Çin xalq dini (çin. 中國民間信仰; Zhōngguó mínjiān xìnyăng),[1]bai şen (çin. 拜神; bài shén - tanrılara ibadət) və ya şenizm (çin. 神; shén - tanrı)[2] — etnik hanların ənənəvi dini.
Artıq Sun sülaləsi (960-1279) dövründə Çinin üç əsas dinin (Buddizm, Konfusiçilik və Daosizm) sinkretizmi han xalqının ümumi din sistemini formalaşdırmışdı. Bu din günümüzə qədər gəlib çatmışdır.[3] Çin xalq dinidəki Buddizmin, Konfusiçiliyin və Daosizmin sinkretizmi bəzən "üç dinin birliyi" (çin. 三教合一; sān jiào hé yī və ya çin. 三教合流; sān jiào hé liú) adlanır.[4] Eyni zamanda, bu üç dinin təlimlərinə Çin xalq dinidə tam şəkildə riayət edilmir. Məsələn, onun məbədlərində qurban kəsilir, baxmayaraq ki, Buddizm və Daosizm heyvanları öldürməyə qadağan edir.[5]
Fenşuy, İn və Yan, ənənəvi Çin tibbi (o cümlədən akupunktura), beş element (od, su, taxta, metal və torpaq) konsepsiyası kimi anlayışlar bu dünya görüşünə aiddir.[6]
İllər boyu Çində formalaşan Buddizmin, Konfusiçiliyin və Daosizmin sinkretizmi adsız qalırdı. "三教" (sān jiào) ifadəsində "教" (jiào) heroqlifi "din" mənasında işlənirdi. Halbuki, XIX əsrdə xarici mətnləri Çin dilinə tərcümə etmək üçün din sözü üçün Yapon dilindən "宗教" (zōng jiào) ifadəsi götürülmüşdü, "教" isə "təlim" kimi tərcümə olunmağa başlayıb.
Bu günə qədər hətta təhsilli Çinlilər bu məsələdə çaşqın ola bilər. Məsələn, onlardan Buddist və ya Konfusiçi məbədinə səhvən "Taoist" deməkləri nadir hal deyil. Özəlliklə, Taoizm ilə Çin xalq dini arasındakı fərq hər kəsə aydın deyil.[7]
"Xalq dini" (ing. popular religion/folk religion) anlayışı Çin dilinə ingilis dilindən gəlmişdir. O, müasir Çin akademik ədəbiyyatında işlənilir (çin. 民間宗教; mínjiān zōngjià). Bundan başqa, "Çin yerli dini" (çin. 民俗宗教; mínsú zōngjiào), "Çin etnik dini" (çin. 民族宗教; mínzú zōngjiào) və "Çin dini" (çin. 中華教; zhōnghuájiào) kimi ifadələr də həmçinin təklif olunur.[8]
U Hsin Çao Çində dörd ənənəvi dini təşkilat növünün olduğundan yazır: əcdad ibadəti, ilahilik ibadəti, gizli cəmiyyət və sekta.[9]
İlahilik ibadəti qurbangah icmaları (çin. 社會; shèhuì) tərəfindən təşkil olunurdu. Bu cür icmalar, məsələn, tanrıların ad günü mərasimləri kimi[10] festivalları (çin. 廟會; miàohuì) hazırlayırdı.[11] Mao Tszedun dini qurumların analizində onları üç kateqoriyaya bölürdü: tanrı assosiasiyası, kənd icması və məbəd assosiasiyası. Bundan əlavə, onun yazdığına görə, tanrı assosiasiyalarının bir növü qurban assosiasiyası (çin. 醮會; jiàohuì) idi.[12]
Əcdad ibadəti ev altarı, özəl məbəd və ya soy məbədi (çin. 祠堂; cítáng) vasitəsi ilə tətbiq oluna bilər. Eyni soyadı olan insanlar qohumluq assosiasiyalarının (çin. 宗族協會; zōngzú xiéhuì) üzvü ola bilər. Məsələn, Çen və Lin soylarının öz məbədləri var. Tsannan bölgəsində Çen soyuna aid olan 123 məbəd mövcuddur. 2006-cı ildə orada bu soyadı olan 184260 adam yaşayırdı.[13]
Bir araşdırmada Çində sektaların üzvləri istisna edərək, xalq dininə inananların və etiqad edənlərin sayı hesablanmışdır. Hesablamalara görə, Çində 15 yaşından yuxarı olanların 55,5%-i Çin xalq dininə inanır və etiqad edir.[14]