İsgəndər mirzə (25 aprel 1384[1] – noyabr 1415[1]) — Əmir Teymurun nəvəsi, Şeyx Ömər mirzənin üçüncü oğlu, Teymuri mirzəsi.[2]
İsgəndər mirzə | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1384(1384-04-25)[1] |
Vəfat tarixi | noyabr 1415[1] (31 yaşında) |
Atası | Şeyx Ömər mirzə |
Ailəsi | Teymurilər |
![]() |
25 aprel 1384-cü ildə dünyaya gəldi. Atası Əmir Teymurun böyük oğlu Şeyx Ömər mirzə, anası isə onun xanımlarından Mülkət ağadır.[3] Hələ 9 yaşında ikən atasının Fars vilayətinə təyin edilməsiylə boşalan Fərqanə valiliyinə təyin olundu. Ancaq ertəsi il atası sui-qəsd nəticəsində öldürüldü və anası Mülkət ağa siyasi gücü səbəbilə əmisi Şahrux mirzəylə evləndirildi. İsgəndər mirzə isə atasının hərəmxanasıyla birlikdə atasının cənazəsini müşayiət etdi və Şəhrisəbz şəhərinə göndərildi.[3]
1397-ci ildə əmisi Miranşah mirzənin qızı Bikə Sultan ağa ilə evləndirildi və yenidən Fərqanəyə qayıtdı. 1399-cu ilin qışında xəbər vermədən qonşu əyalətlərə hücumlar tərtiblədi.[3] Bu basqınlarda qalib gəlsə də, əmisi Cahangir mirzənin oğlu vəliəhd Məhəmməd mirzəylə münasibətləri pisləşdi.[4] Bu rəqabət qısa zamanda düşmənliyə çevrildi. Babaları Əmir Teymurun səfərdə olmasından istifadə edən vəliəhd Məhəmməd mirzə onun atabəyi Bonyan Teymuru və 26 yaxın adamını edam etdirdi. İsgəndər mirzə isə həbs olundu. Babasının dönüşüylə azadlığa buraxıldı və onun ordusuna qatılaraq Həmədanın idarəsinə gətirildi.
1405-ci ildə Əmir Teymurun vəfatı ilə oğul və nəvələri taxt mübarizəsinə başladılar. İsgəndər mirzə dərhal Fars vilayətlərinin hakimi olan qardaşı Pir Məhəmməd mirzənin yanına qaçdı və onun əmriylə Yəzd hakimi təyin olundu.[5][6] Çox keçmədən qardaşlarıyla siyasi mübarizəyə başladı. Pir Məhəmməd mirzə tərəfindən təyin edildiyi Yəzd valiliyindən məmnun olmayan İsgəndər mirzə 1406-cı ildə Kirmana hücum etdi. Üsyankar qardaşını məğlub edib ələ keçirsə də, İsgəndər mirzə qaçaraq İsfahandakı digər qardaşı Rüstəm mirzəyə sığındı. Onu təqib edən Pir Məhəmməd mirzə şəhəri ələ keçirə bilmədi və şəhərətrafı bölgələri talan etdi. Çox keçmədən İsgəndər mirzə ələ keçirildi və həm əmiləri, həm də ögey ataları olan Şahrux mirzənin yanına Səmərqəndə göndərildi. Onun vasitəçiliyi sayəsində qardaşıyla barışdı və 1409-cu ildə onunla birlikdə Kirmana yürüşdə iştirak etdi.[7][8] Bu yürüş əsnasında qardaşı Pir Məhəmməd mirzə öz əsgərləri tərəfindən öldürüldü və İsgəndər mirzə can qorxusuyla Şiraza qaçdı.
Şirazda onu bütün Fars əyalətlərinin hakimi elan etdilər. Ancaq həm əmisi, həm də ögey atası olan Şahrux mirzəyə tabe olmaqdan boyun qaçırdı. Qardaşı Rüstəm mirzə tərəfindən 21 iyul 1414-cü ildə ələ keçirildi və gözlərinə mil çəkildi. Ancaq buna acıqlanan Şahrux mirzə onu bu dəfə digər qardaşı Bayqara mirzənin yanına göndərdi. Buna baxmayaraq Fars əyalətini yenidən ələ keçirməyə cəhd etdi və Qaşqari tayfası tərəfindən ələ keçirilərək qardaşı Rüstəm mirzənin yanına göndərildi.[6] Burada 1415-ci ilin noyabrında edam olundu.