Aişə Hümaşah xanım Sultan (osm. هماشاه عایشه سلطان — Ayşe Hümaşah Hanımsultan; 25 avqust 1547, İstanbul, Osmanlı imperiyası – 1598, Üsküdar) — Qanuni Sultan Süleymanın nəvəsi, Mihrimah Sultan və sədrəzəm Rüstəm Paşanın qızı.
Aişə Hümaşah Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 avqust 1547 |
Doğum yeri | |
Vəfat tarixi | 1598 |
Vəfat yeri | |
Atası | Rüstəm Paşa |
Anası | Mehrimah Sultan |
Həyat yoldaşları |
|
Dini | İslam |
25 avqust 1547-ci ildə İstanbulda dünyaya gəldi.[1][2] Atası xorvat əsilli sədrəzəm Rüstəm Paşa, anası isə Qanuni Sultan Süleymanın yeganə qızı Mihrimah Sultandır. Bu səbəblə bəzi tarixi mənbələrdə xanım sultan olaraq anılır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 27 noyabr 1561-ci ildə babası Sultan Süleymanın istəyilə Rumeli bəylərbəyi Səmiz Əhməd Paşayla nigahlandı. Mərasimin ardından Üsküdar sarayında yaşamağa başlayan cütlüyün bu nigahdan 10 övladı dünyaya gəldi.
Babasının vəfatının ardından taxta dayısı II Səlim, ardından isə onun oğlu III Murad çıxdı. Bütün bu illər boyunca saraydakı nüfuzunu qoruyub saxlayan Hümaşah Sultan anasının dəstəyilə əri Əhməd Paşanın qısa zamanda yüksəlməsində mühüm rol oynadı. Sədrəzəm Sokollu Mehmed Paşaya qarşı cəbhə alan qruplaşmanın içində ön plana çıxan Əhməd Paşa onun sui-qəsd nəticəsində öldürülməsinin ertəsi günü sədarətə yüksəldi (13 oktyabr 1579). Beləcə, sədrəzəm xanımı olan Hümaşah Sultan artıq dövlət idarəsində də mühüm söz sahibi oldu. Vaxtilə anasına qarşı cəbhə alan Validə Nurbanu Sultana qarşı isə onun gəlini Safiyə Sultanı dəstəklədi. Üstəlik kürəkəni Cığalızadə Sənan Paşanın da kaptan-ı dərya təyin edilməsində mühüm rol oynadı (1591).
Səmiz Əhməd Paşanın 1580-ci ildə vəfatının ardından dul qalan Hümaşah Sultan bir müddət saraydan uzaq yaşadı. Ancaq çox keçmədən - 10 aprel 1582-ci ildə keçirilən təntənəli mərasimlə dayısı Sultan Səlimin yaxın adamlarından Nişançı Firudin Əhməd bəylə nigahlandı. Bu evlilikdən övladının olub-olmadığı bilinmir. Ancaq mərasimdən bir il sonra Firudin Əhməd bəy vəfat etdi və Hümaşah Sultan ikinci dəfə dul qaldı.
Qalan ömrünü xeyriyyəçiliklə məşğul olan Hümaşah Sultan son illərində Üsküdarın məşhur şeyxlərindən Mahmud Hüdayi Əfəndiyə intisab etdi. Hətta bəzi tarixi mənbələrdə onun Hüdayi Həzrətləriylə evləndiyi də qeyd edilir. 1594-cü ildə oğluyla birgə həccə gedən Hümaşah Sultan ziyarətdən döndükdən sonra səhhəti pisləşdi və 1598-ci ildə yaşadığı Üsküdar sarayında vəfat etdi. Cənazəsi vəsiyyətinə əsasən, Əziz Mahmud Hüdayi dərgahı yaxınlığına dəfn olundu.