Ramin Məmmədov (18 aprel 1957, Bum, Qutqaşen rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru, publisist, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədr müavini.
Ramin Məmmədov | |
---|---|
Ramin Hüseyn oğlu Məmmədov | |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Bum qəsəbəsi, Qəbələ rayonu, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | ali siyasi, orta-ixtisas hüquq |
İxtisası | jurnalist, hüquqşünas |
Fəaliyyəti | müstəqil jurnalist, tədqiqatçı |
Üzvlüyü |
1957-ci il aprelin 20-də Qəbələ rayonunun Bum qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bum qəsəbə orta məktəbinin səkkizinci sinfini bitirən Ramin Məmmədov 1972–1975-ci illərdə indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 N-li orta texniki-peşə məktəbində oxumuş, tornaçı peşəsinə yiyələnərək orta təhsilini başa vurmuşdur.
1975–1976 və 1978–1979-cu illərdə Balaxanı qəsəbəsində M. Əzizbəyov adına Kənd Təsərrüfatı Maşın Təmiri zavodunda ixtisası üzrə işləmişdir. 1976–1978-ci illərdə Pskov vilayəti, Ostrov şəhəri ərazisində SSRİ Silahlı qüvvələrinin raket hissələrində xidmət etmiş, bölmə komandiri olmuş, xidmətdə və təlimlərdə daim fərqləndiyinə görə "Sovet Ordusu Əlaçısı" döş nişanına layiq görülmüş, serjant (indiki çavuş) rütbəsində ehtiyata tərxis olunmuşdur. 1979-cu ilin sentyabr ayından Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartovsk şəhər 33 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləmişdir. 1980–1992-ci illərdə Nijnevartovsk Dəmir Yol Nəqliyyatı Daxili İşlər Şöbəsində bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM (İSQCM) əməliyyat müvəkkili vəzifələrində çalışmışdır. Həmin dövrdə xidmətdən ayrılmadan – 1981-ci ildə Kemerovo şəhərində kiçik komandirlər məktəbində altı aylıq kurs keçmiş, 1983–1985-ci illərdə Tümen vilayət partiya komitəsi yanında Siyasi Universitetin İdeoloji kadrlar şöbəsində ali, 1985–1988-ci illərdə SSRİ DİN-nin Nijnitagil Xüsusi Milis Məktəbində (Sverdlovsk filialı) orta-ixtisas hüquq təhsili almış, 1988–1990-cı illərdə uzun müddət ştatdankənar müxbiri olduğu Hijnevartovsk şəhər "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetinin nəzdində ikiillik jurnalistika kursunu bitirmişdir. 1992-ci ilin mart ayında Nijnevartovskda "Azərbaycan" adlı ilk diaspor təşkilatlarından birinin yaranmasında fəal iştirak etmişdir.
1992-ci ildə leytenant rütbəsində xidmətini doğma Vətənə dəyişərək Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat növbətçisi, sahə müvəkkili və baş sahə müvəkkili vəzifələrində işləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir. 1993-cü ildə ölkəmizin cənub bölgəsində baş vermiş separatçı Talış-Muğan hadisələri ilə bağlı həmin əraziyə ezam olunmuşdur. 2004-cü ildə mayor rütbəsində təqaüdə çıxmışdır. Nizam-intizamlı, prinsipial, savadlı və bacarıqlı zabit kimi III dərəcəli "Qüsursuz xidmətlərinə görə" medalı və "Sovet milisi əlaşısı" döş nişanı ilə təltif edilmişdir.
2017-ci ildə səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Ağsaqqallar Şurasının və Qaradağ rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif edilmişdir.
Ədəbi yaradıcılığa 1971-ci ildə Qəbələ rayon qəzeti səhifələrində dərc etdirdiyi kiçik məqalələrlə başlamışdır. Rusiyada "Leninskoye znamya" (indiki "Mestnoye vremya"), "Varta", "Neftyanik", "Qazopererabotçik", "Na udarnoy stroyke" (Nijnevartovsk ş.), "Tümenskaya pravda", "Tümenskiy komsomolets" (Tümen ş.), "Uralski raboçi", "Putyovka" (Yekaterinburq şəh.), "Pravda", "Krasnaya zvezda", "Sovetskaya militsiya" (jurnal) (Moskva ş.), "Kommunist" (indi "Xalq qəzeti"), "Molodyoj Azerbaydjana", "Bakinski raboçi", "Vışka", "Mübariz keşikdə", "Qəbələ", "Yurddaş" kimi yerli və mərkəzi qəzetlərdə 150-dən çox oçerk və publisist yazılarla çıxış etmişdir. Bakıda sıx əməkdaşlıq etdiyi dövri mətbuatda dərc olunmuş 200-dən artıq məqalə, oçerk, elmi-publisist yazılarında, başlıca olaraq, Rusiyada mövcud Azərbaycan milli icmalarını, onların fəallarını, təsis etdiyi diaspor mətbuatını, orada yaşayan ziyalılarımızı, ölkələrimiz arasında isti münasibətlərin inkişafını işıqlandırmış, Moskva ensiklopedik nəşrlərində mövcud erməni saxtakarlıqlarını, millətçilərin cinayət əməllərini, onların "Ya – russkiy", "Era Rossii", "Za russkoye slovo", "Za rus", "Russkiy front Moskovii" və s. millətlərarası münasibətlərin pozulmasını təbliğ edən mətbuat orqanlarını ifşa etmişdir. 1994-cü ilin may ayında Qarabağda atəşkəs əldə edildikdən və 1996-cı ildə fövqaladə vəziyyət ləğv edildikdən sonra 1997–2020-ci illərdə Rusiyaya 40 dəfə yaradıcılıq səfəri etmiş, 100 şəhərdə araşdırmalar apararaq oradakı alim və başqa ziyalılarımıza, diaspor icmalarımızın işinə, fəallarına, mətbuatına, perspektivlərinə, Azərbaycan-Qarabağ həqiqətlərinə, azərbaycançılığın təbliğinə, tariximizə, mədəniyyətimizə dair rusca 30-dan çox kitab yazıb nəşr etdirmişdir. Sonra topladığı bütün materialları sistemləşdirərək rusca "Odlar Yurdunun övladları Rusiya tarixində" ensiklopedik oçerklər kitabının üç nəşrini çap etdirmiş, həmin kitabları qonşu ölkənin mərkəzi və yerli kitabxanalarına, redaksiyalarına, ziyalılarına çatdırmışdır. Deyilənlərə əsaslanaraq qeyd etmək yerinə düşər ki, Ramin Məmmədov Azərbaycan həqiqətlərini, tariximizi, elmimizi, mədəniyyətimizi, milli ədəbiyyatımızı təbliğ etmək sahəsində ciddi işlər görmüşdür. Eyni zamanda o, müxtəlif elmi nəşrlərdə dərc olunmuş "Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı", "Mirzə Kazım bəy: elmi və pedaqoji fəaliyyətinin Kazan dövrü" və s. elmi məqalələrin müəllifidir. O, qonşu ölkədə milli diaspor təşkilatlarımızın nəşr etdiyi və heç bir kitabxanada, arxivdə olmayan, özünün səfərləri zamanı bircə-bircə topladığı 57 adda qəzet və jurnalı araşdırmış, bunun əsasında "Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya" (2018) kitabını çap etdirmişdir. Rusiya üzrə bir müddət "Bakinski raboçi" qəzetinin ştatdankənar müxbiri, müqavilə ilə "Vışka" və "OKO" qəzetlərinin xüsusi müxbiri olmuşdur. Mərkəzi və yerli mətbuatda onun yaradıcılıq fəaliyyətinə dair 115-dən çox yazı dərc edilmişdir.
Azərbaycan dilində
Rus dilində
Azərbaycan dilində
Rus dilində