Valentin Petroviç Qluşko (rus. Валенти́н Петро́вич Глушко́; ukr. Валентин Петрович Глушко, Valentın Petrovıç Hluşko; 20 avqust (2 sentyabr) 1908[1], Odessa, Xerson quberniyası – 10 yanvar 1989[2], Moskva, RSFSR, SSRİ) — raket-kosmik texnikası sahəsində ixtisaslaşmış SSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.
Valentin Qluşko | |
---|---|
rus. Валентин Петрович Глушко | |
![]() Rusiyanın poçt markası. 2008-ci il. | |
Doğum tarixi | 20 avqust (2 sentyabr) 1908[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 yanvar 1989(1989-01-10)[2] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ateroskleroz[d] |
Dəfn yeri | |
Milliyyəti | ukraynalı |
Həyat yoldaşı |
|
Elm sahələri | raket-kosmik texnika[d] |
Elmi dərəcəsi |
|
Elmi adı | SSRİ Elmlər Akademiyasının akademiki (1958) |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi.
1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır. Onlar SSRİ-nin ilk Yer süni peyklərinin orbitə çıxarılmasını, Yuri Qaqarinin və digər sovet kosmonavtlarının uçuşlarını, Ay və Günəş sisteminin planetlərinə avtomatik planetlərarası stansiyaların buraxılışını təmin etmişdir. 1974–1989-cu illərdə "Enerji" RKK-nin baş konstruktoru olaraq və Baş Konstruktorlar Şurasının sədri kimi, SSRİ pilotlu kosmonavtika ilə bağlı əsas layihələr üzrə çoxsaylı müəssisə və təşkilatların işlərinə ümumi rəhbərliyi həyata keçirmişdir.
Valentin Qluşko 20 avqust (2 sentyabr) 1908-ci ildə Odessada, xidmətçi Pyotr Qluşkonun ailəsində anadan olmuşdur. Uşaqlıqda musiqiyə, rəssamlığa və xarici dillərin öyrənilməsinə qabiliyyət göstərmişdir.[3] 1919-cu ildə Odessa Müqəddəs Pavel realnı nəktəbinə qəbul edilmişdir (sonradan bu məktəb Lev Trotski adına "Metall" IV peşə-texniki məktəbi adlandırılmışdır). Məktəbdə oxuyan zaman (1920–1922-ci illər) eyni zamanda professor Pyotr Stolyarskinin rəhbərliyi ilə konservatoriyada skripka sinfində təhsil almış, daha sonra isə Odessa Musiqi Akademiyasına köçürülmüşdür.[4] Həmin illərdə Odessa Rus Dünyaşünaslıq Sevənlər Cəmiyyətinin (RDSC) şöbəsində Dünyaşünaslıq Həvəskarları Dərnəyinin Rəhbərliyini etmişdir. 1924-cü ildə bu təşkilatın 120 üzvü var idi.[3]
1921-ci ilin yazında Jül Vernin bir neçə romanını oxumuşdur. Xüsusilə "Yerdən Aya" və "Ayın ətrafında" romanları onda dərin təəssürat yaratmış, bundan sonra astronomiya ilə bağlı kitabları – xüsusən Kamil Flammarion və Herman Kleynin yazdığı əsərləri öyrənməyə başlamışdır.[5]
1923–1930-cu illərdə Konstantin Siolkovski ilə məktublaşmışdır.[4] 1924-cü ilin martında məktəbli Valentin Qluşko Siolkovskiyə yazmışdır: "(…) planetlərarası əlaqələr mənim idealım və həyatımın məqsədidir, bu böyük işə həyatımı həsr etmək istəyirəm". Qluşko bu vədinə bütün həyatı boyu sadiq qalmışdır.[6]
1924-cü ildə peşə-texniki məktəbi bitirərək diplom alır və eyni il özünün "Planetlərin istismarı problemi" adlı kitabının ilk redaksiyasını tamamlayır; dövri nəşrlərdə kosmik uçuşlara həsr olunmuş elmi-populyar məqalələri dərc olunur: "Yerin Ayı fəth etməsi" (1924), "Yerdən kənar stansiya" (1926) və s.[7]
1925-ci ildə Ukrayna SSR Xalq Təhsil Komissarlığının göndərişi ilə Leninqrad Dövlət Universitetində təhsil almağa göndərilmişdir.[4] Təhsil aldığı dövrdə eyni zamanda P. F. Lesqaft adına Elmi İnstitutun emalatxanalarında fəhlə kimi çalışmış, 1927-ci ildə isə Leninqradın Baş Geodeziya İdarəsində geodeziyaçı kimi fəaliyyət göstərmişdir. 1929-cu ilin yazında diplom işi olaraq "Helioraketoplan" adlı planetlərarası gəmi layihəsini hazırlayır. Bu gəmi Günəş enerjisindən istifadə etməli idi. Yaranan elektrik cərəyanı mühərriklərin yanma kameralarına yönəldilirdi, burada güclü elektrik boşalmalarının təsiri ilə kameralara daxil olan işçi maddənin – bərk (metal tellər) və ya maye (civə və ya elektrokeçirici məhlullar) – termal partlayışı baş verirdi. Hesablamalar göstərmişdir ki, bu, kimyəvi reaksiyalara nisbətən işçi maddənin xeyli yüksək axın sürətini təmin edir. 18 aprel 1929-cu ildə bu işin üçüncü hissəsini, "Metal partlayıcı maddə kimi" adlı və raketoplanın elektrik raket mühərrikinə (ERM) həsr olunmuş hissəsini İxtiralar Komitəsinin şöbəsinə təqdim etmiş, bundan sonra ona bu mühərrikin praktiki reallaşdırılması üçün təcrübi işlərə başlamaq təklif olunmuşdur.[7][8]
Valentin Qluşko universiteti bitirməmişdir. Təqaüd almayan və təsadüfi qazanclarla yaşayan, birinci semestr üçün təhsil haqqını ödəyə bilməyən beşinci kurs tələbəsi Qluşko 1929-cu ilin fevralında, dövlət imtahanlarını verdikdən sonra LDU-dan xaric edilmişdir.[9]
15 may 1929-cu ildə Valentin Qluşko Qazdinamik Laboratoriyanın (QDL) ştatına qəbul edilmişdir. O dövrdə laboratoriyanı onun təsisçisi Nikolay Tixomirov idarə edirdi. Qluşko burada elektrik və maye yanacaqlı raket mühərrikləri və raketlərin hazırlanması üzrə bölməyə rəhbərlik etmişdir.[10] Sonradan Valentin Qluşko 1974-cü ilə qədər rəhbərlik etdiyi çoxsaylı layihə-konstruktor təşkilatlarını vahid bir təşkilatın inkişaf mərhələləri kimi qəbul edirdi ki, bu təşkilat kosmonavtika tarixinə QDL — OKB kimi daxil olmuşdur.[11][12][13] İndiki dövrdə onun varisi akademik Valentin Qluşko adına "Enerqomaş" RKK-dir.[14]
Qluşkonun rəhbərlik etdiyi bölmədə dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri yaradılmış və 1930–1931-ci illərdə uğurla sınaqdan keçirilmişdir. Buna baxmayaraq, ERD-nin kosmonavtikada praktiki tətbiqi yalnız kosmik aparatın orbitə çıxarılmasından sonra mümkündür, buna görə də Qluşko 1930-cu ilin əvvəllərindən əsas diqqəti maye yanacaqlı raket mühərriklərinin (MYM) hazırlanmasına yönəltmişdir.[15] Bu mühərriklər üçün oksidləşdirici kimi azot tetroksid, maye oksigen, azot turşusu, yanacaq kimi isə toluol, benzin, kerosin və benzol təklif etmişdir. QDL-də Qluşkonun rəhbərliyi ilə ORM seriyalı MYM-lər hazırlanıb sınaqdan keçirilmişdir: ORM (1931-ci ilin yayında sınaqdan keçirilmiş), ORM-1 (həmin il sınaqdan keçirilmiş) və digər eyni seriyadan olan mühərriklər, o cümlədən 1933–1934-cü illərdə sınaqdan keçirilmiş azot turşusu-kerosin yanacağı istifadə edən ORM-50 (1500 N gücündə, RSTQ-nin 05 raketi üçün nəzərdə tutulmuşdur) və ORM-52 (3000 N gücündə, o dövrdə dünyada ən güclü MYM). ORM-52 mühərriki dəniz torpedaları, İ-4 təyyarəsi (köməkçi güc qurğusu kimi) və QDL-də layihələndirilmiş RLA-1, RLA-2, RLA-3 və RLA-100 raketləri üçün nəzərdə tutulmuşdur.[16][17]
ORM seriyalı mühərriklərin kameralarında Qluşko sirkonium dioksiddən hazırlanmış istiliyədavamlı keramik örtük tətbiq etmişdir ki, bu örtük sonradan raketqayırmada geniş istifadə olunmuşdur. 1933-cü ildən isə o, yanacağın komponent axını ilə kameranın daxili divarının qanadlı səthini yuyan daxili soyutma sistemindən də istifadə etmişdir.[18]
21 sentyabr 1933-cü ildə Mixail Tuxaçevskinin imzaladığı SSRİ İnqilab Hərbi Şurasının əmri ilə QDL və Moskva RSTQ-nin birləşdirilməsi yolu ilə Qırmızı Ordu Reaktiv Elmi-Tədqiqat İnstitutunun (RETİ) yaradılması haqqında qərar qəbul edilmişdir (RETİ 1936-cı ilin sonunda ETİ-3 adlandırılmışdır).[19])[20] 3 yanvar 1934-cü ildə Valentin Qluşko və onun əməkdaşları MYM üzərində işlərini RETİ-də davam etdirmək üçün Moskvaya köçmüşdülər. Qluşko bu institutun 2 nömrəli şöbəsinin "Azot turşulu MYM" sektorunun rəhbəri təyin edilmişdir.[14]
Qluşkonun rəhbərliyi altında sektor 1934–1935-ci illərdə ORM-53 — ORM-64 eksperimental MYM-ləri hazırladı, 15 mart 1936-cı ildən azot turşusu-kerosin yanacağı ilə 1750 N gücündə ORM-65 MYM-si üzərində işlər aparılmışdıt. Bu mühərrik Sergey Korolyovun layihələndirdiyi RP-318 raketoplanı və 212 nömrəli qanadlı raket üçün nəzərdə tutulmuşdu. 5 noyabr 1936-cı ildə bu MYM rəsmi stend sınaqlarından keçmiş, 1937-ci ildə 212 raketinin (29 aprel) və RP-318 raketoplanının (16 dekabr) tərkibində ilk yerüstü atəş sınaqları keçirilmiş, 29 yanvar 1939-cu ildə isə 212 raketinin tərkibində ilk uçuş sınağı həyata keçirilmişdir.[14]
1933–1934-cü illərdə Valentin Qluşko RETİ-də işləməklə yanaşı, N. E. Jukovski adına Hərbi-Hava Mühəndislik Akademiyasında mühazirə kursları oxumuş, 1935-ci ildə Mərkəzi Osoaviaxim Şurasında mühəndislərin ixtisasartırma Reaktiv Kurslarının müdiri və müəllimi olmuşdur. 1935-ci ilin dekabrında Georgi Lanqemak və Valentin Qluşkonun redaktorluğu ilə "Raketlər: onların quruluşu və tətbiqi" kitabı nəşr olundu, 1936-cı ilin martında isə Qluşkonun "Reaktiv mühərriklər üçün maye yanacaq" əsəri çap edilmişdir. 1937-ci ildə Qluşko RETİ-nin "Raket texnikası" elmi məqalələr toplusunda 7 məqalə dərc etmişdir.[4][7]
Buna baxmayaraq, Qluşkonun fəaliyyəti uğursuzluqlarla üzləşməyə başlamışdır. Aprel ayında mühəndis Andrey Kostikov SSRİ KP MK-yə məktub göndərmiş, "əks-inqilabi trotskist diversiya-zərərverici dəstənin açılması"nın ETİ-3-dəki vəziyyətə "daha dərindən baxmağı" tələb etdiyini bildirmiş və burada "şübhə doğuran bir sıra əlamətlər"in olduğunu qeyd etmişdir. O, Qluşkonun maye yanacaqlı mühərriklər üzərində apardığı işləri kəskin tənqid etmiş, institut rəhbərlərinin – xüsusilə ETİ-3 direktoru İvan Kleymyonovun, onun müavini Georgi Lanqemakın və təcrübi istehsal rəhbəri G. G. Nadyojinin iş tərzindəki nöqsanlarda günahlandırmışdır. Kostikov oxşar bəyanatı ETİ-3-ün partiya komitəsinə də göndərmişdi. Hər iki bəyanat NKVD-yə ötürülmüşdü. Bundan sonra ETİ-3-də "partiya xətti" üzrə yoxlamalar başlamış, 2 noyabr 1937-ci ildə Kleymyonov və Lanqemak həbs edilmişdir.[21][22]
13 və 20 fevral 1938-ci ildə ETİ-3-də Mühəndis-Texniki Şuranın (MTS) büro iclasları keçirilmiş, burada "Valentin Qluşkonun zərərverici fəaliyyəti" və onun "xalq düşmənləri" Kleymyonov və Lanqemak ilə əlaqələri müzakirə olunmuşdur.[9] Büro Qluşkonu MTS-in tərkibindən çıxarmaq qərarına gəlmişdir. Sergey Korolyov da çətinliklərlə üzləşmişdir. O, 1 yanvar tarixində şöbə rəhbəri vəzifəsindən kənarlaşdırılmış, 1 iyun tarixində isə RP-318 raketoplanı üzərində işlər dayandırılmışdır.[23]
23 mart 1938-ci ildə Valentin Qluşko həbs olunmuş və 1939-cu ilin avqustuna qədər istintaq altında saxlanılmışdır. O, NKVD-nin Lubyankada yerləşən daxili həbsxanasında və Butırka həbsxanasında saxlanılmışdır. İstintaq zamanı Qluşkoya dəfələrlə rezin dəyənəklər və qurğuşun izolyasiyalı naqillərdən hazırlanmış qamçılarla zərbələr endirilmişdir. Bir çox digər istintaq altındakılar kimi, o da guya antisovet təşkilatında iştirak etdiyini və müdafiə sənayesində zərərverici fəaliyyətlə məşğul olduğunu etiraf edən "səmimi etiraf" sənədini imzalamağa məcbur edilmişdir.[24][a]
Bu arada, ETİ-3-də hazırlanmış və 20 iyul 1938-ci ildə A. Q. Kostikov, L. S. Duşkin, A. N. Dedov və M. P. Kalyanova tərəfindən imzalanmış texniki ekspertiza aktı ortaya çıxmışdır. Bu akt 38 səhifədə Valentin Qluşko və S. P. Korolyovun "zərərverici fəaliyyəti" haqqında ətraflı məlumatları özündə əks etdirirdi.[26][27] Sonradan Duşkinin[28] Kostikovu təmizə çıxarmaq və onun Qluşko ilə Korolyova qarşı repressiyalardakı mənfi rolunu inkar etmək cəhdləri mənbələrdə öz təsdiqini tapmamışdır. Kostikovun SSRİ KP MK-yə və ETİ-3 partiya komitəsinə yazdığı məktubların mətnləri, MTS bürosunun materialları və qeyd olunan texniki ekspertiza aktı saxlanılmışdır.[22][26]
15 avqust 1939-cu ildə Qluşko SSRİ NKVD yanında xüsusi iclasda RSFSR Cinayət Məcəlləsinin 58–7 və 58–11-ci maddələri ilə 8 il müddətinə islah-əmək düşərgəsinə məhkum edilmişdir, lakin sonradan texniki büroda işləmək üçün saxlanılmışdır.[22] O, 1940-cı ilə qədər NKVD-nin 4-cü xüsusi şöbəsinin konstruktor qrupunda (yəni, "şaraşka") 82 nömrəli Tuşino aviamotorqayırma zavodu (NKAP) işləmişdir.[22] Burada əvvəlcə sürətli dəniz torpedası üçün GG-3 qaz generatoru, daha sonra isə ikimühərrikli "S-100" qırıcı təyyarəsinin manevr qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş köməkçi JRD qurğusunun layihəsini hazırlamışdır.[29][30]
1940-cı ilin payızında Qluşkonun qrupu 16 nömrəli Kazan aviasiya motorqayırma zavoduna köçürülmüşdür. O, burada nasoslu yanacaq təchizatı ilə təchiz edilmiş köməkçi təyyarə MYM-lərinin hazırlanmasına davam etmişdir.[30][31] Qrup 16 nömrəli zavodun ərazisində yerləşirdi, lakin zavodun direktoruna deyil, mühəndis-metallurq diplomuna malik olan NKVD-nin xüsusi KB rəhbəri, dövlət təhlükəsizliyi kapitanı V. A. Beketova tabe idi.[29][32] 1942-ci ilin fevralında qrupa həmçinin əvvəllər Aleksey Çaromskinin qrupunda turbokompressor üzərində işləyən məhbuslar və sərbəst işçilər daxil edilmişdir.[29][33]
1941-ci ilin payızından etibarən Kazan xüsusi həbsxanası rəsmi olaraq "SSRİ NKVD-nin 4-cü Xüsusi Şöbəsinin OKB-si, NKAP-ın 16 nömrəli zavodunda" (OKB-16) adlandırılmışdır. OKB-nin rəhbəri Beketov olmuşdur. Bu xüsusi türmə tipli KB rəsmi olaraq yalnız 1942-ci ilin yanvarında SSRİ Aviasiya Sənayesi Xalq Komissarlığının əmri ilə təsdiq edildi. Həmin vaxt OKB-16-nın strukturunda hər bir tematik layihə üzrə müəyyən işçi heyəti ilə konstruktor büroları yaradılmışdır: KB-1 (baş konstruktor B. S. Steçkin) və KB-2 (baş konstruktor Valentin Qluşko). Sonuncu 1941-ci ilin sonunda köməkçi təyyarə JRD RD-1 üzərində işlərin genişləndirilməsi ilə əlaqədar baş konstruktor vəzifəsini almışdır.[34][35] KB-2-nin ştat cədvəlində iki baş konstruktor müavini var idi: konstruktor işləri üzrə müavin (G. S. Jiritski) və təcrübi işlər üzrə müavin (D. D. Sevruk).[29][36]
KB-2-nin tərkibinə yüksəkixtisaslı alimlər, konstruktorlar, eksperimentatorlar, texnoloqlar, metallurqlar və kimyagərlər daxil edilmişdi. Əvvəllər qeyd olunanlardan başqa, burada professorlar K. İ. Straxoviç, A. İ. Qavrilov, V. V. Pazuxin, mühəndislər V. A. Vitka, G. N. List, N. L. Umanski, N. S. Şnyakin, A. A. Meyerov, A. S. Nazarov, N. A. Jeltuxin işləyirdilər.[30][37] 1942-ci ilin noyabrında Kazan şaraşkasına Sergey Korolyov köçürülmüş və o da KB-2-nin tərkibinə daxil edilmişdir. O, 1943–1944-cü illərdə 8 yanvar 1943-cü ildə yaradılmış və OKB-16 strukturunda nisbətən avtonom mövqe tutan "reaktiv qurğunun hazırlanması üzrə 5 nömrəli qrup"un rəhbəri idi.[38][39][40] KB-2 əməkdaşlarının müxtəlif elm və texnika sahələrindən gətirdikləri təcrübə və biliklər büronun kollektivinə aviasiya MYM-lərinin orijinal konstruksiyalarını uğurla hazırlamağa və istehsala tətbiq etməyə imkan vermişdir.[30][37]
RD-1-in yaradılması üzrə işlər SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən uğurlu hesab edilmiş və daxili işlər xalq komissarı Lavrenti Beriya 16 iyul 1944-cü ildə Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinə məktubla müraciət etmiş, OKB-16-da xüsusi fərqlənmiş 35 məhbus mütəxəssisin (siyahı məktuba əlavə edilmişdi) məhkumluqlarının ləğv edilməsi ilə azad edilməsini təklif etmişdir. Stalin buna razılıq vermiş və 27 iyul 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti bu siyahıdakı məhbusların məhkumluqlarının ləğvi ilə vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul etmişdir. Buraya KB-2-nin 9 aparıcı işçisi daxil idi: V. A. Vitka, Valentin Qluşko, G. S. Jiritski, S. P. Korolyov, G. N. List, V. L. Prjetslavski, D. D. Sevruk, N. L. Umanski, N. S. Şnyakin. 9 avqustda onlara vaxtından əvvəl azadlıq verildiyi elan olunmuç, 3–4 gün sonra isə pasportlar verilmişdir.[38]
Həmin 1944-cü ilin avqustunda keçmiş KB-2 Aviasiya Sənayesi Xalq Komissarlığının əmri ilə Reaktiv Mühərriklər Təcrübi-Konstruktor Bürosuna – OKB-RD-yə çevrilmişdir. Bu büro həmçinin, açıq adla OKB-SD (Xüsusi Mühərriklər Təcrübi-Konstruktor Bürosu) kimi tanınmışdır. Buraya KB-2-nin sərbəst işçiləri və yeni azad edilmiş əməkdaşları, eləcə də NKVD-nin 4-cü xüsusi şöbəsinin xüsusi kontingentinə daxil olan məhbusların bir hissəsi cəlb olunmuşdur. Qluşko baş konstruktor olaraq qalmış, Jiritski və Sevruk onun müavinləri olmuşdular. 1944-cü ilin payızında Sergey Korolyov da baş konstruktorun digər müavini təsdiq edilmişdir.[38][41][42]
1944–1946-cı illərdə RD-1 MYM-sinin yerüstü və uçuş sınaqları Pe-2R, La-7, Yak-3, Su-6 və Su-7 təyyarələrində keçirilmişdir. 9000 N gücündə üç kameralı azot turşusu-kerosin RD-3 MYM-si hazırlanmış, RD-1XZ MYM-sinin kimyəvi təkrar alışdırma ilə stend və uçuş sınaqları (Yak-3RD və Pe-2R təyyarələrində) aparılmışdır.[14] Yak-3 təyyarəsində maksimum sürət artımı 182 km/saat təşkil etmişdir.[43]
İkinci Dünya müharibəsi illərində OKB-RD işçilərinin gərgin əməyi dövlət mükafatı ilə qeyd olunmuşdur. 1945-ci ilin sentyabrında SSRİ Ali Soveti Rəyasət Heyətinin "Yeni texnikanın konstruksiyası və yaradılması sahəsində hökumət tapşırıqlarının nümunəvi icrası"na görə fərmanı ilə aviasiya sənayesi konstruktorlarının böyük qrupu, o cümlədən OKB-RD işçiləri mükafatlandırılmışdır: Qluşko və Sevruk "Qırmızı əmək bayrağı" ordeni, Vitka, Jiritski, Korolyov, List, Umanski və Şnyakin isə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdular.[38]
1 may 1945-ci ildə Aviasiya Sənayesi Xalq Komissarlığının əmri ilə reaktiv mühərriklər üzrə mühəndis-texniki kadrların hazırlanması məqsədilə Kazan Aviasiya İnstitutunda (KAİ) SSRİ-də ilk dəfə raket mühərrikləri kafedrası təşkil edilmiş və bu kafedraya Valentin Qluşko rəhbərlik etmişdir.[44][45] Kafedranın əsasını OKB-RD-nin aparıcı işçiləri təşkil etmişdir: KAİ direktoru G. V. Kamenskovun 14 iyul 1945-ci il tarixli əmri ilə təsdiq edilmiş ştat cədvəlinə əsasən, G. S. Jiritski professor vəzifəsini tutmuş, S. P. Korolyov, G. N. List, D. D. Sevruk və D. Y. Bragin isə baş müəllim vəzifələrinə təyin olunmuşdular.[37][38] Kafedra 1949-cu ilə qədər fəaliyyət göstərmiş və sonra aviamühərriklər nəzəriyyəsi kafedrasına birləşdirilmişdir. 1965-ci ildə xüsusi mühərriklər kafedrası kimi yenidən müstəqil şəkildə bərpa edilmişdir. İndiki dövrdə reaktiv mühərriklər və energetik qurğular kafedrası adlanır.[45]
Buna baxmayaraq, onların çoxu o dövrdə ciddi şəkildə tədrislə məşğul ola bilməmişdi. 1945-ci ilin iyul-sentyabr aylarında OKB-RD-nin rəhbər işçilərinin əksəriyyəti Almaniyaya A-4 ("Fau-2") alman hərbi ballistik raketlərinin konstruksiyasını öyrənmək üçün ezamiyyətə göndərilmişdi.[46][47] Qluşko mühəndis-polkovnik rütbəsində Almaniyaya ezam olunmuş, 1945-ci ilin iyul-dekabr ayları və 1946-cı ilin may-dekabr ayları ərzində orada qalmışdır. bu müddətin böyük hissəsini Nordhauzen İnstitutunda A-4 mühərriklərinin öyrənilməsi şöbəsinin rəhbəri kimi ələ keçirilmiş alman raket texnikasını öyrənməklə keçirmişdir.[3][48] 1946-cı ilin yayında Qluşko Berlin komendanturasının girişində yeni general geyimində avtomobildən düşən Kostikovu gözlənilmədən görmüşdür. "Bu, Lanqemak və hamımız üçündür" sözləri ilə keçmiş Kostikovu elə güclü şəkildə üzünə vurmuşdu ki, geyimi qanla ləkələnmişdir. Sonradan komendant Kostikovun döyülməsi ilə bağlı şikayətinə cavab olaraq yazmışdır: "Cinayət işinin başlanmasına imtina edilir. Ona layiq olduğu cəza verilib".[49]
13 may 1946-cı ildə SSRİ Nazirlər Sovetinin "Reaktiv silahlanma məsələləri" haqqında 1017–419ss nömrəli qərarı çıxmışdır. Qərarda Valentin Qluşkonun adının birbaşa qeyd olunmamağına baxmayaraq, bu sənədə əsasən o, yeni iş yerinə təyin edilmişdir.[50] 3 iyul 1946-cı ildə SSRİ Aviasiya Sənayesi naziri Mixail Xruniçevin əmri ilə OKB-RD Kazandan Moskva yaxınlığındakı Ximkiyə, 456 nömrəli aviasiya zavoduna köçürülmüşdür. Zavod ballistik raketlər və təyyarələr üçün MYM istehsalı üçün yenidən profilləşdirilməli idi, OKB-RD isə güclü MYM-lərin layihələndirilməsinə keçmiş və OKB-456 adlandırılmışdır. Həmin əmrlə Valentin Qluşko OKB-456-nın baş konstruktoru təyin edilmişdir (indiki "Enerqomaş" RKK). Demək olar ki, dərhal Baş Konstruktorlar Şurası formalaşdı və Qluşko maye yanacaqlı raket mühərriklərinin baş konstruktoru kimi bu şuraya daxil edilmişdir.[46][51][52] 1946-cı ilin noyabrında keçmiş OKB-RD-nin işçilərinin əksəriyyəti ailələri ilə birlikdə Ximkiyə köçmüşdür. Təxminən eyni vaxtda Nordhauzen İnstitutunun işçiləri arasından A-4 raket mühərrikinin bərpasında texniki yardım göstərmək üçün seçilmiş 17 alman mütəxəssisi də ailələri ilə Ximkiyə gəlmişdir.[48]
1947-ci ilin sonundan 1948-ci ilin əvvəlinə qədər OKB-456 və 456 nömrəli zavodda yerli materiallardan və lokal texnologiya ilə ilk RD-100 mühərrikləri (boşluqda 307 kN gücündə)[53] istehsal olunmuşdur. Bu mühərriklər əsasən A-4 mühərrikini təkrarlayır və R-1 raketi üçün nəzərdə tutulmuşdu. Bununla paralel olaraq, 600 km məsafəli R-2 raketi üçün RD-101 və 3000 km məsafəli R-3 raketi üçün RD-110 mühərrikləri üzərində işlərə başlanılmışdır. Bu yeni layihələrdə alman mütəxəssisləri artıq cəlb olunmamışdır. Onlar zavodun köməkçi bölmələrinə köçürülmüş və 1950-ci ilin avqustunda Almaniyaya göndərilmişdir.[54]
10 oktyabr 1948-ci ildə RD-100 mühərriki ilə R-1 raketinin uğurlu buraxılışı həyata keçirilmişdir. 1951-ci ildə R-2 raketinin uçuş sınaqları uğurla başa çatmışdır. R-3 raketinin yaradılması ilkin işlər mərhələsində dayandırılmışdır. 19 aprel 1953-cü ildə OKB-456 tərəfindən hazırlanmış RD-103 mühərriki (boşluqda 500 kN gücündə) ilə R-5 raketinin maksimum məsafəyə (1200 km) uğurlu buraxılışı reallaşdırılmışdır.[53][55][56]
23 oktyabr 1953-cü ildə Valentin Qluşko SSRİ Elmlər Akademiyasının Texniki Elmlər Şöbəsi (istilik texnikası) üzrə müxbir üzvü seçilmişdir.[57] İki gün sonra o, Sergey Korolyovdan (Qluşko ilə eyni vaxtda Akademiyanın müxbir üzvü seçilmişdir) teleqram almışdır. Korolyov yazmışdır: "Bütün qəlbimlə səni, ən əziz dostum, qucaqlayıram və SSRİ Elmlər Akademiyasına üzv seçilməyin münasibətilə təbrik edirəm (…) Sənə çoxlu sağlamlıq, güc və sevimli Sovet Vətənimizin xeyrinə yeni böyük qələbələr arzulayıram". Korolyov və Qluşkonun səmərəli əməkdaşlığı həqiqətən də sonradan kosmonavtika tarixinə əbədi yazılmış bir sıra parlaq nailiyyətlərə səbəb olmuşdur, baxmayaraq ki, 1959–1960-cı illərdə ağır raket-daşıyıcıların inkişaf perspektivləri və onların üçün yanacaq komponentlərinin ən məqsədəuyğun seçimi ilə bağlı fikirlərindəki ziddiyyətlər hər iki raket texnikası pionerinin şəxsi münasibətlərinə mənfi təsir göstərmişdir.[58]
1954–1957-ci illərdə OKB-456-da Qluşkonun rəhbərliyi ilə Sergey Korolyovun OKB-1-də yaradılan R-7 raketi və onun modifikasiyaları üçün nəzərdə tutulmuş RD-107 (boşluqda 1000 kN gücündə) və RD-108 (boşluqda 941 kN gücündə) raket mühərrikləri hazırlanmışdıt. Onlar müvafiq olaraq yan bloklar (1-ci pillə) və mərkəzi blok (2-ci pillə) üçün nəzərdə tutulmuşdu.[59]
2 fevral 1956-cı ildə keçirilən sınaqların nəticəsində döyüş nüvə başlığı ilə R-5M raketinin uğurlu buraxılışından sonra Valentin Qluşko (və raketin hazırlanmasında iştirak edən digər şəxslər) SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 aprel 1956-cı il tarixli "uzunməsafəli ballistik raketlərin yaradılmasındakı xidmətlərinə görə" fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, OKB-456 isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.[60][61] 29 sentyabr 1956-cı ildə Qluşko reabilitasiya edilmişdir.[62] Həmin ilin noyabrında SSRİ KP-yə üzv qəbul olunmuşdur.[61] Reabilitasiyadan sonra Valentin Qluşko QDL və RETİ-də güllələnmiş yoldaşlarının ailələrinə kömək etmək və sovet kosmik proqramının əsasını qoyanların adlarını əbədiləşdirmək üçün çox səy göstərmişdir.[62]
21 avqust 1957-ci ildə OKB-456-nın konstruksiyası olan RD-107 və RD-108 MYM-ləri ilə qitələrarası ballistik raket (QBR) R-7-nin ilk uğurlu buraxılışı həyata keçirilmişdir. Bu mühərriklər sonradan uzun illər raket texnikasında istifadə olunmuşdur.[63] 1977-ci ildə akademik Aleksandr İşlinski onlar haqqında yazmışdır: "akademik Valentin Petroviç Qluşkonun konstruksiyası olan mühərriklərin misilsiz etibarlılığı hələ də heyranlığa səbəb olur".[64]
4 oktyabr 1957-ci ildə kosmik tədqiqatlara start verilmişdir. "Sputnik" daşıyıcı raketi (R-7 raketinin eyni mühərriklərlə modifikasiyası) ilə ilk Yerin süni peyki orbitə çıxarılmışdır.[65] İlk peykin buraxılmasındakı töhfəsinə görə Valentin Qluşko və digər aparıcı alim və konstruktorlar "Lenin" mükafatına layiq görülmüşdülər.[66] 26 oktyabr 1957-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona dissertasiya müdafiə etmədən texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir,[7] 20 iyun 1958-ci ildə isə Valentin Qluşko SSRİ Elmlər Akademiyasının Texniki Elmlər Şöbəsi (energetika) üzrə həqiqi üzvü seçilmişdir.[57] Planetin ilk kosmonavtı Yuri Qaqarinin kosmos uçuşunu təmin etməkdəki töhfəsinə görə OKB-456 (RN "Vostok" üçün RD-107 və RD-108 mühərriklərini hazırlamışdı) "Lenin" ordeni ilə təltif olunmuş, baş konstruktor Valentin Qluşko isə 17 iyun 1961-ci ildə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.[66][67]
Sonrakı illərdə Qluşkonun rəhbərliyi ilə aşağı qaynayan və yüksək qaynayan yanacaqlardan istifadə edən güclü JRD-lər hazırlanmışdır. Bunlar sovet daşıyıcı raketlərinin birinci pillələrində və əksər ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə istifadə olunmuşdur.[68] Natamam siyahıya RD-119, RD-214, RD-216, RD-219 ("Kosmos" RD üçün), RD-253 ("Proton" RN-nin 1-ci pilləsi üçün), yuxarı pillələr və sürətləndirici bloklar üçün eksperimental RD-301 (dünyada yeganə flor-ammi yak yanacaqlı MYM) və bir çox digər mühərriklər daxildir.[69][14][70]
Bununla belə, Qluşko SSRİ Nazirlər Sovetinin 23 iyun 1960-cı il tarixli qərarı ilə gündəmə gətirilən N-1 super ağır daşıyıcı raketinin mühərriklərinin hazırlanması sifarişini ala bilməmişdir. OKB-1 1 oktyabr 1960-cı ildə bu raketin 1-ci və 2-ci pillələri üçün mühərriklərin hazırlanması üzrə texniki tapşırıqları həm OKB-456 (Valentin Qluşko), həm də N. D. Kuznetsovun KB-sinə göndərmişdir. Hər iki firma layihə-konstruktor işlərinə başlamışdır: Qluşkonun OKB-sində yanacaq kimi azot tetroksid + NDMQ kombinasiyasına üstünlük verilmiş (ehtiyat variant kimi oksigen + NDMQ kombinasiyası da nəzərdən keçirilirmişdir), Kuznetsovun OKB-sində isə oksigen-kerosin yanacağı seçilmişdir.[71] Korolyov Qluşkonun təkliflərinə qarşı aktiv şəkildə çıxış edərək, NDMG-nin yüksək toksikliyini arqument kimi göstərdi; nəticədə 16 iyul 1962-ci ildə keçirilən Dövlət Mütəxəssis Komissiyasının iclasında sifariş Kuznetsovun OKB-sinə verilməsi qərara alınmışdır.[72]
N-1 proqramının yaradılması prosesi uzanmış, planlaşdırılmış işlərin icra müddətləri dəfələrlə pozulmuşdur. 1974-cü il mayda SSRİ KP MK-də Dmitri Ustinovun sədrliyi ilə keçirilən iclasın tövsiyələrinə və 17 may tarixli SSRİ Müdafiə Şurasının qərarlarına əsasən, N-1 üzərində işlərin dayandırılması, Vasili Mişinin Mərkəzi Eksperimental Maşınqayırma Konstruktor Bürosunun (MEMKB; Korolyovun ölümündən sonra OKB-1 belə adlandırılmışdı) baş konstruktoru vəzifəsindən azad edilməsi, MEMKB-nin "Enerji" RKK-yə çevrilməsi (buraya 1 yanvar 1967-ci ildən OKB-456-nın adlandırıldığı "Enerqomaş" KB daxil edilmişdir) və Qluşkonun yeni RKK-nin baş konstruktoru təyin edilməsi haqqında 21 may tarixli SSRİ Nazirlər Sovetinin qərarı qəbul edilmişdir. Həmin gün Ümumi Maşınqayırma naziri Sergey Afanasyevin əmri ilə Valentin Qluşko "Enerji" RKK-nin direktoru və baş konstruktoru təyin olunmuşdur.[73]
Elə həmin gün Qluşko, artıq keçmiş MEMKB-yə gələrək baş konstruktor kabinetini tutmuş və ilk iş olaraq Mişinin müəssisəyə buraxılmamasını əmr etmişdir. Sonradan V. P. Mişin Moskva Aviasiya İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. N-1 mövzusu üzrə işlərin dayandırılması haqqında vəd edilmiş SSRİ Nazirlər Sovetinin qərarını gözləmədən (bu qərar yalnız 1976-cı ilin fevralında ortaya çıxmışdır), Qluşko 5 iyun tarixində "Enerji" NPO-nun rəhbəri kimi ilk əmri – 54 nömrəli əmri imzalamışdır. Bu əmrlə RKK-də N1-L3 kompleksi və N-1 daşıyıcı raketi üzrə bütün işlər dayandırılmışdır. Digər proqramlar üzrə işlər davam etdirilmiş, 17 fevral 1976-cı il tarixli SSRİ Nazirlər Sovetinin çoxdəfəlik kosmik sistemin yaradılması haqqında qərarından sonra isə "Enerji" — "Buran" proqramı üzərində işlər "Enerji" RKK-nin uzun illər əsas istiqamətinə çevrilmişdir.[73]
N1-L3 kompleksi üzrə işlərin dayandırılması Qluşko üçün ay proqramından imtina anlamına gəlmirdi. O, 1974-cü ilin oktyabrında "Enerji" RKK-nin yaxın illər üçün kompleks iş planını təklif etmişdir. Bu planın bəndlərindən biri Ayda uzunmüddətli elmi-tədqiqat bazasının yaradılması idi. Bunun üçün "LEK" (ay ekspedisiya gəmisi) kosmik gəmisinin yaradılması təklif olunurdu. Bu gəmi "birbaşa sxem" ilə (Ay orbitində qovşaqlar olmadan, "Apollon" proqramından fərqli olaraq) Aya çatsın. LEK güclü əsas və dörd idarəedici MYM ilə təchiz olunmuş eniş pilləsindən, qalxma pilləsindən və yaşayış blokundan ibarət olmalı idi. LEK-i Ay orbitinə çıxarmaq üçün yeni super güclü "Vulkan" raket-daşıyıcısı (N1F variantında N-1-in 49,700 kN-ə qarşı 73,800 kN başlanğıc gücü ilə) yaradılması təklif edilmişdir. Bu raket aşağı Yer orbitinə 200 tonluq obyektləri çıxara bilərdi.[74][75]
Valentin Qluşko ilk növbədə ABŞ-nin "Kosmik şattl" sisteminə bənzər çoxdəfəlik kosmik sistemin yaradılması qərarına qarşı çıxmışdı, lakin bu qərar hərbçilərin güclü təzyiqi ilə qəbul edilmişdir. Layihə işləri zamanı Qluşko SSRİ variantında "Buran" gəmisinin orbitə çıxarılması üçün yeni "Enerji" daşıyıcı raketinin (başlanğıc gücü 35,700 kN)[75] istifadə olunmasını təmin etmişdir. Bu zaman iki bərk yanacaqlı sürətləndiricinin analoqu kimi raketin 1-ci pilləsini təşkil edən dörd başlanğıc sürətləndiricisi (RD-170 mühərrikləri ilə) çıxış etmiş, xarici yanacaq çəninin analoqu isə dörd oksigen-hidrogen RD-0120 MYM (Aleksandr Konopatovun baş konstruktor rəhbərliyi ilə "Ximavtomatika" KB-də yaradılmışdır) ilə təchiz olunmuş 2-ci pillə olmuşdur.[76][77] Oksigen-kerosin RD-170 mühərriki, ideyası Qluşkoya məxsus olan və "Enerqomaş" KB-nın baş konstruktoru Vitali Radovskinin birbaşa rəhbərliyi ilə hazırlanan, Yer səthində 7260 kN, vakuumda isə 7900 kN gücünə malik olaraq dünyada ən güclü MYM olmuşdur.[78][79]
Qluşko eyni başlanğıc sürətləndiriciləri və unifikasiya edilmiş 2-ci pilləsi olan üç daşıyıcı raket ailəsinin yaradılacağını gözləyirdi: "Qroza" (iki sürətləndirici ilə), "Enerji" (dörd sürətləndirici ilə) və "Vulkan" (səkkiz sürətləndirici ilə). Buna baxmayaraq, "Qroza" və "Vulkan" DR-ləri üzrə işlərin maliyyələşdirilməsi üçün vəsait tapılmamışdır. "Enerji" DR-nin ilkin layihəsi 1976-cı ilin dekabrında tamamlanmış, 1977-ci ilin noyabrında isə SSRİ Nazirlər Sovetinin super ağır "Enerji" daşıyıcı raketinin və "Buran" kosmik gəmisinin yaradılması haqqında qərarı qəbul edilmişdir.[76][77][78]
1977-ci ilin iyununda Qluşko "Enerji" RKK-nin direktoru vəzifəsindən getmiş, lakin ömrünün sonuna qədər birliyə baş konstruktor kimi rəhbərliyi davam etdirmişdir. O, 1974–1989-cu illərdə Baş Konstruktorlar Şurasının sədri olaraq, "Enerji" RKK-nin aparıcı rol oynadığı layihələr üzrə ölkənin raket-kosmik sənayesi müəssisə və təşkilatlarının işlərinin texniki rəhbərliyini və koordinasiyasını həyata keçirmişdir. O, "Soyuz" pilotlu kosmik gəmilərinin, "Proqress" yük gəmisinin, "Salyut" orbital stansiyalarının təkmilləşdirilməsi, "Mir" orbital kompleksinin yaradılması və "Enerji" — "Buran" çoxdəfəlik nəqliyyat-kosmik sisteminin inkişafı üzrə işlərə rəhbərlik etmişdir.[67][80]
15 may 1987-ci ildə 1-ci pilləsində RD-170 MYM-ləri quraşdırılmış "Enerji" daşıyıcı raketinin uğurlu buraxılışı həyata keçirilmişdir. 15 noyabr 1988-ci ildə "Buran" kosmik gəmisi "Enerji" daşıyıcı raketi ilə orbitə çıxarılaraq ilk (və yeganə) kosmik uçuşunu yerinə yetirmişdir.[14]
Valentin Qluşko SSRİ Ali Sovetinin Millətlər Şurasının VII–XI çağırış deputatı (Kalmık MSSR-dən),[81] SSRİ KP MK üzvü (1976–1989),[80] Beynəlxalq Aeronavtika Akademiyasının həqiqi üzvü (1976) olmuşdur.[82]
Bir neçə onillik ərzində Valentin Qluşko SSRİ Elmlər Akademiyası Rəyasət Heyətində "Maye raket yanacağı" problemi üzrə Elmi Şuranın rəhbəri olmuşdur.[83] O, raket yanacaqlarının xüsusiyyətlərinin öyrənilməsi üzrə elmi təşkilatların işlərini koordinasiya etmiş, nəticədə 1956–1982-ci illərdə bu yanacaqlarda istifadə olunan müxtəlif maddələrin xassələri haqqında məlumatları əks etdirən 40 cildlik istinad nəşrləri çap olunmuşdur.[84]
Valentin Qluşko 10 yanvar 1989-cu ildə, 81 yaşında, beyin arteriyalarının aterosklerozundan vəfat etmişdir.[7] O, Moskvada yerləşən Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.[85]
Valentin Qluşkonun atası Pyotr Leontyeviç Qluşko idi. O, fermer əməkçisinin oğlu olmağına baxmayaraq, ali təhsil almışdı. Valentin Qluşkonun anasının adı Matrona Semyonovna idi. Cütlüyün üç övladı var idi: qızı Qalina (1907-ci ildə anadan olub) və oğulları Valentin (1908-ci ildə anadan olmuşdur) və Arkadi (1915-ci ildə anadan olmuşdur).[86]
Valentin Qluşkonun ilk evliliyi Susanna Mixaylovna Zqut (ikinci evliliyində Georgiyevskaya, sonradan uşaq yazıçısı olmuşdur) ilə bir neçə il davam etmişdir. İkinci həyat yoldaşı Tamara Sarkisova ilə (bu evlilik rəsmi qeydiyyata alınmamışdı) Qluşkonun 1938-ci ildə Yevgeniya adlı qızı olmuşdur. Qluşko həbsdən azad edildikdən sonra Tamara Sarkisova ilə münasibətləri bərpa olunmadı. Almaniyadan ezamiyyətdən qayıtdıqdan sonra Qluşko Maqda Maksovna Qluşko (qızlıq soyadı Esmin, 1926–1993) ilə evlənmişdi. O, ingilis dili müəllimi idi. Maqda Qluşko 1960-cı illərdən başlayaraq uzun illər Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin ingilis dili kafedrasının müdiri olmuşdur. O, 1980-ci ildən filologiya elmləri doktorudur.[87] Onların iki övladı olmuşdur: qızı Elena (1948-ci ildə anadan olmuşdur) və oğlu Yuri (1952-ci ildə anadan olmuşdur). 1959-cu ildə OKB-456 əməkdaşı Lidiya Dmitriyevna Perışkova ilə tanış olmuşdur. 1972-ci ildə onların Aleksandr[5][7][88] adlı oğlu olmuşdur. Aleksandr Qluşko sonradan tarixçi olmuşdur.[89]
Boris Çertokun öz xatirələrində qeyd etdiyi kimi, Valentin Qluşko yüksək texniki səriştəsi, geniş erudisiyası, ümumi mədəniyyəti və cari problemlər arasında əsas vəzifəni tez müəyyənləşdirmək bacarığı ilə fərqlənirdi, baxmayaraq ki, bəzən tabeliyində olanlara və həmkarlarına qarşı həddindən artıq tələbkarlıq göstərirdi. O, istənilən daxili vəziyyətdə sakit görünüşünü qoruya bilirdi. Qluşko həmişə səliqəli və qüsursuz geyinirdi.[90]
Qluşko, qızğın xasiyyətli Korolyovdan fərqli olaraq, heç vaxt tabeliyində olanlara qışqırmazdı.[91] O, işində "hər kəs öz işini yaxşı görsə, ümumi iş də yaxşı olar" prinsipinə əməl edirdi.[92]
Valentin Qluşko Kaluqa (1975), Odessa (1975), Korolyov və Ximki (1979), Baykonur (1983), Kazan (1987), Primorsk və Elista (1988) şəhərlərinin fəxri sakini olmuşdur.[67]
thumb|150px|Qluşkonun stendi muzeydə.
Valentin P. Qluşko 400-dən çox elmi məqalə, məqalə və ixtiraların müəllifidir. Onun əsərlərindən bəziləri: