Rusiya-Krım müharibəsi — Krım xanlığı və ətrafındakı ərazilərdə, 16-cı yüzillik boyunca isə Volqa boyundakı torpaqlarda ruslar ilə Krım xanlığının qüvvələri arasında gedən müharibə.
16-cı yüzillikdə Rusiyanın Vəhşi çöl olaraq adlandırılan əraziləri tatarların axınlarına məruz qaldı. Osmanlı ordusu tərəfindən dəstəklənən tatar qüvvələri bu əraziləri qarət etdilər, Moskva və Ryazanı ələ keçirərək yandırdılar. Axınlar rusların tampon dövlət olan Qasım xanlığını qurmasından və Rusiya-Kazan müharibəsindən sonra başladı. Buna baxmayaraq növbəti il tatarlar Molodi müharibəsində məğlub oldu.[1] Məğlubiyyətə baxmayaraq tatarların axınları davam etdi. 18-ci yüzillikdə Krım xanlığı Rusiyaya ilhaq olunana qədər tatar axınları davam etdi, daha sonra isə onlar zəifləyərək bölgədəki təsir güclərini itirdilər.
Tatarlar Moskvanın böyük knyazı III İvanın ölümündən sonra axınlara başladılar. 1507-ci ildə tatarlar Belev və Kozelsk şəhərlərinə hücum etdilər. 16-cı yüzillik boyunca isə axınlar Vəhşi çölün Oka çayı sərhədlərinə qədər olan və Ryazana qədərki əraziləri əhatə edirdi. Tatarların hücum yolu bölgədə yerləşən çay yataqlarına paralel olaraq Moskvaya qədər irəliləyə bilirdi. Tatarlar bölgədə qalıcı olmurdular. Qarət və insan qaçırdıqdan sonra qüvvələr geri çəkilirdi. Yürüşlərin hərəkat dərinliyi əsasən 100–200 km-ə qədər uzanırdı. Ələ keçirilən əsirlər daha sonra qul bazarında satılması üçün Kaffa limanına göndərilirdi. Tatarların axınları nəticəsində sərhəd boylarında yaşayan rus əhali ciddi sıxıntılar çəkmişdi.
Ruslar sərhəd bölgələri qorumaq üçün hər yay bu bölgələrə minlərlə əsgər yollayır və ətraf ərazilərdə qalalar inşa edirdilər. Noqay Ordasının hücumlarından qorunmaq üçün bölgədə Samara, Saratov və Çaritsin şəhərləri ruslar tərəfindən inşa olundu. 1570-ci ildə tatar axınları nəticəsində Ryazan sərhəddi boyunca yerləşən ərazilər qarət olunaraq dağıdıldı.
1571-ci ildə 120 minlik Krım ordusu xanın öndərliyində hücuma keçdilər.[2] Sərhəd yaxınlığındakı rusların 6000-lik qüvvələrini tezliklə məğlub etdikdən sonra qarətlər başladı. Moskvaya qədər irəliləyən qüvvələr şəhəri qarət edərək yandırdılar. Nəticədə 150 min nəfərlik əsir götürüldü. Yürüşün nəticələri ruslar üçün o qədər ağır oldu ki, 1520-ci ilin qeydlərində əhalisi 100 min olaraq göstərilən Moskvada 1580-ci il qeydlərində bu rəqəm 30 min nəfərə qədər geriləmişdi. Tatarların şəhər ətrafında başlatdıqları yanğın taxta və samandan tikilmiş rus evlərində şiddətli küləyin də köməyi ilə sürətlə yayıldı və Moskva bütövlükdə yandı. Bu proseslərin nəticəsində 80 min rus həyatını itirdi.[2]
Osmanlılar tərəfindən dəstəklənən Dövlət Gəray Xan 1572-ci ildə yenidən dağıdıcı yürüş təşkil etdi. Buna baxmayaraq, tərəflər arasında baş tutan Molodi döyüşündə tatarlar məğlub olduqdan sonra onlar geri çəkilməyə məcbur oldular.[1]
Burada tatarların Rusiya ərazilərinə basqınlarının siyahısı əks olunub:[3][4][5][6][7][8]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |