Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə.
Xuraman Vəfa | |
---|---|
Xuraman Məcid qızı Vəfa | |
Doğum tarixi | 9 iyul 1959(1959-07-09) (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, jurnalist |
Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.
İki övladı var.
Xuraman Vəfa 1979–1981-ci ildə ƏMX Nazirliyinin "KTB fabrikində" baş mühasib, 1981–1989-cu ildə Meliorasiya Su Təsərrüfatı Nazirliyinin 2№ CMD (PMK-12) baş mühasib vəzifəsində işləmişdir. 1989-cu ildə köçürmə yolu ilə ixtisaslı kadr kimi Respublika DYK Azəriqaz Təmir Tikinti Trestinə təftişçi təyin olunmuşdur, 1990-cı ildə DYK Azəriqaz Təmir Tikinti Trestindən köçürmə yolu ilə Layihə Mənzil Tikinti Birliyinə şöbə müdiri, 1992-ci ildə isə köçürmə yolu ilə Respublika DYK-nın Neft Məhsulları Təchizatı və Topdansatış İstehsalat Birliyinə şöbə müdiri təyin olunmuş və 1997-ci ilə qədər həmin vəzifədə çalışmışdır. Həmçinin 2003-cü ildən Azərbaycan və ingilis dillərində nəşr olunan "Vəfa" ədəbi-bədii, ictimai, elmi-publisistik beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Eyni zamanda 2004-cü ildən ER_SEL Sənaye Şirkətində hüquqşünas işləyir. 2005-ci ildə 55 saylı Xaçmaz Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuşdur. 2008-ci ildə Azərbaycan Qadınlar Komitəsinin III qurultayına Sabunçu rayonundan nümayəndə seçilmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Yazıları dövrü mətbuatda mütəmadi olaraq dərc olunur. 11 şeirlər kitabının və 1 nəsr əsərinin müəllifidir. Eyni zamanda yüzlərlə publisistik məqalələr, türk dilində 300–dən artıq şeir yazmışdır. Şeirləri rus, gürcü, ingilis, fars dillərinə tərcümə olunub. Sözlərinə 300-dən artıq mahnı bəstələnib.[1]