Benediktin Pannonhalma abbatlığı və ya Pannonhalma dağında yerləşən Müqəddəs Martin ərazi abbatlığı (lat. Archiabbatia, Abbatia Territorialis Sancti Martini in Monte Pannoniae) — Macarıstanın qədim və nüfuzlu dini və mədəni mərkəzi abbatlığından biri.[2] Dunay çayının qərb sahilində, Dyör şəhərinin yaxınlığında yerləşən Benedikt monastırı, Macarıstanın xristian irsinin və monastırçılıq ənənəsinin əsas dayaqlarından biri hesab olunur.
UNESCO-nun Ümumdünya irsi obyekti | |
---|---|
Pannonhalma | |
![]() | |
Ölkə | |
Tip | Mədəni |
Kriteriya | (iv)[d][1], (vi)[d][1] |
Keçid | 758 |
Daxil edilməsi | (qeyri-məlum sessiya) |
Pannonhalma abbatlığı 996-cı ildə Macar knyazı Qeza tərəfindən təsis edilmişdir. Qeza xristianlığı Macarıstanda yaymaq məqsədilə Benedikt rahiblərini bu əraziyə dəvət etmişdi.[3] Qezanın oğlu Müqəddəs İştvan Macarıstanın ilk kralı olduqdan sonra abbatlığa xüsusi himayədarlıq göstərmiş və onun inkişafına dəstək vermişdir.[4] Pannonhalma abbatlığı orta əsrlərdə Macarıstanın dini və mədəni mərkəzlərindən birinə çevrildi. Rahiblər burada dini və dünyəvi biliklərin qorunması və yayılması üçün çalışırdılar.[5] Latın dili ilə yanaşı, macar dilində də dini və elmi əsərlər yazılır və tərcümə edilirdi. Osmanlı imperiyasının Macarıstana hücumları zamanı monastır ciddi təhlükə ilə üzləşdi. Lakin abbatlıq mühasirələrə tab gətirdi və fəaliyyətini davam etdirdi. Habsburq İmperiyası dövründə abbatlıq təhsil və elmin inkişafına yönəlmişdi.[6] Benedikt rahibləri burada məktəblər açdılar və kitabxananı genişləndirdilər. İkinci Dünya müharibəsi zamanı monastır müxtəlif siyasi hadisələrin təsirinə məruz qalsa da, rahiblər öz fəaliyyətlərini davam etdirdilər. 1945-ci ildən sonra Macarıstanda kommunist rejimi hakimiyyətə gəldikdə, dini qurumlar sıxışdırıldı və Pannonhalma abbatlığı çətin dövrlər yaşamışdır.[7] 1990-cı illərdə sosialist rejimin süqutundan sonra abbatlıq öz əvvəlki dini və mədəni əhəmiyyətini bərpa etmişdir.
Müasir dövrdə Pannonhalma abbatlığı UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Macarıstanın mühüm dini, mədəni və turistik məkanlarından biri hesab olunur. Abbatlıq həm dini, həm də akademik fəaliyyətini davam etdirir, burada konfranslar, seminarlar və mədəni tədbirlər keçirilir.[8]
Pannonhalma abbatlığı müxtəlif tarixi dövrlərdə yenidən qurulmuş və genişləndirilmişdir.[9] Onun memarlıq üslubu Romanesk, Qotik, Barokko və Neoklassik üslubların qarışığını əks etdirir.Kilsə və monastır kompleksi — 1224-cü ildə tikilmişdir və bu, Macarıstandakı ən qədim kilsələrdən biridir. Saat qülləsi və qala divarları — Orta əsrlərdə monastır müdafiə məqsədilə möhkəmləndirilmişdi. Benedikt məktəbi — 1802-ci ildə yenidən təşkil olunmuş və Macarıstandakı ən nüfuzlu dini məktəblərdən birinə çevrilmişdir.[10]
Pannonhalma abbatlığının kitabxanası Macarıstanın ən qədim və ən zəngin kitab kolleksiyalarından birinə malikdir. Burada 360 mindən çox nadir kitab və əlyazma saxlanılır. Kitabxana qədim əlyazmalar, inkunabulalar (XV əsrə aid ilk çap kitabları), dini mətnlər, elmi və ədəbiyyat əsərləri ilə tanınır. Kitabxanada saxlanılan ən məşhur sənədlərdən biri Tihan nizamnaməsidir (1055) — macar dilinin yazılı formada ilk nümunələrindən biri hesab olunur.[11]