Şeyx Ömər mirzə (1354 – 16 yanvar 1394, Tuzxurmatu, Səlahəddin mühafəzəsi) — Əmir Teymurun oğlu, Teymuri mirzəsi.[1]
Şeyx Ömər mirzə | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1354 |
Vəfat tarixi | 16 yanvar 1394 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Atası | Əmir Teymur |
Uşaqları | |
Ailəsi | Teymurilər |
Dini | İslam |
![]() |
1354-cü ildə dünyaya gəldi. Atası Əmir Teymur, anası isə onun kənizlərindən Tulun ağadır.[2] 1374-cü ildə Çağatay şəcərəsindən Xızır Xocanın qızı Mülkət ağayla evləndirildi. Əmir Teymurun planlaşdırdığı bu evliliklə atası kimi kürəkən ləqəbi daşımağa başladı.[3] 1376-cı ildə atası tərəfindən Fərqanə valisi təyin edildi.[4]
Əmir Teymurun 1388-ci ildə Toxtamış xanla mübarizəsində iştirak edən Şeyx Ömər mirzə Fərqanəyə hücum edən Toxtamış xanın müttəfiqi Əmir Duqlatı məğlub etdi.[1] Həmin ilin qışında isə şəxsən özü Toxtamış xanın üzərinə gedərək qalib gəldi. 18 iyun 1391-ci ildə baş tutan Qunduzca döyüşündə ordunun sol qanadında yer aldı.[1] Ancaq döyüş əsnasında ordunun sol qanadı darmadağın edildi. Arxa cəbhədə gözləyən atası Əmir Teymurun son anda yardıma gəlməsiylə xilas oldu.[5]
1393-cü ildə Müzəffərilər sülaləsinin Yəzddəki hakimiyyətinə son qoyulduqdan sonra, atası Əmir Teymur Yəzd, Fars və Kirman əyalətlərini birləşdirərək bunların idarəsini oğlu Şeyx Ömər mirzəyə verdi. Fərqanə valiliyi isə oğlu İsgəndər mirzəyə verildi.[4] Ancaq onun bu vəzifəsi çox uzun çəkmədi. 1394-cü ildə atasının dəvəti ilə yola çıxdı və Bağdad yaxınlığında Tuzxurmatu qalasından atılan bir oxla boynundan yaralanaraq öldürüldü.[3] Onun Fars valiliyi böyük oğlu Pir Məhəmməd mirzəyə verildi. Cənazəsi isə hərəmxanası və kiçik oğlu İsgəndər mirzəylə birlikdə Şəhrisəbz şəhərinə göndərildi.[6] Burada qardaşı Cahangir mirzənin türbəsinə dəfn olundu.[7]