Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Solmaz Amanova (24.2.1956, Qaraçala kənd, Salyan rayonu, Azərbaycan SSR) — Azərbaycan yazıçısı.
Solmaz Amanova | |
---|---|
Doğum tarixi | (69 yaş) |
Doğum yeri | Azərbaycan SSR, Salyan rayonu, Qaraçala kəndi |
Milliyyəti | Azərbaycanlı |
Atası | Bayramqulu |
Fəaliyyəti | Uşaq Ədəbiyyatı Yazarı |
Solmaz Bayramqulu qızı Amanova 24 fevral 1956-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuşdur. O, M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək və rəsmxət fakültəsində, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləmişdir. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan və rus dilində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində "Ulduz" jurnalında işıq üzü görmüşdür. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı "İnsan iz qoyur", "İrs" əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir. "Xanəgah əczaxanası" kitabı əfsanə və əsatirlər əsasında yazılmış nağıl və tamaşalardan ibarətdir. "Gəncə xəzinəsi" kitabı Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin süjet xəttinə əsaslanır və Ziya Bünyadovun "Azərbaycan VII–IX əsrlərdə" kitabında təsvir edilən əfsanənin mahiyyətini açır.
2009-cu ildə "İrs" və "Anatomik teatr" kitabları Moskvada keçirilən XXII "Kitab sənəti" sərgi-müsabiqəsində ikinci və üçüncü yerləri tutmuşdur. Uşaq tibb ədəbiyyatına verdiyi töhfələrinə görə Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki fəxri adlarına layiq görülmüşdür. Hal-hazırda həmin Akademiyanın "İrs" bölməsinin vitse-prezidentidir.
"Xanəgah əczaxanası" Moldovada Beynəlxalq Kitab Sərgisində 2014-cü ildə
I yerə layiq görülmüşdür.
Təhsil Nazirliyi "İlmənin macəraları" kitabı və cizgifilmlərinin kontentini alıb (ibtidai siniflər üçün).
"İRS" fənninin müəllifidir. 160 saylı Klassik Gimnaziyada tədris edilir. Respublikanın pilot məktəblərinin kitabxanalarına Solmaz Amanovanın əsərləri daxil edilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən bütün beynəlxalq kitab sərgilərində "İRS" Mədəni-Təhsil mərkəzi adı ilə iştirak edib və mükafatlandırılıb.
Avropa Təbii Elmlər Akademiyasının tibb və uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, "Robert Kox", Avropanın Şərəf ordeni, Dostluq ordeni, "İohan Voltqanq Gete"nin, "Fridrix Şiller" və "Qrimm Qardaşları" medalları ilə təltif olunub.