Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 39 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İman Zeynalabdın oğlu Cəfərovun (1963, Qaraçuq, Naxçıvan rayonu) - Filologiya üzrə fəlsəfə doktoru, dosent[1], Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi[2] [3]
İman Cəfərli | |
---|---|
İman Zeynalabdın oğlu Cəfərov | |
Doğum tarixi | 1963 |
Doğum yeri | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | İsa Həbibbəyli |
Mükafatları | Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi |
İman Cəfərov 1963-cü ildə Naxçıvan MR Naxçıvan rayonunun Qaraçuq kəndində anadan olub.
1970-1980-ci illərdə Qaraçuq kənd orta məktəbində təhsil alan İman Cəfərov 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisasına qəbul olunmuş, dörd il bu ali məktəbdə Muxtar Respublikanın görkəmli alimlərindən biliklər almışdır. 1985-ci ildə görkəmli alim İsa Həbibbəylinin elmi rəhbərliyi ilə “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin ideya-bədii xüsusiyyətləri” mövzusunda diplom işi müdafiə edən İ.Z.Cəfərov ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Prinsipcə qeyd edilən diplom işinin müdafiəsi İ.Z.Cəfərovun həyatında əsaslı dönüş mərhələsini təşkil etmişdir. Həmin diplom işinə ustad-müəllim İsa Həbibbəylinin əlyazma rəyindəki aşağıdakı cümlələr tələbənin həyat yolunu tamamilə dəyişmişdir: “Diplom işi müvəffəqiyyətlidir. Orijinal müşahidə və mülahizələrin nəticəsidir. Böyük elmə gedən yollarda iradə, təmkin, coşğun həvəs arzulayıram.”
1985-1990-cı illərdə Babək rayonunun Payız kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışan İman Cəfərov əsl xalqçı müəllim ömrünü təkrarlamışdır. O, ucqar dağ kəndinin məktəbində radio qovuşağı təşkil etmiş, müəllim yoldaşların və şagirdlərin köməyi ilə böyük tənəffüslərdə radio-dərslər yaratmış, məktəbdə Məhəmmədhüseyn Şəhriyarla, Məmməd Arazla, Şah İsmayıl Xətai ilə bağlı elmi konfransların keçirilməsinə nail olmuşdur.
1990-cı ilin sentyabr-oktyabr aylarında qısa bir müddətdə Babək rayonunun Nehrəm kənd orta məktəbində müəllim vəzifəsində işləyən İman Cəfərov həmin ilin noyabr ayından Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. O, bu ali məktəbdə əvvəlcə dispetçer vəzifəsini icra etmiş, daha sonra “Azərbaycan ədəbiyyatı” kafedrasında baş laborant, kabinə müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. Eyni zamanda ictimai əsaslarla universitet Tələbə Elmi Cəmiyyətinin məsul katibi, aspirantura şöbəsinin müdiri vəzifələrini yerinə yetirən İman Cəfərov 1991-cı ildən 2017-ci ilə qədər universitet Elmi Şurasının üzvü olmuşdur.
Naxçıvan Dövlət Universitetində İman Cəfərovun adı daim təhsilin təşkilatçıları sırasında olmuşdur. 2002-ci ildə universitetdə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası yaradılarkən o, bu kafedranın ilk müdiri vəzifəsinə seçilmiş, kafedranın təşkilində var qüvvəsi ilə çalışmışdır. İman Cəfərov “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası yanında “Ernest Heminquey mərkəzi”nin yaradılmasında da yaxından iştirak etmişdir. Naxçıvan Dövlət Universiteti haqqında ilk videoçarxın çəkilişində də onun xüsusi əməyi olmuşdur.
2006-ci ildən Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin dekanı vəzifəsinə seçilən İman Cəfərov 2009-cu ildə yüksək bir fəxri ada – Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
İman Cəfərovun tərcümeyi-halında elmi-pedaqoji fəaliyyətlə təşkilatçılıq paralel şəkildə yer tutmuşdur. 1991-ci ildə universitetin aspirantura şöbəsində ilk 4 dissertantdan biri kimi təsdiq olunan İman Cəfərov 8 il ərzində ədəbiyyatşünaslıq üçün tamamilə yeni bir mövzuda - “Azərbaycan ədəbiyyatında səyahətnamə” mövzusunda dissertasiya yazmış, 1999-cu ildə bu əsəri müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Gənc tədqiqatçının bu dissertasiyası 2001-ci ildə “Elm” nəşriyyatı tərəfindən eyni adla nəşr olunmuşdur.
İman Cəfərov 2001-ci ildən Azərbaycan ədəbiyatşünaslığı üçün yeni olan daha bir mövzuda doktorluq dissertasiya üzərində çalışmaqdadır. “Molla Nəsrəddin” jurnalı və dünya ədəbiyyatı” mövzusunda dissertasiyasını tamamlamaq ərəfəsində olan İman Cəfərov 2005-ci ildə daha bir kitab – “Molla Nəsrəddin”də jurnalistika sənətkarlığı məsələləri” adlı metodik vəsait nəşr etdirmişdir.
“Molla Nəsrəddin” jurnalı və dünya ədəbiyyatı” mövzusu ilə bağlı 40-dan çox elmi məqalənin müəllifi olan İman Cəfərov eyni problemlə əlaqəli bir sıra beynəlxalq səviyyəli konfranslarda, o cümlədən 13-14 fevral 2010-cu il tarixdə Türkiyə Respublikasının Ərdəhan şəhərində keçirilən “Azatlığın sesi: Baxtiyar Vahabzade” beynəlxalq simpoziumunda “Bahtiyar Vahapzadenin yaradıcılığında “Molla Nəsrəddin” edebi ekolun gelenekleri” mövzusunda, 8-9 dekabr 2012-ci il tarixdə Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mirzə Ələkbər Sabir-150” konfransında “Mirzə Ələkbər Sabir yaradıcılığında Qərb-Şərq ədəbi formalarının kontaminasiyası” mövzusunda məruzə söyləmiş, fikir mübadiləsinə şərait yaratmışdır. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən FD.02.121 Dissertasiya Şurasının elmi katibi vəzifəsini icra edən İman Cəfərov hazırda “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının dosentidir.