İsrailsayağı səhər yeməyi – İsrailin kibbutzlarında ortaya çıxan, hazırda isə İsrailin bir çox hotel və restoranlarında servis edilən səhər yeməyi növü.[1] Əsasən furşet kimi servis olunur və meyvələr, tərəvəzlər, salatlar, çörəklər, xəmir yeməkləri, süd məhsulları, yumurtalar və balıqlardan ibarətdir. Ət daxil edilmir.
İsrail Dövlətinin ilk illərində kibbutz sakinləri yeməklərini kommunal yemək otağında yeyirdilər.[2] Sakinlərin əkinçilik sahələrində bir neçə saat işləməzdən öncə yüngül səhər yeməyi yemələri ümumi vərdişlərdən biri idi. Daha sonra brançı xatırladan və daha doyurucu olan səhərortası furşet yeməyi üçün yemək otağına gəlirdilər.[2] 1950-ci illərdə İsrail hotelləri "israilsayağı səhər yeməyini" kibbutz yeməklərini xatırladan stildə reklam edirdilər.[3] 1979-cu ildə Yerusəlim Hotellər Assosiasiyası və İsrailli Hotel Sahibləri Assosiasiyasının üzvləri xərcləri azaltmaq üçün israilsayağı səhər yeməyini hotel otağı menyusundan çıxarmağa və onu kontinental səhər yeməyi ilə əvəz etməyə qərar vermişdirlər.[4] Lakin bu cəhd uğursuz olmuş və israilsayağı səhər yeməyi ənənəsi davam etmişdir.
İsrail hotellərində israilsayağı səhər yeməyi özünəxidmət furşeti kimi servis olunur.[4][5] Daha kiçik restoranlarda israilsayağı səhər yeməyi daha sadələşdirilmiş menyuya malik ola və yeməklər stollara servis oluna bilər.[6]
İsrailsayağı səhər yeməyinə heç vaxt ət daxil edilmir. Yəhudi kaşrut qaydalarına görə ət və süd məhsullarının bir yerdə servis edilməsi qadağandır. İsrailsayağı səhər yeməyində isə süd məhsulları daxil edilir və bir neçə pendir çeşidi təklif olunur. Balıq parve hesab olunur və süd məhsulları ilə servis edilməsinə icazə verilir. Balıq kimi əsasən siyənək servis olunur.[1][4] Digər hisə verilmiş və duzlanmış balıq növlərindən (xırda balıq, sardina[6][7] və qızılbalıq) də istifadə olunur.[6]
Yumurta yeməkləri universaldır.[1][2][4][5][7] Tunis yəhudiləri tərəfindən İsrailə gətirilmiş şakşuka ən çox istifadə olunan yumurta yeməyidir.[8] Bu yemək tomat sousunda bişirilmiş yumurtalardan hazırlanır.[1][6][9]
İsrailsayağı səhər yeməyinə İsrail salatı, hummus, tehini, hallumi, ful medames, baba qanuş və labaneh daxildir.[9] Tərəvəzlərdən pomidor, xiyar, yaşıl bibər, turp, soğan, kökdən, eləcə də, zeytundan istifadə olunur.[1][2][3][4][7][9] Müxtəlif çeşid salatlar daxil edilə bilər.[5] Kofe, şirə, çay, meyvələr, çörək və xəmir yeməkləri menyunu tamamlayır.