Əlibəyli Şəfəq Ənvər qızı — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümələr" şöbəsinin müdiri,[1] filologiya elmləri doktoru.[2]
Şəfəq Əlibəyli | |
---|---|
Şəfəq Ənvər qızı Əlibəyli | |
Doğum tarixi | (75 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Ənvər Əlibəyli |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA |
Mükafatları |
![]() |
Şəfəq Əlibəyli 1949-cu ildə Bakı şəhərində şair Ənvər Əlibəylinin ailəsində anadan olmuşdur. Bakı şəhəri 190 saylı orta məktəbi bitirdikdən sonra BDU-nin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsində ali təhsil almışdır. Oxuduğu müddətdə Lenin Təqaüdünə layiq görülmüş və 1971-ci ildə həmin fakültəni Fərqlənmə Diplomu ilə bitirmişdir.
1971-1973-cü illərdə Əfqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işləmiş, həmin illərdəki yüksək səviyyəli tərcüməçilik fəaliyyətinə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1973-cü ildən AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlamışdır.
1985-ci ildə Gürcüstan Dövlət Universitetində «Fars dilində antonimlərin struktur-semantik təsnifatı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil omuş, 1990-cı ildə həmin fakültəni Fərqləmə Diplomu ilə bitirərək ictimai-siyasi işçi ixtisasına yiyələnmişdir.
Şəfəq Əlibəyli elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı müəllimi işləmişdir.
2004-cü ildən başlayaraq Ş.Əlibəyli həm də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir.
O, hərbi- tərcüməçi ixtisası üzrə ehtiyatda olan zabitdir.
Ş.Əlibəyli həm də yaradıcı insandır. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı poetik tərcümə ilə də məşğuldur. Onun farsdilli ədəbiyyatdan etdiyi tərcümələr bir sıra konfranslarda səslənmiş və müxtəlif məcmuələrdə dərc olunmuşdur. Bir sıra şeirlərinə nəğmələr bəstələnib.
Şəfəq Əlibəyli 1985-ci ildə filologya elmləri namizədi (PhD), 2010-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Dilçilik üslubiyyatı, leksikologiya və leksikoqrafiya sahəsində farsdilli mənbələr əsasında apardığı tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. İki monoqrafiya və bir lüğət müəllifidir: «Fars dilində antonimlər» (rusca), «Füzulinin farsca divanı: linqvo-poetik özəllikər», “Farsca-rusca-azərbaycanca müxtəsər lüğət ”.
Onun ikiyüzə qədər elmi məqaləsi vardır. Klassiklərimizin farsdilli əsərlərinin dil və üslub məsələlərini tədqiq edən alim, dəfələrlə xarici ölkələrdə Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, Fəxri Fərmanlarla təltif olunmuşdur.
Ölkəmizdə və xaricdə elmi ictimaiyyət tərəfindən tanınan müəlliflərdəndir. Onun elmi məqalələri İranda, Rusiyada, Türkiyədə, Qazaxıstanda, Gürcüstanda, Çexoslavakiyada dərc olunmuşdur.
Ş. Əlibəyli Respublikamızın elmi həyatında fəal iştirak edən alimlərdəndir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə Ekspert Şurasının üzvü,“Türkoloyiya” jurnalında Şərq ölkələri üzrə sahə redaktoru kimi fəaliyyət göstərmişdir.
Ş.Əlibəyli 4 dissertanta elmi rəhbərlik edir.
Elmi fəaliyyətinə görə “Avropa Nəşr Mətbu Evi” tərəfindən Qızıl medalla təltif olunmuşdur.[3][4]
Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə Şəfəq Əlibəyli "İlin alimi" ali media mükafatına layiq görülmüşdür.
17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib[5]
Vikianbarda Şəfəq Əlibəyli ilə əlaqəli mediafayllar var. |