Ulul-Əmr (ərəbcə: أولو الأمر) — əmr sahibləri deməkdir. Onlar Ulul-Əmr ayəsinə görə itaətləri vacib olan kəslərdir. Bu terminə Nisa surəsinin 59-cu ayəsində rast gəlinir.
"Ulul-Əmr"in məsumluğu və kim olduqları haqqında şiə və sünni teoloji və təfsir kitablarında çoxlu fikirlər söylənilmişdir. İmamiyyəyə görə "Ulul-Əmr" sözündən məqsəd şiə imamlarıdır; Amma əhli-sünnənin nəzərindən raşidi xəlifələri, ədalətli hökmdarlar və icma da onun nümunələrindəndir.
Şiələr hesab edirlər ki, "Ulul-Əmr" ayəsində əmr sahiblərinə qeyd-şərtsiz itaətə vurğu edildiyi üçün bu ayə əmr sahiblərinin məsumluğuna dəlalət edir; Amma əksər sünni alimləri inanırlar ki, bu ayədən "Ulul-Əmr"in məsumluğu əldə edilmir.
Əmr sahibləri mənasına olan "Ulul-Əmr" kəlməsi “Nisa” surəsinin 59-cu ayəsindən götürülmüşdür:
«یا أَیهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکمْ»
"Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və öz əmr sahiblərinizə itaət edin".
Fəzl ibn Həsən Təbərsi[1] və Əllamə Təbatəbai[2] kimi şiə təfsirçiləri və imamiyyə mütəkəllimləri (teoloqları) bu ayədən əmr sahiblərinin məsumluğunu ifadə edirlər.[3] Sonra "Ulul-Əmrin" nümunələri haqqında rəvayətlərə istinad edərək on iki imamın məsumluğu haqqında dəlil gətirirlər.[4]