Qarsəddin Xəlil bəy Zeynəddin Qaraca bəy oğlu Zülqədər (osman. غرس الدين خليل بك, türk. Garseddin Halil Bey; v. 1386, Qəhrəmanmaraş) — türkman Zülqədəroğulları bəyliyinin 1353-cü ildən 1386-cı ilə qədər hakimiyyətdə olmuş ikinci hökmdarı.
Qarsəddin Xəlil bəy Zülqədər | |
---|---|
ərəb. غرس الدين خليل بك | |
1353/1355 – 1386 | |
Əvvəlki | Zeynəddin Qaraca bəy |
Sonrakı | Sülü Şaban bəy |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1386 |
Vəfat yeri | Maraş və Antep arasında yerləşən yaylaq |
Dəfn yeri | Zamantu qəsri |
Fəaliyyəti | monarx |
Atası | Zeynəddin Qaraca bəy Zülqədər |
Uşaqları |
Nasirəddin Məhəmməd bəy Ələddin Əli bəy Həmzə (mübahisəli) |
O, Zülqədəroğulları sülaləsinin qurucusu olan atası Zeynəddin Qaraca bəyin dövründə hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Xəlil bəy atasının ölümündən sonra mübarizəni davam etdirmiş və Zülqədəroğulları bəyliyinin nüfuzunu daha da genişləndirmişdir. O, Məmlük sultanlığı ilə toqquşaraq dövlətin Zülqədəroğulları bəyliyi arasında olan gərginliyin artmasına səbəb olmuşdur. Xəlil bəyin Məmlüklərin şimal sərhədində həyata keçirdiyi basqınlar Məmlük sultanı Bərkuk tərəfindən Zülqədəroğulları sülaləsində ixtilaf yaratmağa təhrik etmişdir. Xəlil bəy Ramazanoğulları və Qadı Burhanəddin ilə birləşərək Ərətna bəyliyi və Məmlük sultanlığına qarşı ittifaqlar qurmuş, nəticədə bir neçə qələbə əldə etmişdir. Sultan Bərkuk Xəlil bəyin Məmlüklər tərəfindən Harput yaxınlığında yerləşən ərazilərin hakimi kimk tanınmaq istəyən qardaşı Səriməddin İbrahimi Xəlil bəyi öldürməyə təhrik etmişdir. Qarsəddin Xəlil bəy pusquda öldürülmüş və onun yerinə digər qardaşı Sülü Şaban bəy keçmişdir.
Qarsəddin Xəlil bəy Məmlüklər tərəfindən regionun bir hissəsini idarə etmək hüququ verilmiş yerli türkman bəylərindən biri Zeynəddin Qaraca bəyin oğlu idi. Qaraca bəy Elxanlılar dövlətindən ayrılaraq türk-monqol zabiti Ərətna tərəfindən idarə olunan Ərətna bəyliyinin Mərkəzi və Şərqi Anadoluda ortaya çıxdığı dövrdə Zülqədəroğulları bəyliyini qurmuşdur.[1] Məmlük sultanı Nəsrəddin Məhəmməd 1337-ci ildə Qaraca bəyi "Türkmanların əmiri"[2] və Maraşdan Əlbistana qədər uzanan torpaqların naibi kimi tanımışdır.[3][4] Başqa bir lokal hökmdar – Taraqlı Xəlil bəy ibn Tarafi, daha əvvəl Ərətna bəyliyindən Əlbistanı ələ keçirmişdi.[5] Bu, Qaraca bəyin siyasi mövcudluğuna təhdid yaratdığına görə Qaraca bəy öz oğlu Qarsəddin Xəlil bəyi Taraqlı Xəlil bəyə qarşı hücum rəhbərliyinə göndərmişdi.[6] Əlbistan 1335-ci[7] və ya 1337-ci[2] ildə Zülqədəroğulları bəyliyi tərəfindən ələ keçirilmiş, Taraqlı Xəlil bəy məğlub edilmişdir.[5] Beləliklə, Əlbistan dövlətin süqutuna qədər Zülqədəroğulları bəyliyinin paytaxtı olmuşdur.[2]
Zülqədəroğulları–Məmlüklər münasibətləri Qaraca bəyin Hələb valisi ilə əlaqələri ilə sıx bağlı idi. Hələb valisi vəzifəsinə Arqunşahın təyin edilməsi illərdir gərgin olan münasibətləri düzəltmişdi. Buna baxmayaraq, tezliklə Qaraca bəyin Məmlüklərlə münasibətləri yenidən pisləşmişdi. 1347-ci ildə Qahirədə Əbu Məali Həsən hakimiyyətə gəlmiş və 1348-ci ilin martında Qaraca bəyin rəqibi Əriktayı yenidən Hələb valisi təyin etmişdir. Qaraca bəy bunu sultanın düşmənçilik əlaməti kimi qiymətləndirmişdi. O, Məmlük sultanlığında tez-tez hakimiyyət dəyişikliyi və çevrilişlər səbəbindən yaranan qeyri-sabitlikdən istifadə edərək əsl müstəqilliyə nail olmaq üçün yaxşı fürsət əldə etmişdir.[8][9] 1349-cu ildə Qaraca bəyin müttəfiqi Arqunşahın öldürülməsi onun Məmlüklərə qarşı nifrətini daha da artırmışdı. O, tərəddüd etmədən Suriyada Qahirəyə qarşı bütün üsyanlara qoşulmağa başlamışdır.[10]
1348-ci ildə Qaraca özünü məktublarında özünü "Məlik əz-Zahir" adlandırırdı.[8][9] Həmçinin, həmin il qələbələrindən cəsarət alan Qaraca bəy "Məlik əl-Qahir" kimi öz müstəqilliyini elan etmişdir.[11] 1352-ci ilin avqustunda Baybuğa Suriyada özünü sultan elan etmişdir, Qaraca bəy də bu üsyana qatılmış[12] və Yalbuğanı məğlub etmişdir.[11] Dəməşq valisi Arqun Kamil Qaraca bəyi cəzalandırmaq üçün Əlbistana yollanmışdır. Onun rəhbərliyi altında 10–25 min nəfər qoşundan ibarət Məmlük ordusu və Zülqədəroğullarına düşmən olan türkmanlar var idi.[13] Məmlük ordusu Əlbistanı ələ keçirmiş, şəhəri və ətraf kəndləri yandırmışdır. Məmlük koalisiyasına qarşı dura bilməyəcəyini anlayan Qaraca bəy Düldül dağına çəkilmişdir.[14] O, dağın ətəyində və aşırımında iyirmi gün Məmlük koalisiyası ilə toqquşmuşdur, lakin nəticədə məğlub olaraq döyüş meydanından qaçmışdır.[15] Onun iki oğlu, o cümlədən varisi Qarsəddin Xəlil bəy 20 nəfər əsgəri ilə birlikdə Məmlük qüvvələrinə qarşı müqavimət göstərməyə çalışmış, lakin məğlub olaraq əsir alınmışdılar.[13]
1353-cü ildə Kayseridə Qaraca bəy Ərətna hökmdarı I Qiyasəddin Məhəmməd bəyin sarayında sığınacaq tapmışdır.[7] Məmlüklərin tələbi ilə o, zəncirlənərək 22 sentyabr 1353-cü ildə Hələbə göndərilmiş və buna görə Məhəmməd bəyə 500 min dinar ödənilmişdir.[16][17][18][19] Qaraca bəyin oğullarından biri bədəvi lideri Cabbar ibn Müənna ilə Hələbə hücum edərək atasını xilas etmək üçün razılaşmışdı. Bu cəhd uğursuz olmuş və döyüşdə 700 nəfər həlak olmuşdur.[18] Bu, sultan Salehi daha da qəzəbləndirmişdir. O, Qaraca bəyin Qahirəyə köçürülməsini tələb etmişdir. Sultan Saleh onu şəxsən danlamış və Qahirə qalasında həbs etmişdir. Qaraca bəy 48 gün həbsdə qaldıqdan sonra, 11 dekabr 1353-cü ildə işgəncə ilə öldürülmüşdür. Onun cəsədi üç gün ərzində Bab-Züvəylədə asılı vəziyyətdə qalmışdır.[20]
Qaraca bəyin ölümündən sonra Xəlil bəy Məmlüklər tərəfindən yeni hökmdar kimi tanınmamışdı. 10 iyun 1354-cü ildə Ramazanoğulları bəyliyinin hökmdarı Ramazan bəy Qahirəyə Məmlük sultanı Bərkuk üçün min at hədiyyə ilə getmiş və Qaraca bəyin torpaqlarını idarə etmək hüququ istəmişdir. Məmlüklər Ramazan bəyi "Türkmanların əmiri" kimi tanımışdılar. Çukurovada Üçok tayfa konfederasiyasına rəhbərlik edən Ramazanoğulları bəyləri Zülqədəroğulları bəyləri və Xəlil bəyin təsiri altında olan qonşu Bozox tayfa konfederasiyasının üzərində hakimiyyətlərini qura bilməmişdilər. Ramazanoğulları bəylərinin gücünü möhkəmləndirə bilmədiyi və Zülqədəroğulları bəyləri ilə Ramazanoğulları bəyləri arasında toqquşma ehtimalı ortaya çıxdığı aydınlaşan zaman Məmlüklər 1355-ci ildə Xəlil bəyi Zülqədəroğulları bəyliyinin yeni hökmdarı kimi tanımışdılar.[21]
Xəlil bəy öz hakimiyyəti dövründə Zülqədəroğulları bəyliyinin sərhədlərini genişləndirmiş, Məmlüklər və Ərətna bəyliyi ilə tez-tez qarşılıqlı əlaqədə olmuşdur.[22] Xəlil bəyin atası kimi müstəqil olmaq və nüfuzunu artırmaq arzusu Zülqədəroğulları–Məmlüklər münasibətlərini gərginləşdirmişdir. Nəticədə, Xəlil bəyin nəzarətində olan ərazilər Maraş, Zamantu, Darəndə, Divriği, Malatya, Harput, Besni, Amid və Amikdən ibarət idi.[23]
Xəlil bəy Ərətna bəyliyində Ərətna bəyin oğullarının hakimiyyəti bölüşdüyü dövrün qarışıqlıqdan istifadə etmişdi.[24] 1352-ci və ya 1353-cü ildə, hökmdar kimi tanınmazdan əvvəl, Xəlil bəy Zülqədəroğulları bəyliyinin torpaqlarını Fərat dəhlizinə doğru genişləndirməyə[1] və atasına edilən xəyanətə görə qisas almağa çalışmışdır.[25] Buna görə Xəlil bəy Malatya və Zamantu qalasını ələ keçirməyə cəhd göstərmişdir. O, Ərətna bəyliyinə hücum edərək Harput və Besnini ələ keçirmiş, bəyliyin sərhədlərini Zamantı çayına qədər genişləndirmişdir. 1360-cı ildə başqa bir türkman bəyi olan Ömər Malatyanı ələ keçirmişdi, lakin həmin il Ömər vəfat etmişdir. Onun ölümündən sonra Xəlil bəy Malatyanı ələ keçirmək qərarına gəlmişdir, lakin şəhər sakinləri Malatyanı Məmlüklərə təhvil vermişdilər.[26] Buna baxmayaraq, Xəlil bəy Zamantunu ələ keçirmiş və onu Zülqədəroğulları bəyliyinin əsas ərazisi kimi anneksasiya etmişdir.[1]
Bu, Xəlil bəy ilə Məmlüklər arasında münasibətlərin pozulmasına səbəb olmuşdur. Zülqədəroğulları bəyliyi Hələbə basqınlar etməyə başlamış və Malatyanın valisi Antepə kömək çağırmışdır, lakin Məmlük ordusu məğlub olaraq Hələbə geri çəkilməli olmuşdur. Bu qələbədən sonra Xəlil bəy Malatyanı mühasirəyə almışdır. Mehmed Ərətnaoğlunun Malatyanın müdafiəçi qüvvələrinə kömək etməyə gəlməyinə baxmayaraq, Xəlil bəy Malatyanın yeni valisi Əsəndəmir Tazini məğlub etmişdir. Malatyanı xilas etmək üçün sultan II Əşrəf Şaban Suriya qoşunlarını Hələb valisi Qutluboğanın komandanlığı altında toplamaq məcburiyyətində qalmışdır. Zülqədəroğulları bəyliyinə qarşı yeni ekspedisiya haqqında məlumat alan Xəlil bəy Əlbistana qayıtmağa məcbur olmuşdur.[27]
1364-cü ildə Ərətnaoğulları monqol tayfa başçıları Babuk və Dövlət tərəfindən basqına məruz qalmışdı. Mehmed Ərətnaoğlu Məmlük sultanından kömək istəmişdi, çünki o, tayfa başçılarına təkbaşına qarşı dura bilmirdi. Məmlük qoşunları yürüşdə olab zaman Xəlil bəy fürsətdən istifadə edərək Harputu mühasirəyə almışdır. Vali Ələddin Məlikşah şəhəri saxlaya bilməmişdir və Xəlil bəy Harputu fəth etmişdir. Harputda mövqeyini möhkəmləndirən Xəlil bəy Malatyaya yenidən təhdid olmuş və Ərətna bəyliyinə basqınlar etmişdir. Bu vəziyyətə görə Məmlüklər Xəlil bəyə qarşı yeni ekspedisiya təşkil etməyə başlamışdır. Hələbin valisi Seyfəddin Gürcü 1366-cı ilin mayında Suriyada qurulmuş ordu ilə Harputa yaxınlaşmış, lakin dörd ay davam edən uğursuz mühasirədən sonra Məmlük qoşunları Hələbə qayıtmışdır. Məmlük qüvvələri çəkildikdən sonra Xəlil bəy sultana üzr məktubu göndərmək qərarına gəlmişdir. Əfv cavabı və saraya gəlmək dəvəti alan Xəlil bəy Qahirəyə getmişdir. Harputu qaytarmaq vədini verən Xəlil bəy şərəfli xalat və hökmdar mövqeyinin tanınması zəmanəti almışdır, lakin Zülqədəroğulları bəyliyinin ərazilərinə qayıtdıqdan sonra Xəlil öz vədini yerinə yetirməmiş və Harputu qaytarmamışdır. Qahirədə Zülqədəroğulları bəyliyinə yeni ekspedisiyaya hazırlaşmağa başlanmışdır. Şeyxlər Aydəmir və Əsəndəmirin komandanlığı altında ordu 1366-cı ilin sonunda Harputa yaxınlaşmışdır. Xəlil bəy belə böyük bir orduya qarşı dura bilməmiş və şəhəri təhvil vermişdir. Xəlil bəy həbs olunmuş və Hələbə göndərilmişdir, lakin tezliklə sultanın əmri ilə azad edilmişdir.[28]
On il sonra Xəlil bəy Harputu yenidən fəth etmişdir. Bununla əlaqədar olaraq, Məmlük sultanı Bərkuk 1378-ci ildə Mübarəkşahın komandanlığı altında Hələbdən Zülqədəroğulları bəyliyinə ekspedisiya təşkil etmişdir. Mübarəkşah döyüş meydanında öldürülmüş və Malatyanın valisi Xəttat Yalbuğa Xəlil bəy tərəfindən məğlub edilmişdir.[28]
Xəlil bəy Ərətnaoğulları və Məmlüklərə qarşı müharibəsində Ramazanoğulları bəyliyinin dəstəyindən istifadə edirdi. Birlikdə Hələbə və Suriyanın şimal rayonlarına hücum edən bəylərin qoşunları Malatyanı ələ keçirə bilməmişdi, lakin 1379-cu ilin fevralında Hələbin valisi Teymurbayın rəhbərlik etdiyi Məmlük ordusu Yumurtalıqda Xəlil bəy və Ramazanoğulları tərəfindən tamamilə məğlub edilmişdir.[25][29]
1379-cu ilin sonunda Məmlüklər Dəməşqin valisi Baydəmir Xarəzminin komandanlığı altında başqa bir hərbi kampaniya təşkil etmişdilər. Bərkuk bəzi şəhərlərə yeni valilər təyin etmiş və bütün Suriya naiblərinə Xəlil bəyə qarşı mübarizə aparmaq üçün qoşunlarını gətirməyi əmr etmişdir. Həmçinin, Bərkuk verdiyi fərman ilə Xəlil bəyi vəzifəsindən azad edərək Əlbistana Malatyanın valisi Altunboğanı təyin etmişdir Malatyaya isə Altunboğanın yerinə Besninin valisi Teymurbuğa Mintaş təyin olunmuşdur,[29] lakin bu təyinatlar sadəcə de-yure olaraq qalmışdır və orduya Böyük Həciv Şögen rəhbərlik etmişdir. Birəcik valisi Sudun Muzəffəri və Malatyanın valisi Mintaş ordunun sıralarına qoşulmuşdular. Zülqədəroğulları ordusu Maraş yaxınlığında böyük qələbə qazanmışdır.[1] Mintaş yaralanmış, Həciv Şögen döyüş meydanında həlak olmuş, Əlbistana çata bilməyən və oranın valisi təyin edilmiş Altunbuğa isə digər komandirlərlə birlikdə Hələbə qaçmışdır. Ramazanoğulları bəyliyi ilə birlikdə Xəlil bəy Amik vadisinə irəliləmiş, onu ilhaq etmiş və Hələbin ətrafını talan etmişdir.[30]
Bərkuk 1381-ci ildə yeni ekspedisiya təşkil etmişdir və bu ekspedisiyada bütün Suriya naibləri iştirak etmişdir. Hələbə Dəməşq valisi Aşıq Teymur Mərdani, Hələb valisi İnal Yusuli, Həma valisi Daşteymur Qasımi, Safed valisi Daşteymur Əlai, Tərabülüs əş-Şam valisi Gümüşbuğa Yalbuğavi öz qoşunları ilə gəlmişdilər. Ordunun sıralarına Bozdoğanoğlu Ziyanülmülkün komandanlığı altında türkmanlar, ərəb və kürd qəbilələri də qoşulmuşdular. Çağdaş tarixçi Bədrəddin Ayni bu nəhəng ordunun Antep vasitəsilə hərəkət etdiyini müşahidə etmişdir. Ordu 3 iyul 1381-ci ildə Maraşa yaxınlaşmışdır.[25][30]
Xəlil bəyin qardaşı Sülü Şaban bəy şəhər yaxınlığında sərt yamaclar arasında pusquda dayanmışdı. Məmlük ordusu yaxınlaşan zaman dəstəsi ilə gözlənilməz bir hücum edərək kürd lideri Şərəfəddin Xəzərbanını əsir almışdır. 6 iyulda qanlı döyüş baş vermiş, bu döyüşdə Məmlük ordusu qələbə qazanmış və Maraşı ələ keçirmişdir. Sülü Şaban bəy Əlbistana çəkilmiş, lakin onu saxlaya bilməmişdir və ardınca Fərat çayını keçərək Xəlil tərəfindən möhkəmləndirilmiş Harputa çatmışdır, lakin Xəlil bəy Malatyaya qaçmışdır. Məmlük ordusu bir ay Əlbistanda qaldıqdan sonra Xəlil bəyin ardınca Malatyaya yönəlmişdir, lakin Fərat çayını keçə bilməmiş və bir müddət sonra Hələbə qayıtmışdılar.[25][30]
Zülqədəroğulları bəylərinin məğlubiyyəti Ramazanoğulları bəyliyinin hökmdarı İbrahim bəyi Kozan valisi Tarıntay ilə əlaqə qurmağa sövq etmişdir. Onun vasitəsilə İbrahim bəy Zülqədəroğulları bəyliyinə yardım etdiyinə görə üzr istəmişdir. Məğlub olmuş və müttəfiqlərdən məhrum qalmış Xəlil bəy və Sülü Şaban Məmlük komandirlərinə tabe olmağa razılıqlarını bildirən məktub göndərmişdilər, lakin Zülqədəroğulları bəylərinin Məmlüklərə tabeliyi müvəqqəti olmuşdur. Zülqədəroğulları bəyliyi iki əsas şəhəri – Maraş və Əlbistanı itirmişdi, buralara vali kimi Ələddin Altunbuğa təyin edilmişdi və Xəlil bəy Harputda yaşamağa məcbur olmuşdur. Məmlük ordusu gedən kimi Zülqədəroğulları bəyləri Nur silsiləsi və Amik vadisi ətrafında köçəri türkman başçılarının dəstəyi ilə Hələbə yenidən hücum etmişdir. Şəhəri türkman hücumlarından qorumaq üçün 1382-ci ilin aprelində şəhərin valisi Yelbuğa Nəsiri ordusu ilə dağlara qalxmışdır.[25][31]
1382-ci ilin sonunda Bərkuk keçmiş sultan II Saleh Hacı lehinə taxtdan imtina etmişdir. Bu, sultanlıqda üsyanlara səbəb olmuşdur ki, Suriyada üsyanlar xüsusilə qanlı idi. Bərkuk tərəfindən Əlbistana vali təyin edilmiş Ələddin Altunbuğa Zülqədəroğulları bəyliyinin əhalisinin dəstəyi ilə Darəndəni fəth etməyə çalışmışdı, çünki bir çox valilər Bərkuka qarşı düşmən münasibət bəsləyirdilər, lakin şəhər sakinlərinin müqaviməti səbəbindən o, Əlbistana qayıtmalı olmuşdur. Daha sonra Altunbuğa Birəcikdə Hələb valisi Yalbuğa Nəsiri tərəfindən hücuma məruz qalmış və Qazi Bürhanəddinin sarayına sığınmışdır. Altunboğanın yerinə Əlbistan valisi kimi şeyx Əli Qəzvini təyin edilmişdir.[32]
Bu dövrdə Ərətna bəyliyində Qazi Bürhanəddin Əhməd Ərətnaoğulları sülaləsinə son qoyaraq Anadolunun mərkəzində ən güclü dövlət yaratmışdır. Taxta çıxdıqdan sonra Qazi Bürhanəddin Zülqədəroğulları bəyliyi ilə dostluq münasibətləri qurmaq qərarına gəlmişdir.[33] O, öz oğlu və varisi Nasirəddin Mehmed bəyi Qazi Bürhanəddinin qızı Xədicə xatun ilə evləndirmişdir.[1] Xəlil bəyi Qazi Bürhanəddin ilə ittifaq bağlamağa müttəfiqə olan kəskin ehtiyac vadar etmişdi. Xəlil bəy ilə Qazi Bürhanəddin arasında münasibətlər qarşılıqlı köməyə əsaslanırdı. Qazi Bürhanəddinin hakimiyyətinin ilk illərində bəzi Zülqədəroğulları türkmanları onun xidmətində idi. Xəlil bəy hətta qardaşı Osmanı Qazi Bürhanəddinə bir valinin üsyanını yatırmaqda kömək etmək üçün göndərmişdi. Osman bir müddət Qazi Bürhanəddinin sarayında qalmışdır. Mənbələrdə Osman Qazi Bürhanəddinin rəqibləri tərəfindən təşkil edilən sui-qəsd cəhdində iştirakçı kimi qeyd olunur. Osmanın ikinci dəfə Qazi Bürhanəddinə qarşı hərəkətlərdə şübhəli bilinməsi halı Amasya valisinin Qomanat qalasının inşası zamanı hücumu ilə bağlı olmuşdur. Qazi Bürhanəddin ilə Xəlil bəyin dostluq münasibətləri Qazi Bürhanəddinin Osmanı cəzalandırmamasına və 1383-cü ildə onu Xəlil bəyin yanına, Harputa göndərməsinə səbəb olmuşdur. Digər sui-qəsd iştirakçıları işgəncələrə məruz qalaraq edam edilmişdir.[33]
Qazi Bürhanəddindən başqa, Xəlil bəy digər qonşulardan da dəstək axtarırdı. Xəlil bəy Məmlüklərin əlinə keçmiş Zülqədəroğulları şəhərlərini geri qaytarmaq istəyirdi. Bunun üçün o, yenidən Ramazanoğulları ilə dostluq münasibətləri qurmuşdur. İki qonşu hökmdarın dəstəyini alan Xəlil bəy 1384-cü ilin əvvəlində Maraş və Əlbistana hücum etmişdir. Hələb valisi Yalbuğa hücumdan xəbər tutan kimi Maraşa getmiş və Xəlil bəyi məğlub etmişdir. Qazi Bürhanəddinin dəstəyi ilə Xəlil bəy şimala çəkilmiş, Darəndə və Divriği rayonlarını qarət etməyə başlamışdır. Yalbuğa Nəsiri dərhal Darəndəyə yönəlmiş, 6 iyul 1384-cü ildə Arslandaşda Xəlil bəyi məğlub etmişdir. O, düşərgəsini və mal-qarasını tərk edərək döyüş meydanından qaçmışdır.[33]
Məmlüklər Zülqədəroğulları sarayında daxili ailə ixtilaflarından istifadə etmişdilər. Daimi məğlubiyyətlər qardaşlar arasında parçalanmaya səbəb olmuşdur. İbrahim, Osman və İsa Məmlüklərin tərəfinə keçmişdilər. 4 aprel 1385-ci ildə Sülü Şaban bəy Hələb valisinin yanına gəlmişdir.[16][34]
Tezliklə, sultan Bərkuk Xəlil bəydən qurtulmaq qərarına gəlmişdir. O, türkman komandirlərindən biri və Xəlil bəyin qardaşı olan Səriməddin İbrahim Yağmuroğluna[a] Xəlili öldürməyi tapşırmışdır. İbrahim saha əvvəl Məmlüklərdən Harputun hakimi kimi tanınmaq məqsədilə Qahirəyə getmişdi.[1] 1386-cı il aprelin əvvəlində Hələbdən yola çıxan[22] İbrahim Yağmuroğlu Antep ilə Maraş arasında yerləşən yaylaqda Xəlil ilə görüşə getmişdir,[35][17] lakin başqa bir versiyaya görə, bu hadisə Harputda baş vermişdir.[25] Razılaşmaya əsasən, onlar təkbətək görüşməli idilər, buna görə Xəlil bəy öz qvardiyasını kənarda qoymuşdur, İbrahim isə öz adamlarını əvvəlcədən pusquda gizlətmişdi. Xəlil bəy yaxınlaşan zaman onlar ona hücum edərək öldürmüşdülər. Onlar Xəlil bəyin kəlləsini kəsmiş və tezliklə geri çəkilmişdilər. Öldürülən Xəlil bəy təxminən altmış yaşında idi. Onun ailəsinin bir neçə üzvü də onunla birlikdə öldürülmüşdür. Tarixi qeydlərə görə, Xəlil bəyin məzarı Zamantu qəsrinin ətəyində Məlik qazinin türbəsi yaxınlığında yerləşirdi.[35][23]
Xəlil bəyin 2[36] və ya 3 oğlu var idi. Onlar Nasirəddin Mehmed bəy, Ələddin Əli bəy və Həmzə idi, lakin Həmzənin əslində, Əlinin oğlu olduğunu qeyd edən mənbələr mövcuddur. Əli Əlbistan valisi, Mehmed isə bəyliyin beşinci hökmdarı olmuşdur.[37] Atalarının hakimiyyəti dövründə Mehmed və Əli Bərkukdan Hələb ətrafında torpaq almışdılar. Buna baxmayaraq, verilən torpaqların sadəcə fəxri rütbə olması, yoxsa hansısa xidmət qarşılığında verilməsi naməlumdur.[38]