Əbu Ömər Cəmaləddin Yusif ibn Abdillah ibn Məhəmməd ibn Əbdilbərr ən-Nəməri (ərəb. ابن عبد البر; 29 noyabr 978[1][2][…], Kordova, Əndəlüs – 4 fevral 1071[3][4][…]) — Əndəlüslü mühəddis, hədis tənqidçisi, ədib, tarixçi və Maliki fəqihi.[5]
İbn Əbdülbər | |
---|---|
ərəb. ابن عبد البر | |
![]() | |
Doğum tarixi | 29 noyabr 978[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 1071[3][4][…] (92 yaşında) |
Elm sahələri | genealogiya |
Tanınmış yetirməsi | İbn Həzm |
Hicri 368-ci (noyabr 978) ildə Qurtubədə (indiki Kordova) doğulub. Babalarından Nəmir ibn Qasitə nisbətlə "İbn Əbdülbər ən-Nəməri" şəkildə də adlandırılıb. Babası Məhəmməd dövrünün tanınmış sufisi, atası Abdullah isə Qurtubənin ən qabaqcıl qiraət, təfsir, fiqh və hədis alimi olub. İbn Əbdülbər ilk təhsilini aldığı vaxtlarda Abbas ibn Əsbağ əl-Həmədani və Əbdürrəhman ibn Əban kimi alimlərdən faydalanıb. Daha sonra təfsir, fiqh, hədis, cədəl və sirət təhsil alıb. Təxminən 100-ü Əndəlüslü olmaqla 107 alimdən icazət (diplom) alıb. Əbül-Qasım ibnüd-Dəbbağ, İbn Battal əl-Batalyəvsi, Əbdülvaris ibn Süfyan, Əhməd ibn Qasım əl-Bəzzar, Əbu Ömər Əhməd ibn Abdullah əl-Baci, Əbu Ömər Əhməd ibn Əbdülməlik əl-İşbili və İbnül-Fəradi onun dərs aldığı müəllimləridir. Başda Əbu Əli əl-Qəssani ilə İbn Həzm olmaqla Məhəmməd ibn Fütuh əl-Humeydi və Əbdürrəhman ibn. Əttab kimi tanınmış şəxslər ona tələbəlik etmişlər. İbn Həzm, onun həmyaşıdı və eyni müəllimlərin tələbələri olmalarına baxmayaraq, hədis elmini ondan öyrənmiş və bəzən səmə (eşitmə), bəzən icazət yolu ilə ondan hədis rəvayət etmişdir.[5]
İbn Əbdülbər müxtəlif ölkə və coğrafiyalardan gələn tələbələri sayəsində gedə bilmədiyi mərkəzlərin elmindən də istifadə etmək şansını əldə etmişdir: Misirdən Əbdülqəni əl-Əzdi ilə Əbu Məhəmməd ibn ən-Nəhhas, Məkkədən Əbu Zər əl-Hərəvi, Qayrəvandan Əbu Nəsr əd-Davudi kimi alimlərdən icazət almışdır. Əbu Davudun "əs-Sünən"inə sadəcə iki ravi vasitəsilə ali isnada yiyələnən İbn Əbdülbər, Malikin "Muvatta"sına "əs-sənədül-Əndəlüsi" adlı Əbdülvaris ibn Süfyan – Qasım ibn Əsbağ – Məhəmməd ibn Vəddah – Yəhya ibn Yəhya sənədi vasitəsilə yiyələnmişdir. İslam elmləri ilə bərabər coğrafiya, tibb, cəbr, astrologiya kimi sahələrdə də tədqiqatlar həyata keçirmiş, icazət vasitəsilə rəvayət haqqı əldə etdiyi bir çox əsəri tələbələrinə tədris etmişdir. İbn Xeyr əl-İşbili "Fəhrəsə"sində onun rəvayət etdiyi əsərlərin bir kitabxana qədər olduğunu qeyd etmişdir.
İbn Əbdülbər həm hörmətli nəslə mənsub olması, həm də dəyərli əsərlər qələmə alması sayəsində böyük şöhrət sahibi olmuşdur. Onun bu şöhrətindən bəhrələnmək istəyən dövrünün dövlət rəhbərləri onu öz saraylarına dəvət etmişlər. Amirilərdən Mücahid, Əftasi əmiri Məhəmməd əl-Müzəffər onun elm məclislərində iştirak etmiş dövlət adamlarıdır.
İbn Əbdülbər, əvvəlcə Mücahid əl-Amirinin hakimiyyəti altında olan Dəniyəyə (indiki Denia) gedərək qiraətlə bağlı əsərlər yazmış, daha sonra onun ölümündən sonra Məhəmməd əl-Müzəffərin hakimiyyəti altında olan Batalyevsə (Badaxos) getmiş və əmir tərəfindən Üşbunə (Lissabon) və Şəntərində (Santaren) qazılıq vəzifələrin çalışmışdır. "əl-Kafi" adlı əsəri ilə "Bəhcətül-məcalis"i burada qələmə almışdır. Əndəlüsdə siyasi-hərbi vəziyyət mürəkkəbləşdiyindən Bələnsiyəyə (Valensiya) qayıdaraq Amirilərdən Əbdüləziz ibn Əbdürrəhman əl-Mansurun himayəsində dərs deməyə başlamışdır. Əbdüləzizin ölümündən sonra Şatibəyə (Xativa) gedib, ömrünün son on ilini evinin "bostanu-İbn Əbdilbər" adlanan bağçasında müəllimlik və müəlliflik edərək keçirmişdir. Hicri 463-cü də (fevral 1071) burada da vəfat etmişdir.[5]
İbn Əbdülbər hədis, fiqh, tarix, təbəqat, ədəbiyyat və əxlaq sahələrində kitablar qələmə almışdır: ət-Təmhid limə fil-Muvatta minəl-məani vəl-əsanid, əd-Dürər fixtisaril-məğazi vəs-siyər, Bəhcətül-məcalis və ünsül-mücalis və şahzüz-zahini vəl-hacis, Muxtərat minəş-şir vən-nəsr[6] və s.[5]