Şalom Eşet (ivr. שלום עשת), əsl adı Frits Ayzenştadt[1] (alm. Fritz Eisenstadt; 28 sentyabr 1914, Vyana – 13 fevral 1967, Kfar-Sava[d], Mərkəz dairəsi) — Avstriya, Birləşmiş Krallıq və İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin (TSAXAL) polkovniki. İsrail İstiqlaliyyət müharibəsi zamanı İsrailin baş naziri və müdafiə naziri David Ben-Qurionun hərbi məsləhətçisi olmuşdur.
Şalom Eşet | |
---|---|
ivr. שלום עשת | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 sentyabr 1914(1914-09-28) |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1967(1967-02-13) (52 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Haqana |
Xidmət illəri | 1934–1957 |
Rütbəsi | kapitan |
Döyüşlər |
|
Şalom Eşet 22 dekabr 1914-cü ildə Vyanada hərbi ənənələri olan bir ailədə anadan olmuşdur. Mariya-Tereza Hərbi Akademiyasında və Vyana Ali Texniki Məktəbində təhsil almış, mühəndis ixtisası üzrə məzun olmuşdur. Avstriya ordusunda xidmət etmişdir.[2]
Eşet Tereza Hərbi Akademiyasını bitirən iki yəhudi məzundan biri olmuşdur (digəri TSAXAL-ın general-mayoru Eytan Avisar idi), çünki yəhudilərin bu akademiyada təhsil almasına icazə verilmir, o isə nadir istisna olmuşdur. 1938-ci ildə Britaniya Mandatına tabe olan Fələstinə köçmüş, 1939-cu ildən "Haqana" təşkilatında fəaliyyət göstərmüş və onun ilk zabit kurslarında təcrübə keçmişdir.[3]
İkinci Dünya müharibəsi zamanı Britaniya Ordusuna könüllü olaraq qoşulmuşdur, lakin avstriyalı olması səbəbindən britaniyalılar ona ehtiyatla yanaşmışdılar. 1942-ci ildə Şimali Afrikada döyüşmüşdür. 1943-cü ildə Tsrifin düşərgəsində Britaniya Ordusunun üçüncü zabit kursunu keçmişdir. 1944-cü ildən Yəhudi Briqadasında xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir. Britaniya Ordusunun Komanda-Qərargah Məktəbində təcrübə keçmişdir. Yəhudi Briqadasının tərkibində İtaliyada döyüşmüş, müharibəni Avstriyada başa vurmuşdur.[1]
1947–1949-cu illərdə İsrail İstiqlaliyyət müharibəsi zamanı Yoxanan Retner ilə birlikdə baş nazir və müdafiə naziri David Ben-Qurionun ən yaxın hərbi məsləhətçilərindən biri olmuşdur.[4] Baş nazir Moşe Şaret onu vicdanlı, dürüst, geniş iqtisadi və siyasi dünyagörüşünə malik təhsilli bir şəxs kimi xarakterizə etmişdir.[1]
Eşetin öz xatirələrinə görə, müharibənin əvvəlində, Fələstinin bölünməsi planı təsdiqləndikdən sonra, İsrailin "Neqev" briqadasının komandiri Beer-Şeva yolunun cənubundakı 14 yaşayış məntəqəsinin təxliyəsini təklif etmiş, lakin sakinlər bunu rədd etmişdilər. Bir ay sonra Ben-Qurion hər bir yaşayış məntəqəsinin maksimum dərəcədə möhkəmləndirilməsini tələb etmişdir. Onun məsləhətçisi Eşetin 400 nəfərin yaşadığı 14 məntəqənin uzun müddət dayana bilməyəcəyini bildirməyinə baxmayaraq, Ben-Qurion onun fikrini qəbul etməmiş və Neqevdə yerləşən yaşayış məntəqələrinin müdafiə planının hazırlanmasında israr etmişdir.[5]
22 aprel 1948-ci ildən həmin ilin 1 may tarixinə qədər Yerusəlimdə "Harel" briqadasının iştirakı ilə şəhərin blokadasını açmaq məqsədi daşıyan "Yevusi" əməliyyatı keçirilmişdir. Əməliyyatın komandiri İsxak Sade, Şalom Eşet isə "Harel" briqadası tərkibində iştirak edən "Palmax" təşkilatının komandirlərinin fəaliyyətini nəzarətdə saxlamaq üçün əməliyyatın qərargah rəisi təyin edilmişdir. 23 apreldə Yerusəlimin şimalında gedən döyüşlərdə İsrail qüvvələri kəndləri nəzarətə almaqda uğursuzluğa düçar olmuşdu. Uri Milşteynin sözlərinə görə, əməliyyat qərargahında keçirilən iclasda Eşet uğursuzluğa görə "Palmax" komandirlərini məhkəməyə verməyi tələb edərək Sade ilə mübahisəyə başlamış və hətta onunla fiziki münaqişəyə girmişdi. Hər ikisi hesabat üçün David Ben-Qurionun yanına çağırıldığı zaman Sade Eşetin "Palmax"ı hərbi biliklərinin olmaması səbəbindən tənqid etdiyini iddia etmişdir. Eşet həlak olan əsgərlərin sayının Sadenin bildirdiyindən xeyli çox olduğunu bəyan etmişdir. Ben-Qurionun briqadalardan birinin komandiri David Şaltiel ilə sonrakı söhbətində Şaltiel "Yevusi" qərargahını "fəlakət" adlandırmış və Sadeni "məsuliyyətsiz təkəbbürlü" kimi səciyyələndirmişdir.[6]
Müharibə başa çatdıqdan sonra Eşet 1952-ci ilə qədər TSAXAL Baş Qərargahının Planlaşdırma Şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Bu vəzifədən ayrıldıqdan sonra David Ben-Qurion ondan ərəb dövlətlərinin hücumu təhlükəsi ilə bağlı TSAXAL-ın müharibə tələblərinə cavab vermə qabiliyyətini qiymətləndirən hesabat təqdim etməsini xahiş etmişdir. Eşetin təqdim etdiyi sənəddə TSAXAL-ın bir zəif nöqtəsi qeyd edilmişdir. Onun fikrinə görə, ərəb dövlətlərinin bir neçə cəbhədən hücumu halında TSAXAL-ın dayanıqlı qalma şansı olmayacaqdı. Eşetin hesabatı TSAXAL-ın hücum doktrinasının yaradılmasına təsir etdi və bu doktrina sonradan Baş Qərargah rəisi Moşe Dayan tərəfindən inkişaf etdirilmişdir.[1]
Eşet bir müddət Müdafiə Nazirliyinin fövqəladə vəziyyətlərdə iqtisadiyyat və xidmət komitələrinin katibi vəzifəsində çalışmlşdlr. Moşe Şaretin sözlərinə görə, Eşetin müharibənin aparılması ilə bağlı baxışları Moşe Dayan və David Ben-Qurionun fikirlərindən kəskin şəkildə fərqlənirdi. Baş nazir TSAXAL-ı əsas qüvvə, dövləti isə onun bir hissəsi hesab edirdi, Eşet isə əksinə düşünürdü. Eşet 1957-ci ildə polkovnik rütbəsində TSAXAL-dan tərxis olunmuşdur. Sonralar "Histadrut" həmkarlar ittifaqında sənaye məsləhətçisi kimi fəaliyyət göstərmişdir.[1][2]
13 fevral 1967-ci ildə Kfar-Sava şəhərində vəfat etmişdir və həmin gün şəhərin qəbiristanlığında (2-ci sahə, 5-ci sıra, 7-ci yer) dəfn olunmuşdur. O, evli idi və onun bir qızı var idi.[7][8]