlarının, "Azərneftyanacaq" Neft Emalı zavodunun xarici markalı sənaye avadanlıqları üçün reduktor və hidravlik yağların, "Neft Daşları" Neft və Qazçıxarma idarəsinin sifarişi ilə Gəmi qazturbin yağının, ağır yüklü mexanizmlərin hidravlik sistemləri üçün "ЕШ" markalı yağın, gəmilərin tənzimləyici vintləri üçün "ГЖД-14с" hidravlik mayenin və bir çox başqa təyinatlı transmissiya və sənaye yağlarının analoqları yaradılmışdır. Gəmi qazturbin yağı 1993-cü ildən "Neft Daşları" NQÇİ-də tətbiq edilir və stasionar qaz turbinlərinin normal və etibarlı işini təmin edir. O, Azərbaycan və Belarus hökumətləri arasında bağlanmış sazişlə əlaqədar olaraq AKİ və Belarus Milli Elmlər Akademiyasının Yeni materialların Kimyası İnstitutunda 2010-cu ildə birlikdə yerinə yetirilmiş "Yüksək keyfiyyətli sürtkü kompozisiyalarının və ekoloji təhlükəsiz yanacaqların işlənib hazırlanması" qrant layihəsinin icraçı iştirakçısı olmuşdur.
Nazim Mustafayev 210 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərinin təxminən 40-a yaxını xaricdə çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.
Nazim Mustafayev neft kimyası, sürtünmə və yeyilmə problemləri ilə bağlı MDB ölklələrində keçirilən Beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, apardığı elmi-tədqiqat işlərinin nəticələrini məruzə etmişdir.
1991-ci ildə Türkiyədə elmi ezamiyyətdə olmuş və Firat Universitetində "Aşqarlar kimyası" mövzusunda məruzələrlə çıxış etmişdir.
N. Mustafayev uzun müddət "Neft kimyası" ixtisası üzrə elmi dərəcələr verən ixtisaslaşdırılmış şuraların (AKİ, NKPİ) tərkibində işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə ekspert şurasının üzvüdür. AMEA Aşqarlar Kimyası İnstitutu: Nazim Mustafayev 1983-cü ildən Aşqarlar Kimyası İnstitutunda "Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları" laboratoriyasına rəhbərlik edir. Rəhbərlik etdiyi laboratoriya illər ərzində kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılması sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Professor Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olan "Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağının yaradılması" adlı (EİF-2010–1(1)-40/35-M-4) layihənin rəhbəri olmuşdur.
Professorun seçdiyi fəlsəfə doktoru və elmlər doktorluğu üzrə dissertasiya mövzuları aktual problemlərin araşdırılmasına həsr olunur. Professor Nazim Mustafayevin rəhbərliyi ilə 1 elmlər doktoru və 6 fəlsəfə doktoru hazırlanmışdır. Fəlsəfə doktorları
Elmlər doktorları: