Axtarış-xilasetmə və ya Axtarış və xilasetmə — hər hansı bir təbii və ya texnogen əsaslı fövqəladə hal və ya fəlakət zamanı təcili yardıma ehtiyacı olan insanları tapmaq, lazım olduqda ilk yardım tətbiq etmək və daha əhatəli kömək ala biləcəkləri təhlükəsiz bir yerə köçürmək deməkdir. Qısaca ingilis dilindəki “search and rescue” (azərb. axtarış-xilasetmə) sözlərindən yaradılan SAR istifadə olunur. Bəzi axtarış və xilasetmə qrupları qurbanlara xilasetmə sonrası xidmət və yaşayış yerlərini təmin etməkdə də kömək edirlər. Axtarış-xilasetmə işləri zamanı insanlar və xüsusi təlim keçmiş heyvanlardan başqa sadə avadanlıqlardan xüsusi təchiz edilmiş hava, quru və dəniz nəqliyyat vasitələrinə qədər müxtəlif çeşidli avadanlıqlardan istifadə olunur.[1]
Fəlakət növünə görə daha sürətli və daha effektiv xidmət göstərmək üçün axtarış-xilasetmə qrupları bir neçə alt siniflərə bölünür. Onların arasında; Dağ, dəniz, zəlzələ, sel və qarşıdurma bölgələrində fəaliyyət göstərən axtarış-xilasetmə qrupları nümunə göstərilə bilər. Metodlarına görə, dağ axtarış-xilasetmə, quru axtarış-xilasetmə, döyüş axtarış-xilasetmə, şəhər axtarış-xilasetmə, su səthində axtarışlar və hava-suda axtarış-xilasetmə növləri mövcuddur.[2]
Ərazi axtarış və xilasetmə yerüstü və ya daxili su yollarında itmiş və ya çətin vəziyyətdə olan insanların axtarışıdır. İnsanlar müxtəlif səbəblərə görə itkin düşə bilər. Bəziləri məişət zorakılığı kimi məsələlərə görə könüllü olaraq yoxa çıxa bilərlər. Digərləri isə ruhi xəstəlik, itkin düşmə, qəza, qeyri-müəyyən yerdə ölüm və ya daha nadir hallarda adam oğurluğu kimi qeyri-ixtiyari səbəblərdən yoxa çıxırlar. Şəhər ərazilərində həyata keçirilən yerüstü axtarış və xilasetmə missiyaları bir çox yurisdiksiyalarda insanların dağılmış binalardan və ya digər tələlərdən çıxarılması və yerlərinin müəyyən edilməsi mənası verən “şəhər axtarış və xilasetmə işləri” ilə qarışdırılmamalıdır.
Bəzi ölkələrdə polis quruda itkin düşmüş şəxsi axtaran birinci təşkilatdır. Bəzi yerlərdə isə bu axtarışlara kömək etmək üçün çağırıla bilən könüllü axtarış və xilasetmə qrupları mövcuddur.
Axtarış və xilasetmə agentliklərində xüsusi ekoloji risklərin olduğu yerlərdə əməliyyatlar həyata keçirmək üçün kiçik mütəxəssis qrupları var. Bunlara fövqəladə hallarda sulardan xilasetmə, daşqınlarla mübarizə tədbirləri, texniki burazla xilasetmə, qapalı məkandan xilasetmə, ekstremal qardan xilasetmə və nazik buzdan xilasetmə qrupları daxildir.