Abbasəli Pənbeyi (1897, Miyana, Şərqi Azərbaycan ostanı – 9 mart 1977, Tehran) — fədai, siyasətçi, ictimai xadim. Məhəmməd Xiyabani və "21 Azər" hərəkatlarının iştirakçısı. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Milli Məclisinə nümayəndə seçilib, Təbrizdə polis rəisi, Urmiya və Salmasda isə fərmandar kimi fəaliyyət göstərib.
Abbasəli Pənbeyi | |
---|---|
![]() | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1977(1977-03-09) |
Vəfat yeri | |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Dəfn yeri | |
Partiya | |
![]() |
Milli Hökumət dağıldıqdan sonra həbs olunub. Bir neçə il həbsdə daha sonra isə sürgündə qaldıqdan sonra Miyanəya qayıdıb. Xeyriyyəçiliklə məşğul olub.
Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1897-ci ildə Miyanə şəhərində anadan olub.[1] Heç bir təhsili olmasa da siyasi ictimai mövzularda aktiv olub. Şəhərdəki konfliklərin həllində eləcə də ictimai fəaliyyətində aktib olduğuna görə şəhər əhalisi tərəfindən ona "xalaoğlu" ləqəbi verilib.[2]
1906-cı ildə yaradılmış İctimaiyyun-Amiyyun partiyasının üzvü olub.[3] Məhəmməd Xiyabani hərəkatında fədai kimi iştirak edib. 1925-ci ildə Rza şah hakimiyyətə gəldikdən sonra bir çox hərəkatlar və siyasi partiyalar dağıldı. Abbasəli Pənbeyi də bu dövrdə həbs olunaraq Təbrizə aparılıb.[1] Məhkəmədən sonra isə Sənəndəcə sürgün edilib. Burada o, Şeyx Zənbil və Qazi Məhəmməd ilə dostlaşıb.[1] Cəza müddəti bitdikdən sonra Miyanəyə geri qayıdıb və çəkməçiliklə məşğul olub.[3]
1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular.[4][5][6] 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi.[7][8] Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı.[9][10] Abbasəli Pənbeyi də yeni yaradılmış Tudə Partiyasına üzv olub və partiyanın Miyanə komitəsində fəaliyyət göstərib.[11] 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra Tudə Partiyasını tərk edərək Demokrat Firqəsinə üzv olub. ADF-nin birinci qurultayında nümayəndə kimi iştirak edib və mərkəzi komitənin üzvü seçilib.[12]1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub.[13] Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul edildi.[13][14] Abbasəli Pənbeyi də Miyanə fədailərinə başçılıq edənlərdən biri olub.[15] 1945-ci il noyabrın 17-də Qulam Yəhya ilə birlikdə Miyanə şəhərinin şah qoşunlarından təmizlənməsində iştirak edib.[16] Bununla da Miyanə şəhəri şah qoşunlarından təmizlənən ilk şəhər olub.[3]
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı.[17][18][19] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[20][21] Abbasəli Pənbeyi də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[22][23][12] 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[20][14][24] Miyanədə keçirilən seçkilər nəticəsində Abbasəli Pənbeyi səs toplayaraq Azərbaycan Milli Məclisinə Miyanədən nümayəndə seçilib.[25]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[26][27] Təbriz şəhəri şah qoşunlarından təmizləndikdən sonra polis rəisi təyin olunub.[1] Urmiya şəhəri şah qoşunlarından təmizləndikdən sonra isə şəhərin fərmandarı təyin olunub.[1] 1946-cı ildə Salmas şəhəri Azərbaycan Milli Hökumətinin fədailəri tərəfindən Ömər Smitqonun kürd dəstələrindən təmizlənib. Daha sonra Abbasəli Pənbeyi Salmas şəhərinin fərmandarı təyin olunub.[28]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[29][30] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[30] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[30][29] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[29][31] Azərbaycan Milli Hökuməti süqut etdi.[32][33] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[34][35][36] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[37][38] Bundan sonra da qırğınlar və talan davam etdi.[31][37]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Abbasəli Pənbeyi Salmas şəhərində həbs olunub.[1] Təbriz məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edilib. Daha sonra hökmü dəyişib və bir il yarım həbsdə qaldıqdan sonra Bəndər Abbas şəhərinə sürgün olunub.[1] Bir il də burada həbsdə qaldıqdan sonra əfv edilir və Miyanəyə geri qayıdır.[1] 1951-ci ildə Miyanə şəhərində xeyriyyə işləri ilə məşğul olmağa başlayıb. Şəhərdə tibb məntəqəsi, aptek, yeni məktəblərin yaradılmasında rolu olub.[39]
Həmin illərdə Qoşaçaya su kanalının çəkilməsi üçün vəsait ayırıb. 4 il sonra hazır olan su kanalı insanlar tərəfindən "Qara çay" və ya "Pənbeyi kəhrizi" adlanır.[1]
Heç bir təhsili olmasa da ədəbiyyata maraq göstərib və şeir yazıb.[3] Şəhriyarın dəvəti ilə dəfələrlə ədəbi məclislərdə iştirak edib.[1]
Abbasəli Pənbeyi 1977-ci il martın 9-da Tehranda avtomobil qəzasına düşərək dünyasını dəyişib. Tehranda Behişti Zəhra qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Söhrab Sepehri, Salamulla Cavid və bir çox ictimai xadimlər iştirak ediblər.[3]