Əjdər Məcidov (Əjdər Əkbər oğlu Məcidov; d. 1938, Bakı) — Kimya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü (2017)[1]
Əjdər Məcidov | |
---|---|
Doğum tarixi | (87 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | Kimya |
Elmi dərəcəsi | Kimya elmlər doktoru |
Elmi adı | professor |
İş yerləri | AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Alma-mater | Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
Təhsili | Kimyaçı |
Mükafatları |
![]() |
Məcidov Əjdər Əkbər oğlu 1938-ci il martın 6-da Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olub. O, 1941-ci ildə ailəsi ilə birlikdə Poxvistnev şəhərinə köçmüşdür. 1950-ci ildə Bakıya qayıtmış və 1955-ci ildə burada orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.
Daha sonra elmi fəaliyyətə olan marağı onu tədqiqat sahəsinə yönəltmiş və 1961-ci ildə aspiranturaya daxil olaraq Kimya İnstutuna göndərilmişdir.
O, 1966-cı ildə kimya üzrə fəlsəfə doktoru və 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.[2]
Əjdər Məcidov 1960-cı ildə universiteti bitirmədən bir il əvvəl AMEA-nın Neft-Kimya Prosesləri İnstutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
1966-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsinə təyin edilmişdir. O burada "Fiziki-kimyəvi üsullarla tədqiqatlar laboratoriyası"nı təşkil etmiş və maddənin müasir fiziki tədqiqat metodları üzrə əldə olunmuş nəticələri institutun təcrübəsinə tətbiq etmişdir.
Əjdər Məcidov 1964-1969-cu illərdə SSRİ EA Molekulyar Biologiya İnstitutunda, sonra isə SSRİ EA KFİ-nin Çernoqolovkadakı filialında çalışmış, 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləmişdir. O, 1988-ci ildən Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (hazırkı Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) laboratoriya müdiridir. 2014-cü ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şöbə müdiri və laboratoriya müdiri vəzifəsində çalışır.[3]
İlk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristallik kompleks birləşmələri sintez edilmişdir. Onların kristallik və molekulyar quruluşları öyrənilmişdir və paramaqnit mərkəzlər arasındakı məsafələr təyin edilmişdir. Ilk dəfə olaraq bu sistemlərdə spin mərkəzləri arasında qarşılıqlı təsirin mübadilə enerjisi hesablanmışdır. Göstərilmişdir ki, metal ionunun (ikivalentli mis) koordinasiya sferasına radikal mərkəzin daxil olması oksidləşmə-reduksiya reaksiyalarında onun aktivləşməsinə gətirib çıxarır. Stabil radikalların aromatik amin və diaminlərlə kation radikalların əmələ gəlməsi ilə gedən oksidləşmə-reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilmişdir. Mis solisilaldiminatda koordinasiya olunmuş liqandlarda gedən yeni oksidləşdirici uzlaşma reaksiyası müşahidə olunmuşdur. Son illərdə Ə.Ə.Məcidovun rəhbərliyi ilə yeni koordinasyon birləşmələrin alınması istiqamətində elmi işlər aparılmış, alınmış birləşmələrin rentgen quruluşu və reaksiyayagirmə qabiliyyəti öyrənilmişdir. Koordinasiya olunmuş o-hidroksi benzilaminlərin və azometin rabitələrin oksidləşdirici dehidrogenləşmə və reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənilmişdir. Nitratların reduksiya edilməsi ilə metalların, oksid və karbonatların nanoölçülü tozlarının alınmasının reaksiyalarının yeni hidrotermal metodu işlənib hazırlanmışdır.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı-310, xaricdə çıxmış elmi əsərlərin sayı-145, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-22.
Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 18 fəlsəfə doktoru yetişdirilib.
EPR Beynalxalq cəmiyyətinin üzvüdür.
2019-cu ildə AMEA Mərkəzi Elmi Kitabxananın təşəbbüsü ilə AMEA-nın akademiki Əjdər Əkbər oğlu Məcidovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici hazırlanmışdır. Bu göstərici 1960-2018-ci illəri əhatə edir. Göstəriciyə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin – dərslik və dərs vəsaitlərinin, patent və ixtiralarının, dövrü, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələrinin, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışlarının, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilmişdir.