Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Azərbaycan Qızıl Aypara Cəmiyyəti — Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) üzvü.[2]
Azərbaycan Qızıl Aypara Cəmiyyəti AzQAC | |
---|---|
azərb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti | |
![]() | |
Növü | İctimai Birlik |
Yaranma tarixi | 10 mart 1920[1] |
Mərkəzi |
Səməd Vurğun küçəsi 112 Bakı, Azərbaycan AZ1022 |
Qurucusu | |
Sədr | Novruzəli Aslanov |
redcrescent.org.az | |
![]() |
Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il mayın 10-da dövrün Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilmişdir.[3] Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya AzQAC-ın şəfqət xidmətinin yaradıcısı və ilk rəhbəri olub. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara İcraiyyə Komitəsinin tərkibində fəaliyyət göstərib.[4]
İkinci Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından bir nəfəri — Səriyyə Talışzadə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yüksək müküfatı olan "Florens Naytingel" medalı ilə təltif edilmişdir.[4]
1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda nümayəndəliyi açılmışdır. 1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır. Həmin il noyabrın 26-da cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabərhüquqlu, hüzünlü üzvü seçilmişdir.
2000-ci il martın 10-da cəmiyyətin 80 illik yubileyi keçirilmişdir. Bir il sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına üzv seçilib. Cəmiyyətin sədri Novruzəli Aslanov həmin komissiyanın eksperti təyin olunub. Həmin ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Kiyev və Berlin konfraslarının işçi qrupu çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti həmsədr kimi çıxış etmişdir.
2003-cü il martın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XX qurultayı keçirilmiş və cəmiyyətin yeni nizamnaməsi qəbul olunmuşdur. Həmin ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dair sərəncam imzalamışdır.
2003-cü ilin dekabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında Fövqəladə Hallara Hazırlıq və Yardım Komissiyasına yenidən üzv seçilib, cəmiyyətin prezidenti Novruzəli Aslanov həmin komissiyaya yenidən 2 il müddətinə ekspert təyin olunub.
2005-ci ildə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının "Florens Naytingel" medalını qazanmışdır.
2005-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti onun icraçı katibi Elxan Rəhimovun timsalında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasında İnkişaf Komissiyasına üzv seçilib.
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 8 regional mərkəzi, Gənclər Komitəsi, Naxçıvan Muxtar Respublika komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər bölməsi, Neft Daşları və Çilov adası birləşmiş bölməsi, ADPU, Azərpoçt, BTRİB, Azərbaycan Tibb Universiteti, 2 nömrəli Baki Tibb Kolleci, Texniki Universitet, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Elm və Təhsil birləşmiş bölməsi və Azərbaycan İdman Akademiyası sahə bölmələri vardır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü yardım və xidmət göstərən qeyri-kommersiya təşkilatıdır və dövlət qanunlarına əsasən idarə olunur. Onların missiyası "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və insanlığın gücünü bir araya gətirərək həssas insanlara xidmət etməkdir".[5] Qərargahı Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşir.[5]
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi fəaliyyətlərə daxildir: Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Qan Donorluğu, HİV-AİDS-ə qarşı maarifləndirmə, İlk Yardım, Humanitar Dəyərlərin Yayımı, Gənclər və Könüllülər, Yerli Komitələrin inkişafı, İcmanın inkişafı, Axtarış Xidməti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Fundamental Prinsiplərinin və Beynəlxalq Humanitar Hüququn Yayımı, Mina fəaliyyətləri (uşaqlar üçün Təhlükəsiz Oyun meydançalarının tikintisi). Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Norveç, İsveç, Hollandiya, Polşa, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri Qızıl Aypara Cəmiyyətləri ilə yaxından əməkdaşlıq edir.