Çimnaz Sultanova (15 yanvar 1982, Bakı – 15 yanvar 2025, Bakı) — Azərbaycan aktrisası və müğənnisi. "Vicdan haqqı" serialında canlandırdığı Larisa obrazına görə tanınır.
Çimnaz Sultanova | |
---|---|
Doğum tarixi | 15 yanvar 1982(1982-01-15) |
Doğum yeri | |
Vəfat tarixi | 15 yanvar 2025(2025-01-15) (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | aktrisa, müğənni, biznes ledi |
Təhsili | |
IMDb | ID8703293 |
Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda doğulmuşdur. Atası 1990-cı illərdə Azərbaycanda baş verən siyasi hadisələrdən narahat olduğu üçün ailəsi ilə Rusiyaya köçmüş və Moskvada böyümüşdür. O, bir müsahibəsində nənəsinin yəhudi olduğunu[1] və uşaq olanda nənəsinin onu sinaqoqa apardığını bildirmişdir.[2]
Sultanova əvvəlcə musiqi ilə məşğul olmuşdur.[1] Rusdilli keçmiş sovet ölkələrinin tələbələrindən ibarət Almaniya şəhərciyinə köçmüş[3] və Almaniyada beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil almışdır.[4] 2001–2002-ci illərdə Almaniyada aktyorluq dərsləri almış,[1] "Dram krujok"da aktyorluq sənəti üzrə məşğul olmuşdur. İsrail Mədəniyyət Mərkəzində aktyorluq sənəti ilə bağlı dərslər almış, ilk əsas səhnə təcrübəsində yəhudi kraliçası Esfiri canlandırmışdır.[3] Azərbaycana qayıtdıqdan sonra 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissorluğu təhsili almışdır.[5] Aktrisalıqdan əlavə olaraq özünə biznes qurmuş, bir neçə obyekt açmışdır.[4]
Sultanova Azərbaycanda ilk dəfə "Sənə inanıram" serialında rol almışdır.[4] Daha sonra "100 kağız", "Qisas", "Vicdan haqqı", "Sarı gəlin", "Satılmış ruhlar",[2] "Bayram axşamı" kimi bir sıra serial və filmlərdə rol almışdır.[1][4] O, "Vicdan haqqı" serialındakı Larisa rolu ilə məşhurlaşmışdır. Serialda evli kişi ilə münasibət yaşayan, Rusiyadan ona maddi dəstək göstərən personajı canlandırdığı üçün bu rolu azərbaycanlı izləyicilər tərəfindən tənqid olunmuş, təhqirlərə məruz qalmışdır. Onun "YouTube"da yayımlanan "Çimnazla yataqda" verilişi və 2023-cü ilin ortalarında teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açması qalmaqala səbəb olmuşdur.[4]
Müsahibələrdən birində seriallardan olan qazancını xeyriyyə işlərinə sərf etdiyini bildirmişdir.[3]
Uşaqlıqdan tanıdığı və ailəvi yaxınlığı olan bir nəfərlə evlənsə də,[1] daha sonra ondan ayrılmışdır.[4] Keçmiş həyat yoldaşı fizika üzrə professordur və Almaniyada yaşayır. Cütlüyün bir oğlu olmuşdur.[1]
15 yanvar 2025-ci ildə – öz ad günündə bağırsaq xərçəngi səbəbilə müalicə aldığı Milli Onkologiya Mərkəzində ölmüşdür.[6] Onun xəstəliyi ölümündən 2 ay əvvəl üzə çıxmışdı.[4] Əmircan qəbiristanlığında dəfn olunmuşdur.[6]
İl | Film / Serial | Rol | Qeydlər | İst. |
---|---|---|---|---|
2013 | "Sənə inanıram" (serial) | [1] | ||
2014 | "Qisas" (serial) | [4] | ||
2015 | "100 kağız" (film) | [4] | ||
2016–2018 | "Vicdan haqqı" (serial) | Larisa | baş rol | [1] |
2016 | "Bayram axşamı" (film) | [1] | ||
2018 | "Sarı gəlin" (serial) | Solmaz | [7] | |
2019 | "Oxşarabad" (film) | falçı | ||
2020 | "Satılmış ruhlar" (serial) | baş rol | [8] |