Aromanşünaslıq (arom. Studii armãneshti) – aromunların dilini və mədəniyyətini öyrənən akademik sahə. Balkanşünaslıq və romanşünaslığın sahələrindən biridir. Matilda Karaciu Mariotsyanu, Tede Kahl və Qustav Veyqand aromanşünaslıq üzrə araşdırmalar aparmış əsas şəxslərdir. Aromunların etnik kimliyi sualına cavab axtaran Aromun məsələsi aromanşünaslığın əsas araşdırma mövzularından biridir.
Aromanşünaslıq balkanşünaslığın sahələrindən biridir.[1] XXI əsrdən etibarən balkanşünaslıqda Balkan yarımadasında yaşayan aromunlar kimi azsaylı xalqlara qarşı maraq böyüməkdədir. Aromunlar romanşünaslığın da araşdırma sahələrindən biridir.[2]
Milliyətçilik və Aromun məsələsi aromunşünaslıq üzrə tədqiqatların irəliləməsinə mane olur. Belə ki, həmin məsələlərə görə aromunların ayrı bir etnik qrup olduğu yoxsa yunanlar və ya rumınların altqrupu olduğu mübahisəli məsələdir.[3]
1995-ci ildə Frayburq Universitetinin dəstəyi ilə aromun professor Vasile Barba Almaniyanın Frayburq-im-Braysqau şəhərində Avropa Aromunşünaslıq Mərkəzinin əsasını qoymuşdur.[4] Avropa Aromunşünaslıq Mərkəzi tərəfindən "Zborlu a nostru" (azərb. "Bizim dünyamız") adlı aromun dilində jurnal nəşr olunur.[5]
1 aprel 1994-cü ildə aromun yazıçı Tiberius Kuniya tərəfindən aromunlardan bəhs edən "Rivista di litiraturã shi studii armãni" (azərb. "Aromun Ədəbiyyatı və Tədqiqatları Jurnalı") adlı akademik jurnal yaradılmışdır. Jurnal ABŞ-də Aromun Kitab Nəşriyyat Evi, Rumıniyada isə Aromun Kitab Fondu tərəfindən 2007-ci ilin aprelinə qədər nəşr olunmuş və 33 cildi yayımlanmışdır. Jurnal aromun dili üçün standart yazı sistemi olması hədəflənən xüsusi əlifba ilə aromun dilində nəşr olunurdu. Jurnalda aromun dilində əsərlər (xüsusilə, hələ nəşr olunmamış olanlar) nəşr olunur, klassik və müasir aromun ədəbiyyatına aid məsələlər yayımlanır, aromunlar haqqında mədəni və filoloji tədqiqatlar dərc olunurdu. Jurnalda aromunlar haqqında etnoqrafik və tarixi məlumatlar öz əksini tapırdı.[5]
Yunanıstanda aromunlar haqqında akademik və tədqiqat işləri nadir hallarda aparılır. 1991-ci ildə Afina Aromun Mədəniyyət Cəmiyyəti tərəfindən "Farşerot mahnıları" adlı kitab yayımlanmışdır. Latın əlifbası ilə yazılmış bu əsər aromunların etnik qrupu olan farşerotların mahnılarından ibarət antologiyadır.[6]
2013-cü ildə Çexiya etnoloqu və professoru Leoş Şatava alman dilçisi Qustav Veyqandı "aromunşünaslığın atası" adlandırmışdır.[7] Aromanşünaslığıa əhəmiyyətli töhfələr vermiş digər şəxslərə aromun dilçi Matilda Karaciu Mariotsyanu, alman etnoqraf və etnolinqvist Tede Kahl, aromun tarixçi və filoloq Nikolae Şerban Tanaşoka və rumın tədqiqatçı Emil Tirkomniku daxildir.[3]