Səlim Rəfiq Rəfioğlu (türk. Selim Refik Refioğlu; 1905, Yelizavetpol – 4 aprel 1980, İstanbul) – Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas, tənqidçi, publisist[1].
Səlim Rəfiq Rəfioğlu | |
---|---|
Doğum tarixi | 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 1980(1980-04-04) |
Vəfat yeri | |
Atası | Məşədi Əli Rəfiyev |
Fəaliyyəti | ədəbiyyatşünas, universitet müəllimi[d] |
Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Gəncənin məşhur Rəfibəylilər ailəsinə mənsub olan Səlim Rəfiqin babası Hacı Məmmədhüseyn Rəfiyev (1846–1920) yaxşı təhsil görmüş, şeir və ədəbiyyatla məşğul xeyirxah bir tacir olmuşdur. Səlim Rəfiq Rəfioğlunun atası Məşədi Əli Məmmədhüseyin oğlu Rəfiyev 1 iyul 1880-ci il tarixində Gəncədə doğulmuş, Türkiyə Cümhuriyyəti vətəndaşlığını qəbul etmişdır. Səlim Rəfiq ailənin üçüncü övladıdır[1].
İbtidai və orta təhsilini doğulduğu Gəncədə tamamlayan Səlim Rəfiq Rəfioğlu, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirir. Atası Məşədi Əli bəy oğlu Səlim Rəfiqi yanına çağırmış, ancaq Sovet idarəçiləri buna izin vermədiyindən o, atasının üzvü olduğu Müsavat Partiyasının yardımı ilə İrana, daha sonra Türkiyəyə getmişdir. Səlim Rəfiq Rəfioğlu 1930-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinə, paralel olaraq Yüksək Müəllim Məktəbinə daxil olur. İstanbul Universitetində türkologiyanın məşhur simalarından dərs alan gələcək ədibin müəllimlərindən biri Azərbaycanın mühacir alimi, professor Əhməd Cəfəroğlu olmuşdur. O, 1931-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığına qəbul edilmişdır[1].
Təhsilini 1933-cü ildə tamamlayan İstanbul Universitetinin Ədəbiyyat fakültəsindən və Yüksək Müəllim Məktəbindən məzun olmuşdur. İstanbul Universitetində məzun dissertasiyasını Prof. Ragıp Hulusinin (Özdem) elmi rəhbərliyi ilə, "Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" mövzusunda hazırlamışdır[1].
Səlim Rəfiq Rəfioğlu, 1934-cü ildə Antalya Liseyində ədəbiyyat müəllimi kimi vəzifəyə başlamışdır. Antalyadakı vəzifəsindən sonra Malatya, Bursa və İstanbulda müəllimlik edən Səlim Rəfiq 1962-ci ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. 1945-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsində prof. dr. Əli Nihat Tərlanın rəhbərliyi altında Məhəmməd Füzulinin həyatı yaradıcılığı haqqında doktorluq dissertasiyası yazmış və burada şairin ədəbi irsini sistemli şəkildə təhlil obyektinə çevirmişdir. Bu əsər M. Füzuli haqqında yazılmış ilk doktorluq dissertasiyalarından biridir. "Füzuli" başlıqlı bu dissertasiya ilə "Ədəbiyyat doktoru" elmi dərəcəsini alan Səlim Rəfiq Rəfioğlu, təəssüf ki, universitetə işə alınmamış, uzun illər liseylərdə ədəbiyyat müəllimi kimi çalışmışdır. Dissertasiyanın yeganə nüsxəsi İstanbul Universiteti Türkiyyat İnstitutu Kitabxanasında (305 nömrə) saxlanılır. Səlim Rəfiq Rəfioğlu 4 aprel 1980-ci ildə İstanbulda vəfat etmiş, Ferikənd İslam Məzarlığında dənf olunmuşdur[2].
Səlim Rəfiq Rəfioğlu 26 aprel 1938-ci ildə, liseydə müəllimlik etdiyi dövrdə tanış olduğu Antalya muzeyi müdiri Fikri Ertenin ixtisasca müəllim olan qızı Ayşə Fəzilət xanımla (1910–1994) evlənmişdır. Bu evlilikdən onların 1939-cu ildə Azər Ergün adında bir oğlu olmuşdur. Azər Ergün İstanbul Teknik Universitetinin inşaat mühandisliyi fakültəsini bitirib[3].
Səlim Rəfiq 1968-ci ildə Azərbaycana getmək üçün SSRİ-dən viza ala bilmiş, ana vətənini qırx il sonra ziyarət edə bilmişdır. Azərbaycanda olduğu dönəmdə Gəncədə ailəsi və qohumları ilə görüşmüşdür. O, həmçinin Bakıda Azərbaycanın görkəmli alimləri Həmid Araslı, Abbas Zamanov, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Qasım Qasımzadə ilə şəxsən tanış olmuş və fikir mübadiləsi aparmışdır[1].
Səlim Rəfiq Rəfioğlu, elmi yaradıcılığa İstanbul Universitetində oxuduğu dönəmdə başlayıb. Onun "Son dövr azəri ədəbiyyatı" adlı ilk məqaləsi 1932-ci ildə Əhməd Cəfəroğlunun baş redaktoru olduğu "Azərbaycan Yurt Bilgisi" adlı dərgidə çap olunub. Bütövlükdə onun "Azərbaycan Yurt Bilgisi" dərgisində beş yazısı yayınlanıb. Sonralar məqalələrini çeşidli dərgilərdə və qəzetlərdə dərc etdirmişdir. Bu yazılarında da ağırlıqlı olaraq Azərbaycan ədəbiyyatını, folklorunu mövzu olaraq araşdıran Səlim Rəfiq Rəfioğlu ədəbi-elmi mübahisələrə qoşulmuşdur. Alimin bu səpkili əsərlərinin ən mühüm örnəyini 1939-cu ildə Bəkir Çobanzadə, 1941-ci ildə isə Əhməd Cəfəroğlunu tənqid edən və kitab halında nəşr olunan iki əsəri təşkil edir. Bəkir Çobanzadənin 1928-ci ildə yazdığı yazıya Səlim Rəfiq Rəfioğlunun 1939-cu ildə cavab verməsi maraqlıdır. Çünki bu tarixlərdə Bəkir Çobanzadə, Azərbaycanda Stalinin əmri ilə başladılan ziyalı qətliamında güllələnmişdi. Çox ehtimal ki, Səlim Rəfiq bəhs olunan kitabı çox gec əldə etmiş və Bəkir Çobanzadənin öldürüldüyündən də xəbərsiz olmuşdur. Antalyada müəllimlik etdiyi illərdə Antalya Xalq Evinin Dil, tarix və ədəbiyyat şöbəsinin idarə heyətinə üzv seçilən Səlim Rəfiq burada folklor örnəkləri (dastan, mani, atalar sözləri və s.) toplamışdır[2].
Onun elmi məqalələrinin bir qismi "Türk Akdəniz", "Çağlayan" (Antalya), "Oluş" (Ankara), "Uludağ" (Bursa), dərgilərində, "Ülkü" məcmuəsində, "Yeni sabah" və "Təsviri-əfkar" (İstanbul) qəzetlərində yayınlanmışdır. Səlim Rəfiq Rəfioğlunun Türkiyə kitabxanalarında kitab halında altı əsəri vardır. Bunlardan üçü nəşr olunmuş, digər üçü isə makina ilə yazılmış və cildlənərək kitab halına gətirilmişdır. Həmin əsərlər bunlardır:
1. Azərbaycan divan ədəbiyyatı antologiyası; 2. Ədəbi yenilik antologiyası; 3. Azərbaycan saz şairləri antologiyası; 4. Azərbaycan xalq ədəbiyyatı antologiyası; 5. Azərbaycan şairləri; 6. Azərbaycan alimləri; 7. Anadolu və Azərbaycan xalq hekayələrinin təhlili və müqayisəsi; 8. Azərbaycan ədəbiyyatında vəzn və nəzm şəkilləri; 9. Tədqiqlər və tənqidlər; 10. Vaqif (monoqrafiya); 11. Böyük türk ədibi Mirzə Fətəli (monoqrafiya); 12. Azərbaycan ədəbiyyatı tarixi[2].
Bu siyahıda yeddinci sırada olan "Anadolu və Azərbaycan xalq hekayələrinin təhlili və müqayisəsi" adlı araşdırma Səlim Rəfiq Rəfioğlunun universitetdə hazırladığı buraxılış dissertasiyasıdır. Ancaq indiyə qədər üç kitabı və makinada yazılmış halda üç əsərindən savayı kitab halında bir əsərinə təsadüf olunmayıb.