Araz Rafiq oğlu Əliyev (20 fevral 1973, Bakı) – riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi (30 dekabr 2020), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri.
Araz Rafiq oğlu Əliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 20 fevral 1973(1973-02-20) (52 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
Əliyev Araz 1973-cü il fevralın 20-də riyaziyyatçı ailəsində anadan olub. Ata, fizika-riyaziyyat elmləri doktoru, professor Rafiq Musa oğlu Əliyev (10 noyabr 1937 – 22 noyabr 2021) Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasında çalışmış, Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür (17 iyun 2016)[1]. Ana, fizika-riyaziyyat elmləri namizədi, dosent Sara Göycə qızı Qasımova təqaüdə çıxana qədər Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasında işləyib.
Araz Əliyev 1990-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub, 1992–1995-ci illərdə təhsilində əldə etdiyi yüksək göstəricilərə görə akademik Əşrəf Hüseynov[2] adına təqaüdə layiq görülmüşdür. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Universitetin aspiranturasında saxlanılmışdır. Aspirantura müddəti bitməmiş 1998-ci ildə "Kəsilən əmsallı operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin korrekt həll olunması haqqında" mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə "Hilbert fəzasında bəzi sinif operator-diferensial tənliklərin həll olunma məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir[3]. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 may 2006-cı il tarixli qərarı ilə dosent elmi adına, 11 iyul 2014-cü il tarixli qərarı ilə isə professor elmi adına layiq görülmüşdür.
1999–2016-cı illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasında baş laborant (1999–2000-ci illər), müəllim (2000–2004-cü illər), dosent (2004–2010-cu illər), professor (2010–2016-cı illər) vəzifələrində işləmişdir.
2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiridir.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb[4].
Azərbaycan Respublikası Təhsil nazirinin 8 may 2021-ci il tarixli əmri ilə "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilib[5].
100-dən çox elmi məqalənin müəllifidir. Məqalələrin əksər hissəsi nüfuzlu elmmetrik bazalarda öz əksini tapmışdır[6][7][8][9].
1 elmlər doktorluq dissertasiyasının elmi məsləhətçisi, 7 fəlsəfə doktorluq və 18 magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Hazırda elmlər doktoru proqramı üzrə 1 dissertantın elmi məsləhətçisi və fəlsəfə doktoru proqramı üzrə 5 doktorant və dissertantın elmi rəhbəridir.
2004-cü ildən Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə 0,5 ştatla çalışır və hal-hazırda Funksional analiz şöbəsinin baş elmi işçisidir[10].
İlk dəfə Araz Əliyev tərəfindən kəsilən əmsallı elliptik, kvazi-elliptik və qeyri-tipik operator-diferensial tənliklərin həll olunma məsələləri öyrənilmişdir. Onun işlərində Sobolev tipli fəzalarda və onların çəkili analoqlarında kəsilən əmsallı həm cüt, həm tək tərtibli operator-diferensial tənliklər üçün yarımoxda müxtəlif sərhəd məsələlərinin bilavasitə tənliklərin əmsalları ilə ifadə olunan həll olunma şərtləri tapılmışdır. O, normaları operator-diferensial ifadələri ilə yazılan bu fəzalarda həll olunma şərtləri ilə sıx əlaqəsi olan aralıq törəmə operatorlarının normalarının qiymətləndirilməsi üçün bəzi hallarda mövcud metodları inkişaf etdirmiş, bəzi hallarda isə yeni metod vermişdir. Bu zaman qiymətləndirilmələr üçün xüsusi faktorizasiya teoremlərindən istifadə edilir ki, bu da bu vaxta qədər məlum faktorizasiya teoremini ümumiləşdirir. Bunlarla bərabər Araz Əliyev tələbələri ilə birgə təkrarlanan xarakteristikaya malik üç və dördtərtibli operator-diferensial tənliklərinin həll olunma məsələləri ilə yanaşı onların doğurduğu polinomial operator dəstələrinin spektral məsələlərini də öyrənmişdir. Xüsusi halda bu cür dördtərtibli tənliklər nazik elastik lövhələrin əyilmə nəzəriyyəsinin və plastik materialdan hazırlanmış lövhəciklərin dayanıqlığı məsələlərində maraq kəsb edirlər. Həmçinin Araz Əliyev E.H.Eyvazovla birgə apardığı tədqiqatlarda bütün oxda birölçülü maqnit Şrödinger operatorunun, onun maqnit və elektrik potensialları üzərinə qoyulan müəyyən şərtlər daxilində, öz-özünə qoşmalığını isbat etmiş, bu operatorun müsbət məxsusi ədədlərinin olmamasını və müsbət yarımoxun onun ikiqat kəsilməz spektri olmasını göstərmişdir. Bundan başqa maqnit-elektrik sahəsində çoxölçülü Şrödinger operatorunu tədqiq edərək maqnit və elektrik potensialları üzərinə müəyyən Ştummel tipli şərtlər altında, bu operatorun mahiyyətcə öz-özünə qoşmalığını isbat etmiş, həmin Şrödinger operatorunun spektrinin diskretliyi haqqında Lebeq ölçüsü dilində kafi şərtlər almışdır. Bu şərtlər məşhur amerikalı alim B.Saymonun adi Şrödinger operatoru üçün aldığı nəticələrin həmin operatorun maqnit potensialı mövcud olan halındakı analoqudur. Bundan savayı, sinqulyar elektrik potensiala malik çoxölçülü Şrödinger operatoru üçün maqnit sahəsinin və elektrik potensialının üzərinə müəyyən şərtlər daxilində mühüm spektrininin müsbət yarımoxu doldurmasını isbat etmişdir.