. Love.az

Tahire Qurretuleyn - Wikipedia - Love.az

Ana Səhifə - Tahire Qurretuleyn
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 28 saniyə əvvəl Qızılbaş (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Əsl adı Fatimə Bərağani Qəzvini (təq. 1817[2][3][…], Qəzvin, Qacar dövləti – 27 avqust 1852[4], Tehran, Qacar dövləti) — ləqəbləri Zərintac, Zəkiyyə, Ümmü Səlmə olan, lakin daha çox Tahirə Qürrətüleyn adı ilə tanının şairə, ictihad sahibi, mühəddis, Seyid Əli Məhəmməd Şirazi və ya digər adı ilə Babın ilk müridlərindən və Babilik hərəkatının rəhbərlərindən biri.[5][6][7][8]

Tahirə Qürrətüleyn
Fatimə Ümmü Səlmə[1]
Doğum tarixi təq. 1817[2][3][…]
Doğum yeri
  • Qəzvin, Qacar dövləti
Vəfat tarixi 27 avqust 1852(1852-08-27)[4]
Vəfat yeri
  • Tehran, Qacar dövləti
Atası Məhəmmədsaleh Bərəğani
Təhsili Dini təhsil
İxtisası Teologiya
Fəaliyyəti Dini
Əsərlərinin dili ərəb dili
Vikimənbənin loqosu Tahirə Qürrətüleyn Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həm anası, həm də atası dindar və ictihad sahibi olmuşdurlar. O, əvvəllər əmilərindən biri kimi Şeyxiyyəliyə meyilli olmuş, onların bəzilərinə İraq və Kərbəlada rəhbərlik etmişdir. O, Babın öz düşüncələrini elan etməsi ilə tərəfdarına çevrilmiş. həyatının sonuna qədər heç vaxt onu yaxından görmək mümkün olmasa da, onun ön önəmli tərəfdarından biri olaraq qalmışdır. O, Babi hərəkatının meydana çıxması və Babın Bəyaniyyəsini elan etməsi ilə İslami qaydaların ortadan qalxdığını elan edərək öz niqabını çıxaran ilk qadındır.

Tahirənin böyük əmisi və Qəzvinin seçilən din adamlarından biri olan Məhəmmədtaqi Bərağaninin öldürülməsində başqa 2 nəfər Babi ilə birlikdə öldürülməsində ittiham edilərək həbs edilmişdi. Bərağaniyə bu hadisədən sonra "üçüncü şəhid" mənasına gələn "Şəhid-e Səlis" adı verilmişdi. Tahirənin həbs edilməsindən 3 il sonra Nəsrəddin şah Qacara qarşı uğursuz sui-qəsd həyata keçirilir. Bundan sonra Tahirən bir çox başqa babi ilə billikdə "yer üzündə şər yaymaq" ittihamı ilə edam edilmişdir. O, bu maddə ilə edam edilən ilk qadındır.

Tahirədən bəzi şeirlər qalmışdır, lakin bu şeirlərin bəzilərinin ona aid olub-olmaması barədə fikir ayrılığı mövcuddur. Bir tərəfdən Tahirənin, Babi təriqətinə inqilabi bir şərh təqdim etmiş, bu da İran və İraqdakı babi cəmiyyətində parçalanmaya səbəb olmuşdursa da, digər tərəfdən isə, bu şərh mədəniyyətdə mövcud gözlənilən xilaskar anlayışını (messianizm) Babın şəxsiyyətinə bağlamağa səbəb olmuşdur. Tahirənin, Bəyaniyyə ayininin qadınlar baxımından ən ali fiquru, və Bəhai ayini baxımından isə üçüncü və ən tanınmış qadın fiqurudur. Onun ən məşhur fəaliyyətlərindən biri Şahrudda, Bədəşt toplantısı zamanı niqabını çıxarması olmuşdur. Müasir dövrün bəzi müəllifləri bu hərəkəti qadın azadlığı istiqamətində atılmış addım və feminist xarakterli bir hərəkət kimi qiymətləndirmişlər. Lakin alternativ bir baxış bu görüşü qəbul etməyərək, Tahirənin feminist bir aktivist deyil, əksinə niqab çıxarmaq kimi davranışlarının İslam şəriətinin ləğvinin simvolu və Seyid Əli Məhəmməd Babın yeni şəriətinin elan olunması anlamına gəldiyini irəli sürür. Bununla belə, bu iki yanaşma arasında ciddi bir ziddiyyətin mövcud olmadığı da vurğulanır. Müasir araşdırmaların əksəriyyəti, Bəhailiyin başlanğıcı sayılan Babi təriqətinin cəmiyyətə olan əsas sosial təsirlərindən birinin qadınların statusunun yaxşılaşdırılması olduğunu göstərir.[9][10] Bab da Tahirənin niqabın götürülməsi və digər inqilabi fəaliyyətlərini dəstəkləyərək, onu ilk on səkkiz həvarilərdən biri olaraq "Hurufi-Heyy" sırasına daxil etməklə qadın hüquqlarına verdiyi dəstəyi nümayiş etdirmişdir.[9][9][10][11]

Tahirənin, cəmiyyətin qadınlar üçün müəyyənləşdirdiyi mövqeyi sorğulayır və bu məsələni açıq şəkildə gündəmə gətirirdi. Tahirənin qayğıları əsasən ilahiyyat yönümlü olmasına baxmayaraq,  onun bir qadın kimi düşünmək, fikirlərini ifadə etmək və ictimai aləmdə səsinin eşidilməsi üçün özünə yer tələb etməsi, qadınlara verilmiş mövqenin legitimliyini ciddi şəkildə sual altına aldı.[12] O, bir mütəfəkkir və şair-natiq kimi, dövrünün qadınlarına xas olan susqunluq və kənarda qalma vəziyyətini tənqid etdi və cinsi rolları aşaraq yeni rollar formalaşdırmağa cəhd göstərdi.[12]

İranda həmin dövrdə feminist hərəkat hələ başlamamış, hətta qadınların təsəvvürünə belə gəlməmişdi, lakin Tahirən həyat hekayəsi etibarilə bu hərəkatın təcəssümü olaraq hesab edilir. Tahirənin, Babi dininə inanmasından əvvəl də, öz cəmiyyətinin ən məşhur və köklü normalarını təkrar-təkrar və açıq şəkildə sorğulayırdı. Onun həyat hekayəsinin bütövlükdə qadınlar üçün nəzərdə tutulmuş rollara qarşı narazılıq və müqavimət ifadəsi olduğu aydın görünür. Əslində, o, davranışları ilə yalnız mövcud dini deyil, eyni zamanda kişi mərkəzli cəmiyyət strukturunu da sarsıtmaqda idi.[12] Tahirə qadına xas sayılan təslimçilik, evdarlıq, ictimai sahədən kənarda qalmaq və səssizlik kimi dəyərlərdən uzaq durdu. Onun fəaliyyəti müasir Bəhailər tərəfindən səssizlik yerinə bəlağətli nitq, itaətkarlıq əvəzinə strukturları dağıdan mövqe və təcrid olunmaq əvəzinə fəallıq nümayiş etdirərək mövcud nizamın hakim dəyərlərini kökündən sarsıtmaq kimi dəyərləndirilir.[12]

Mündəricat

  • 1 Doğulması və adları
  • 2 Ailəsi və şəxsi həyatı
    • 2.1 Təhsili və Şeyxiliyi
  • 3 İraqda qalması
    • 3.1 Babiliyə keçidi
    • 3.2 Kazimiyyə, Kərbəla və Bağdad dövrü
    • 3.3 Osmanlıdan qovulması və Qacar imperiyasına dönüşü
    • 3.4 Qəzvinə qayıdış
    • 3.5 Məhəmmədtaqı Bərağaninin öldürülməsi
  • 4 Bədəşt toplantısı
    • 4.1 Toplantının nəticələri
  • 5 Həbs edilməsi və edamı
  • 6 Qadın hüquqları mübarizəsinə təsiri
  • 7 İncəsənətdə
  • 8 Şeirləri və yazıçılığı
  • 9 Tahitə və Babilik
    • 9.1 Babi hərəkatına töhfəsi
  • 10 Tahirə və Bəhailik
    • 10.1 Tahirəyə həsr edilən seminarlar
  • 11 Həyatı
  • 12 Fəaliyyəti
  • 13 İstinadlar
  • 14 Mənbələr
  • 15 Həmçinin bax

Doğulması və adları

redaktə

Tam adı Fatimə Zərrintac Bərağani Qəzvini olmuşdur.[13] Əfsanə Nəcmabadi və Richard Foltzun yazdıqlarına görə, onun adı Fatiməbəyim Bərağani kimi qeyd olunur.[14][15] Əbdül-Bəha Abbas bildirir ki, Tahirəyə uşaqlığında “Ümmü Səlmə” adı verilmişdi. Onun digər adları arasında Qürrətüleyn, Zərrintac, Zəkiyyə və Hində də yer alır. Qəzvin əhalisi onu “Ağa qız” kimi tanıyırdı.[16][17][18] “Fatimə” adı bəzi babilər üçün İslam peyğəmbərinin qızı Fatimə-Zəhranın qayıdışını və zühurunu xatırladırdı.[19]Lawson O, Şeyxilik təriqətinin rəhbəri Seyid Kazım Rəşti ilə məktublaşmağa başladıqdan sonra, onun tərəfindən “Qürrətüleyn” (məcazi olaraq “göz nuru”, “şadlıq mənbəyi”, “göz bəbəyi”) adlandırıldı.[15][20][15]İraqlı tarixçi Əli əl-Vərdi “Ləmahət ictimaiyyə” adlı əsərində onun saçlarının sarı və qızılı rəngdə olduğunu qeyd etmişdir. Əl-Vərdi bu səbəbdən ona “qızıl taca sahib qadın” anlamını verən “Zərrintac” (qızıl tac) deyildiyini yazmaqdadır.[21]

“Tahirə” ləqəbinin mənşəyi barədə tədqiqatçılar arasında yekdillik yoxdur. Şövqi Əfəndi, Əbdül-Bəha Abbas, Molla Məhəmməd Zərəndi və Martha Root kimi bəhai mənbələrinə görə bu ad ona Bəhai dininin banisi Hüseyn Əli Nuri tərəfindən verilmişdir.[20][22] Bununla yanaşı, Blomfild və Suzan Staylzmenk “Tahirə” adının ona Seyid Əli Məhəmməd Bab tərəfindən yazılmış bir məktubda ilk dəfə istifadə olunduğunu irəli sürürlər.[20][23]

Riçard Foltz Tahirənin doğum ilini 1814 olaraq göstərir.[15] Denis MacEoin qeyd edir ki, əksər mənbələr onun doğum ilini 1817 olaraq göstərsə də, bu yanlışdır. O, Tahirənin ailəsi və varisləri arasında qorunan sənədlərə əsaslanaraq, onun doğum tarixini 1814 olduğunu bildirir.[24] Suzan Staylzmenk də onun doğumunu 1817 olaraq göstərmişdir.[20] Moojan Momen də bildirir ki, mövcud bəhai mənbələrin əksəriyyəti onun doğum ilini hicri 1817 olaraq qeyd edir. Əli əl-Vərdi isə ailəsinə məxsus sənədlərə əsaslanaraq doğum tarixini hicri 1814 kimi müəyyənləşdirmişdir.[25]

Ailəsi və şəxsi həyatı

redaktə

Tahirə Qəzvində şiə ruhani ailəsində dünyaya gəlmişdir. Anası Əminəxanım Qəzvini və atası Molla Məhəmməd Saleh Bərağani hər ikisi müctəhid olmuşlar. Bundan əlavə, atası Quran təfsiri sahəsində fəaliyyət göstərdiyinə, üç yüzdən artıq dini əsərin müəllifi kimi tanındığı üçün Qəzvin əhalisi arasında nüfuza sahib idi. Anasının ailəsi Şeyxilik təriqətinə mənsub olsa da, atası və atasının ailəsi Üsuli inancına bağlı, dindar və varlı bir zümrəyə mənsub idilər. Tahirənin Əbdülvahhab, Məhəmmədhəsən və Məhəmməd adlı ən azı üç qardaşı, və Mərziyyə adlı bir bacısı olmuşdur. Moojan Momenə görə, Tahirə Bərağani ailəsinin yeddi qız və səkkiz oğuldan ibarət övladlarının ən böyüyü olmuşdur.

O, həmçinin əmisi Məhəmmədtaqi Bərağaninin gəlini olmuşdur. Əmisioğlu Molla Məhəmməd Bərağani ilə evliliyi o, 13 və ya 14 yaşında olarkən baş tutmuşdur. Bu evlilikdən Şeyx İbrahim, Şeyx İsmayıl və bəzi mənbələrə görə Şeyx İshaq adlı oğulları, Zeynəb və ya Sara adlı bir qızı dünyaya gəlmişdir. Şeyx İshaq adlı övladın varlığı barədə mənbələr arasında yekun rəy mövcud deyil. Uşaqların heç biri analarının Şeyxiliyə və daha sonra Babiliyə meylini paylaşmamışdır.

Tahirənin qayınatasının Şeyxiliyi rədd etməsi və həyat yoldaşı ilə aralarındakı inanc fərqləri nəticəsində Tahirə və əri bir-birindən ayrılmışlar. Bu ayrılıqdan sonra Tahirə üç il müddətinə Kərbəlada olmuş, uşaqları isə atalarının yanında qalmışdır. Abbas Əmanətin fikrincə, onların evliliyi elə başlanğıcdan ev içi münaqişələrdən ziyan görmüşdür.

Təhsili və Şeyxiliyi

redaktə

Tahirə uşaq yaşlarından Quranı əzbərləmiş və fiqh məsələlərinin həllinə xüsusi maraq göstərmişdir. O, atası və anasından, həmçinin ailəsinin digər üzvlərindən ali dini təhsil almışdır. Ədəbiyyat və şeir sahəsində biliklərini anasından, fiqh, üsul, hədis və təfsir elmlərini isə atası, qardaşı Əbdülvahhab və əmisi Məhəmmədtaqıdan öyrənmişdir. Bundan əlavə, fəlsəfə, hikmət və irfan sahəsində biliklərini atasının iki əmisi oğlundan əldə etmişdir. Bəzi mənbələr onun natiqlik sahəsində xüsusi bacarığı olduğunu bildirirlər.

Denis MacEoinın yazdığına görə, Tahirə bir müddət sonra şiə din xadimləri ilə yazışaraq onlardan ictihad icazəsi almaq qərarına gəlmişdir. Onun yazılarından belə görünür ki, bəzi şiə müctəhidləri onu ictihad icazəsinə layiq görsələr də, bir qadına bu cür icazənin verilməsini ictimai adətə zidd hesab etmişlər.

Tahirə ya müstəqil şəkildə, ya da bəzilərinin iddiasına görə əmisi Molla Məhəmmədəli Bərağani və ya xalasının oğlu Molla Cavad Vəliyaninin təsiri ilə Şeyxilik təriqətinə meyl göstərmişdir. Evliliyindən sonra o, Şeyxilik təriqətinin banisi və özünün kiçik əmisi  Molla Məhəmmədəlinin də bağlı olduğu Əhməd Əhsainin təlimlərini böyük həvəs və maraqla öyrənməyə başlamışdı. Lakin Tahirənin əri və qayınatası onun dini baxışları ilə ziddiyyət təşkil edirdi və bu səbəbdən onunla qarşıdurmaya girmişdilər.

Şeyxilik təriqəti dörd əsas prinsip üzərində qurulmuşdur: tövhid, nübüvvət, imamət və “dördüncü sütun”. Bu təlimdə məad (axirət həyatı) və ədalət prinsipləri dinin əsaslardan sayılmırdı. Onların əvəzinə “dördüncü sütun” kimi tanınan “İmam Zamanın babı” (yəni ona çatmaq üçün vasitə) əsas inanc sütunlarından biri hesab olunurdu.

İraqda qalması

redaktə

Tahirə evləndikdən az müddət sonra həyat yoldaşı ilə birlikdə Kərbəla və Nəcəfə səfər edərək burada on üç il ərzində fiqh, kəlam və digər dini elmlər sahəsində təhsil aldı. O, Kərbəlada Şeyxilik təriqətinin nüfuzlu lideri Seyid Kazım Rəşti ilə elmi ünsiyyətdə olmaq imkanı qazandı və 1841-ci ildə həyat yoldaşı və ailəsi ilə birlikdə Qəzvinə geri döndü. Bu dövr ərzində əri Üsuli ruhani olan Molla Məhəmmədbaqir Qəzvinidən dərs alırdı, Tahirə isə Şeyxilik düşüncəsinə meyl edirdi. Onlar Qəzvinə qayıtdıqdan sonra ayrıldılar və təqribən üç illik fasilədən sonra, 1844-cü ildə Tahirə bacısı və bacısının əri ilə birgə yenidən Kərbəlaya qayıtdı.

Bu üç il ərzində Tahirə Şeyxilik təlimlərini açıq şəkildə təbliğ etməyə başlamışdı. Bu səbəbdən həyat yoldaşı, əmisi və atası onu Şeyxiliyə meyl etdiyinə görə tənqid etmiş, bu fikir axımını daha dərindən öyrənməkdən çəkindirməyə çalışmışdılar. Görünür ki, əvvəlcə kiçik əmisi Molla Məhəmməd Əlinin, daha sonra isə bacısının əri Molla Məhəmmədəli Qəzvininin (sonralar “Hurufi-Həyy” adlanan on səkkiz şəxsiyyət arasında yer almışdı) dəstəyini qazanmışdı. Tahirə Şeyx Əhməd Əhsainin vəfatından sonra onun varisi olan Seyid Kazım Rəşti ilə məktublaşma şəklində əlaqə saxlamış və məhz bu yazışmalar zamanı o, Rəşti tərəfindən “Qürrətül-Eyn” (göz nuru) ləqəbi ilə adlandırılmışdır. Seyid Kazım Rəşti bu gənc qadının istedadından dərin təsirlənmişdi. O, həmçinin Şeyxiliyi təkfir, yəni rədd etmiş nüfuzlu ruhani ailən olan Bərağani ailəsinin içindən Molla Əlidən savayı ikinci bir tərəfdarın çıxmasından məmnun qalmışdı.

Bu dövrdə Tahirə bacısı və bacısının əri ilə yenidən Kərbəlaya qayıtmaq qərarına gəlmişdi. Onun atası Molla Məhəmməd Saleh bu qərardan onu çəkindirmək istəmişsə də, buna müvəffəq olmamışdı. Məhəmməd Salehin özü də qardaşı Molla Məhəmmədtaqının Şeyxiliyin təkfiri ilə bağlı verdiyi fətvanı təsdiq etməmişdi. Tahirənin bu ikinci Kərbəla səfəri təxminən 1843-cü ildə baş tutmuşdur. Lakin Seyid Kazım Rəşti Tahirənin Kərbəlaya çatmasından təqribən on gün əvvəl vəfat etmişdi. Buna baxmayaraq, Seyid Kazımın dul qadınının dəstəyi ilə Tahirəyə icazə verildi ki, hicab arxasında onun tələbələrinə dərs keçsin.

Babiliyə keçidi

redaktə

Mövcud ilkin mənbələr, Tahirənin sonrakı həyat illərinə dair ziddiyyətli məlumatlar verir. Əksər mənbələrin yazdığına görə, Tahirə çox güman ki, Molla Əli Bəstamiyə vasitəsilə Seyid Əli Məhəmməd Babın dəvəti haqqında xəbərləri eşitdikdən sonra yenidən Kərbəlaya getmişdir. Lakin Tahirə, əmisi oğlu Molla Cavad Vəlyaniyə ünvanladığı məktubunda Babın zühuruna dair xəbərləri Qəzvində olduğu vaxt eşitdiyini vurğulamışdır. Denis MacEoinin qeyd etdiyinə görə, Tahirə yəqin ki, bu xəbəri eşitdikdən az sonra, Molla Əli Bistaminin gəlişi ilə eyni vaxtda Kərbəlaya qayıtmışdır.

Edvard Braun yazır ki, Tahirə Kərbəlada dərs deyərkən, tanınmayan “kamil şiə” və ya “dördüncü rükn”ə, yəni Baba bir müraciət yazmış və onu Seyid Kazım Rəştinin görkəmli şagirdlərindən olan Molla Hüseyn Büşruyiyəyə vermişdir. O, həmçinin Molla Hüseyndən xahiş etmişdir ki, “dördüncü rükn”lə qarşılaşdığı zaman tərəddüd etmədən həmin məktubu ona təqdim etsin. Seyid Kazım Rəşti vəfat etdikdən altı ay sonra, Molla Hüseyn Büşruyiyə Şiraza çatır və Seyid Əli Məhəmməd Şirazini “kamal mərtəbəsinə çatmış şiə” olaraq tanıyır. O, yalnızca özü Babın müridlərindən olmur, eyni zamanda Tahirənin öncədən yazdığı məktubu ona təqdim edərək onu da Babi inancının ilk on səkkiz ardıcılından – “Hürufül-Həyy” – biri kimi qəbul etdirir. Tahirə bu yeni dinə iman gətirən ilk qadın olmuşdur. Bəhai qaynaqlarına görə, Tahirə Seyid Əli Məhəmməd Baba “doğru bir yuxu” vasitəsilə iman gətirmişdir. Bu çərçivədə, Molla Əli Bəstami İraqda Tahirə ilə görüşür və ona Yusif surəsi təfsiri – Qəyyumu’l-Əsməni təqdim edir. Tahirə həmin əsərdə yuxusunda gördüyü ifadələrdən birinə rast gəlir və bu səbəbdən Baba iman gətirir. Babi inancının iddiasına görə, Hürufül-Həyy olan 18 ilkin iman gətirəndən 17-si Babın haqq olduğuna yuxu vasitəsilə əmin olmuşdur. Bununla belə, Tahirə ömrünün sonunadək Seyid Əli Məhəmməd Babla şəxsən görüşməmişdir.

Tahirənin Babi dininə keçidi ilə bağlı yayğın görüşə qarşı alternativ bir baxış da mövcuddur. Bu baxışa görə, Tahirənin Şeyxiliyə meyl etdiyi təsdiqlənməsinə baxmayaraq, onun Babi olduğu qəbul edilmir. Bu fikri Tahirənin bəzi ailə üzvləri, nəsilləri və bəzi din xadimləri müdafiə edirlər. Onların fikrincə, müstəqil tarixçilər dövrün dini və siyasi atmosferinə görə səssiz qalmağa üstünlük vermiş, Qacar hökumətinə yaxın tarixçilər isə rəsmi dövlət mövqeyini gerçək kimi təqdim etmişlər. Bütün səfərlərində onu müşayiət edən və həbs dövründə də onunla əlaqədə olan yeganə qızı Zeynəb anasının şiə olaraq vəfat etdiyini vurğulamışdır. Bundan əlavə, böyük oğlu Şeyx İbrahim də anasını müsəlman saymış və onun edamdan əvvəl ev dustaqlığında etdiyi İslam ibadətlərinə istinad etmişdir.

Kazimiyyə, Kərbəla və Bağdad dövrü

redaktə

Əfsanə Nəcmabadiyə görə, Tahirə tədricən Şeyxiyyə azlığının liderinə çevrildi. Bu qrup sonradan Seyid Əli Məhəmməd Babın hərəkatına qoşulmuşdur. Lovson da onun Əl-Ətabat Əl-Əliyat, yəni Şiələr üçün müqəddəs torpaqlar bölgəsində Şeyxiyyə təriqətinə rəhbərlik etdiyini vurğulayır. Bununla belə, Şeyxilərin əksəriyyəti Məhəmməd Kərimxan Kermaninin ardınca getmiş və Seyyid Əli Məhəmməd Babı qəbul etməmişdir. Kərbəlada Tahirə Babi icmasının rəsmi nümayəndəsi kimi tanındı və Bab özü də bir neçə məktubunda bu rolunu təsdiqləmişdir. Deni Məkeyonun fikrincə, Tahirənin bu roldakı fəaliyyəti Babi icmasına qarşı bəzi şübhə və düşmənçiliklərin meydana gəlməsinə səbəb olmuşdur. Eləcə də, Tahirənin Kərbəladakı fəaliyyəti dövründə Babın tərəfdarları arasında parçalanmalar baş vermişdir. Bu parçalanmalardan ən əhəmiyyətlisi Tahirə və onun tərəfdarları ilə Molla Əhməd Müəllim Həsari və onun ardıcılları arasında yaranmış münaqişə idi. Molla Əhmədin bildirdiyinə görə, onun Tahirəyə qarşı çıxmasının səbəbi, Tahirənin Babın təlimlərinə etdiyi guya yanlış bidətlər olmuşdur.

1846-cı ildə Tahirə altı ay müddətinə Kazimiyyəyə getmiş və burada dərs demişdir. Moojan Momenin verdiyi məlumata əsasən, Tahirə bu şəhərdə bəzən Seyyid Əli Məhəmməd Babın ona verdiyi icazəyə əsaslanaraq, isti havalarda hicabını üzündən açmışdır. Digər vaxtlarda isə kişilərə dərslərini pərdə arxasından verirmiş.

"Ləmahat-i ictimaiyyə" adlı əsərdə yazılır ki, Tahirə Kazimiyyədə keçirdiyi altı aydan sonra 1847-ci ildə Kərbəlaya qayıtdıqda artıq təqiyyə yolunu tərk etmiş və açıq təbliğata başlamışdır. Bu dövrdə Babi icması daxilində bir parçalanma meydana gəlmişdir. Bir qrup Tahirənin tərəfdarı idi və bu qrupa “Qurrətbə” adı verilmişdir. Onların arasında Molla Baqir Təbrizi də Hürufül-Həyy’dən biri kimi yer alırdı. Digər qrup isə Tahirənin Babın dinini açıq-aşkar təbliğ etmə üsulunu qəbul etmirdi. Onlar Molla Əhməd Xorasani Həsariyə dəstək verirdilər. Bu şəxs Seyid Kazım Rəştiyə məxsus məktəbin rəhbəri idi. Əl-Vərdiyə görə, Babi icmasının iki qrupa bölünməsi iki əsərə əsaslanır. Birinci əsər Molla Əhməd Həsarinin müəllifi olduğu Əqaidüş-Şeyxiyyə adlı əsərdir ki, burada Tahirə tənqid olunmuş və “Bint-i Salih” (saleh qız) əvəzinə “Bint-i Talih” (pis qız) adlandırılmışdır. İkinci sənəd Şeyx Sultan Kərbəlayinin risaləsidir ki, bu risalə Zuhuru’l-Həqq əsərinin üçüncü cildində yer alır. Şeyx Sultan bu risalədə Tahirəni müdafiə etmiş və Molla Əhmədə qarşı çıxmışdır. Babın Tahirəni açıq şəkildə müdafiə etdiyi və onun Babiliyin bəzi incə mənalarını başa düşməkdə digərlərindən irəlidə olduğunu bildirdiyi məktubu eşitdikdən sonra, Molla Əhməd sükut etməyə məcbur qalmış və daha Tahirəyə qarşı çıxmamışdır.

Tahirə, Seyid Kazım Rəştiyə məxsus evdə üç ayrı qrup üçün ayrıca dərs keçirdi. Bunlar ümumi maraqlanan şəxslərə açıq olan dərslər, yalnız kişilərdən ibarət Babi dərsləri və yalnız qadınlar üçün təşkil olunmuş dərslər idi. Bundan başqa, Tahirənin xüsusi tərəfdarlarından ibarət seçilmiş qrup üçün də iclasları olurdu və bu dərslərdə Şeyxiyyə və Babiliyə dair daha xüsusi təlimlər təqdim edilirdi. Tahirə Kərbəlada tələbələri arasında böyük populyarlıq qazanmışdı. O, həmçinin Babın Qəyyumu’l-Əsmə adlı kitabını tərcümə etmiş və bu əsəri hər gün öz dərs otağında təfsir və tədris etmişdir.

Tahirənin Kərbəlaya qayıdışı ilə onun Babi olduğu barədə şayiələr şiə alimlərinin qulağına çatdı. Kərbəla alimləri onun şəhərdən qovulmasını tələb etdilər. O, Məhərrəm ayında Babın doğum gününü bəhanə gətirərək bilərəkdən şən rəngli geyimlər geyinmiş və üzüaçıq şəkildə camaatın qarşısına çıxaraq alimlərin qəzəbini özünə yönəltmişdir. Məhəmməd Hüseyninin yazdığına görə, Seyid Kazımın evində hər il Məhərrəm ayı münasibətilə əzadarlıq mərasimləri keçirilirdi. Lakin Tahirə, Kazimiyyə səfərindən sonra Kərbəlaya qayıtdıqdan və Seyid Kazımın vəfatından sonra, bir Məhərrəm ayında bu mərasimləri ləğv etmişdir. Çünki həmin gün Babın doğum gününə təsadüf edirdi. Bunun əvəzinə xına mərasimi təşkil edilmiş, rəngarəng geyimlər geyilmişdi. Bu hadisələrdən sonra, Kərbəla ruhanilərinin təhriki ilə bir qrup onun yaşadığı yerə hücum etmişdir. Osmanlı hökuməti məsələyə müdaxilə etməyə məcbur qalmış və əvvəlcə onu Kərbəlada ev dustaqlığında saxlamış, daha sonra isə Bağdada göndərmişdir. Nəticədə, Tahirə 1847-ci ilin əvvəllərində Bağdadın sünni müftisi Şihabəddin Alusinin evində ev dustaqlığına salınmışdır.

Osmanlıdan qovulması və Qacar imperiyasına dönüşü

redaktə

Bu dövrdə Tahirənin fəaliyyəti Qəzvindəki ailəsini narahat etmişdi. Onun hicabı açması kimi davranışları Tahirə haqqında əxlaqa zidd şayiələrin yayılmasına səbəb olmuşdu. Belə bir şəraitdə Tahirənin atası, İraqdakı qohumları vasitəsilə İraq valisini Tahirəni İrana qaytarmağa razı salmışdı.

Bir müddət sonra, 1847-ci ildə, Osmanlı hakimiyyətinin əmri ilə Tahirə İraqdan çıxarıldı. O, birbaşa Tehrana gedərək Qacar şahının hüzuruna çıxmaq və onu yeni dinə dəvət etməklə bəxtini sınamaq niyyətində idi. Lakin atası bu niyyətdən xəbər tutdu və yolda onun qarşısına adamlar göndərdi ki, Tahirəni yarı yoldan geri döndərərək Qəzvinə aparsınlar.

Tahirənin İraqdan Qəzvinə qədər olan səfəri böyük rezonans doğurdu. O, hər bir kənd və qəsəbəyə çatdıqda Babi dinini təbliğ etməyə başlayırdı. Kirind Qərb bölgəsində təxminən 1200 nəfər ona qoşuldu. Kirmanşah şəhərində isə şəhər hakiminin xanımı onun tərəfdarı oldu. Bu şəhərdə 40 gün ərzində ruhani alimlərlə mübahisə aparmışdı. Səhnə şəhərində Əhli-Həqq icması ona böyük rəğbət göstərdi. Həmədanda Tahirə, şəhərin nüfuzlu ruhani və qadınları ilə görüşlər təşkil etməyə nail oldu. Bu səfər zamanı yeni dinə iman gətirənlərin çoxu şahzadə və zadəgan ailələrindən idi. Həmədanda bir müddət yəhudi mənşəli bir həkim — Azər adlı şəxsin evində qaldı. Lakin bir yəhudi ailəsinin “üsyançı” bir qadını himayə etməsi anti-yəhudi iğtişaşlara yol aça bilərdi deyə, Tahirə həmin evdən çıxmağa məcbur oldu.

Qəzvinə qayıdış

redaktə

Nəhayət, Tahirə üç ildən sonra Qəzvinə qayıtdı. Qəzvinə qayıtdıqdan sonra atası onu Babi təlimindən döndərməyə və keçmiş həyat yoldaşının evinə qaytarmağa çalışdı, lakin bu cəhd uğursuz oldu. Habelə Tahirənin Qəzvinə dönməsi ilə, həyat yoldaşı Molla Məhəmməd də onunla yenidən birgə yaşamağı istədi. Məhəmməd Hüseyni Molla Məhəmməd Zərəndinin yazdığına istinad edərək bildirir ki, Molla Məhəmməd bir neçə qadın vasitəsilə həyat yoldaşına məktub göndərərək evinə dönməsini xahiş etmişdir. Tahirənin bu təklifə belə cavab verdiyi iddia edilir:

Mənim adımdan o nadan və şüursuza söyləyin ki, əgər mənimlə olan qohumluq iddiasında səmimi olsaydın və həqiqi bir qəlb bağlılığın olsaydı, mən Kərbəlada olduğum bu müddət ərzində heç olmasa məni ziyarət edərdin və Kərbəlada qayıdarkən mənimlə yola çıxardın. Piyada mənimlə addımlayardın, səmimiyyətlə köç arabamı qoruyardın və bütün səfər boyunca xidmətimdə olardın. O zaman səmimiyyətini görüb səni qaflət yuxusundan oyadardım və ilahi həqiqəti sənə izah edərdim. İndi isə bunların heç birini etməmisən və üç ildir ki, bir-birimizdən uzağıq, daha yaxşı olar ki, bu ayrılıq əbədi olsun – nə bu dünyada, nə də axirətdə bir görüşümüz və birliyimiz mümkün olmasın. Bəli, ayrılığımız əbədi, hicranımız daimidir. Mən səndən üz döndərdim və artıq sənə heç bir etina göstərilməyəcək.

Lakin Bərağani ailəsindəki ailədaxili ixtilaflar bununla bitmədi. Tahirənin əri ilə olan problemləri ilə yanaşı, ailənin digər üzvləri arasında da gərginliklər artırdı. Tahirənin kiçik əmisi və Babi olan Molla Məhəmməd Əli ilə böyük qardaşları arasında ciddi fikir ayrılığı yaranmışdı. Tahirənin bacısının əri və yeni Babi olan qardaşı isə qarşı tərəfdə dayanırdı.

Digər tərəfdən, Tahirənin Qəzvinə gəlişi ilə şəhərdə ümumi qarşıdurmalar da artmağa başladı. Üsuli ruhani təbəqə, xüsusilə Tahirənin atası və onun ailəsi, minbərlərdən Babi təliminə qarşı geniş təbliğata başladılar və insanlara Babilərlə ticarət etməyi qadağan etdilər. Bu hökmlər tədricən Qəzvin bazarında toqquşmalara səbəb oldu. Əmanatın ifadəsi ilə desək, şəhərdə “Heydəri və Neməti müharibəsi” hökm sürməyə başladı.

Məhəmmədtaqı Bərağaninin öldürülməsi

redaktə

Bir müddət sonra, Qəzvinin dini lideri sayılan və Tahirənin keçmiş qayınatası olan Məmmədtaqı Bərağani məsciddə ibadət əsnasında hücuma məruz qalaraq öldürüldü. Qatil isə Şirazdan Qəzvinə gəlmiş bir Şeyxi idi. O, həbs olunaraq zindana salındı və cəza verilməzdən öncə cinayətini etiraf etdi. Buna baxmayaraq, Qəzvin şəhərində Tahirənin əmisi olan bu şəxsin qətlində onun əli olduğu barədə şayiələr yayıldı. Keçmiş əri isə Tahirəni qətl əmrini verməkdə ittiham etdi. Nəticədə Qəzvinin hakimi onu həbs etdirdi, lakin Tahirə digər Babi qadınların köməyi ilə zindandan qaçmağa müvəffəq oldu və Tehrana sığındı.

Tahirə, Kərbəlada Məlla Əli Bistaminin ona təqdim etdiyi Qəyyumu’l-Əsmə kitabını oxuduqdan sonra Babın ardıcıllarından olmuşdu. Bu əsərdə, iman gətirməyənlərlə zorakı davranış və müharibə kimi məsələlərə dair müxtəlif təlimlər yer alır. Məhəmmədhüseyninin "Həzrət Tahirə" kitabında yazdığına görə, Tahirə İraqdan İrana səfərləri zamanı hər yerdə bu kitabı təbliğ etmiş və öyrətmişdir. Buna baxmayaraq, Səbir Afaqi onun ailə üzvlərinə qarşı hər hansı zorakı hərəkətdə iştirakını mümkün saymır. Abbas Əmanət da Tahirənin bu sui-qəsddə hər hansı rolu və ya məlumatı olduğunu qəti şəkildə rədd edir. Lakin Həmid Dəbaşi Əmanətin bu nəticəsini "tələsik" adlandırır və əlavə edir:

Qürrətüleyn, tamamilə anlaşılan inqilabi səbəblərlə Qəzvindəki Şeyxiyyə və Babiyyənin ən təhlükəli düşməni sayılan Malla Taqının qətlini əmr etmiş ola bilərdi. Lakin hər hansı siyasi sui-qəsddə olduğu kimi, bu hadisə ilə bağlı da onun əlaqəsini təsdiq və ya inkar etmək üçün heç bir qəti sübut yoxdur.

Bədəşt toplantısı

redaktə

Babın ilk yazılarında onun ardıcıllarına, hətta müstəhəb və məkruh əməllərdə belə İslam dininin göstərişlərinə tabe olmalarının zəruriliyi vurğulanmışdı. Əldə olan sübutlara əsasən, sonralar Babilər İslamı inkar etməklə tanınsalar da, bu erkən dövrdə İslamın adət-ənənələrinə tam bağlılıqları ilə məşhur idilər. Bununla belə, Babın ilahi təyinatlı bir nümayəndə olduğunu iddia etməsi kimi bəzi cəhətlər onun bu mühafizəkar mövqeyini təhdid edirdi. Görünür ki, Tahirə Babın dini məsələlərdəki ali səlahiyyəti olduğunu, hətta Babın özündən də öncə iddia etmiş və bunu Şeyxilikdən qaynaqlanan ideyalarla birləşdirmişdi. O, çox güman ki, 1848-ci ildə baş verən Bədəşt hadisələrinin hərəkətverici qüvvəsi olmuşdur.

Riçard Foltzun yazdığına görə, Tehranda tanınmış babilərin iştirakı ilə bir iclas keçirməyi təklif edən Tahirə olmuşdur. Onun dəvətini qəbul edən görkəmli Babilər 1848-ci ilin mart-aprel ayında, yəni Babın Azərbaycanın Maku qalasında mühakimə olunduğu dövrdə Şahrudun Bədəşt kəndində toplandılar. Bu kənd Tehran-Məşhəd və Mazandaran-Həzarcirib-Şahrud yollarının qovşağında yerləşirdi.

Bədəştdə baş verən hadisələrlə bağlı müxtəlif mənbələr fərqli fikirlər irəli sürürlər. Hadisələrin bir çox təfərrüatlarında ixtilaf mövcuddur. Negar Muttəhidə toplantının üç həftə sürdüyünü bildirir. Lakin Hüda Mahmudinin fikrincə bu toplantı on gün davam etmişdir.

Əfsanə Nəcmabadi yazır ki, Babilərin bu toplanışının səbəbi, onlara qarşı artan təzyiqlər fonunda yeni dinin gələcək istiqamətləri haqqında qərar vermək idi. Juan Cole isə bildirir ki, Bədəşt toplantısının məqsədi Maku qalasında dustaq olan Seyid Əli Məhəmməd Babın azad edilməsini təmin etmək idi. Marion Woodman konfransın məqsədini Bab dininin İslamdan tam ayrıldığını və müstəqilliyini elan etmək kimi qiymətləndirir. Monqolun fikrincə isə Babilərin Bədəştdə silahlı qiyama başlamaq istədikləri danılmazdır.

Bədəştdə fikir ayrılığı əsasən iki şəxs arasında müşahidə edildi. Münaqişədə Tahirə Bab dininin İslamdan tamamilə ayrılmasını və cəmiyyətin müdafiəsi üçün hərbi tədbirləri müdafiə edirdisə, digər tərəfdən Məhəmməd Əli Barfurüşi bu dini İslamın yenidən dirçəldilməsi məqsədli bir hərəkat çərçivəsində saxlamağı istəyən daha mühafizəkar xəttə rəhbərlik edirdi.

Tahirə Bədəşt yığıncağında çıxış etdi və üzü örtülmədən kişilərin qarşısında çıxaraq onları heyrətə saldı. O, həmçinin Babiliyin İslamdan ayrıldığını, köhnə şəriət hökmlərinin və adət-ənənələrin ləğv olunduğunu elan etdi. Bu hadisə dövrün dövlət məmurlarını və din xadimlərini daha da narahat etdi. Əmanatın qeyd etdiyinə görə, əksər mənbələr göstərir ki, Tahirə bu hadisəyə qədər heç vaxt ictimaiyyət qarşısında üzünü açmamışdı.

Tahirənin örtüksüz şəkildə kişilərin qarşısında görünməsi Babilər arasında ixtilafa səbəb oldu. Eduard Qranvil Braun yazır ki, bəzi Babilər gördüklərinə inanmayaraq Tahirənin örtüyünün sadəcə azca sürüşdüyünü düşündülər. Bir qrup Babi isə tərəddüdə düşərək Məhəmməd Əli Barfurüşinin rəhbərliyi ilə Tahirəyə qarşı çıxdılar. Nəhayət, Tahirə bir mübahisə nəticəsində Barfurüşini İslam şəriətinin hökmlərinin artıq keçərsiz olduğuna inandıra bildi. Bəhai mənbələri isə Barfurüşi ilə Tahirə arasında baş verən bu mübahisələri əvvəlcədən planlaşdırılmış və onların zahiri bir qarşıdurması kimi dəyərləndirirlər.

Bu münasibətlə Tahirə bir şeir də yazmış və orada İslam hökmlərinin ləğvini belə ifadə etmişdir:

Ey aşiqan, ey aşiqan, oldu aşkar vəch-e Haqq, Rəf‘ olundu pərdələr, baxın, Rəbbü’l-xəlqin qüdrəti ilə! Gəldi zaman-e rastlıq, əyrilik oldu yoxluqda, O oldu ki, istədiyin – ədalət, qanun, nizamla!

Toplantının nəticələri

redaktə

Rəhbərlər arasında əldə olunan bu mövqe və razılaşmalardan sonra bəzi iştirakçılar ifrat addımlar atdılar, bir qrup isə Babi dinindən üz döndərdi. Bununla belə, Bəhai mənbələri Bədəşt hadisəsini “hicabın götürülməsi”, “pərdəni kənara atma” və “Tahirənin qiyamı” kimi ifadələrlə dəyərləndirirlər. Onlar bu hadisəni “qeyri-adi” hesab etsələr də, bunun qadınların alçaldılması və cinsi ayrı-seçkiliklə mübarizə, qadınların ictimai vəziyyətinin yaxşılaşdırılması və qadınlarla kişilər arasında hüquq bərabərliyinin təmini yönündə bir mesaj daşıdığını qeyd edirlər. Əksər ilkin mənbələr Tahirənin Bədəştdə hicabını açması məsələsində həmfikirdir. Lakin Edvard Braun bildirir ki, əgər doğru xatırlayırsa, Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu olan Yəhya Əzəl onunla söhbətində bunları deyib:

Tahirə heç vaxt tam hicabını açmayıb; çıxış etdiyi vaxtlarda bir anlıq hicabını kənara çəkir, amma dərhal sonra yenidən üzünü örtürdü.

Negar Muttəhidə isə Tahirənin hicabsız çıxışını Kərbəla hadisəsində Hüseyn ibn Əlinin bacısı Zeynəbin davranışı ilə müqayisə edir.

Bəhai Dünya Ədalət Evi 20 iyun 2008-ci il tarixli məktubunda bu barədə bunları bildirmişdir:

İran tarixində bənzəri olmayan o şirürəkli qadın – Tahirə – 1227-ci şəmsi ilində, dünyanın bəzi yerlərində qadınların sosial vəziyyətinin yaxşılaşdırılması hələ təzəcə cücərməyə başlamışkən, qadınların azadlığı uğrunda cəsarətlə ayağa qalxmışdı.

Bədəşt toplantısı zamanı bu iclası təşkil edənlərdən biri olan Mirzə Hüseynəli Nuri özünə “Bəha” adını seçdi. Həmçinin, Məhəmməd Əli Barfurüşiyə “Qüddus”, Fatimə Zərrintaca isə “Tahirə” ləqəbi verildi. Əzəlilikk mənbələrindən olan Tənbihü’n-naimin kitabında isə bu barədə belə yazılır:

(Hüseynəli Nuri) Bədəşt hadisəsində bir qrup səhabə ilə Tahirənin xidmətində idi və ‘Bəha’ ləqəbini ilk dəfə ondan eşidərək bu adla fərqləndi və həmyaşıdları arasında şərəf və iftixara nail oldu.

Bədəşt toplantısından və Tahirə ilə Məhəmməd Əli Barfurüşinin (Qüddus) İslamın kənara qoyulması ilə bağlı cəsarətli bəyanatlarından sonra, bu toplantıda iştirak etmiş babilərin karvanı Həzarcirib bölgəsinə daxil olan Niyala kəndinin sakinləri tərəfindən hücuma məruz qaldı. Hücumdan sonra babilər hər biri bir istiqamətə dağıldı. Tahirə, Nuri qardaşları – Sübhi Əzəl və Bəhaullah – ilə birlikdə Amul üzərindən onların doğulduğu yer olan Nur bölgəsinə yola düşdü.

Yolda qarşılaşdıqları kəndlilərin hücumunun səbəbi kimi, bəzi mənbələrdə Babi ideyalarına qarşı düşmənçilik göstərilir. Məhəmməd Tahir Sepehrin yazdığı Nasixü’t-təvarix kimi bəzi rəsmi Qacar dövrü salnamələrində isə bu hücumlara bəzi əxlaqa zidd ittihamlar da əlavə olunmuşdur. Monqol Bəyat yazır ki, bəzi ilkin mənbə müəllifləri Babi ardıcıllarının məsuliyyətsiz davranışlarını qeyd etsələr də, qadınların paylaşılması və əxlaqsızlıq ittihamları olduqca şişirdilmiş şəkildə təqdim olunmuşdur. Müsəlman din xadimləri ilə yanaşı, bir xristian missioneri də Tahirəyə qarşı əxlaqa zidd davranışlar etmə ittihami irəli sürmüşdür. Lakin Bab bu ittihamlara cavab olaraq Tahirəni müdafiə etmiş, ona verilmiş yeni ləqəbi təsdiqləmiş və onun iffətinə şahidlik etmişdir. “Tahirə” sözü də məhz “iffətli, pak” mənasını verir. Bab həmçinin Tahirəni Hurufu’l-Həyydən olan digər on yeddi şəxsə bərabər tutmuşdur. Hurufu’l-Həyy – yəni “Canlı Hərflər” – Babın ilk iman gətirən 18 ardıcılı idi və Babi tarixində yüksək mənəvi mövqeyə sahib sayılırdılar. Tahirə bu on səkkiz nəfərdən biri idi.

Həbs edilməsi və edamı

redaktə

Bədəşt hadisəsi nəticəsində Babilər hökumət məmurları ilə toqquşdular. Təqribən bir il ərzində Tahirə kəndbəkənd gizli şəkildə yaşamalı oldu. O, Nur şəhərindən Təbriz qalasındakı döyüşə qatılmaq və digər Babilərlə birləşmək məqsədilə yola çıxdığı zaman, əmisinin qətlinə fərman verdiyi iddiası ilə tutularaq Tehrana göndərildi.

Təxminən üç il müddətində Tahirə Tehran polis rəisi Məhəmməd xan Kəlantərin mənzilinin yuxarı otağında ev dustaqlığında saxlanıldı. Bu müddət ərzində onun şöhrəti daha da artdı və Tehranlı nüfuzlu qadınlar onu ziyarət etməyə başladılar. Virciniya Universitetində fars ədəbiyyatı və qadın tədqiqatları üzrə professor olan Fərzanə Milani bu haqda belə deyir:

Tahirə ömrünün son illərində artıq öz baxışlarına zidd olan fikirlərə dözüm göstərmirdi. Onun dialoq qurmaq və dövrün hökm sürən inanclarına qarşı fikir mübadiləsi ilə çıxış etmək arzusu artıq həyata keçə biləcək bir məqsəd deyildi.

Bu illər ərzində Bab edam edilmişdi və onun bəzi tərəfdarları qisas almaq məqsədilə 15 avqust 1852-ci ildə Niyavəranda Nəsrəddin şahı güllə atəşinə tutdular. Bu sui-qəsd uğursuz oldu və şah bunun əvəzində Babilərin kütləvi qətlini əmr etdi. Bildirilir ki, Tahirənin həyat yoldaşından ayrıldıqdan illər sonra və edamından öncə Nəsrəddin şah ona uğursuz bir evlilik təklifi etmişdir. Tahirənin bu təklifə cavab olaraq şah üçün göndərdiyi beyit belədir:

Sənə İskəndər taxt-tacı yaraşır, mənə isə qələndərliyin yolu. Əgər o gözəldirsə, sənə layiqdir, bu pisdirsə, mənə müvafiqdir.

Əzəli mənbələrindən olan Nurəddin Müdrisəyi Çahardəhi şahın Tahirə ilə görüşdüyünü təkzib edərək qeyd edir:

Tahirə həbsdə olduğu zaman Nəsrəddin şahla görüşmək istəyirdi. Şah da onunla evlənmək niyyətində idi. Lakin saray əyanları Tahirənin şah üzərində təsir gücünə malik olacağından və gözəlliyinə şahın heyran qalacağından ehtiyat etdikləri üçün onun ölümünü sürətləndirdilər.

Nəhayət, 1852-ci ildə iki nüfuzlu müctəhidin hökmü ilə təqribən 35 yaşlı Tahirə edama məhkum edildi. Babilərin kişi liderləri ictimai şəkildə edam edilsə də, Tahirə gizli şəkildə Elxani bağına aparıldı, orada boğularaq öldürüldü və cəsədi bir quyuya atıldı.[26] Əfsanə Nəcmabadi qeyd edir ki, Nəsrəddin şahın məhkəmə sistemi çərçivəsində Tahirəyə əvvəlcə ömürlük həbs, daha sonra isə apellyasiya məhkəməsində edam hökmü verildi. Tahirə həm də “yer üzündə fəsad törədən” ittihamı ilə İranda edam edilən ilk qadın olmuşdur.

Qadın hüquqları mübarizəsinə təsiri

redaktə

Bəzi Bəhai mənbələrində Tahirənin edam edilməzdən öncə söylədiyi son söz belə qeyd olunmuşdur:

İstədiyiniz vaxt və istədiyiniz şəkildə məni öldürə bilərsiniz. Lakin qadınların azadlığının qarşısını ala bilməzsiniz.

Lakin Ervand Şarma bu sitatın etibarlılığını şübhə altına alaraq, onun böyük ehtimalla uydurma olduğunu düşünür.

Bir sıra qadın hüquqları müdafiəçiləri Tahirəni qadınların mübarizə tarixində simvolik bir şəxsiyyət kimi dəyərləndirmişlər. Məsələn, Avstriya prezidentinin anası və 1925-ci ildə müasir qadın hərəkatının banilərindən biri olan Marian Hainisch, öz fəaliyyətlərində Tahirənin həyatından ilham aldığını bildirmişdir. Kave Luisin fikrincə, Tahirə İranda qadın-kişi bərabərliyi hərəkatının ilk qəhrəmanlarından biri olmuşdur.

Bununla belə, Riçard Foltz, Luis Bek və Giti Nişat kimi tədqiqatçılar bəzi müasir müəlliflərin Tahirənin hicabı açmasını feminist bir aksiya kimi şərh etmələrini rədd edir və bu davranışı daha çox İslam şəriətindən uzaqlaşma və yeni dinə keçidin simvolu kimi dəyərləndirirlər.

Denis MacEoin də, Peter Smithin "A Brief History of Bahai Faith" kitabına yazdığı icmalda bəhailərin Tahirə haqqında təqdim etdikləri mifik obraza da istinad edir və deyir ki, Smit Tahirəni gender bərabərliyinə can atan bir feminist kimi deyil, dini təlimlərin təsirinə məruz qalmış, dini təlimlərin təsirinə məruz qalmış bir qadın kimi görür.

Bununla yanaşı, Babi hərəkatına dair əksər müasir təhlillər, bu dini cərəyanın cəmiyyətə göstərdiyi əsas təsirlərdən birinin qadınların ictimai mövqeyinin yaxşılaşdırılması olduğunu qəbul edirlər.

Fərzanə Milaniyə görə, Tahirə cəmiyyətin qadınlar üçün müəyyənləşdirdiyi mövqeyi sorğulamış və bu məsələnin açıq şəkildə müzakirəsinə cəhd göstərmişdir. Onun baxışları əsasən teoloji xarakter daşısa da, öz fikirlərini ifadə etmək, şəxsiyyətini sərbəst şəkildə ortaya qoymaq və ictimai məkanda səsinin eşidilməsini istəməsi, dövrün qadınlara verdiyi sosial mövqeni ciddi şəkildə sorğulamağa səbəb olmuşdur. O, natiq bir mütəfəkkir və şair kimi, öz dövründə qadınlara aid edilən sükut və kənara çəkilmə statusunu rədd etmiş və yeni cinsiyyət rollarını formalaşdırmağa çalışmışdır.

Bölgədə adın hərəkatının hələ başlanmadığı, hətta belə bir fikrin qadınların təsəvvüründə belə mövcud olmadığı bir dövrdə, Tahirənin həyat hekayəsi onun bu hərəkatın canlı təcəssümü olduğunu göstərir. Tahirə hələ babiliyi qəbul etməzdən əvvəl belə, öz cəmiyyətində kök salmış və məşhurlaşmış ictimai normaları açıq şəkildə sorğulamağa başlamışdı. Onun bütün həyatı qadınlara təqdim edilən məhdud rollara qarşı açıq etirazın təcəssümüdür. O, yalnız dini təsisatlara deyil, bütövlükdə kişi mərkəzli sosial quruluşa meydan oxuyurdu. Tahirə qadınlara münasibətdə “itaətkarlıq”, “evdarlıq”, “görünməzlik” və “sükut” kimi qəbul edilmiş dəyərlərdən uzaq duraraq, yerinə “ifadə azadlığı”, “sosial fəallıq” və “çərçivələri aşma” ilə mövcud quruluşu sarsıtmışdır.

Vilsonun fikrincə, yeni dini təlimlərin təsiri qadınların azadlığını təmin edəcək qədər güclü olmamış və Tahirədən sonrakı bəhai qadınlar hələ də hicab geyinməyə davam etmişlər.

İran qadın hüquqları hərəkatının öncüllərinin dini mənsubiyyətləri nəzərdən keçirildikdə, onlardan bir və ya ikisinin babi olduğu müşahidə olunur. Bununla belə, babi icmasının təqibə məruz qalması səbəbilə bu şəxslər dini mənsubiyyətlərini gizlətməyə məcbur qalmışlar. Hətta qadın hüquqları uğrunda çalışanların çoxunun ailələri babi olmasa da, qadınların azadlığı ideyasını dəstəkləyirdilər. Bütün bu amillər fonunda kimin həqiqətən babi olub-olmadığını müəyyən etmək çətinləşir.

Məsələn, "Zəban-e Zənan" (Qadınların dili) jurnalının redaktoru Sədiqə Dövlətabadi böyük ehtimalla babi olmuşdur. Hərçənd xatirələrində 1300-cü (1921–1922) ildə təkbaşına Avropaya səyahət edən bir İranlı qadını gömrük işçisinin qeyri-müsəlman zənn etməsinə qarşı çıxaraq özünü müsəlman kimi təqdim etdiyi qeyd olunur. Lakin Eliz Sanasaryan bu məqamı sorğulayaraq sual edir:

Görəsən o, həmin dövrdə doğrudan da müsəlman idimi və sonradan babiliyi qəbul etmişdimi? Bəs onun bacı və qardaşı, yəni Pəri və Yəhya Dəvlatabadi, hansı ki qadın hüquqları hərəkatını dəstəkləmişdilər, onlar da babi idilərmi?

Bu gün ABŞ-da "Tahirih Justice Center" (Tahirə Ədalət Mərkəzi) adlı bir insan haqları təşkilatı qadınların və qızların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir.

İncəsənətdə

redaktə

Fransız aktrisa Sara Bernar (1844–1923) Sankt-Peterburqda səhnəyə qoyulan bir tamaşada Tahirə rolunu ifa etmişdir. Tahirə bir sıra teatr və film layihələrinin mövzusu olmuşdur. 1990-cı illərdə Los-Ancelesdə onun haqqında dramatik televiziya filmi çəkilmiş, İllinoys ştatının Çikaqo şəhərində rejissor İzzət Guşəgir tərəfindən onun həyatına dair bir sıra teatr tamaşaları səhnələşdirilmişdir. 2011-ci ildə Nilufər Beyzayi tərəfindən hazırlanmış teatr əsərində isə Tahirənin fikirlərinə, onu babi təriqətinə qoşulmağa və evini tərk etməyə vadar edən ictimai, şəxsi şəraitlərə diqqət yetirilmişdir. 2017-ci ildə Şəbnəm Toluinin çəkdiyi "Torpaq–Şükufə–Atəş" adlı sənədli film, Tahirənin doğumundan edamına qədər olan həyat hekayəsini əhatə edir.

Şeirləri və yazıçılığı

redaktə

Tahirə həm də şairlik və yazıçılıq qabiliyyətinə malik olmuşdur. Ondan bir sıra yazılı əsərlər, şeirlər və məktublar qalmışdır. Onun bəzi məktubları və məqalələri "Zuhurül-Həqq" (1322 qəməri Tehran) adlı əsərin üçüncü cildində, bəziləri isə Misirdə nəşr olunmuş "Əl-Kəvəkib əd-Durriyyə fi Məasir əl-Bəhəiyyə" adlı kitabda dərc edilmişdir. Onun poetik irsi əsasən irfani və fəlsəfi mövzularda yazılmış şeirlərdən ibarətdir. Bu şeirlər onun dərin dini dünyagörüşünü əks etdirir. Bundan əlavə, Nəsrəddin şahın evlilik təklifini rədd etməsi ilə bağlı satirik bir şeir də ona aid edilir.

Babilərin kütləvi qətliamı nəticəsində onların yazılı sənədlərinin böyük bir hissəsi məhv olmuşdur. Bu səbəbdən Tahirədən günümüzə qədər gəlib çatan şeirlərin əksəriyyəti şifahi ənənə vasitəsilə nəql edilmişdir. Ondan qalan ümumi poetik irs 60-a qədər qısa və orta həcmli şeiri əhatə edir. Müasir müəlliflərdən bəziləri onun şeirlərini bəzən süni və şişirdilmiş dilə görə tənqid etmişlər. Onun ölümündən 150 il sonra, 1990-cı ildə bir azərbaycanlı tədqiqatçı Tahirənin Azərbaycan türkcəsində yazılmış şeirlərini tapdığını iddia etmişdir. Əziz Qafarzadə adlı bu tədqiqatçı bunun təəccüblü olmadığını, Tahirənin dünyaya gəldiyi Qəzvində insanların hələ də farsca və Azərbaycanca danışdıqlarını bildirir.

Tahirəyə aid edilən bir çox şeirin əslində Ümmü Hani, İffət Nəsabə, Üşrət Şirazi, Söhbət Lari və digər şairlərə aid olduğu güman edilir. Nemətullah Zəkayi Beyzayi yazır ki, Tahirə təsirli və mənəvi məzmunlu şeirləri harada görsə və ya eşitsə, onları yadda saxlayar və münasib şəraitdə söyləyərdi. İddiaya görə, yaxınları həmin şeirlərin müəllifini tanımadıqları üçün onları Tahirəyə aid edərək qeydə almışdırlar. Hüseyn Pərtu Beyzayi öz kitabında Tahirəyə aid verilmiş, lakin əslində başqa şairlərə aid olan tanınmış şeirləri müəyyənləşdirmişdir. Onun yazdığına görə, Tahirənin 73 səhifəlik bir divanı olmuş, bu divanda 475 beytlik şeirlər səkkiz hissəyə bölünmüşdür və bu hissələrdən ikisi "Bəht" adlı bir şəxsə həsr olunmuşdur.

Süzan Staylzmenk bildirir ki, müsəlman mənbələri bəzi şeirlərin əsl müəllifinin qədim şairlər, o cümlədən Söhbət Lari olduğunu göstərmişlər. Lakin Çikaqo Universitetində fars ədəbiyyatı üzrə professor Franklin Luis bu şeirləri Tahirənin həmin şairlərdən "təznim" (nümunə götürərək yenidən şeir yazma) etdiyini qeyd edir.

Aşağıdakı qəzəl Tahirəyə nisbət verilmiş məşhur şeirlərdəndir. Firudin Fəruqi bu şeirin sözləri əsasında bir musiqi əsəri ifa etmişdir. Həmçinin, Məhəmməd Rza Şəcərian da bu şeiri Məhəmmədrza Lütfinin bəstələdiyi musiqi ilə Şiraz İncəsənət Festivalında "Çöhrədən Çöhrəyə" adlı ifada səsləndirmişdir.

Əgər sənə düşsə baxışım, üz-üzə, çöhrə ilə çöhrəyə,
Qüssəni izah edərəm, nöqtə-nöqtə, telbətel, düyün-düyün.

Sima­nı görmək üçün külək tək düşmüşəm yollarına,
Ev-ev, qapı-qapı, küçə-küçə, döngə-döngə gəzmişəm.

Səndən ayrı düşmək qanlı yaş axıdır gözlərimdən,
Dəclə-dəclə, dəniz-dəniz, bulaq-bulaq, axın-axın.

O incə dodaqlarının ətri, ənbər tək yanağın xətti,
Qonça-qonça, gül-gül, lalə-lalə, ətir-ətir yayılır.

Qaşın, gözün, xalın ovladı könlümün quşunu,
Ruh-ruh, qəlb-qəlb, məhəbbət-məhəbbət, xasiyyət-xasiyyət.

Sənin eşqini hüznlü qəlb toxuyub can parçama,
İp-ipi, sap-sap, tel-tel, lif-lif, qat-qat.

Tahirə qəlbinin dərinliyində gəzdi səni tapmaq üçün,
Səhifə-səhifə, qat-qat, pərdə-pərdə, tamamilə sən-sən.

Məhəmməd Mühit Təbatəbai Mirzə Məhəmməd Tahir Vəhidə aid olan və Tahirədən yüz on il əvvəl yaşamış bir şairə məxsus "məxəmməs" əsasında göstərmişdir ki, bu məşhur qəzəl nə Tahirəyə, nə də Mirzə Tahirə məxsusdur; əsl müəllifi Tahir Kaşanidir. Bəhai yazıçısı Nüsrətullah Məhəmmədhüseyni də bu qənaətdədir:

Bu qəzəl böyük ehtimalla Tahir Kaşaninin əsəridir. Bu fikri bir müəllif kimi, Fətəli şah Qacar dövründə toplanmış və hal-hazırda Tehran Malek Muzey və Kitabxanasında saxlanılan farsdilli şairlərin divanına əsaslanaraq irəli sürürəm.

Tahitə və Babilik

redaktə

Bir çox Babilər üçün Tahirə, İslam peyğəmbəri Məhəmmədin qızı Fatimənin zühurunun təkrarı və ya onun rücəti sayılırdı. Bu yanaşma Tahirənin babilər arasında sahib olduğu mənəvi və simvolik məqam, şiəlikdə Fatiməyə verilən statusla eynilik təşkil etməsi kimi şərh edilir.

Seyid Əli Məhəmməd Babın ilk əsəri Yusif surəsinin təfsiridir ki, Şövqi Əfəndi bu əsəri Babi dövrünün Qurani kimi qiymətləndirmişdir. Bu əsər "Əhsənül-qısəs" və "Qəyyumül-əsmə" adları ilə də tanınır və orada Tahirənin adına dəfələrlə açıq şəkildə yer verilir. Seyid Əli Məhəmməd Bab başqa bir yerdə Tahirə haqqında belə bir ifadə işlətmişdir ki, bu da onun tam səlahiyyət sahibi olduğunu göstərir:

Bilin ki, o, Rəbbinə iman gətirmiş və nəfsi ilə müxalif olmuşdur. Allahın ədalətindən qorxar və Rəbbi ilə qarşılaşacağı günün şüurundadır. Onun söylədiyi ayə, xəbər və təsirlər bizim tərəfimizdəndir. Mən istəmirəm ki, kimsə onu inkar etsin, hətta sözləri ağlınıza uzaq görünsə belə.

Əzəliklər Tahirə ilə Bab arasındakı əlaqəni Mövlanə ilə Şəms Təbrizi arasındakı cəzbə və mənəvi cazibə ilə müqayisə edirlər və Tahirənin şeirlərini də bu cəzbə halının ekstazından doğan ilhamın məhsulu kimi izah edirlər.

Əzəli mənbələri yalnız "Tahirə" ləqəbinin Seyid Əli Məhəmməd Bab tərəfindən verildiyini deyil, eyni zamanda Hüseynəli Nuriyə "Bəha" ləqəbinin Tahirə tərəfindən verildiyini də iddia edirlər. Əbdülbəhanın bibisi Əziyyəxanım "Tənbihün-naimin" adlı əsərində yazır:

[Hüseynəli Nuri] Bədişt hadisəsində bir sıra səhabələrlə birlikdə mütəhhərə və möhtərəmə Tahirənin xidmətində olmuş və ‘Bəha’ ləqəbini ilk dəfə ondan eşitmişdir. Bu ləqəblə digərlərindən seçilmiş və iftixar və şərəf qazanmışdır.

Babi hərəkatına töhfəsi

redaktə

Tahirənin Babi ayinini yaymaqda müsbət, yaxud mənfi təsiri barədə fikirlər arasında ixtilaf mövcuddur. O, İslam ənənələrinin ləğv edilməsinə dair çağırışlarda digər Babi liderlərinə nisbətən daha açıq və sərt mövqe sərgiləmişdir. Bəhai tarixçilərindən Həsən Həsən Müqərrər Bəliuzi bildirir ki, “Tahirə Həmədanda bir sıra yəhudilərin Babi dinini qəbul etməsində son dərəcə mühüm rol oynamışdır”. Denis MacEoinin fikrincə, Tahirə praktik olaraq Seyid Əli Məhəmməd Babdan sonra Babi hərəkatının ən təsirli şəxsiyyəti olmuşdur. Tahirə Babi dininə radikal bir yozum gətirmişdi ki, bu, hər nə qədər İran və İraqdakı Babi icması daxilində parçalanmaya səbəb olmuşsa da, messianizm ideyasını “Bab” anlayışı ilə birləşdirmişdir.

Bununla belə, Əhməd Kəsrəvi Tahirənin fəaliyyəti barədə yazır:

Qürrətüleynin hekayəsi təəccüb doğurucudur, lakin buradan nə Babi, nə də Bəhai məzhəblərinin xeyrinə dəlil gətirmək mümkündür. Onun fəaliyyəti isə xeyrindən çox zərər gətirmişdir. Ər evindən qaçması, kişilərlə birlikdə hərəkət etməsi və Bəhai mənbələrinin belə gizlətmədiyi ‘səhradan səhraya’ səfəri, dostlardan çox düşmənlərə əsas vermişdir.

Hər halda, hələ öz sağlığında belə, yalnız müsəlmanlar deyil, bir çox Babi də onun sərt üslubundan və açıq sözlülüyündən narahatlıq duyurdu. Babi icması üzvləri tez-tez Babın yanına gedərək Tahirədən şikayət edirdilər. Lakin Seyid Əli Məhəmməd Bab bu hallarda daim Tahirənin tərəfini tutmuş və öz ardıcıllarına onu müdafiə etməyi tövsiyə etmişdir.

Bədəşt toplantısından az sonra, Tahirənin orada oynadığı mühüm rolu nəzərə alaraq, Bab bir yazısında onun məqamını tərif etmiş və onu təkbaşına digər on yeddi “Hurufi-Həyy” ilə eyni səviyyədə tutmuşdur. Hurufi-Həyy – yəni “canlı hərflər” – Babi tarixində xüsusi əhəmiyyət daşıyan ilk on səkkiz şəxsdir; onlar ilk olaraq Baba iman gətirmiş və bu səbəblə Babi ənənəsində ən yüksək mənəvi məqama sahib sayılmışlar. Tahirə həmin on səkkiz nəfərdən biri idi.

Tahirə və Bəhailik

redaktə

Bəhai icması Tahirəni örnək bir qadın, cəsarət, fədakarlıq simvolu kimi dəyərləndirir və onun bu xüsusiyyətlərinə xüsusilə diqqət yetirir. Şövqi Əfəndi onu gənc bir şairə, nüfuzlu bir ailənin gözəl və sehrli bəlağətə sahib övladı, əzmlə sınmayan bir ruh, cəsur baxışlara və son dərəcə cəsarətli davranışlara malik bir şəxsiyyət kimi təqdim edir. Bəhailiyin ali dini orqanı olan Ədalət Evi 20 iyun 2008-ci il tarixli müraciətində yazır ki, Tahirə 1848-ci il, yəni dünyada qadınların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair fəaliyyətlərin yeni-yeni formalaşmağa başladığı bir dövrdə, qadın azadlıqları uğrunda mübarizəyə cəsarətlə başlamışdır. Bəhai inancına görə Tahirə gələcəkdə Bəhaullahın əldə etdiyi iddia edilən yüksək məqamdan da əvvəlcədən agah olmuşdur.

Əksər müasir rəvayətlər Bəhai inamının ilk mərhələsi hesab olunan Babi dininin cəmiyyətə göstərdiyi əsas sosial təsirlərdən birinin qadınların mövqeyinin yüksəldilməsi olduğunu qeyd edirlər. Babın Tahirəni müdafiə etməsi və onu “Hurufi-Həyy” (on səkkiz ilkin həvari) sırasında yer verməsi, qadın hüquqlarına verdiyi dəstəyin simvolu kimi qiymətləndirilir.

Süzan Staylzmenk və Ervand Şarma Tahirəni Bəhai inancının ən önəmli üç qadın fiqurundan biri (Bəhaullahın həyat yoldaşı Asiyə xanım və qızı Bəhiə xanımla birlikdə) hesab edirlər. Onlar eyni zamanda qeyd edirlər ki, “Tahirə” adı həm İranda, həm də ABŞ-da Bəhai ailələri tərəfindən yeni doğulan qız uşaqları üçün ən çox seçilən adlardan biridir.

Bəhai təfsirində Bədəşt hadisəsi "hicabın qaldırılması", "hicabsızlıq" və "Tahirənin qiyamı" kimi qəbul edilir. Bu hadisə qeyri-ənənəvi sayılsa da, onların fikrincə qadınlara qarşı olan təhqir və ayrı-seçkiliyə qarşı mübarizə mesajı daşıyır, qadınların vəziyyətinin yaxşılaşdırılması və qadın-kişi bərabərliyinin reallaşdırılması yönündə bir addım olaraq şərh olunur. Əksər ilkin mənbələr Bədəştdə Tahirənin hicabını açdığını qəbul etsə də, Edvard Braun qeyd edir ki, əgər düzgün xatırlayırsa, Subh-i Əzəl (Yəhya Əzəl) onunla söhbətlərindən birində bildirmişdi:

Tahirə heç vaxt tam şəkildə hicabını açmamış, yalnız çıxış zamanı qısa müddətlik üzünü açsa da, dərhal sonra yenidən örtmüşdür.

Bəhai yazıçı Negar Muttəhidə isə Tahirənin hicabsızlığını Kərbəla hadisəsində İmam Hüseynin bacısı Zeynəbin vəziyyəti ilə müqayisə etmişdir.

Tahirəyə həsr edilən seminarlar

redaktə

2016-cı ilin avqust ayının əvvəllərində, İran Araşdırmaları Assosiasiyasının On Birinci İkiillik Konqresi çərçivəsində Vyana Universitetində Tahirənin həyatı və yaradıcılığına dair dörd elmi məqalənin təqdim olunduğu bir seminar təşkil edilmişdir. Bu seminarda Səhba Şayani, Saşa Dehqani, Ümid Qaim-Məqami və Filip Bokholt məqalələrlə çıxış etmişlər. Səhba Şayani, Tahirə ilə əlaqədə olmuş doğma şəhəri Qəzvindən olan qadınlara onun təsirlərini təhlil etmişdir. Saşa Dehqani isə Tahirənin şəxsiyyətini bir şair kimi araşdırmışdır. Tahirənin bir şair kimi rolu, əsasən dini-siyasi dözümsüzlüklər və onun şeirləri haqqında dəqiq məlumat və ilkin mənbələrin olmaması səbəbilə çox zaman diqqətdən kənarda qalmışdır. Saşa Dehqani, Rumi, Cami və Azərbaycanlı Göhər Bəyimə aid şeirlərin təsiri ilə yazıldığı iddia edilən üç şeiri araşdıraraq, onları orijinal mətnlərlə müqayisə etmiş və bu yolla Tahirənin şairlik xüsusiyyətlərini tədqiq etmişdir. Ümid Qaim-Məqami isə Avropalı şərqşünas və tədqiqatçılarla İslam dünyasının islahatçılarının Tahirəyə dair qavrayış və yanaşmalarını təhlil etmişdir. Filip Bokholt isə Tahirənin nəsr əsərlərini araşdırmışdır.

Bəhai icması Tahirənin xatirəsinə müxtəlif zamanlarda anım toplantıları təşkil edir. Bu tədbirlərdən biri 18 iyul 2015-ci ildə ABŞ-ın Virciniya ştatında keçirilmişdir. Tahirənin anadan olmasının iki yüzüncü ildönümünə həsr olunmuş bu tədbirdə Mehrəngiz Kər, Kəviyan Sadiqzadə Milani və Nəsrin Əfzəli çıxış etmişlər.

Həyatı

redaktə

Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə İranın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır.

Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib.

Fəaliyyəti

redaktə
 
Tahirənin Qəzvindəki evi

Seyid Əli Məhəmməd Babın başçılıq etdiyi Babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir. Tahirə xanım Seyid Əli Məhəmməd Babın gətirdiyi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk müsəlman qadını idi[27].

Qürrətüleyn İrana varid olduğu zaman Qəzvinədək yolüstü olan şəhərlərdə insanlarla yeni məzhəb təbliğ edirdi və ona görə də adı dildə-ağızda dolaşırdı. Qəzvinə çatdıqda onunla ailəsi arasında, xüsusən də, əri və qaynatası arasında kəskin ziddiyyət və mübahisə yarandı. Molla Tağı və oğlu Məhəmməd əvvəllər yalnız Şeyx Əhsaninin və onların ardıcıllarının əleyhinə idilər. İndi onlar Babiliyə qarşı qalxdılar. Sonda Molla Məhəmməd Tağı Şeyx Əhsainin fikirlərini təhqir etdiyinə görə Ağa Hadi adlı şəxs tərəfindən öldürüldü, 1847-ci ildə baş vermiş bu hadisədən sonra vəziyyət daha da gərginləşdi". Qürrətüleyn bu qətldən sonra şübhəli şəxs qismində həbs olunur, bir müddət Qəzvinin hökumət idarəsində saxlanılır.

Burada onun həyatı təhlükə altında olduğundan Ağa Hadi vasitəsilə Tehrana qaçırıldı. O, bir müddət Tehranda qaldıqdan sonra bütün babilərlə və ona sadiq olanlarla birlikdə Xorasan istiqamətində yola düşdü və Şahruxdan 7 km şərqdə yerləşən Bədəşt kəndinə gəldi. Qürrətüleyn burada çadrasız minbərə çıxaraq nitq söylədi. Burada Hacı Məhəmmədəli Qüddus və Mirzə Hüseyn Əli Bəhaullah daxil olur, 81 nəfər babi arasında müzakirə, mübahisə və mülahizələr on gün davam edir. Babilər üç dəstəyə ayrıldılar.

Bir dəstə Qürrətüleynin ətrafında cəmləşdi, digər dəstə Qüddusun tərəfində oldu. Üçüncü dəstə isə bu parçalanmanı görüb babilikdən uzaqlaşdı. İki dəstəyə ayrılmış babilərə ayrı-ayrılıqda Qürrətüleyn və Qüddus rəhbərlik edirdi. Onların arasında yaranmış söz-söhbət sazişə gəlməklə əvəz edildi və tərəfdarları ilə kəcavələrə əyləşərək Mazandarana yola düşdülər. Babilər Niyalaya yetişdikdə həmin yerin əhalisindən 500 nəfəri qarət məqsədilə onlara hücum etdi. Qürrətüleyn öz tərəfdarları ilə Mazandaranın kənd və qəsəbələrinə gedərək babiliyin təbliği ilə məşğul oldu. Onun qohumları və düşmən qüvvələr Qürrətüleyni öldürmək üçün axtarırdılar. Ona görə də əlacsız qalıb Şeyx Əbu Turab İştehardi ilə birlikdə Babilə getdi. Burada mollalar istədilər ki, ona əziyyət versinlər, camaatla görüşməyə qoymadılar. O, Nura tərəf yola düşdü və bura çatdıqdan sonra çox keçmədi ki, babilərin Təbərsi qalasında yığışaraq böyük dövlət qüvvələrinə qarşı vuruşduqlarını eşitdi. Qürrətüleyn Nurdan Babilə qayıtdı ki, Təbərsi qalasında babilərlə birləşsin. O, qalanın bütünlüklə dövlət qoşunları tərəfindən mühasirəyə alındığını gördü. Dövlət məmurları Qürrətüleyni tanıdıqları üçün tutub mühafizə dəstəsilə Tehrana göndərdilər. Tehranda onu və bütün babiləri şəhər polisi Mahmud xanın evində həbs etdilər. Burada onları evin yuxarı mərtəbələrində saxlayırdılar ki, xariclə əlaqə yaratmasınlar. Onlar bu vəziyyətdə 5 il (1848–1852) həbsdə qaldılar[28].

1852-ci ildə Nəsrəddin Şaha uğursuz sui-qəsd edildi və bunun babilər tərəfindən baş verdiyi məlum olduqda, onları zindandan çıxarıb baş nazir Mirzə Ağa xan Nurinin yanına aparmaq bəhanəsilə atlara mindirdilər. İndi Tehranın İran Milli Bankı yerləşən məhəllədəki məşhur Elxani bağına apararaq, orada boğub bir quyuya atdılar. Quyunu torpaqla doldurdular.

Qürrətüleynin öz əmisi oğlu olan ərindən üç övladı var idi. İki oğlu şeyx İbrahim və şeyx İsmayıl molla təhsili görmüş və hər üç övlad analarının əqidəsinə zidd tərbiyə almışdılar. Qürrətüleyn o dövrün tələblərinə zidd olaraq minbərə çadrasız çıxır, atəşli nitqlər söyləyirdi. O, qadın azadlığı, onun hüququ, qadının kişilərlə bərabər hüquqlu olması tələbilə çıxış edirdi.

Müsəlmanlar, əvvəllər şeyxiyyə təriqətini qəbul etmiş insanlar babilərin qanunlarını, xüsusilə, insanların hüquq bərabərliyi məsələsini qəbul etmirdi. Xüsusilə üsuliyyə və şeyxiyyə təriqətindən olan mollalar onların qanunlarına mənfi münasibətdə idilər və babilərin fikirlərini qeyri-adi bir hal hesab edirdilər".

Eduard Braun "İnqilabi-İran" kitabında "gözəl Qürrətüleynin saysız-hesabsız işgəncələrə dözümlülüyün"dən danışır. Qadın azadlığının carçılarından olan Tahirə Qürrətüleynin şəxsiyyətini Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər yüksək qiymətləndirmişdilər. Doğma Azərbaycan türkcəsini mükəmməl bilsə də, şairə əsərlərini fars dilində yazmışdır[29].

Bakı meydanlarının birində ucaldılmış çadrasını atan "Azad qadın" heykəli Azərbaycan bəhailəri üçün Tahirə Qürrətüleyn və Zeynəbin daşa dönmüş arzuları idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Elwell-Sutton və MacEoin, 1986. səh. 502
  2. ↑ 1 2 Fisher M. P. Women in Religion. Longman Publishing Group, 2006.
  3. ↑ 1 2 Ma'ani B. R. Leaves of the Twin Divine Trees. 2008.
  4. ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  5. ↑ Bayzai, 1399. səh. 63, 107
  6. ↑ Alṭūnjī, 2001. səh. 143
  7. ↑ Hemmat, 2008. səh. 544-545
  8. ↑ Najmabadi və Joseph, 2005. səh. 432
  9. ↑ 1 2 3 Momen, 2010
  10. ↑ 1 2 Smith, 2008. səh. 143
  11. ↑ Smith, 2013. səh. 333
  12. ↑ 1 2 3 4 Farzaneh, 1992. səh. 93-94
  13. ↑ Walbridge, 2001. səh. 95–96
  14. ↑ Najmabadi və Joseph, 2005. səh. 15-16
  15. ↑ 1 2 3 4 Foltz, 2004
  16. ↑ Afaqi və Jason, 2004. səh. 3
  17. ↑ Moḥammad-Ḥoseynī, 2012. səh. 333
  18. ↑ Moḥammad-Ḥoseynī, 1387. səh. 155
  19. ↑ Lawson, 2007. səh. 155
  20. ↑ 1 2 3 4 Stiles Maneck, 1989
  21. ↑ Vardī, 1383
  22. ↑ Moḥammad-Ḥoseynī, 1998. səh. 257–287
  23. ↑ Blomfield, 1956
  24. ↑ McEoin, 2009. səh. 214–218
  25. ↑ Momen, 2003. səh. 327
  26. ↑ "Khāneh-hāʾī keh zendān shod; ḥasr-e khānegī dar Īrān". BBC Farsi. 2013 8 noyabr.
  27. ↑ Ə. Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik" nəşriyyatı, 1991; Ə. Cəfərzadə "Zərintac Tahirə", Bakı, Göytürk, 1996
  28. ↑ Zərrintac-Tahirə [ölü keçid]
  29. ↑ "Tahirə Qürrətüleyn". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.

Mənbələr

redaktə
  • Afaqi və Jason, Afaqi, Sabir; Teofil Jason, "Jinab-i Tahiri". Táhirih in history: perspectives on Qurratu'l-'Ayn from East and West. Vol. 16., Los Angeles: Kalimat Press, 2004
  • Amanat, Abbas, Resurrection and renewal: the making of the Babi movement in Iran, 1844-1850, US: Cornell University Press, 1989
  • Amanat, Mehrdad, JUDEO-PERSIAN COMMUNITIES v. QAJAR PERIOD (2), Encyclopædia Iranica, 2009
  • Banani, Amin, Táhirih: a portrait in poetry, Los Angeles: Kalimat Press, 2005, ISBN 978-9-1 1-890688-36-3
  • Bayat, M., Mysticism and Dissent: Socioreligious Thought in Qajar Iran . Modern intellectual and political history of the Middle East, Syracuse: Syracuse University Press, 1982
  • Beck və Guity, Beck, Lois; Nashat, Guity, Women in Iran from 1800 to the Islamic Republic, University of Illinois Press, 2004, ISBN 0252071891
  • Blomfield, Sara, "The Waiting Servants". The Chosen Highway, London: The Baha'i Publishing Trust, 1956
  • Cole, Juan, "Bahá'u'lláh" . The Baha'i Encyclopedia ., Baha'i Library Online, 1999
  • Dabashi, Hamid, Close up: Iranian cinema, past, present, and future, London: UK, 2001
  • Dabashi, Hamid, Shi'ism: a religion of protest, US: Harvard University Press, 2011
  • Elwell-Sutton və MacEoin, Elwell-Sutton, L. P ; MacEoin, D. M, "Ḳurrat al-ʿAyn". Encyclopaedia of Islam. Vol. 5 (2 ed.)., Leiden: EJ Brill., 1986
  • Fathi, Asghar, Women and the family in Iran, Leiden: Brill, 1985
  • Foltz, Richard, Spirituality in the land of the noble: How Iran shaped world's religions, Oxford: Oneworld Publications, 2004
  • Phyllis, G.Jestise, "Tahirih". Holy people of the world. Vol. 1., Santa Barbara: ABC,Clio inc., 2004
  • Hakimia, Donn, Resistance, Resilience and the Role of Narrative: Lessons from the Experiences of Iranian Bahá'í Women Prisoners, ENQUIRE . University of Toronto: The University of Nottingham (Issue 3)., 2009
  • Hemmat, Kaveh Louis, "Qurrat Al-Ayn". In Bonnie G. Smith. The Oxford encyclopedia of women in world history, Volume 1 ., Oxford University Press, 2008, ISBN 0195148908
  • Kazembeyki, Mohammad Ali, Society, politics and economics in Māzandarān, Iran, 1848-1914, Royal Asiatic Society books. Routledge, 2003, ISBN 0700715045
  • Khodaverdi Tajabadi, Mohammad, SHAYKHIYYA AND KIRMAN`S SOCIO-POLITICAL CHANGES IN THE QAJAR PERIOD, INTERNATIONAL JOURNAL OF ACADEMIC RESEARCH . Vol. 3 (2), 2011
  • Lawson, Todd, Interpretation as Revelation: The Qur'án Commentary of the Báb, Journal of Bahá'í Studies . Association for Bahá'í Studies. 2 (4), 1990
  • https://www.webcitation.org/65TuOfCsl (#bare_url_missing_title)
  • Lewis, Franklin, Poetry as Revelation: Introduction to Bahá'u'lláh's Mathnavíy-i Mubárak, Association for Baha'i Studies English-Speaking Europe., 1999
  • McEoin, Denis, The messiah of Shiraz: studies in early and middle Babism, American Journal of Islamic Social Sciences Fall 2009, Volume 26 - Number 4, 2009
  • Momen, Moojan, Usuli, Akhbari, Shaykhi, Babi: The Tribulations of a Qazvin Family, Oxfordshire: Iranian Studies . 36: Carfax Publishing Co (3)., 2003
  • Momen, Moojan, WOMEN iv. in the works of the Bab and in the Babi Movement, Encyclopædia Iranica, 2010
  • Mottahedeh, Negar, Mutilated Body of the Modern Nation, Berkeley: Comparative Studies of South Asia, Africa and the Middle East . 2:18: 38–50, 1999
  • Mottahedeh, Negar, Representing the Unpresentable: Historical Images of National Reform from the Qajars to the Islamic Republic of Iran. Gender, Culture and Politics in the Middle East., New York: Syracuse University Press, 2008
  • Mottahedeh, Negar (1997). "" . UCLA Journal of History . 17 (in English). Occasional Papers in Shaykhi, Babi and Baha'i Studies: 59-81. Archived from the original on 2012-02-15 . Retrieved 1 January 2019 . (#empty_citation): Check date values ​​in:, Negar, Ruptured Spaces and Effective Histories: The Unveiling of the Babi Poetess Qurrat al-'Ayn-Tahirih in the Gardens of Badasht, Occasional Papers in Shaykhi, Babi and Baha'i Studies, 2:2, 1997
  • Munro, Sarah, Forget-Me-Not, Iran: The Story of Keith Ransom-Kehler, UK: Intellect, 2011, ISBN 978-1-84150-411-7
  • Najmabadi və Joseph, Najmabadi, Afsaneh ; Joseph, Suad, Encyclopedia of Women & Islamic Cultures: Family, law, and politics (in English). Vol. 2., Brill NV, 2005
  • Sharma, Arvind, Religion and women, USA: State University of New York, 1994
  • Smoot, Jeanne, So-Called "Anti-Terrorism" Measures Harm Battered Immigrant Women, 2011
  • Stiles Maneck, Susan, Táhirih: A Religious Paradigm of Womanhood (PDF), Journal of Bahá'í Studies Vol. 2, number 2, 1989
  • Terzieff, Juliette, New Law Puts Brakes on International Bride Brokers, www.womensenews.org, 2006
  • Walbridge, Linda S., The most learned of the Shi'a: the institution of the Marja' taqlid, Oxford University Press, 2001
  • Wilson, Samuel Graham, Bahaism and Its Claims: A Study of the Religion Promulgated by Baha Ullah and Abdul Baha (1915), Kessinger Publishing, LLC, (2009
  • Woodman, Marion, The Role of the Feminine in the New Era, Journal of Bahá'í Studies . Association for Bahá'í Studies. 2 :2, 1989
  • Ayin-i Bayan, Ayin-i Bayan (The Religion of Bayan), Be yād-i sadomin sālgard-i shahādat-i nābigha-ye dowrān Qurrat al-ʿAyn., gomnām, 1949
  • Āyande-ye Nūz, Sāyt-e khabari-ye Āyande, Āyā kār-i afrātīyūn-e zanjīreʾī āb be āsīāb-i Bahāʾiyān rikhtan nabūd?, 1390
  • Abūl-Hasanī Monẕer, ʿAlī, Azhārāt va khāterāt-e Āyatollāh Ḥāj Shaykh Ḥoseyn Lankarānī darbāre-ye Bābīgarī va Bahāʾīgarī, Faslnāmeh-ye Motāleʿāt-e Tārīkhī. Tehrān: Moʾassese-ye Motāleʿāt va Pajooheshhā-ye Sīāsī (17), 1386
  • Styles Monk, Susan, Gerāyesh-e aghallīyat-hā-ye mazhabī be Āʾīn-e Bahāʾī – barkhī mos̱hāhedehā-ye moghaddamātī, Sāyt-e Didgāh, 2008
  • Vaḥedī, ʿAlī, Ṭāhereh Qurrat al-ʿAyn, 2010
  • Dāneshnāmeh-ye Eslāmī, Barghānī, 2012
  • al-Aʿzam, Bayt al-ʿAdl, Payām-e mārekh 20 Jūn 2008 Bayt al-ʿAdl al-Aʿzam (Marjaʿ-e payāmhā-ye Bayt al-ʿAdl be zabān-e Fārsī)., 2008
  • Beyzāʾī, Nīlūfar, Ṭāhereh Qurrat al-ʿAyn va Forūgh Farrukhzād dar do tāblo, 1390
  • Rajabī, Moḥammad-Ḥasan, Mashāhīr-e zanān-e Īrānī va Pārsī-gūy az āghāz tā Mashrūṭeh, Tehrān: Enteshārāt-e Soroush, 1374
  • https://www.webcitation.org/65TvEQymO?url=http://www.delawaz.com/fa/zendeginameh/179-zendeginameh.html (#bare_url_missing_title)
  • Shajarian, Moḥammad-Reżā, Zendegīnāmeh, Tārānmā-ye rasmi, 1390
  • Azal, Ṣobḥ-e, Mīrzā Yaḥyā Nūrī, Azaliyyah.Tarjomeh-ye Nīmā S. Ḥazīn., Noskhe-ye internetī: Bayan19 Publications, 1390
  • Ṭāhereh Qurrat al-ʿAyn barā-ye Bābīyat va Bahāʾīyat che kard?, , Mahdavīyat, Barrasī va Naqd-e Shaykhīyeh va Bahāʾīyat asli], 1390
  • Asadollāh, Fāżel Māzandarānī, Asrār al-Āthār-e Khosūsī. Jild 2, Tehrān: Moʾassese-ye Mellī-ye Maṭbūʿāt-e Amrī, 1346
  • Kasravī, Aḥmad, Bahāʾīgarī (PDF), 2010
  • ʿAsgarī, Ḥoseyn, Qurrat al-ʿAyn, Dāʾerat al-Maʿāref-e Tashayyoʿ, shomāreh = 13, 1390
  • Parīchehr, Farzām, Farzāneh Mīlānī, ostād-e dāneshgāh, shāʿer va nevisandeh, Ṣedā-ye Āmrikā, 2011
  • Sānāsārīān, Elīz, Jonbesh-e ḥoqūq-e zanān dar Īrān (Toghyān, ofūl va sarkūb az 1280 tā enqelāb-e 1357). Tarjomeh-ye Nūshīn Aḥmadī Khorāsānī., Tehrān: Nashr-e Akhtarān, 1384
  • Moḥammad-Ḥoseynī, Noṣratollāh, Ḥażrat-e Bāb, Noskhe-ye internetī: Moʾassese-ye Maʿāref-e Bahāʾī, 2012
  • Moḥammad-Ḥoseynī, Noṣratollāh, Sharḥ-e ḥayāt va āthār-e manẓūm va manthūr-e Qurrat al-ʿAyn, Moʾassese-ye Maʿāref-e Bahāʾī, 1998
  • Moḥammad-Ḥoseynī, Noṣratollāh, Ṭāhereh (Qurrat al-ʿAyn), Āʾīn-e Bahāʾī, 1387
  • Moḥīṭ Ṭabāṭabāʾī, Seyyed-Moḥammad, Ṭāhereh yā Ṭāherā, Maqāleh. Māhnāmeh-ye Gohar, 1356
  • Vāseqī və Sohaylā, Vāseqī, Sām; Vāseqī, Sohaylā, Dīvān-e ashʿār-e Bānū Fāṭemeh Zarrīn-Tāj, Wuppertal-Elberfeld / Germany: Nashr-e Bonyād-e Ketābhā-ye Sūkhteh-ye Īrān, 2006
  • Yāvarī, Ḥorā, Ḥejāb va Kalām, Tehrān: Faslnāmeh-ye Īrānshenāsī, j. 6, sh. 1., 1373
  • Brugnol, Angelico, STATI DI COSCIENZA MODIFICATI (PDF), Verona: Stati di Coscienza Modificati, 2000
  • Smith, Peter, A Concise Encyclopedia of the Baháí Faith, New York: Oneworld Publications, 2013, ISBN 978-1-85168-184-6
  • Smith, Peter, An introduction to the Baha'i faith (PDF), Cambridge; New York: Cambridge University Press, 2008
  • Alṭūnjī, Moḥammad, Muʿjam Aʿlām al-Nisāʾ, Bayrūt: Dār al-ʿIlm li-l-Malāyīn, 2001
  • Lawson, Todd, The Authority of the Feminine and Fatima's Place in an Early Work by the Bab (PDF), Online Journal of Bahá‟í Studies Volume 1, 2007
  • Bayzai, Niʿmat-Allāh Ẕakāʾī, Tazkire-ye Shoara-ye Qarn-e Avval-e Bahai – Bakhsh 2, Moʾassese-ye Mellī-ye Maṭbūʿāt-e Amrī, 1399
  • Vardī, ʿAlī, Lamaḥāt Ijtimāʿīyah min Tārīkh al-ʿIrāq al-Ḥadīth (al-Qism al-Awwal: min ʿĀm 1920 ilā ʿĀm 1924) (Jild 6), Maktabat al-Haydariyah, 1383
  • (#empty_citation)

Həmçinin bax

redaktə
  • Məhəmmədsaleh Bərəğani
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tahirə_Qürrətüleyn&oldid=8165387"
LOVE.AZ