Ancelka Martiç (xorv. Anđelka Martić; 1 may 1924, Zaqreb – 11 noyabr 2020, Zaqreb) — Xorvatiya yazıçısı və ədəbi tərcüməçisi.[2][3][4] Ən çox İkinci Dünya müharibəsi dövründə bir oğlanla maral balasının dostluğundan bəhs edən "Pirqo" romanı ilə tanınan uşaqlar üçün yazdığı hərbi nəsri ilə məşhurdur.
Ancelka Martiç | |
---|---|
xorv. Anđelka Martić | |
Doğum tarixi | 1 may 1924(1924-05-01) |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 2020(2020-11-11) (96 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Əsərlərinin dili | xorvat dili |
Mükafatları |
![]() ![]() |
Ancelka Martiç 1 may 1924-cü ildə Zaqreb şəhərində üç uşaqdan ikincisi olaraq anadan olmuşdur. Atası 1933-cü ildə gənc yaşda vəfat etmiş, xəstə olan anası isə ailəni dolandırmaqda çətinlik çəkmişdir. Buna görə Martiç çox vaxt kənd yerlərində nənə və babasının yanında keçirmişdir. Bu səfərlər onun ədəbi yaradıcılığının əsas motivlərindən biri olmuşdur.[5]
İkinci Dünya müharibəsi ərəfəsində orta məktəbi bitirmişdir. 1941-ci ildə müqavimət hərəkatının fəalı olan qardaşı marionet dövlət olan Xorvatiyanın milisi tərəfindən aşkarlanıb tutularaq 1942-ci ilin fevralında Yasenovats həbs düşərgəsində edam edildikdən sonra Martiç partizanlara qoşulmuş və hərbi müxbir kimi fəaliyyət göstərmişdir. Müharibənin sonunda Belqradın azad edilməsində iştirak etmiş və yaralı yoldaşını xilas etdiyinə görə Yuqoslaviyanın "Cəsarət" ordeni ilə təltif edilmişdir.[5]
Martiçin ilk şeirləri "Kulturni prilozi" jurnalında dərc olunmuşdur. Müharibədən sonra "Vjesnik" və "Omladinski borac" qəzetlərində, eləcə də "Pionir" uşaq jurnalında jurnalist kimi çalışmışdır. "Radost" uşaq jurnalının baş redaktoru və "Naša dyeca" nəşriyyatının baş redaktoru olmuşdur. 1954-cü ildən Xorvatiya Yazıçılar İttifaqının üzvü idi.[6][7]
11 noyabr 2020-ci ildə vəfat etmişdir. Zaqrebdə yerləşən Miroqoy qəbiristanlığında dəfn olunmuşdur.[8]
Ancelka Martiç şeirlər, uşaq kitabları və illüstrasiyalı kitablar üçün mətnlər yazmışdır. O, Xorvatiyanın uşaqlar üçün yazılmış hərbi nəsrinin ən görkəmli müəllifidir. Buna baxmayaraq, onun bəzi əsərləri avtobioqrafik kitablar və Xorvatiya yazıçısı İvana Brliç-Majuraniçin ənənələrinə uyğun fantastik nəsr nümunələridir. "Pirqo" romanında birinci şəxs adından yazılmış lirik hekayədə Martiç müharibənin hamıya, istisnasız olaraq, əzab gətirdiyi haqqında danışır.[2]
Onun əsərləri polyak, çex, rus, italyan, esperanto, Çin və fars dilləri daxil olmaqla bir çox xarici dillərə tərcümə edilmişdir. Martiç özü də sloven dilindən bir sıra kitabları tərcümə etmişdir.[2]
|
|
Ədəbi yaradıcılığına görə Ancelka Martiç Qızıl çələnglə Yuqoslaviya "Əmək" ordeni ilə təltif edilmişdir. 1973-cü ildə Polşa uşaqları adından verilən unikal mükafat olan "Təbəssüm" ordeninə layiq görülmüşdür.[9]